Məhkəmə qərarları › İş №1(002)-246/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-246/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-246/2023 07.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Quba şəhəri, SMU-12, ev 7, mənzil 1-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1069/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşya olan daxilində danışıq kartı olmayan bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “X3 Prime” markalı, “SM-G530H/DV” modelli,“**********76439- **********76435” imei kodlu mobil telefon aparatını və bir ədəd elektrik qidalandırıcısını istintaqa məlum olmayan mənbədən əldə etmiş, özündə saxlamış, gəzdirmiş və həmin mobil telefon vasitəsi ilə tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** saylı, Şahid7 istifadəsində olan ***-***-**-** saylı, Şahid8 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı və Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 27 oktyabr 2022-ci il tarixdə saat 10:25 radələrində müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağında kafelin altında xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən həmin daxilində danışıq kartı olmayan mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:25 radələrində müəssisə əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağında kafelin altından daxilində danışıq kartı olmayan bir ədəd “Samsung” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Həmin telefonu cəza çəkdiyi müəssisənin gəzinti otağında məhkumlar tərəfindən yuyulmuş paltarların qurudulması üçün nəzərdə tutulmuş yerdə olan zibil qutusunun arxasından tapdığını və bəzi dostları ilə həmin telefon vasitəsilə əlaqə yaratdığını, lakin onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara telefonu istifadə etmək üçün vermədiyini bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, əvvəlki hökm üzrə çəkilməmiş cəzasının müddətini nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən mobil telefondan istifadə etməsi barədə əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında 27 oktyabr 2022-ci il tarixdə saat 10:25 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağında kafelin altından gizlədilmiş vəziyyətdə həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olmayan bir ədəd “X3 Prime” markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı baxış iştirakçıların iştirakı ilə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli axtarış və götürmə protokolundan göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzçəkmə müəssisəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, 27 oktyabr 2022-ci il tarixdə, saat 10:25 radələrində müəssisədə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 1-ci rejim korpusunun 14 saylı kamerasının sanitar qovşağında xüsusi üsulla gizlədilmiş kafelin altından məhkum Təqsirləndirilən şəxs məxsus 1 ədəd işlək vəziyyətdə "X3 Prime" markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. (i.v. 6- 7) İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 28 yanvar 2021-ci il, cəzasının sonu 28 yanvar 2031-ci il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 8 saylı CM-nə 10 dekabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində tənbeh və həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs, onunla aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktik söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Əməyə və təhsilə münasibəti mənfidir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Birgəyaşayış qaydalarına əməl etmir, xasiyyətcə qapalı, dəyişkən və qeyri səmimidir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 13-14) İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli, protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki, götürülmüş telefona və danışıq kartlarına baxış keçirərək müəyyən etmişdir ki, Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd sensor ekranlı "Android" əməliyyat sistemi ilə təchiz olunmuş "X3 Prime" markalı, "SM-G530H/DV" modelli, "**********76439- **********76435" imei kodlu mobil telefon aparatında istifadə etdiyi ***-***-**-** saylı GSM danışıq kartı vasitəsilə 2022-ci ilin sentyabr və oktyabr aylarının müxtəlif vaxtlarında ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng etməsi barədə məlumatlar qeydiyyata alınmışdır.(i.v. 121) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 5/1464 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “X3 Prime” markalı, arxa markalanma göstəricisinə görə “SM-G530H/DV” modelli, “**********76439-**********76435” imei kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olaraq istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manatdır. (i.v.40-42) İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 05 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. (i.v.1) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 02 oktyabr 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 yanvar 2004cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.5, 120.2.11, 181.2.5, 181.3.3, 181.3.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 avqust 2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 10 ay 02 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. 02 iyul 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 11-12, 38) İş materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma barədə 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş daxilində danışıq kartı olmayan "X3 Prime" markalı, "SM-G530H/DV" modelli, "**********76439-**********76435" imei kodlu mobil telefon aparatı və Azercell MMC-dən alınmış 01 fevral 2023-cü il tarixli, "2594" nömrəli məktub və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i.v.124-125) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır. (i.v. 182-186) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1069/2021 saylı hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 07 (yeddi) il 05 (beş) ay 20 (iyirmi) gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut “X3 Prime” markalı, “SM-G530H/DV” modelli mobil (smartfon) telefon, elektrik qidalandırıcı, hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar və ittiham aktı olan CD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80,00 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 il 05 ay 20 gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 07 (yeddi) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - “X3 Prime” markalı, “SM-G530H/DV” modelli mobil (smartfon) telefon, elektrik qidalandırıcı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar və ittiham aktı olan 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80,00 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar