Məhkəmə qərarları › İş №1(002)-247/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-247/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-247/2021 05.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1959-cu ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol hərəkəti qaydalarını və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 09 mart 2021-ci il tarixdə saat 17:54 radələrində texniki cəhəddən saz vəziyyətdə olan özünə məxsus idarə etdiyi Mercedes-Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi tərəfdən M.Seyidov küçəsinə daxil olub sol istiqamətində 5 k/m saat sürətlə hərəkətdə olarkən qeyd olunan küçələrin kəsişməsində M.Seyidov küçəsi 13-də yerləşən «Optimal» ticarət mərkəzinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozmuş yəni yol ayrıcına daxil olaraq M.Seyidov küçəsinə dönərkən piyadanın yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin təhlükəsizlik tələbinə əməl etməmiş və diqqətini hərəkət istiqamətindən yayındırması səbəbindən, sərbəst addımlarla yolu sağdan sola keçmək istəyən piyada X3 həmin yolda idarə etdiyi avtomobilin qarşı sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada Xuraman Feyzullayevaya sol qamış sümüyünün bayır kondilusunun, sol incik sümüyünün qapalı, yerdəyişən sınıqları, sağ daban və sağ bayır topuğun əzilmiş yaralarından ibarət dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus “Mercedes-Benz C180” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomaşını var. Təxminən 17 ilə yaxın sürücülük təcrübəsi olmaqla “B” dərəcəli sürücülük vəsiqəsi var və bu vaxta kimi yol nəqliyyat hadisəsi törətməmişdir. 09.03.2021-ci il tarixində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla yaşadığı Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsindən çıxıb, üzü “Socar” ın binaları istiqamətində nəvələrini götürmək üçün hərəkət etmişdir. Saat təxminən 17:45 radələrində Sahil qəsəbəsində yerləşən “Optimal” marketin yanında yol ayrıcında avtomaşını saxlayıb, sağ və sol tərəfdən hərəkətdə olan nəqliyyat vasitələrinə nəzarət etmişdir. Avtomaşınların hərəkətdə olmadığını görüb, saatda təxminən 3-5 km sürətlə sola, üzü 38-ci PB istiqamətində dönmə əməliyyatı apardığı zaman sol tərəfdə “Optimal” marketin qarşısında dayanmış vəziyyətdə olan “Bosh Shelf”in avtobusu hərəkətə başladığı üçün fikri həmin avtobusda qalmış və bu zaman yolun sağ hissəsindən sol hissəsinə doğru piyada hərəkətdə olan orta yaşlı qadının keçdiyini görməmiş və ani vaxtda həmin qadın əllərini mühərrik örtüyünün üzərinə qoyduğunu görüb, dərhal əyləci basıb, avtomaşını həmin yerdə saxlamışdır. Qadın isə yerə yıxılmışdır. O, avtomaşından yerə düşüb, həmin qadının yanına yaxınlaşmış və sağ topuq nahiyyəsindən xəsarət aldğını görmüşdür. Daha sonra hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Orada sonradan adını bildiyi X4 ilkin tibbi yardım göstərilmiş və təcili tibbi yardım avtomaşını ilə Bakı şəhərində yerləşən 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsi sərnişinsiz və yüksüz vəziyyətdə olmuş, eləcə də hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Yol nəqliyyat hadisəsi konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Optimal” marketin yaxınlığı, yol ayrıcında baş vermişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxsə maddi cəhətdən mümkün olan köməkliklər göstərilmiş, o cümlədən sonuncu dəfə bugün, yəni 05 iyul 2021-ci il tarixdə zərərçəkmiş şəxsə 1500 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Ailəsi ilə yaşayır. 09.03.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 13-də yerləşən «Optimal» ticarət mərkəzinin qarşısında həmişə olduğu kimi sərbəst addımlarla yolu sağdan sola keçmək istəyərkən Ə.Gülbabayev küçəsi tərəfdən M.Seyidov küçəsi istiqamətində dönərək küçəyə daxil olan sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hissəsi ilə ehtiyatsızlıqdan sol tərəfindən onu vurub yerə yıxaraq avtomobilin qarşı sol təkəri ilə ayaqları üzərindən keçərək ona xəsarət yetirmişdir. Yoldan keçən tanımadığı vətəndaşlar və sürücü ona yardım göstərərək onu yoldan kənara çəkmişlər. Sonrada onu təcili tibbi yardım briqadası ilə Bakı şəhəri 3 saylı Sabunçu rayon xəstəxanasına yola salmışlar. O, xəstəxanada stasionar müalicə almışdır. Hazırda ev şəraitində müalicəsini davam etdirir. Sürücü Təqsirləndirilən şəxs tərəfindən onun müalicəsinə görə müəyyən maddi yardımlar göstərilmiş, o cümlədən bugün, yəni 05 iyul 2021-ci il tarixdə ona 1500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 29 mart 2021-ci il tarixli, 145 nömrəli rəyindən görünür ki, X2 məhkəmə ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün bayır kondilusunun, sol incik sümüyünün qapalı, yerdəyişən sınıqları, sağ daban və sağ bayır topuğun əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 09.03.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. X2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 8/894 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, naməlum avtobusun sürücüsünün hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələrinin ekspertizasında xüsusi texniki bilik tələb etmir və ekspertin səlahiyyətinə aid deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi 09.03.2021-ci il tarixli, 2/6266 nömrəli aktından müəyyən olunmuşdur ki, hadisə baş verən günü 09.03.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə saat 17:54 radələrində özünə məxsus idarə etdiyi Mercedes-Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi tərəfdən M.Seyidov küçəsi istiqamətində hərəkətdə olarkən qeyd olunan küçələrin kəsişməsində avtomobili sol tərəfə istiqamətləndirib M.Seyidov küçəsinə daxil olarkən M.Seyidov küçəsi 13-də yerləşən «Optimal» ticarət mərkəzinin qarşısında yolun hərəkət hissəsini sağdan sola keçən piyada X3 avtomobilin qarşı sol hissəsi ilə ehtiyatsızlıqdan vurub yerə yıxaraq avtomobilin qabaq sol təkəri ilə ayaqları üzərindən keçir və dayanır. Ətrafda olan insanlar hadisə yerinə toplaşıb yardım edirlər. Görüntü 01:59 dəqiqə davam edir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına 05.05.2015-ci il tarixdə DİN-nin BDYPİ-nin QİŞ/3 Saylı ASAN xidməti tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, 05.05.2025-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Qaradağ RPİ-nin DYPŞ-si tərəfindən verilmiş 20.05.2021-ci il tarixli arayışdan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X5 məlumatına əsasən ünvan 1 –də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs haqqında icrası təmin edilməyən və yaxud ödənilməmiş heç bir inzibati material, sürücülük hüququnun məhdudiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin İİ-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Mercedes-Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mercedes-Benz C 180 markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar