Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-243/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, “SHİNKAR Holding”də sürücü vəzifəsində işləyən, hazırda məhkumluğu olmayan, Abşeron rayonu, Güzdək qəsəbəsi, Sovxoz evi ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd yaşayış massivində yolun kənarında Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq zərərçəkmiş şəxsə sol gözün ağlı qişasına qansızması ilə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1985-ci il tarixindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd massivində yaşayır. Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır. Hadisədən 1 ay əvvəl, təxminən iyun ayının əvvəllərində Ceyhunun əmisi oğlu qonşusunun hasarını sökmək istəyərkən ondan hasarı sökməməsini xahiş etmişdir. Bu səbəbdən Ceyhun və əmisi Mahir nə üçün bu işə qarışdığını deyərək onunla mübahisə etmişlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 18-19 radələrində o, yaşadığı evdən çıxıb avtomobillə qardaşı Mehracın evinə getmişdir. Bu zaman Səngəçal qəsəbəsi Əzimkənd massivi yaxınlığında yolun kənarında qardaşı Mehracın Ceyhunun əmisi Mahirlə mübahisə etdiyini görmüşdür. O, onlara yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşduqda, Mehrac onu evdən çağırmaqları barədə məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı idarə etdiyi avtomobillə gələrək onlara yaxınlaşmışdır. Ceyhun gələn kimi qardaşı Mehracı nalayiq ifadələrlə təhqir etmiş, o da Ceyhunu həmin nalayiq ifadələrlə söymüşdür. Ceyhun ona yumruq atmaq istədikdə geri çəkilmiş və özünü müdafiə etmək üçün onu yumruqla vurmuşdur. Atdığı yumruq Ceyhunun sol gözünə dəymişdir. Həmin vaxt o, geri çəkildiyindən Ceyhunun atdığı yumuruq ona dəyməmiş və xəsarət almamışdır. Bundan sonra qardaşı Mehrac araya girərək Ceyhunla onu aralamış və qardaşı ilə birlikdə qardaşının yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirməsinə səbəb yaranmış mübahisə zamanı Ceyhunun onun qardaşı Şahid1 təhqir etməsi və ona yumruq zərbəsi vurmaq istəməsi olmuşdur. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt yanlarında qardaşı Mehracla, Ceyhunun əmisi Mahir olmuşdur. Təqsirləndirilən şəxs sonda məhkəməyə müraciət edərək etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır. Mehrab ailəsi ilə birlikdə qonşuluqda yaşayır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində Qobustan qəsəbəsindən yaşadığı evə gələrkən Səngəçal qəsəbəsi, 3-cü massiv deyilən yerin yaxınlığında yolun kənarında əmisi Şahid2 qonşuları Təqsirləndirilən şəxs və onun qardaşı Mehracla mübahisə etdiyini görmüşdür. Bu zaman onlara yaxınlaşıb, nə üçün mübahisə etdikərini soruşmuşdur. Buna zaman Mehrab və Mehrac təxminən 20 gün əvvəl onların evinin yaxınlığında əmisi oğlu Sənanın söyüş söydüyünü bildirib, onunla mübahisə etməyə başlamışlar. Mübahisə zəminində Mehrab yumruqla onun sol gözünə zərbə vurmuşdur. Bundan sonra orada olan əmisi Mahir və Mehrabın qardaşı Mehrac onları ayırmışlar. Daha sonra Mehrabın ona xəsarət yetirməsi barədə polis bölməsinə ərizə ilə müraciət etmişdir. Münaqişənin təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt yanlarında əmisi Şahid2 və Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs bağışlamadığını və onunla barışmadığını nəzərə alaraq, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1983-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd massivində yaşayır. Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır və qonşuluqda yaşayırlar. Təxminən iyul ayının əvvəllərində yaşadıqları küçədən qardaşının evinin yanından tanımadıqları maşın yüksək sürətlə keçdiyi üçün Ceyhunun əmisi Mahirin oğlu Sənan maşının arxasınca ucadan nalayiq ifadələr işlətmişdir. Həmin zaman o, Sənana onun evinin yanında ucadan nalayiq ifadə işlətməsinə irad bildirmişdir. Aralarında sözlü mübahisə olsa da, sonradan aralanmışlar. Bu hadisədən 3 gün keçdikdən sonra Sənan, əmisi oğlu Ceyhun və digər şəxslər qardaşı Mehrabı evdən çağırıb yenidən mübahisə etmişlər. İyul ayının 9-da təxminən saat 19:00 radələrində o, Əzimkənd massivində yolun kənarı ilə gedərkən Ceyhunun əmisi Mahirin velosipedlə gəldiyini görmüş və onu saxlayıb nə üçün gecə vaxtı qardaşını evdən çağırıb mübahisə etdiklərini soruşmuşdur. Mahirə bir böyük kimi bu söhbəti bağlamasını bildirmiş və Mahir də bunu başa düşmüşdür. Lakin bu zaman qardaşı və Ceyhun ayrı-ayrı istiqamətlərdən gəlib onlara yaxınlaşmışlar. O, Ceyhuna onun əmisi ilə söhbət etdiyini bildirib kənarda dayanmasını xahiş etmişdir. Bu zaman Ceyhun ona qarşı nalayiq ifadə işlətmiş, bundan sonra da qardaşı Mehrab həmin sözü ona demişdir. Bu zaman Ceyhunla Mehrab arasında mübahisə yaranmış və mübahisə zəmnində Ceyhun qardaşı Mehraba yumruq atmaq istədikdə Mehrab geri çəkilib yumuruğu ilə onun sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt o və Mahir tez araya girib onları ayırmışlar və sonrada oradan uzaqlaşıb getmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1994-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Əzimkənd massivində yaşayır. Təqsirləndirilən şəxs və qardaşı Mehracı uzun müddətdir ki, tanıyır. Əvvəllər aralarında heç bir ədavət olmamışdır. Təxminən iyul ayının əvvəlində yaşadıqları küçədən yüksək sürətlə maşın keçdiyi üçün oğlu Sənan ona irad bildirmiş, həmin şəxs də üzrxahlıq edərək çıxıb getmişdir. Lakin sonra Mehrab və Mehrac Sənanın üstünə gəlib həmin maşının sürücüsünə qarşı nalayiq ifadə işlətdiyini iddia edərək onunla mübahisə etmişlər. O, səs-küyə çıxdıqda onlar onu görüb dağılışmışlar. Bundan sonra iyul ayının 9-da təxminən saat 19:00 radələrində velosipedlə işdən evə qayıdarkən Mehrac onun yolunu kəsib nə üçün onunla danışmadığını demiş və bu zaman Mehrab Əzimkənd tərəfdən, qardaşı oğlu Ceyhun isə Səngəçal tərəfdən gələrək onlara yaxınlaşmışlar. Ceyhun onlardan nə üçün əmisinin yolunu kəsib onunla mübahisə etdiklərini soruşmuş, bununla da aralarında mübahisə yaranmışdır. Mübahisə zəmnində Mehrab anidən yumruqla Ceyhunun sol gözunə vurmuşdur. Həmin vaxt o tez araya girib onları ayırmış və sonra hər biri oradan uzaqlaşıb getmişdirlər. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin zaman o heç kəsə xəsarət yetirməmiş və özü xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin, canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 456 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin qançır və şişkinliyi ilə və sol gözün ağlı qişasına qansızma xəsarəti müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcələrinə görə səhhətin qlsa müddətə pozulmaısna səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 37-38-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Günəş və xx.xx.2017-ci il təvəllüdlü Mehran adlı 2 azyaşlı uşağı var. Cinayət işinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabdan və 61-65-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-37/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və ondan bu barədə həmin tarixdə iltizam alınmışdır. Cinayət işinin 75-79-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi təpiklə vurulması barədə xüsusat sübut növü kimi qiymətləndirilməmiş, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx xxxx 2020-ci il tarixli, 456 nömrəli rəyi və s. cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəmə İcraçıları Şöbəsi tərəfindən verilmiş 17/652405/4 saylı, xx xxxx 2010-cu il tarixli məlumatdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)-37 saylı, xx xxxxxx 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı üçün onun üzərində nəzarət dayandırılmış və qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun işin faktiki hallarına uyğun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 2020-ci il tarixli № 1557 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 15 (on beş) iş saatı və xx xxxxxxxx 2020-ci il tarixli № 1701 saylı order əsasında isə məhkəmədə 15 (on beş) iş saatı olmaqla ümumilikdə cinayət işi üzrə Təqsirləndirilən şəxs 30 (otuz) iş saatı hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-243/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-243/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver