Məhkəmə qərarları › İş №1(002)-244/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-244/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-244/2022 08.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki tikilinin qapısının üzərindəki asma qıfılı sındırma yolu ilə tikiliyə qanunsuz olaraq daxil olub oradan 01 ədəd 150 manat dəyərində perefaratoru, 01 ədəd 70 manat dəyərinə böyük dreli, 01 ədəd 50 manat dəyərində kiçik dreli, 01 ədəd 130 manat dəyərində laqondanı, tikilidə sökülmüş vəziyyətdə olan kondisionerin üzərindən 150 manat dəyərində 4,5 metr uzunluğunda mis boru və mis elektrik naqilini, 01 ədədinin dəyəri 45 manat olan 180 manat dəyərində 04 ədəd smistiteli, svarka aparatının 100 manat dəyərində mis sarğısını, həyətin girişindən evə gələn 1 metrinin dəyəri 3,5 manat olan 15 metr uzunluğunda 6 mm-lik 52,5 manat dəyərində elektrik naqilini, 45 manat dəyərində 100 metr uzunluğunda 01 top 4 mm-lik mis naqili, divanın altında paltarların arasına qoyulmuş 01 cütünün dəyəri 50 manat olan 02 cüt 100 manat dəyərində uşaq qızıl sırğasını, 100 manat dəyərində 01 ədəd uşaq qızıl bilərziyini, 40 manat dəyərində 01 ədəd paltar ütüsünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1167,5 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır, ünvan 5ri ilə birlikdə yaşayır, əvvəllər ailəli olmuşdur, hazırda isə boşanmışdır, himayəsində 1 azyaşlı qızı vardır. O, şizofrenik xəstəsidir, bir neçə dəfə Maştağa qəsəbəsində yerləşən Psixiatriya xəstəxanasında müalicə almışdır, 15 gün olar ki, Maştağa qəsəbəsində yerləşən Psixiatriya xəstəxanasında müalicə alır. İşin mahiyyəti üzrə bildirir ki, maddi vəziyyəti yaxşı olmadığından qərara almışdır ki, oğurluq edib qazanc əldə etsin. xx.xx.2022-ci il tarixdə gündüz vaxtı o, Korgöz qəsəbəsinə gedib küçələri gəzib oğurluq etmək üçün əlverişli şərait axtarmış və oğurluq etdiyi evə kənardan nəzarət edib qərara almışdır ki, gecə vaxtı evə daxil olub oğurluq etsin. O, həmin gün təxminən saat 22 radələrində Korgöz qəsəbəsində sözü gedən daş hasar ilə əhatəyə alınmış yeni tikilmiş fərdi yaşayış evində heç kimin olmadığını dəqiqləşdirib hasardan tullanıb həyətə keçmişdir. Evin hasarı elə də hündür deyilmiş. O, fərdi yaşayış evinin içərisinə daxil olub özündə olan alışqanın fənərindən istifadə etməklə gəzərək oğurlamaq üçün əşya axtarmış, lakin oğurlamağ üçün əşya tapa bilməmişdir. Daha sonra həmin evin həyətindəki tikilinin dəmir qapısının asma qıfıl ilə bağlı olduğunu görüb pəncərədən içəri baxanda görmüşdür ki, otaqda çoxlu tikinti materilları, ev təmiri alətləri vardır. O, həmin qapının üzərindəki asma qıfılı yerdən dəmir parçası tapıb sınıdırıb tikilinin içərisinə daxil olmuşdur. Həmin otaqda təmir tikinti materialları, təmir alətləri və ev əşyaları olmuşdur.O, həmin otaqdakı divanı qaldırıb divanın içərisini axtarmış, paltarların arasından 02 cüt uşaq qızıl sırğası və 01 ədəd uşaq qızıl bilərziyi görüb həmin qızıl-zinyət əşyalarını oğurlayıb cibinə qoymuşdur. Daha sonra tikilidə olan 01 ədəd perefaratoru, 02 ədəd dreli, 01 ədəd laqondanı otaqdan tapdığı kisənin içərisinə yığmışdır. Bundan sonra oradan 04 ədəd su krantını (smistitel) götürüb otaqdan tapdığı kisənin içərisinə yığmış, bundan sonra tikilidə sökülmüş vəziyyətdə olan kondisionerin üzərindən təxminən 5 metr uzunluğunda olan mis borunu və mis elektrik naqilini tikilidən götürdüyü dəmir kəsən qayçı ilə kəsib bükərək kisənin içərisinə yığmışdır. Həmin vaxt onun əli kondisionerin mis borusunun tininə ilişmiş və əli kəsilmiş, əlindən qan axmışdır. Bundan sonra svarka aparatının misdən olan sarğısını da söküb kisənin içərisinə yığmışdır. Bundan sonra 01 top mis naqilini və 01 ədəd paltar ütüsünü götürüb kisənin içərisinə yığmışdır. Daha sonra oğurladığı əşyaları həyətə çıxartmış, bundan sonra həyətin girişindən evə gələn qalın elektrik naqilini tikilinin içərisindən götürdüyü dəmir kəsən qayçı ilə kəsib kisənin içərisinə yığmışdır. Bundan sonra hər iki kisəni hasarın digər tərəfinə qoyub özü də hasardan keçib küçəyə düşmüşdür. Daha sonra oğurladığı əşyalar olan kisələri götürüb dağın döşü ilə piyada Puta qəsəbəsində yaşadığı evə getmişdir. Həmin gündən bir neçə gün keçdikdən sonra oğurladığı əşyaları tək-tək Bakı şəhərində yerləşən 8-ci kilometr bazarına aparıb tanımadığı şəxslərə satmış və pulunu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 02 cüt uşaq qızıl sırğası və 01 ədəd uşaq qızıl bilərziyini isə 28 May metrostansiyasının yaxınlığında yerləşən qızıl-zinyət əşyaları satılan mağazaya satmışdır. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırıb bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün qazanc əldə etmək məqsədi oğurluq cinayəti törətmişdir. O, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən oğurluq edərkən başqa kimsə ona köməklik göstərməyib. O, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən oğurluq edərkən onu heç kim görməyib. O, oğurladığı əşyaları Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında satdığı şəxsləri tanımır və həmin şəxslərə əşyaların oğurluq olmasını bildirməmiş, həmin əşyaların özünə məxsus olmasını demişdir. O, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən oğurladığı 02 cüt uşaq qızıl sırğası və 01 ədəd uşaq qızıl bilərziyini 28 May metrostansiyasının yaxınlığında hansı qızıl-zinyət əşyaları satılan mağazaya satmağını dəqiq xatırlamır, ona görə də həmin mağazanın yerini göstərə bilməyəcək, qızıl-zinyət əşyalarını satdığı şəxsə oğurluq barədə bildirməmişdir. Sağ qolunda olan xəsarəti Maştağa qəsəbəsindəki Psixiatriya xəstəxanasında özü-özünə təxminən 2-3 gün bundan əvvəl ülgüclə yetirmiş, sol qolundakı xəsarəti də özü-özünə təxminən 2 ay bundan əvvəl yetirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Aşağı Göyçəli kəndi qeydiyyatdadır, ünvan 6 ünvanında yaşayır. İşin mahiyyəti üzrə bildirir ki, o, Qaradağ rayonu, Korgöz qəsəbəsində fərdi yaşayış evi tikdirmiş, lakin həmin evin təmirini başa çatdırmamışdır. Ev mişar daşı ilə hasara alınmışdır. Həmin evin həyətində tikdirdiyi fərdi yaşayış evinin yanında bir otaqlı əl damı tikdirtmiş, həmin tikilidə ev əşyalarını, tikinti materialları və ev təmiri alətlərini saxlayır. Həmin tikilinin plastik pəncərəsi var, qapısı dəmirdəndir. Həmin qapı asma qıfıl ilə bağlanır. O, arada-bir vaxtı olanda həmin evə gəlib evdə təmir işləri aparır. İşin mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin aprel ayının ilk günlərində o, həmin evdə təmir işləri aprıb Sahil qəsəbəsində yaşadığı evinə getmiş, təxminən 1 həftə ərzində həmin evə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, Korgöz qəsəbəsində yerləşən evinə gələrkən görmüşdür ki, evin həyətindəki ev əşyalarını, tikinti materialları və ev təmiri alətlərini saxladığı tikilinin giriş qapısının üzərindəki qıfıl sındırılmışdır. Qapının açıq olduğunu görüb tikiliyə daxil olmuş və görmüşdür ki, tikilidə oğurluq hadisəsi baş verib. O, tikiliyə nəzər yetirmişdir, ona məlum olmuşdur ki, tikildən 01 ədəd 150 manat dəyərində markasını bilmədiyi perefarator, 1 ədəd 70 manat dəyərində markasını bilmədiyi böyük drel, 01 ədəd 50 manat dəyərinə markasını bilmədiyi kiçik drel, 01 ədəd 130 manat dəyərinə markasını bilmədiyi laqonda, tikilidə sökülmüş vəziyyətdə olan kondisionerin üzərindən 150 manat dəyərində 4,5 metr uzunluğunda mis borusu və mis elektrik naqili, 01 ədədinin dəyəri 45 manat olan 180 manat dəyərində 04 ədəd smistitel, svarka aparatının 100 manat dəyərində mis sarğısı, həyətin girişindən evə gələn 1 metrinin dəyəri 3,5 manat olan 15 metr uzunluğunda 6 mm-lik 52,5 manat dəyərində elektrik naqili, 45 manat dəyərində 100 metr uzunluğunda 01 top 4 mm-lik mis naqili, divanın altında paltarların arasına qoyduğu 01 cütünün dəyəri 50 manat olan 02 cüt 100 manat dəyərində uşaq qızıl sırğası, 100 manat dəyərində 01 ədəd uşaq qızıl bilərziyi, 40 manat dəyərində 01 ədəd paltar ütüləyən ütü oğurlanmışdır. Ona oğurluq nəticəsində 1167 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, ona məxsus Korgöz qəsəbəsindəki evini həyətindəki tikilidən 01 ədəd 150 manat dəyərinə markasını bilmədiyi perefarator, 1 ədəd 70 manat dəyərinə markasını bilmədiyi böyük drel, 01 ədəd 50 manat dəyərinə markasını bilmədiyi kiçik drel, 01 ədəd 130 manat dəyərinə markasını bilmədiyi laqonda, tikilidə sökülmüş vəziyyətdə olan kondisionerin üzərindən 150 manat dəyərində 4,5 metr uzunluğunda mis borusu və mis elektrik naqil, 01 ədədinin dəyəri 45 manat olan 180 manat dəyərində 04 ədəd smistitel, svarka aparatının 100 manat dəyərində mis sarğısı, həyətin girişindən evə gələn 1 metrinin dəyəri 3,5 manat olan 15 metr uzunluğunda 6 mm-lik 52,5 manat dəyərində elektrik naqili, 45 manat dəyərində 100 metr uzunluğunda 01 top 4 mm-lik mis naqil, divanın altında paltarların arasına qoyduğu 01 cütünün dəyəri 50 manat olan 02 cüt 100 manat dəyərində uşaq qızıl sırğası, 100 manat dəyərində 01 ədəd uşaq qızıl bilərziyi, 40 manat dəyərində 01 ədəd paltar ütüləyən ütü oğurlanmışdır. Onun 1167 manat dəyərində əşyaları oğurlanıb. Onun Korgöz qəsəbəsindəki evinin həyətindəki tikilinin giriş qapısının üzərindəki asma qıfılın sındırılması nəticəsində ona 10 manat maddi ziyan dəymişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, şikayətçidir, onun barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini xahiş edir. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 may 2022-ci il tarixli 011-5982-1222 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 01 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 73-76-cı vərəqəsində olan Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 82-83-cü vərəqəsində olan Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 yerləşdirilmiş, sonuncunun qalma müddətinin son həddi barəsində seçilmiş “həbs” qətimkan tədbirinin bitmə müddətinədək, yəni 26 iyul 2022-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Lənkəran Qarnizonu Hərbi Tribunalın 19 avqust 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A“ bəndi, 241-ci maddəsinin “A”, “V” bəndi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 14 noyabr 1997ci ildə Milli Məclisin 17 oktyabr 1997-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinə əsasən azad olunmuşdur; 2) Bakı Şəhər Məhkəməsinin 05 oktyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdir; 3) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 22 avqust 2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; 4) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami Rayon Məhkəməsinin 19 mart 2012-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; 5) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 29 dekabr 2014-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 1 ay 7 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, 26 fevral 2015-ci ildə müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır; 6) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 03 dekabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Cinayət işinin 90-95-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 11 may 2018-ci il tarixdən 12 may 2018-ci il tarixədək 2 gün tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılması və üzərində qəti olaraq 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 05 sentyabr 2018ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Cinayət işinin 97-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 02 iyul 2022-ci il tarixli, 80 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, 1) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 2) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi Təqsirləndirilən şəxs daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrik müşahidəsi altına verilməsi tövsiyə edilir. 3) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. 4) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu cinayət əməli törətdiyi dövrdə kompensasiya (yaxşılaşma) vəziyyətində olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu hazırda da kompensasiya vəziyyətində olduğundan Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Cinayət işinin 156-157-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 24 avqust 2022-ci il tarixi 7725 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2009-xx.xx.2009; xx.xx.2015-xx.xx.2015; xx.xx.2016xx.xx.2016; xx.xx.2018-xx.xx.2018; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xəstəxanaya qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14:00-da əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni 06 aprel 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 08 iyun 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (bir yüz səksən) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (bir yüz səksən) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar