Məhkəmə qərarları › İş №1(002)-240/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-240/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-240/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə 28 may 2022-ci il tarixdə səhər saatlarında yaxın qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanından bir ədəd dəyəri 200 manat olan içərisində 2500 manat, həmin dövrün məzənnəsi ilə 3400 manat olan 2000 ABŞ dolları və həmin dövrün məzənnəsi ilə 2.650 manat olan 100000 Rusiya Federasiyası rublu olan dəmir seyfi gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 8750 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısının oğludur və onların çox yaxşı münasibətləri vardır. Vüqarla onlar qonşudurlar və hətta Vüqar ona öz evinin açarını vermişdir ki, o istədiyi vaxt onun evinə gedib gələ bilsin. Onların açarı da Vüqarda olmuşdur. Vüqarın evdə balaca bir dəmir seyfi olmuşdur və Vüqar həmin seyfin kodunu onada demişdir ki, istədiyi vaxt istifadə edə bilsin. Vüqar demişdir ki, o oldu olmadı seyfi açıb istifadə edə bilərmiş. O bilirmiş ki, Vüqarın seyfdə pulu vardır. Ona görə 28 may 2022-ci il tarixdə səhər saatlarında o, Vüqargilə getmiş, imkansızlıqdan Vüqarın seyfində olan pulunu götürmək qərarına gəlmişdir, o seyfin özünü yaşadığı evin zirzəmisinə gətirmiş, açıb 2500 manat pul və 100 ABŞ dolları götürmüşdür ki, xərcləsin. Bir neçə saat sonra o, görmüşdür ki, Vüqar və qardaşı Seyfəli onu Vüqargilə çağırmışlar, o da getmişdir, orada görmüşdür ki, seyf ortadadır, Seyfəli zirzəmidən tapıb gətirib Vüqara vermişdir. Vüqar ondan soruşmuşdur ki, «bunu sən etmisən yox ya necə» o da artıq utanmış və ona görə də oğurluq etdiyini etiraf etmişdir. Vüqar ondan qalan pulun, yəni 2500 manat və 100 ABŞ dollarını harada olduğunu soruşmuş, o isə demişdir ki «qaytararam» və Vüqardan üzr istəyib utandığından çıxıb getmişdir, amma o bilmirmiş ki, Vüqar bu barədə polisə müraciət edib. Bir müddət sonra o, 2500 manat pulu və 100 ABŞ dollarını da gətirib qaytarmışdır. Daha sonra onu polisə çağırmışlar və o, olduğu kimi etiraf etmişdir. Qeyd etmişdir ki, qardaşı Seyfəlinin bu oğurluqdan xəbəri olmamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında məhkəmə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşı Seyfəli onun doğma bibisi uşaqlarıdır. Münasibətləri çox yaxşıdır, hətta onlar qonşuluqda yaşayırlar. Ramin və Seyfəlinin onların yaşadıqları evə daima gəlib-gedişləri olmuşdur, hətta onun evinin açarının birini də o Raminə vermişdir ki, istədiyi vaxt o evdə oldu-olmadı gəlib getsin. Qeyd etmişdir ki, onun evində balaca bir iki kiloqram çəkiyə yaxın 200 manata aldığı seyfi olmuşdur və o, həmin seyfdə özünə aid sənədlərini və pulunu saxlayırmış. Seyfdə ona məxsus 100000 Rus rublu, 2000 ABŞ dolları və 2500 manat olmuşdur. Seyfin qapısı xüsusi kodla açılıb bağlanırmış, hətta o, həmin seyfin kodunu Raminə vermişdir ki, istədiyi vaxt açıb istifadə edə bilsin, yəni ondan icazə almasına ehtiyac olmamışdır. 28 may 2022-ci il tarixdə o, evdə olan zaman görmüşdür ki, seyf yoxdur, lakin evdə həmişə adam olurmuş, yəni nənəsi olurmuş, amma həmin günü nənəsi Ramingildə olmuşdur. O, bu barədə bibisi oğlu Seyfəliyə zəng edib məlumat vermişdir. Seyfəli isə ona polisə müraciət etmək məsləhəti vermişdir. O da bu barədə polisə müraciət etmişdir, lakin bir qədər sonra Seyfəli ona zəng etmişdir ki, «seyf bizdə zirzəmidədi», o da demişdir ki, «götür gətir bizə» Seyfəli seyfi onlara gətirmiş və o qapısını kodla açmış görmüşdür ki, içəridə 100000 Rus rublu və 1900 ABŞ dolları pul var, lakin 2500 manat pul və 100 ABŞ dolları yoxdur, birdə ki onun bütün sənədləri hamısı yerindədir, o Seyfəlidən soruşmuşdur ki, «bu necə ola bilər», Seyfəli isə demişdir ki «qardaşım Raminin işi olar». Onlar Ramini dəvət etmişlər və onunla söhbət edən zaman etiraf etmişdir ki pul lazım olduğu üçün belə bir yola əl atmışdır. Raminə demişdir ki «qalan pullar hanı» o demişdir ki, «məndədir» və ona seyfdən götürmüş 2500 manatı və 100 ABŞ dolları puluda vermişdir, beləliklə ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bundan sonra o həmin seyfi artıq istifadə etmək istəmədiyi üçün aparıb zibilxanaya tullamışdır və özünə yeni bir seyf almaq qərarına gəlmişdir. Bundan bir qədər sonra o polisə yenidən zəng edərək seyfi və içərisində olanları tapdığını demiş və polis işçiləri gəlib tapılan sənədləri və 1900 ABŞ dollarını və 100000 Rus rublunu götürmüşlər ki, araşdırmadan sonra təhvil veriləcəkdlir. Ramin bu işi tək görüb və əməlindən peşmandır, o cümlədən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün onun heç bir şikayəti və tələbi yoxdur. Qeyd etmişdir ki,Ramin polis əməkdaşları gəlib tapılan pulları və sənədləri apardıqdan sonra ona 2500 manat və 100 ABŞ dolları pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısının oğludur və onların çox yaxşı münasibətləri olmuşdur. Vüqarla onlar qonşudular və Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Vüqar Raminə öz evinin açarını vermişdir ki, Ramin istədiyi vaxt onun evinə gedib gələ bilsin, o cümlədən onun açarı da Vüqarda olmuşdur. 28 may 2022-ci il tarixdə səhər saatlarında Vüqar ona zəng edib demişdir ki, «evimdə olan seyf yoxdur oğurlanıb», o isə təcili polisə müraciət etmək məsləhəti vermişdir, bundan sonra o evdə imiş və bir qədər sonra zirzəmiyə düşəndə görmüşdür ki, Vüqarın dediyi seyf onların zirzəmisindədir. O, Vüqara zəng edib demişdir ki, «sənin dediyin seyf bizim zirzəmidədir», Vüqar demişdir ki, «götür gətir bizə», həmin vaxt Ramin evdə olmamışdır. O seyfi Vüqarın evinə götürüb aparmışdır və Vüqar açıb baxmışdır ki, bütün sənədlər yerindədir, lakin 2500 manat pul və 100 ABŞ dolları yoxdur. Vüqar ondan soruşmuşdur ki, bu necə ola bilər o demişdir ki, «Raminin işidir», Raminə Vüqar zəng eləmişdir ki, «gəl bizə». Ramində bir qədər sonra gəlmiş və Vüqarda ondan bu məsələni soruşmuşdur, o ilk öncə etiraf etməmiş, lakin sonra demişdir ki pul lazım olduğu üçün belə bir hərəkət etmişdir. Vüqar Raminə demişdir ki, «qalan pul hardadır» Ramin isə demişdir ki «məndədir gətirib verərəm» və üzr istəyib çıxıb getmişdir. Qeyd etmişdir ki, Vüqar Raminə o qədər etibar edirmiş ki, hətta seyfin kodunu da ona vermişdir, heç o bilmirmiş, amma Raminə seyfdən istifadə etmək icazəsini vermişdir. Bundan sonra Vüqar seyfi aparıb zibilliyə tullamışdır ki, yenisin alıb istifadə edəcək və polisə yenidən zəng edib oğurlanan pul və əşyalarının tapıldığını qeyd etmişdir. Polis əməkdaşları gəlib həmin pulları, yəni seyfdən aşkar olunan 1900 ABŞ dolları və 100000 Rus rublunu və digər sənədləri götürmüşlər. Sonrada onu və Ramini polis bölməsinə çağırmışlar. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs tutma haqqında protokola əsasən 29 may 2022-ci il, saat 01:00-da tutulmuş və 30 may 2022-ci il, saat 15:45-də təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 gün kimi hesablanmaqla cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 34 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) gün 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar