Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-244/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də suvaqçı işləyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 60,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, daşıyaraq üzərində saxlamış, xx.xx.2023cü il tarixdə saat 00:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən stomatoloji klinikanın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmənin xidməti otaqlarının birində videoçəkiliş aparmaqla şəxsi axtarış və istintaq hərəkəti aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan torbada təmiz çəkisi 60,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini bir daha təsdiq etmiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 23:00 radələrində Qobustan qəsəbəsində yerləşən “Araz” marketin qarşısından keçərkən yerdə sellofan torbaya bükülmüş ot kütləsi diqqətini cəlb etmişdir. Həmin sellofan torbanı götürüb baxdıqda yaşıl rəngdə narkotik vasitə marixuanaya bənzər kütlə olmasını görmüş və həmin narkotik vasitədən özü istifadə etməsi üçün yaşadığı evə aparmışdır. 14 mart 2023-cü il tarixdə saat 00:50 radələrindǝ Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində iki nəfər tanımadığı şəxs mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun üzərində narkotik vasitə olması barədə polisə məlumat daxil olduğunu bildirmiş və onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla ona üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması barədə məlumat verilmişdir. İstintaq hərəkətinə başlamamışdan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sellofanın içərisində olan yaşıl rəngli kütləni masanın üzərinə qoymuş və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa əşya müəyyən edilməmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əməlindən peşman olmasını, himayəsində üç övladının olmasını, İİİ dərəcəli əlilliyinin olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nǝ Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Qobustan qəsəbəsi ərazisində Salyan yolu küçəsində yerləşən stomatoloji klinikanın yanında müşahidələr aparmağa başlamışlar. Müşahidələr nəticəsində Təqsirləndirilən şəxs Salyan yolu küçəsində stomatoloji klinikanın yanında olduğunu gördükdə ona yaxınlaşaraq özlərini təqdim edmiş və üzərində narkotik vasitə olması ilə bağlı məlumatla əlaqədar polis bölməsinə dəvət etmişlǝr. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyi izah edilmiş, o, etiraz etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və ya əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sellofana bükülmüş kütləni masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi bir ədəd sellofanın içərisinə baxdıqda, orada spesifik iyli, yaşıl rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və şəxsi istifadəsi üçün 13 mart 2023- cü il tarixdə saat 23:00 radələrində yaşadığı Qobustan qəsəbəsində "Araz" marketin yanında yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər maddə və ya əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan kütlə zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış və istintaq hərəkəti zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 7/386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi 60,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 60,0 qram, tədqiqata sərf edilmiş 0,1 qram, qalıq 59,9 qram olmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 aprel 2023-cü il tarixli, 2285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə tasdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlilliyinin olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 20 aprel 2023-cü il tarixli tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli billinməsinə dair iş üzrə icraata xitam verilmiş, və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində Bakı şəhər Qaradağ Rayon İHB-nın Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1146 nömrəli, 19 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayır və ailə tərkibi arvadı Aygün Rzayeva, qızları Nahidə Rzayeva, Həyat Rzayeva və oğlu Nurlan Rzayevdən ibarətdir. Cinayət işinin 90-cı vərəqəsində olan Bakı şəhər Qaradağ Rayon İHB-nın Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 52-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cinayət işinin 95-98-ci vərəqələrində olan 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofanda təmiz çəkisi 60,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq 59,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sellofanda olan bükümü masanın üzərinə qoymuş və sellofana yerləşdirilmiş yaşıl rəngli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində öz istifadəsi üçün Qaradağ rayonu, Qobustan qəsəbəsində "Araz" marketin yanında yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldıqda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində üç övladının olmasını, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini, İİİ dərəcəli əlilliyinin olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 14 mart 2023-cü il tarixdən saat 00:50-dən 15 mart 2023-cü il tarixədək yəni tutulub saxlandığı 2 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 aprel 2023-cü il tarixli, 2285 rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlilliyinin olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 59,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən saat 00:50-dən 15 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 59,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-244/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-244/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver