Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-244/2025 20.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, Müdafiəçi iştirakları ilə, X3, X1, X2 və Aşurov Aqilin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X7, X4, X5 və Aşurov Aqil barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul edərək onu xüsusi ittihamçı qismində tanımaqla işi məhkəmə baxışına təyin etməyi və qeyd etdiyi şəxslərin Azərbaycan Respublikası CM-in 147.1 vǝ 148-ci maddələri ilə təqsirli bilinərək barələrində həmin maddələrin sanksiyası həddində cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayətində göstərimişdir ki, onun şikayət etdiyi şəxslər qızları və onların ərləridir. Qaradağ rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ilə qızları və ərlərinin yaşadıqları mübahisəli ünvana ½ hissədə hüququ tanınmışdır. Həmin Məhkəmənin 2014-cü il tarixli qətnaməsi ilə də qeyd edilən ünvanda yerləşən mübahisəli evin hərraça çıxarılaraq satılıb ona düşən payın ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazıra kimi 6 dəfə hərraс vasitəsi ilə evlə alıcılar gəlmiş, lakin qeyd edilən şəxslər hərraсın nümayəndələrini, icra məmurunu, alıcıları və onu ev buraxmamış, onları təhqir etmiş, ona qarşı alıcıların yanında layiq olmayan ifadələr işlətməklə şər və böhtan atmaqla şəxsiyyətini alçaltmışlar. Hətta əllərində dolu benzin butulkası ilə evi və onu yandıracaqları ilə hədələmişlər. Bu hərəkətlər ilə bağlı Baş prokurorluğu, Daxili İşlər Nazirliyinə şikayətlər etmişdir. Qeyd edilən orqanlar tərəfindən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Barəsində işlədilən nalayiq ifadələr böhtan olduğundan və bu şərəf və ləyaqətini alçaltmaq məqsədi daşıdığından məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayətidir. Həmin Qanunun 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması təhqir sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin 2-ci hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hesab edir ki, yuxarıda adlarını qeyd etdiyi şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nın 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi mövcuddur və buna görə də onlar həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalıdırlar. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək göstərmişdir ki, qızları və kürəkəni evini əlindən alıblar, o indi Ələtdə yaşayır. Məhkəmə qərarı olmasına baxmayaraq qərar icra edilmir. Həmin şəxslərin yaxını olan Sabir adlı şəxs onu telefonla yığaraq hədələmiş və “var-yox” söyüşü söymüşdür. Odur ki, o, şikayətin icraata qəbul edilməsini və X3, X1, X2 və Aşurov Aqilin cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Müdafiəçi öz izahatında şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, X9 tərəfindən verilmiş şikayət ərizəsində qeyd olunan əməldə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi yoxdur, mülki xarakter daşıyır və bu məsələyə mülki qaydada baxılmalıdır. X8 qarşı hər hansı bir böhtan və təhbiq xarakterli ifadələrin işlədildiyi müəyyən edilməmişdir. Hətta belə bir hal baş vermiş olsa da bunların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmaması öz təsdiqini tapmamışdır. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə, X6 xüsusi ittham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyərək və eləcədə şikayət ərizəsinin forma və məzmununa riayət edilməməsini nəzərə alaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayət ərizəsinin “başlıq” hissəsində X9 şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin adları, soyadları, ata adları və ünvanları barədə məlumatları düzgün və tam şəkildə göstərməmiş, bu barədə ərizəyə hər hansı bir sübut da əlavə etməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin tam anket məlumatları göstərilməmiş, eləcə də göstərilən şəxslərin “Eleketron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə yoxlanılan zaman bəziləri barədə məlumatlar ümumiyyətlə aşkar edilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, eləcədə ərizədə göstərdiyi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3, X1, X2 və Aşurov Aqilin əməllərinin nədən ibarət olması barədə heç nə qeyd etməyərək bunları hər hansı bir formada əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-nin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materiaların hazırlanmasını hayəta keçirmək xüsusi ittihamçısının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-ci maddəsində göstərilir ki, cinayət işi üzrə yazılı şikayətdə: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Xüsusi ittiham bu tələblərə cavab vermədikdə, CPM-nin 302.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilib məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3, X1, X2 və Aşurov Aqilin Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-244/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-244/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver