Məhkəmə qərarları › İş №1(002)-248/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-248/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-248/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 28 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısındakı küçədə bacısı Şahid2 keçmiş əri Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncunun orada onu öldürəcəyi ilə hədələməklə ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməsi, habelə bıçaqla ona xəsarət yetirməsi səbəbindən iki dəfə yumruqla Zərərçəkmiş şəxs sol göz və dodaq nahiyəsindən, daha sonra isə əli ilə baş nahiyəsindən qəsdən vuraraq ona sol gözün konyuktiva qişasının qansızma ilə müşayiət olunan gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası və sağ alın-təpə nahiyyəsinin sıyrığı ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir, 2008-ci ildə bacısı X9 ilə ailə həyatı qurmuş, rəsmi nikahdan 2 azyaşlı qız uşaqları vardır. Zaur ilə bacısı Rənanın birgə yaşadıqları vaxtdan artıq problemlər yaranmış, ailə həyatı qurduqları vaxtdan 3 ay keçdikdən sonra onların münasibətləri pozulmuş, lakin yenidən barışaraq birgə yaşamışlar. Bu hal onların yaşadığı müddət ərzində mütəmadi olaraq davam etmiş, hətta Zaur onu döymüşdür. Bir neçə dəfə Rəna əri Zaurla mübahisə etdikdən sonra ata evinə gəlmiş, bir müddət ata evində qaldıqdan sonra yenidən barışıb evinə qayıtmışdır. Rənanın hər dəfə evə qayıtmağının səbəbi Zaur və onun yaxın qohumlarının çox sayda xahiş və üzrxahlıqları olmuşdur. Hətta bir dəfə Zaurun vəfat etmiş atası Zabil də onlara zəng edərək, qan düşməsin deyə öz xahişi ilə gəlib Rənanın ata evinə aparmaqlarını xahiş etmişdir. Sonuncu dəfə 16 avqust 2019-cu il tarixdə Zaur özü ona zəng edərək, Rəna ilə artıq yaşamaq mümkün olmadığını, onun da gəlib bacısını evə aparmağını xahiş etmişdir. Həmin gün axşam o, dostu Şahid3 ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən bir çayxanada Zaurla görüşmüşlər və çox mədəni və xoş münasibətdə söhbət etmişlər. O, Zaurdan yenə nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, Rəna ilə sözləri düz gəlmir, artıq birgə yaşaya bilmirlər. Buna baxmayaraq o, Zaura bildirmişdir ki, Rənanı 10 günlük yaşadıqları evə aparsın, bacısını psixoloqun yanına aparsın, bir müddət müalicə etsin və hər ikisinin əsəbləri sakitləşdikdən sonra barışıb evlərində yaşasınlar. Zaur razılaşdıqdan sonra o, həmin gün gecə saatlarında onların ünvan 3 ünvanına getmiş, Rəna özünə məxsus əşyalarını yığmış və hər iki uşağı ilə birlikdə evdən çıxmışdır. Həmin vaxt evdə Zaurun qardaşı Zamin, anası Balaqız, özünün anası Rafizə və bacısı Rəna uşaqları ilə olmuşlar. Həmin vaxt Zaur onun dostu İbrahimlə birlikdə evlərinin həyətində, blokun yanında dayanmışlar. O, Rənanı, iki azyaşlı uşağı və anasını götürüb İbrahimin avtomobili ilə Müşfiqabad qəsəbəsindəki evlərinə yollanmışlar. Həmin məsələnin üstündən təxminən 15 gün keçdikdən sonra, Rənanın onların evdə yaşadığı müddətdə Zaur istifadəsində olan mobil telefon nömrəsi ilə onun anası Rafizənin mobil telefon nömrəsinə zəng etmişdir. O, həmin zəngə cavab verdikdə Zaur ucadan danışıb onu nalayıq sözlərlə təhqir etməyə başlamışdır. Zaurun belə danışacağını gözləmədiyi və yanında ailə üzvləri olduğu üçün ona cavab verə bilmədiyinə görə zəngi kəsmiş və dərhal Zaurun dayısı Şaiqə zəng etmişdir. Şaiqə Zaurun hərəkətləri barədə dedikdən sonra Şaiq özü də Zaurla danışmış və yenidən ona zəng etmişdir. Şaiq ona bildirmişdir ki, Zaur telefonda hörmət qoymadan onların ünvanına əxlaqsız ifadələr işlətdiyi üçün Zaurla sona qədər danışmamış və ona görə də bundan sonra onların məsələsinə qarışmayacağını bildirmişdir. Bundan sonra bir müddət belə davam etməyə başlamış, Zaur ona zənglər edərək, kobud şəkildə danışmağa, Rənanı təcili evinə qaytarmağını tələb etməyə başlamışdır. Bunları etmədiyi halda evlərini yandıracağını, onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. O, bir neçə dəfə Zauru sülhə çağırmış, lakin sonuncu buna əhəmiyyət verməmiş, təhdid və təhqirlərini davam etdirmişdir. Həmçinin o, qeyd etmişdir ki, əvvəllər Zaurun atası da anasını bıçaqlamış, sonra özü də özünü bıçaqla vuraraq öldürmüşdür. Zaur da hər zaman ona zəng edərək atasının da anasını bıçaqla vurduğunu, odur ki, özünü də Rənanı da bıçaqla vuracağını bildirmişdir. Zaurun bu barədə olan təhdidləri onun mobil telefonunda da qalmışdır. 28 dekabr 2019-cu il tarixdə, təxminən saat 22:30 radələrində Zaur onun yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək bayırda nalayıq sözlər işlətməklə onu və bacısı Rənanı çağırmağa başlamışdır. Həmin vaxt yaşadığı evdə özü, anası Rafizə, arvadı Afaq, öz üç azyaşlı uşaqları, bacısı Rəna və onun da iki azyaşlı uşaqları olmuşlar. O, evlərindəki müşahidə kamerasından baxdıqda görmüşdür ki, Zaurun əlində bıçağa oxşar alət vardır. Həmin vaxt Zaur ucadan onun, ailəsinin ünvanına nalayiq söyüşlər söymüş, uca səslərlə qışqıraraq “Rauf, sənin var-yoxunu, ana-bacını belə-belə edim, çölə çıx, sənin başını uşaqlarının gözü önündə kəsəcəm” demişdir. O isə Zaurun bu sözlərindən sonra qorxmağa başlamışdır. Ona görə də Rənaya demişdir ki, təcili 102 xidmətinə zəng etsin. Ona görə də Rəna 102 xidmətinə zəng edərək Zaurun əlində bıçaqla onları narahat etməsi ilə bağlı məlumat vermişdir. O, Zaurun təhdidlərinə görə yaşadığı evin qarşısına kamera quraşdırmış, lakin sərt diski həmin vaxt hələ alınmadığı üçün kamera görüntüsünü yazısı qeydə alınmasa da monitordan baxmaq mümkün olmuşdur. Elə həmin vaxt o, monitordan Zaurun etdiyi hərəkətlərə baxmış, Zaur ucadan qışqıraraq onların ünvanlarına söyüşlər söymüş, bayırdan olan pəncərəni bərk döymüş, çıxmaqlarını tələb etmişdir. Zaurun bu hərəkətlərinə və söyüşlərinə artıq dözməyib mənzildən evin həyətinə çıxmış və çöl qapıya yaxınlaşıb gözlüyündən baxmışdır. Artıq Zaurun səs-küyünə görə küçəyə çoxlu sayda kənar şəxslər toplaşmış, bu vaxt o, görmüşdür ki, Zaur qapını ya da ki, evin şüşəsini sındıracaqdır, ona görə məcburən qapının cəftəyini açaraq bayıra çıxmışdır. Bu zaman Zaur bir əli ilə onun boğazından tutub sıxmağa başlamış, digər əli ilə isə bıçağı üzünə dirəmişdir. O, Zauru yalvararaq sakitləşdirməyə çalışmış, Zaur isə camaatın gözü önündə yenə də ucadan qışqıraraq ona var-yox söyüşü söyməyə davam etmiş, onu öldürəcəyini demişdir. Həmin vaxt Zauru itələmiş və yerdən taxta parçası götürüb özünü müdafiə etmək məqsədilə Zaura tərəf hərləmiş, lakin, taxta parçası Zaura dəyməmişdir. Zaur onun üstünə gəldikdə arxaya tərəf çəkilmiş və taxta parçası əlindən düşmüşdür. Bu zaman Zaur əlindəki bıçaqla onu vurmaq istədikdə sol əlini qabağa vermiş və bıçaq onun sol əlinin iç hissəsini kəsmişdir. Həmin vaxt o, özündə güc taparaq yumruqla Zaurun sol göz nahiyyəsinə, ardınca isə yumruqla dodağına vurmuşdur. Həmin vaxt bıçaq Zaurun əlindən düşmüşdür. Zaur təkrarən onun üstünə gəldikdə özünü müdafiə etmək üçün təkrarən əli ilə Zaurun başına vurmuşdur. Həmin vaxt ətrafda çoxlu sayda kənar şəxslər olmuşdur. Lakin, orada olan şəxslər Zaurun aqressiyasını görüb onları aralamağa cürət etməmişlər. Bu zaman qohumu Samir gəlmiş, onları ayırmağa çalışdıqda Zaur yerdən bıçağı götürmüş və Samirin arxası ilə vurmaq üçün düşmüşdür. Samir qorxduğu üçün evin həyətinə qaçmış və qapını bağlamışdır. Həmin vaxt Zaur təkrarən əlindəki bıçaqla onun üstünə gəldikdə Samir də qaçmağa çalışmış, Zauru isə heç cür sakitləşdirmək olmamışdır. Bu zaman qonşuluqda yaşayan və süs-küyə görə ora gəlmiş Fərid onların arasına girmiş və Zauru saxlamışdır. Artıq ora toplaşmış digər şəxslər də Zauru saxlamışlar. Bu davadalaş təxminən 30-40 dəqiqə davam etmişdir. Həmin müddət ərzində Zaur camaatın içində əlində bıçaqla onu öldürəcəyi ilə hədələmiş, var-yoxuna, ana-bacısına, uşaqlarına nalayiq söyüşlər söymüşdür. Bu dözülməz bir vəziyyət olmuş, hətta Zaurun sakitləşmədiyini görən ora toplaşan şəxslər və sonradan gələn dostu İbrahim onu oradan qaçırtmışlar ki, birdən Zaur onu yenidən bıçaqla vurar. Özü oradan uzaqlaşdıqdan az sonra həmin yerə bacısının zənginə görə polis əməkdaşları ora gələrək Zauru və Samiri Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Odur ki, özü də PB-nə gəlmiş və orada müvafiq sənədləşmə aparılmışdır. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildə X9 ilə ailə həyatı qurmuş, rəsmi nikahdan 2 azyaşlı uşaqları vardır, 01 may 2010-cu il təvəllüdlü Nəzrin Nəhmətova və 11 mart 2013-cü il təvəllüdlü Nərmin Nəhmətovadır. X13 ilə ailə həyatı qurduqdan sonra yaşadıqları müddət ərzində yaxşı münasibətləri olmuş, mehriban ailə şəraitində yaşamışlar. 2019-cu ilin təxminən iyul ayının sonlarında Könül adlı xanıma «Hyundai İX 35» markalı avtomobilin satılmasında köməklik göstərmiş, onun mobil telefon nömrəsini istifadəsində olan mobil telefon cihazının yaddaşında saxlamışdır. Həmin ərəfədə arvadı Rəna ondan xəbərsiz istifadəsində olan mobil telefon cihazına baxmış, Könül adlı xanımın mobil nömrəsini aşkar etmiş və qısqanclıq zəminində həmin nömrəyə zəng edərək Könül adlı qadınla sözlə mübahisə edərək onu nalayiq sözlərlə təhqir etmişdir. Bununla kifayətlənməyərək qonşuluqda yaşayan rəfiqəsi Vəfaya və adını bilmədiyi digər qonşusuna da Könülə zəng etdirmiş və onların da vasitəsi ilə sonuncunu təhqir etmişdir. Bu söhbətlərdən sonra Könül adlı xanım onun mobil telefon nömrəsinə zəng edərək arvadının və digər şəxslərin onu telefon vasitəsi ilə təhqir etdiklərini demiş və bununla bağlı ona iradlarını bildirmişdir. O isə bunu bildikdən sonra Könül adlı xanıma öz adından üzrxahlıq etmiş və bundan sonra həmin məsələyə görə yaşadığı evdə arvadı Rəna ilə sözlə mübahisə etmişdir. Həmin mübahisə mütəmadi olaraq bir həftəyə yaxın çəkmiş, bu minvalla aralarında digər şəxsi məsələlərə görə də mübahisələri davam etmişdir. Bir müddət sonra Rəna ilə aralarında olan mübahisələrin olması barədə sonuncunun qardaşı Raufa da zəng edərək məlumat vermişdir. O, Raufa bacısı Rənanın artıq bütün hədləri aşdığını bildirməklə onu yaşadıqları evə dəvət etmişdir. Həmin gün, yəni 2019-cu ilin avqust ayının sonlarında Rauf yanında tanımadığı İbrahim adlı bir şəxslə gəlmiş, onlar yaşadığı evin yaxınlığındakı bir çayxanada əyləşmişlər. O, İbrahimi gördükdə ilk olaraq təklikdə Raufa bu barədə iradlarını bildirmiş və soruşmuşdur ki, hansı səbəbə görə ailə söhbətlərinə başqa bir şəxs gəlib iştirak etməlidir. Rauf isə onun narahat olmamağını, İbrahimin ona yaxın «qardaş» olduğunu demişdir. Bundan sonra onlar bir qədər söhbət etmişlər, Raufa bacısı Rənanın utandırıcı və qeyri adekvat hərəkətləri etməsi barədə danışmışdır. Rauf dinlədikdən sonra onunla razılaşmış, bacısının hərəkətlərini dəstəkləməyərək özü də narazı qalmışdır. Rauf ona təklif etmişdir ki, Rənanı bir müddətə anası ilə yaşadıqları evə aparsın, orada bacısına bir qədər tövsiyyələr verdikdən sonra geri qaytaracaqdır. Onlar aralarında razılaşdıqdan sonra Rauf yaşadığı evə gedərək arvadı Rənanı və iki azyaşlı qız uşaqlarını özü ilə aparmışdır. Üstündən təxminən 3-4 gün keçdikdən sonra o, Raufa zəng edib vəziyyətlə maraqlanmış, ailə üzvlərini evinə gətirməsini xahiş etmişdir. Rauf isə heç bir narahatçılıq olmadığını, 2-3 gün də bacısının özünə gəldikdən sonra Rənanı evinə gətirəcəyini ona bildirmişdir. O da Raufa heç bir söz deməmiş və razılaşmışdır. Həmin söhbətdən bir müddətdə keçdikdən sonra Rauf və ailə üzvlərindən xəbər çıxmamış, 2019-cu ilin sentyabr ayının əvvələrində tətilin qurtararaq məktəb günlərinin başlaması ərəfəsində Rəna ona zəng etmişdir. Rənanın və uşaqların evə qayıtması barədə söhbət etdikdə Rəna ona bildirmişdir ki, qardaşı Rauf ona evə qayıtmasına icazə vermir, Raufla əlaqə saxlayıb bu barədə danışmasını tövsiyyə etmişdir. Rənanın sözündən sonra o, Raufla əlaqa saxlamış, bu məsələyə aydınlıq gətirmək üçün Raufla Müşfiqabad qəsəbəsində yaşadıqları evin yaxınlığında yerləşən çayxanada görüşmüşdür. Həmin vaxt özü tək olsa da Raufun yanında dostu İbrahim və tanıdıqları digər şəxslər də olmuşlar. Raufun «vəhhabi» olduğunu və yanında olan tanışlarının görünüşlərindən, yəni üzlərində olan saqqal, şalvarlarının qısa olmasından da ona məlum olmuşdur ki, onlarda Rauf kimi həmin təriqətə qulluq edirlər. Onlarla bir qədər söhbət etdikdə, Rauf və yanında olan tanışları ona öz hesab etdikləri sələfi şəriət qanunları ilə məsləhətlər verirmişlər, onun da onların şəriəti ilə razılaşdığı halda arvadını evə qaytaracaqlarına söz vermişlər, hətta demişlər ki, 40000 manat məbləğində təzminat ödədiyi halda ailə üzvlərinin evlərinə qayıtmalarına razılıq verəcəklər. O, Rauf və yanında olan tanışlarının şərtləri ilə razılaşmamış və bu barədə onlara eşitdirmişdir. Həmin səbəbdən Rauf ilə sözləri tutmamış və oradan çıxıb getmişdir. Həmin söhbətin üstündən 4-5 gün keçdikdən sonra ailə üzvlərini evə qaytarmaq üçün dayısı Şaiq ilə bir daha Müşfiqabad qəsəbəsinə getmiş, orada yenə Rauf və yanında olan «vəhhabi» tanışları ilə söhbət etmişlər, lakin onlar yenə də ağlasığmaz söhbətlər etdikdən sonra çıxıb getmişlər. Belə də bir neçə ay Raufun etdiyi hərəkətlərə görə ailə üzvlərini nə görə bilmiş, nə də ki, yaşadığı evə gətirə bilməmişdir. Hətta artıq Rəna da onunla telefon vasitəsi ilə söhbət etdiyi zaman qardaşı Raufun tərəfini tutmağa başlamış və evə gəlməyəcəyini ona demişdir. O, bunların hərəkətlərinə bir qədər dözmüş, lakin arvadı və uşaqlarının evə gəlməməsi ona pis təsir etmişdir. Hətta həmin ərəfədə Raufun dostu «vəhabi» olan İbrahim ona sms vasitəsi ilə əxlaqsız sözlər yazmışdır. İbrahim ona yazmışdır ki, artıq özü şəriətə uyğun olaraq Raufun bacısı Rəna ilə kəbin kəsdirəcək və onun uşaqlarına atalıq edəcəkdir. Həmin səbəbdən o, İbrahimin dediklərinə aydınlıq gətirmək və Raufun bu barədə məlumatı olub-olmaması barədə maraqlanmaq üçün bir neçə dəfə Raufla telefon əlaqəsi saxlamış, lakin Rauf müxtəlif bəhanələr gətirib onunla həmin söhbəti etməkdən yayınmışdır. 28 dekabr 2019-cu il tarixdə o, əvvəlcə «whatsapp» vasitəsi ilə Rəna ilə əlaqə saxlamış və İbrahimin dedikləri barədə xəbəri olub-olmadığını soruşmuşdur. Rəna isə ona bildirmişdir ki, elə bir söhbətdən xəbəri yoxdur, İbrahim adlı şəxsi ümumiyyətlə tanımır. Bundan sonra o, Rauf ilə əlaqə saxlamış və Rənanın xəbəri olmadan onun dostunun yazdıqları barədə üstünə əsəbləşmiş, günahın özündə olduğunu bildirmişdir ki, Rauf özünə hörmət qoyduğu halda dostları belə bir hərəkət etməzdilər. Daha sonra o, Raufa evlərinin qarşısına gələcəyini bildirmiş və elə də etmişdir. Həmin gün, yəni 28 dekabr 2019-cu il tarixdə saat 22:00 radələrində o, Müşfiqabad qəsəbəsində Rənanın ana evinə getmiş və Raufa zəng edərək evin qarşısına çağırmışdır. Onların Müşfiqabad qəsəbəsindəki evlərinin qarşısına gəlmiş, lakin Rauf çıxmamış, ona görə evin qapısını döymüşdür. Elə bu zaman qapı açılan kimi Rauf əlində nazik dəmir boru ilə üstünə hücum çəkib ilk olaraq həmin dəmir boru ilə baş və sifət nahiyyələrindən bir neçə dəfə vurmuşdur. Rauf onu vurduğu zaman həmin yerə qəfildən onun «vəhhabi» dostları İbrahim, Cavanşir və Samir yaxınlaşmışlar, aralamaq əvəzinə onu döyməyə başlamışlar. Belə ki, artıq Raufun dəmir boru ilə vurduğu zərbələrdən sonra o, yerdə olduğu zaman İbrahim və Samir üstünə gələrək təpik və yumruqla qarın nahiyyəsindən vurmuşlar. Bunun ardınca Cavanşir özündə olan bıçaqla onu vurmaq istədikdə əli ilə tutmuş, nəticədə bıçaq sol əlinin içini kəsmişdir. Bu şəkildə Rauf və tanışları evlərinin qarşısında döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişlər. Daha sonra isə onlar həmin yerdən uzaqlaşmışlar. Onun halı pis olduğu üçün özünə gəlmək məqsədi ilə hadisə yerində olan daşın üstünə oturmuş, üstündən 20 dəqiqə keçdikdən sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlmişlər, onu əvvəlcə 10-cu polis bölməsinə aparmışlar, oradan isə X17 ekipajı vasitəsi ilə X10 yollamışlar. O, xəstəxanaya yerləşdirilərək orada stasionar müalicə almışdır. O, öz ifadəsində daha sonra təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olmaqla ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 dekabr 2019-cu il tarixdə, saat 22:30 radələrində bərbərxanadan yaşadığı evə yenicə gəlmişdir ki, bacısı Afaq ona zəng edərək, Zaurun əlində bıçaqla Raufun üstünə gəldiyini, bununla bağlı təcili onlara gəlməyini xahiş etmişdir. O da bacısının sözlərinə əsasən yaşadığı evə dönmədən Raufun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə getmişdir. Onların həyət evlərinin qarşısına çatarkən görmüşdür ki, orada çoxlu sayda kənar şəxslər vardır. Zaur həmin vaxt əlində bıçaq tutaraq Raufa qarşı açıq aşkar formada ana-bacı və var-yox söyüşləri söymüşdür. O, bunu görüb Zaura söyüş söyməməsini bildirdikdə sonuncu həmin bıçaqla onun üstünə qaçmışdır. Bu zaman onların arasında təxminən 10-15 metr məsafə olmuşdur. Zaur əlində bıçaqla «bu dəqiqə sənin də var-yoxunu belə belə eləcəyəm» sözlərini deyib üstünə doğru qaçdığı zaman Zaurun onu bıçaqla vuracağından qorxub dərhal Raufgilin evinin həyətinə daxil olaraq içəridən darvazanın cəftəyini bağlamışdır. Zaur isə bunu görüb uca səslə aqressiv formada qışqıraraq «sənin var-yoxunu belə belə edəcəm, kişisən çıx bayıra» sözlərini demişdir. O, isə qorxusundan bayıra çıxmamışdır. Lakin içəridən çöldə baş verənləri görməsə də Zauru həmin yerə toplaşan şəxslərin sakitləşdirməyə çalışdıqlarını eşitmişdir. Bir qədər sonra polis əməkdaşları gəlib onu evdən dəvət edərək, Zauru isə küçədən götürərək hər ikisini 10-cu polis bölməsinə aparmışlar. Sonradan bilmişdir ki, Rauf Zaurun bıçaqla onu vurması zamanı əlindən xəsarət almışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisə zamanı Zauru vurmamış və buna cəhd etməmişdir. Zaur bıçaqla üzərinə qaçaraq gəlsə də onu vura bilməmiş, həmin vaxt o, Raufgilin evinin həyətinə qaçmış və qapını bağlamışdır. Hadisə zamanı qeyd edilən yerə gələrkən görmüşdür ki, Zaur əlində bıçaqla Raufun ünvanına ucadan nalayıq söyüşlər söyür. Lakin biri-birilərinə vurmaqlarını görməmiş, həmin vaxt həyacanlı olduğundan buna fikir verə bilməmişdir. Hadisə zamanı orada qadın, uşaq, kişi olmaqla çoxlu sayda şəxslər olmuş, bəzilərini üzdən tanısa da, adlarını bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində dediklərinin tam yalan və böhtan xarakteri daşıdığını, dava dalaş zamanı o, həmin yerə sonradan gəldiyini, Zaur bıçaqla üstünə gəlib vurmaq istədiyi üçün qaçaraq evə girdiyini bildirmişdir. İbrahimin isə həmin yerə davadan sonra gəldiyini, Cavanşir adlı şəxsi isə ümumiyyətlə tanımadığını, ola bilsin ki, Zaurun göstərdiyi xüsusatların şər, böhtan və yalanları ilə kiminsə adını səhv saldığını, dava-dalaş zaman Raufdan başqa Zərərçəkmiş şəxs xəsarət yetirən olmadığını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisinə yerləşən yol kənarı özəl stamotoloji kabinetdə diş həkimi işləyir. Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır, Rauf onun iş yerinin yanında telefon ustası işləmiş və elə həmin vaxtlardan onların yoldaşlıq münasibətləri yaranmışdır. Zaman keçdikcə Raufla yoldaşlığı ailə dostluğu münasibətinə də keçmişdir. Zərərçəkmiş şəxs da Raufun bacısı Rənanın əri olduğunu, sonuncu ilə əvvəllər münasibəti olmasa da Raufla yoldaşlığa görə hətta Zaur və Rənanın toy mərasimində də iştirak etdiyini bildirmişdir. Zaur və Rəna ailə həyatı qurduqdan sonra Rauf dəfələrlə ona bir yoldaş kimi bölüşərək Zaurdan şikayətlər etmişdir. Zaur birgə yaşadıqları dövr ərzində tez-tez arvadı Rənanı narahat etmiş, onu döymüşdür. Hətta bir neçə dəfə olmuşdur ki, Rəna Zaurun təhdidlərindən bezib ata evinə getmiş və sonradan qohumlar onları bir təhər barışdırıb Rənanı evinə qaytarmışlar. Bunların hamısını isə Raufun ona özü danışdığını bildirmişdir. Təxminən 2019-cu ilin avqust ayında Raufla birlikdə olduqları zaman Zaur Raufa zəng edərək bildirmişdir ki, artıq Rəna ilə yaşaya bilmir, özünün gəlib bununla bağlı bir tədbir görsün. Həmin gün o da Raufun yanında olduğu üçün sonuncunun xahişi əsasında onun avtomobili ilə Zaurgilin metronun “Neftçilər” stansiyasının yaxınlığındakı evlərinə yollanmışlar. Yolda getdikləri zaman Zaur bir daha Raufa zəng edərək evlərinə deyil, yaxınlıqda yerləşən bir çayxanada söhbət etməyə dəvət etmişdir. Bundan sonra onlar metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən bir çayxanada Zaurla görüşmüşlər və çox mədəni və xoş münasibətdə söhbət etmişlər. Rauf Zaurdan yenə nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, Rəna ilə sözləri düz gəlmir, artıq birgə yaşaya bilmirlər. Buna baxmayaraq Rauf Zaura bildirmişdir ki, Rənanı bir 10 günlük yaşadığı evə aparsın, əgər hər hansı bir problemi varsa bacısını psixoloqun yanına aparsın, bir müddət müalicə etsin və hər ikisinin əsəbləri sakitləşdikdən sonra barışıb evlərində yaşayarlar. Zaur razılaşdıqdan sonra o, Zaur və Raufla birlikdə həmin gün gecə saatlarında onların yaşadığı evə getmiş, Rəna özünə məxsus əşyalarını yığmış və hər iki uşağı ilə birlikdə evdən çıxmışdır. Həmin vaxt evdə Zaurun qohumları və hətta Raufun anası Rafizə də bundan xəbərdar olub özü taksi ilə gəlmişdir. Onlar Rənanı, iki azyaşlı uşağı və Raufun anasını götürüb onun avtomobili ilə onların Müşfiqabad qəsəbəsindəki evlərinə yollanmışlar. Sonradan Rauf ona demişdir ki, Rəna evinə qayıtmaq istəmir, boşanmaq istəyir, Zaur isə Rənanın uşaqlarla evə qayıtmayacağını bilib onları hədələməyə başlamışdır. Rauf bir neçə dəfə Zauru sülhə çağırsa da sonuncu buna əhəmiyyət verməyərək, təhdid və təhqirlərini davam etdirməyə başlamış, dəfələrlə Raufa telefon zəngi edərək onu və ailəsini öldürəcəyi ilə hədələməyə başlamışdır. Hətta Zaur bununla kifayətlənməyərək onu və ailə üzvlərini də hədələmişdir. Zaur özündən uyduraraq ağlasığmaz böhtanlar atmağa başlamış, guya onun Zaurun boşanmağında şəxsi marağı vardır. Zaurun ona qarşı olan hədələri və böhtan xarakterli dediklərindən narahat olub özü də bu barədə Daxili İşlər Nazirliyinə müraciətlər etmişdir. Nəhayət 28 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində Badamdar qəsəbəsindən iş yerindən çıxıb yaşadığı evə gedərək yolda olduğu zaman Rauf ona həyacanlı formada zəng edib bildirmişdir ki, Zaur onların yaşadığı evlərinə gəlib və küçədə söyüşlər söyərək qapılarını sındırır. O, Raufa bayıra çıxmamağını və polisə zəng etməyini tövsiyyə etmiş, özünün isə yolda Müşfiqabad istiqamətində gəldiyini bildirmişdir. Rauf isə ona artıq “102” xidmətinə məlumat verdiklərini bildirmişdir. O, bunları eşidib biraz sürəti artırmış və Raufgilin yaşadığı evlərinə yollanmışdır. Təxminən 15-20 dəqiqədən sonra Raufun evinin qarşısına yaxınlaşmış və görmüşdür ki, Rauf evlərindən bir qədər kənarda dayanmış, əlindən isə qan axır, evlərinin qarşısında isə çoxlu sayda şəxslər vardır. Avtomobili Raufun yanında saxlayaraq çıxmış, Raufdan nə baş verdiyini soruşduqda sonuncu Zaurun bıçaqla üstünə düşdüyünü, vurmaq istədiyi zaman əlini kəsdiyini bildirmişdir. O, baxdıqda görmüşdür ki, Zaur bir qədər kənarda sökülmüş hasarın üstündə əlində bıçaqla oturub kiminləsə telefonla danışır, kiməsə ucadan “ya mən öləcəm, yada ki, Rauf öləcək” sözlərini deyir, Zaurun yanında isə çoxlu sayda şəxslər dayanmış, yolda da bir neçə avtomobil dayanaraq xırda tıxac yaratmışdır. Mübahisənin davam etməməsi məqsədi ilə o, Zaura tərəf getmək istəməmiş və yanlarında olan bir cavan uşaqla Raufu oradan uzaqlaşdırıb yaxınlıqda yerləşən çayxanaya aparmışdır. Bir qədər sonra həmin cavan uşaq gedib gələrək onlara bildirmişdir ki, polislər gəlib Zauru və Samiri aparmışlar. Onlar Raufun evinə qayıtmış, əlini sarıdıqdan sonra Rauf Samirdən narahat olduğu üçün onu polis bölməsinə aparmağını xahiş etmişdir. Rauf demişdir ki, Samir sonradan ora gəlmiş, Zaur isə onu görüb bıçaqla üstünə düşmüşdür. Samir isə tez onların evinə girərək qapını bağlamışdır. Bundan sonra o, Raufu 10-cu polis bölməsinə aparmış və bir qədər gözlədikdən sonra gec olduğu üçün yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs dediklərinin tam yalan və böhtan xarakteri daşıdığını, dava dalaş zamanı ümumiyyətlə orada olmadığını, ifadəsində göstərdiyi kimi dava qurtardıqdan sonra ora yaxınlaşdığını, bildiyinə görə Raufun qaynı Samirin də Zauru vurmadığını, Raufun sinif yoldaşı Etibarın ümumiyətlə orada olmadığını, Cavanşir adlı şəxsi ümumiyyətlə tanımadığını göstərmişdir. Zərərçəkmiş şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, həmin gün onunla ümumiyyətlə mübahisə belə etmədiyini təsdiq etmişdir. Zaurdan heç kimin 40000 manat təzminat istəmədiyini, o, heç bir vaxt Zaura arvadı Rəna ilə kəbin kəsdirərək uşaqlarına atalıq edəcəyi barədə sms yazmadığını nə də ki, şifahi olaraq Zaura belə bir söz demədiyini, elə bir sms varsa təqdim olunmağını xahiş etmişdir. Özünün ailəli olduğunu, hətta Raufun bacısı Rəna da onun həyat yoldaşı ilə rəfiqə olduqlarını, Zaurun ağlasığmaz və gülünc ifadələr verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 dekabr 2019-cu il tarixdə, təxminən saat 22:30 radələrində nənəsi gilin yaşadığı evdən çıxıb öz yaşadığı evə doğru gətmək istədiyi zaman küçədə səs-küy eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün piyada səs-küy olan yerə doğru getmişdir. Orada yaxınlaşdıqda görmüşdür ki, tanıdığı qəsəbə sakini Raufun evinin qarşısında bir nəfər şəxs bayırda əlində bıçaqla qapılarını döyüb Raufun və ailə üzvlərini ucadan səsləyərək onların ünvanlarına nalayıq sözlər işlədir. O, həmin şəxsin əlində bıçaqla aqressiv olduğunu görüb qarışmaq istəməmiş, bu səbəbdən də bir qədər kənarda dayanmışdır. Həmin şəxs ucadan qışqıraraq bayıra çıxmadıqları halda Rauf və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. Artıq həmin şəxsin səs-küyünə görə küçəyə çoxlu sayda qonşular və digər tanımadığı şəxslər toplaşmışlar. Lakin üstündən bir neçə dəqiqə keçdikdən sonra Rauf mənzildən bayıra çıxmışdır. Bu zaman həmin şəxs bir əli ilə Raufun boğazını tutub sıxmağa başlamış, digər əli ilə isə bıçağı üzünə doğru tutmuşdur. Rauf onu Zaur adlandıraraq yalvarmağa, sakitləşdirməyə çalışmışdır. Adını Zaur kimi bildiyi şəxs isə buna məhəl qoymayıb ətrafa toplaşmış şəxslərin gözü önündə yenə də ucadan qışqıraraq Raufu söyməyə davam etmiş, öldürəcəyini demişdir. Rauf həmin vaxt Zauru itələmiş və yerdən taxta parçası götürüb özünü müdafiə etməklə taxta parçasını ona tərəf hərləmişdir. Lakin taxta parçası Zaura dəyməmişdir. Həmin vaxt Zaur Raufun üstünə gəldikdə sonuncu arxaya doğru çəkilmiş və taxta parçası Raufun əlindən düşmüşdür. Bu zaman Zaur əlindəki bıçaqla Raufu vurmaq istədikdə Rauf əlini qabağa vermiş və bıçaq onun əlini kəsmişdir. Bundan sonra Rauf yumruqla bir neçə dəfə Zaurun sifət nahiyyəsindən vurmuş, həmin vaxt bıçaq Zaurun əlindən düşmüşdür. Zaur bir daha bıçaqsız Raufun üstünə gəldikdə, sonuncu əli ilə Zaurun başına vurmağa başlamışdır. Ətrafda olan şəxslər, o cümlədən özü də Zaurun aqresiyasını görüb, Zaurun onu da bıçaqla vuracağını zənn edib onları aralamağa cürət etmişlər. Bu zaman digər qəsəbə sakini Samir gəlmiş və onları ayırmağa çalışmış, lakin Zaur Samiri gördüyü zaman yerdən bıçağı götürüb Samirin üstünə qaçmağa başlamışdır. Samir isə qorxduğu üçün cəld tərpənərək Rauf gilin evinin həyətinə daxil olmuş və içəridən qapını bağlamışdır. Həmin vaxt Zaur təkrarən əlindəki bıçaqla Raufun üstünə gəldikdə o, artıq bu hərəkətlərə dözə bilməmiş və özündə cürət edərək onların arasına girmiş, hətta hər ehtimala qarşı özünü müdafiə etmək üçün yerdən əlinə daş götürüb Zauru saxlamağa çalışmışdır. Artıq oraya toplaşmış digər şəxslər də ona köməklik göstərərək Zauru saxlamışlar. Buna baxmayaraq Zaur yenə də əlində bıçaqla Raufu öldürəcəyi ilə hədələmiş, onun və ailə üzvlərinin ünvanına ucadan nalayıq sözlər işlətmişdir. Bundan sonra o, Raufun yanına gəlmiş dostu ilə birlikdə Raufu oradan qaçırtmışdır ki, birdən Zaur onu yenidən bıçaqla vurar. Onlar uzaqlaşıb qəsəbədə yerləşən bir çayxanaya girmişlər, lakin sonradan özü geri qayıtdıqda görmüşdür ki, polis əməkdaşları gəlib Zauru və Samiri aparırlar. O, bunu görüb yenidən çayxanaya qayıtmış və bu barədə Raufa bildirmişdir. Həmin səbəbdən Rauf da dostu ilə birlikdə polis bölməsinə getmişlər, özü isə onlardan ayrılmışdır. Daha sonra nə baş verdiyindən xəbəri olmadığını göstərmişdir. Hadisə zamanı yalnız Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqlarını və bir birlərinə xəsarətlər yetirdiklərini, mübahisə zamanı Zərərçəkmiş şəxsla başqa bir şəxsin dava dalaş etmədiyini, ona heç kimin xəsarət yetirmədiyini, yalnız Zərərçəkmiş şəxs əlində bıçaqla aqressiv formada Təqsirləndirilən şəxs əl çəkmədiyini görüb özü və orada olan qəsəbə sakinlərinin bir neçəsi onları aralamış, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışlar. Özü isə Təqsirləndirilən şəxs dostu ilə onu oradan uzaqlaşdıraraq qəsəbədə yerləşən çayxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ailə məişət zəminində mübahisələri olmuş, Zərərçəkmiş şəxs hadisə zamanı özünü aqressiv aparmış, çox pis nalayıq söyüşlər işlətməklə tərbiyyəsizlik etmiş və bununla da ətrafda yaşayanların narahatçılığını pozduğunu təsdiq etmişdir. Eləcə də ara qarışdığı üçün Zaurun həmin bıçağı özü ilə aparıb-aparmadığını, habelə harasa atıb-atmadığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid4 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid Nəhmətova (Fəttayeva) Rəna Şakir qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ifadəsində heç bir dəyişiklik olmadığını, verdiyi ifadəsinin doğru olduğunu göstərmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. X9 ifadəsində göstərmişdir ki, evdar qadındır, Zərərçəkmiş şəxs onun əridir, Zaur ilə təxminən 12 ildir ki, evlidirlər. Evli olduqları bu illər ərzində Zaur ona əziyyət verib, yersiz olaraq döyüb təhqir etmişdir. O, Zaurgilin evinə gəldikdən sonra Zaurun müxtəlif narkotik vasitələrdən istifadə etdiyini görmüş, evdən bir neçə dəfə “pipetka” tapmışdır. Zaur narkotik vasitə istifadə etdikdən sonra onu və uşaqlarını incitmiş, atası da təxminən 7 il əvvəl onun qayınanasına 7 bıçaq zərbəsi vurmuş, sonra isə özünə suiqəsd edərək öldürmüşdür. Zaurun atası Zabil də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təxminən 5 ay əvvəl Zaurun Könül adlı başqa qadınla ona xəyanət etdiyini öyrənmişdir. O, evdə olduğu vaxt Zaur Könül adlı qadınla telefonla danışmış və onu təhqir etmişdir. Bundan sonra aralarında olan münasibətlər daha da, kəskinələşmişdir. 15 avqust 2019-cu il tarixdə, saat 14 radələrində o, anasının evində qurbanlıq bayramını qeyd etdikdən sonra digər qardaşı Zaur Fəttayev onu yaşadığı evə gətirmiş, onu həyətdə düşürdüb getmişdir. O, evə gələn zaman əri Zaur evdə olmuş, Zaur ona gəldiyi üçün əsəbləşmiş və nə üçün gələn zaman məlumat vermədiyini demişdir. O, öz evi olduğunu və buna görə nə üçün xəbər verməli olduğunu bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Zaur sonra dostu ilə kafeyə getmişdir. Saat təxminən 23 radələrində Zaur içkili vəziyyətdə evə gəlmiş, evə gələn zaman yenidən onun xəbərsiz gəldiyi üçün eyni səbəbə görə mübahisə etməyə başlamışdır. Zaur onu döymüş və yanındakı paltarları cırmış və evdən çıxıb getməyini tələb etmişdir. 16 avqust 2019-cu il tarixdə səhər saatlarına qədər onunla mübahisə etmiş və həmin gün bu söhbətin bitməli olduğunu demişdir. O, bu barədə qardaşına və anasına demiş, Zaurun təşəbbüsü və istəyi ilə qardaşı Rauf və anası gəlib onu iki azyaşlı qızı ilə birlikdə oradan aparmışlar. Həmin gün o, özünə, uşaqlarına aid pal-paltarlar və əşyaları da götürmüşdür. O, anasının evinə gəldikdən bir müddət sonra Zaur onu təhdid etməyə başlamışdır. Belə ki, Raufla aralarında elə razılıq olmuşdur ki, təxminən 10 gün müddətinə o, Raufun evinə getsin, barışıq əldə olunduğu halda evinə qayıtsın. Lakin 10 gün müddət keçməsinə baxmayaraq o, konkret olaraq Zaur ilə bir evdə yaşamaqdan imtina etmiş və boşanmaq qərarına gəlmişdir. Buna baxmayaraq Rauf əvvəlcə ona boşanmağa imkan verməmişdir. Zaur ona əsəbi olduğunu, gələcəkdə verdiyi qərardan peşman ola biləcəyini demişdir. Yenə də o, bir müddət fikirləşmiş və Zaurun təhdidlərindən sonra kokret boşanmaq qərarına gəlmiş və bu barədə qəti olaraq qardaşı Raufa bildirmişdir. Zaur onu, uşaqlarını, qardaşlarını və digər qohumlarını öldürəcəyini demişdir. 2019-cu ilin sentyabroktyabr aylarında o, boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bütün bu müddət ərzində Zaur onu öldürəcəyi ilə hədələmişdir. Zaur onun əxlaqsız olmağı barədə yalan fikirlər demişdir. Sonuncu dəfə 28 dekabr 2019-cu il tarixdə, saat 22:30 radələrində Zaur Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinə anası və qardaşı Raufun ailəsi ilə yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə özü, anası Rafizə, qardaşı Rauf, arvadı Afaq, onların üç azyaşlı və özünün də iki azyaşlı uşaqları evdə olmuşlar. Zaur bayırda nalayıq sözlər işlətməklə Raufu və onu səsləməyə başlamış, onları çağırdıqda pəncərəni qapını az qalmış sındırmaq istəmişdir. Onlar evdə Zaurun hədələrindən özlərini qorumaq üçün Rauf tərəfindən quraşdırılmış müşahidə kamerasından baxdıqda görmüşlər ki, Zaurun əlində bıçağa oxşar alət vardır. Həmin vaxt Zaur ucadan onların hamısının ünvanına nalayiq söyüşlər söymüş, uca səslərlə qışqıraraq “Rauf, sənin var-yoxunu, ana-bacını belə-belə edim, çölə çıx, sənin başını uşaqlarının gözü önündə kəsəcəm” demişdir. Onlar artıq qorxmağa başlamışlar, ona görə də, Rauf ona təcili 102 xidmətinə zəng edəcəyini bildirmişdir. O da 102 xidmətinə zəng edərək Zaurun əlində bıçaqla onları narahat edərək hədələməsi ilə bağlı məlumat vermişdir. Rauf yaşadıqları evin qarşısında quraşdırdığı kameranın sərt diskini almadığı üçün kamera görüntüsünü yazısı qeydə alınmasa da, monitordan baxmaq olmuşdur. Zaur ucadan qışqıraraq ünvanlarına söyüşlər söymüş, bayırdan olan pəncərəni bərk döymüş, çıxmaqlarını tələb etmişdir. Həmin vaxt küçəyə çoxlu sayda kənar şəxslər toplaşmış, Rauf Zaurun bu hərəkətlərinə və söyüşlərinə artıq dözməyib mənzildən bayıra çıxmışdır. Bu zaman müşahidə kamerasından baxdıqda görmüşdür ki, Zaur bir əli ilə Raufun boğazını tutub sıxmağa başlamış, digər əli ilə isə bıçağı üzünə doğru tutaraq nəsə demişdir. Daha sonra Rauf Zauru itələmiş və onlar kamera görüntüsündən kənara keçmişlər. Bir qədər sonra Raufun arvadı Afaqın qardaşı Samir evə daxil olmuşdur. Samirin sözü ilə həmin yerə gələrkən Zaur bıçaqla onun üstünə hücum çəkmiş və Samir də məcburiyyət qarşısında evlərinə girərək içəridən qapını bağlamışdır. O, yalnız evdən bayırdakı səsləri, Zaurun küçə söyüşlərini eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, Zaur bıçaqla qardaşı Raufun əlindən xəsarət yetirmişdir. Dava dalaşdan sonra ora polis əməkdaşları gələrək Zauru və Samiri aparmışlar. Həmin vaxt Rauf artıq oradan uzaqlaşmış, sonradan Rauf evə dəymiş, əlindən qan axmış, daha sonra isə Rauf evdən çıxaraq Samirin dalınca polis bölməsinə getmişdir. Rauf çıxarkən o, baxdıqda görmüşdür ki, Zaur ilk olaraq Raufun yaxasından tutub bıçağı Raufun boğaz nahiyyəsinə dirəyərək nəsə demiş, Rauf isə Zauru itələmiş və onlar görüntüdən yayınmışlar. Lakin görüntüdən və küçədəki səslərdən aydın olmuşdur ki, həmin yerə çoxlu sayda şəxslər toplaşmışlar. Zauru və ya Raufun başqa şəxslər tərəfindən döyülməsini isə görməmiş, onların yalnız ikisinin bir-biri ilə dalaşdıqlarını təsdiq etmişdir. Zərərçəkmiş şəxs birgə yaşadıqları dövr ərzində həqiqətəndə onu bir neçə dəfə döymüş və müxtəlif bədən xəsarətləri də yetirmişdir. Lakin bu hadisələr uzun müddət bundan qabaq olmuş, hazırda həmin xəsarət izləri onda qalmamış, həmçinin bu xüsusatla bağlı onun şikayəti olmamış, heç bir orqana da müraciət etməmişdir. O, qeyd etmişdir ki, yalnız bir fikri vardır, sivil qaydada, heç bir təhdid, narahatçılıq və təhqirlər olmadan Zərərçəkmiş şəxs boşanmaq istəyir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X8 rayon şöbəsindən verilmiş 09 yanvar 2020-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ alın-təpə nahiyəsinin sıyrığı, sol gözün konyuktiva qişasının qansızma ilə müşayiət olunan gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşya (əşyalar), sol əlin ovuc səthinin kəsilmiş yarası kəsici əşya (alət) təsirindən törənmişlər, şəxsin göstərildiyi kimi 28.12.2019-cu il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər. 2.Qeyd edilən xəsarətlərdən sol əlin ovuc səthinin kəsilmiş yarası bıçaqla yetirilə bilərdi. 3.Qeyd edilən xəsarətlərdən sol gözün konyuktiva qişasının qansızma ilə müşayiət olunan gözaltı nahiyənin qançırı, sol əlin ovuc səthinin kəsilmiş yarası dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sağ alın-təpə nahiyəsinin sıyrığı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materialarına əlavə edilmiş sənədlərdən görünür ki, 24.07.2003-cü il tarixdə doğulmuş X4, 21.05.2005-ci il tarixdə doğulmuş X5 və 31.05.2010-cu il tarixdə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 30 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 01 yanvar 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Daha sonra 01 yanvar 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.4-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 68 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1100 (min yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar