Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-248/2025 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından 03 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi – 0,435 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində olan göy rəngli şalvarının sol yan cibində daşıyaraq saxlamış, 10 iyul 2025-ci il tarixdə saat 19:11-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şosesi, qəbiristanlığın yanında Qaradağ rayon polis idarəsinin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz narkotiklərin dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb həmin vaxtda video çəkilişlə üstünün yoxlanılması zamanı üzərində olan həmin 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,435 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, on yeddi ildir narkotik vasitə aludəçisidir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 10 manata bir büküm “patı” almışdır. Həmin gün saat 19:11 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində evinin yaxınlığında yolla gedərkən qəbiristanlığın qarşısında mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, bu vaxt polis əməkdaşlarının biri baş verənləri mobil telefon vasitəsi ilə çəkərək qeydə almışdır. Polis əməkdaşları ondan üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşub, əgər varsa könüllü təqdim etməsini təklif etmişlər. O, göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd gümüşü kağızda olan bükümü çıxardaraq təqdim etmiş, bükümün içərisində psixotrop maddə olan "patı" kimi adlandırılan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkinin 0,59 qram olmasını görmüş və həmin kütlə zərfə qoyulmuşdur. Daha sonra o, Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmiş, burada xidməti otaqların birində ona hüquqları izah olunmuş və müdafiəçi ilə təmin edildikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə zərfə baxış keçirilmişdir. Zərf açılıb içərisində olan bükümə yenidən baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün yenidən zərfdə qablaşdırılmışdır. O, müdafiəçisinin yanında içərisində psixotrop maddə metamfetamin olan bükümün ona məxsus olmasını və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, “Patı” adlandırdılan psixotrop maddə olan metanfetamini ağrıdığı üçün satış məqsədi olmadan 1 bükümdə şəxsi istifadə məqsədilə almışdır. Səhvə yol verdiyini, xəstə anasının olduğunu, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirmişdir. Barəsində amnistiya aktının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Qaradağ RPl-nin 11-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Qaradağ RPl-nin 11-ci PB-yə etimad doğuran mənbədən Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs istifadə etmək məqsədilə qanunsuz yolla narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra, müvafiq sənədləşdirmə aparılmaqla ondan, 11-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və 11-ci PB-nin YYÇ-nin baş inspektoru polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat qrupunun üzvləri xx.xx.2025-ci il tarixdə saat 19:11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb avtmobildən düşüb ona yaxınlaşmış, həmin vaxt polis mayoru Şahid3 tərəfindən mobil telefonla video çəkliş aparılmışdır. Əməliyyat qrupunun üzvləri özlərini təqdim edərək Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, Təqsirləndirilən şəxs özünü təqdim etməsi xahiş edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü kağızda olan bükümü çıxarıb təqdim edərək, həmin bükümdəkinin psixotrop maddə olan “patı” olduğunu, özünə məxsus olan həmin metamfetamini tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 0,59 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs və əməliyyat qrupunun üzvləri tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PBnə gətirilmiş, 11-ci PB-də müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs toplanmış materialla birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis kapitanı Murad Əhmədəliyevə təqdim edilmişdir. Əməliyyat qrupunun üzvlərinin və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış psixotrop maddə metanfetaminə oxşar kütləyə baxış keçirilmişdi. Baxış zamanı təhqiqatçıya təqdim edilmiş zərfin içərisində olan gümüşü kağızda 01 ədəd büküm açılmış, içərisindən ağ rəngli kristal şəklində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bir daha qeyd etmişdir. Bundan sonra həmin büküm zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərinə imzalar edildikdən sonra, təhiqiqatçı tərəfindən götürülmüşdür. Əvvəlcə vəkili, sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılıb 11-ci PB-yə gətirilərkən təziqlərə məruz qalmadığını və üzərində aşkar edilmiş psixotop maddənin özünə məxsus olduğunu bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəfləri dinləyib onların etirazlarının olmadığını nəzərə alaraq işə şahidlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hər iki şahidin ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə saat 19:11-də Qaradağ RPİnin 11-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində qəbiristanlığın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman geyindiyi göy rəngli şalvarının sol yan cibində saxladığı 0,435 qram təmiz çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə saat 19:11-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25- 26). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 57-58). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 12 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verilmiş, Qaradağ rayon prokuroru Fərid Nağıyev tərəfindən həbs qətimkan tədbir seçilməsinə dair "vəsatətin təmin edilməməsi haqqında" qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 70-71). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmişdir (i.v.72-74). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli 6/2403 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycabn Respublikası DİN Zərflər üçün №223” dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə, 01 ədəd bükümdə təmiz çəkisi - 0,435 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,435 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,385 qramdır (i.v. 46-47). Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (i.v. 45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 17 sentyabr 2025-ci il tarixli, 5813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 119-120). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq, aparılmış ekspert tədqiqatından sonra qalıq olan 0,385 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri Qardağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 10 iyul 2025-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk və əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi, onların götürülməsi və şəxsi axtarışın aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD diskin sübut kimi tanınaraq iş materiallarına əlavə olunması qərara alınmışdır (i.v. 122-132). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 10 iyul 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş DVD diskdən, “diskə baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli 35324 nömrəli protokoldan görünür ki, ümumi müddəti 06 dəqiqə 50 saniyə olan video çəkiliş avtomobilin daxilində başlayır. Mülki geyimdə olan Qaradağ RPİ-nin 11-ci PBnin əməkdaşları - cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və YYÇ-nin baş inspektoru Şahid3 havanın işıqlı vaxtında avtomobildən düşərək, arxa fonunda qəbirstanlıq görünən yolda piyada gedən Təqsirləndirilən şəxs yaxınlaşırlar. Şahid1 xidməti vəsiqəsini göstərərək özünü təqdim edir və Təqsirləndirilən şəxs özünü təqdim etməsi xahiş olunur. Bundan sonra polis əməkdaşı narkotik maddələrin istifadəsində və dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Qaradağ rayonu, Ələt-Salyan şossesində' Ələt qəbirstanlığının yaxınlığında saxlanıldığını qeyd edir. Sonra əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları təqdim olunurlar və video çəkilişin "Samsung" markalı mobil telefon vasitəsilə aparılması bildirilir. Qara rəngli polis avtomobilinin qarşısında polis əməkdaşı Şahid1 tədbirin 10 iyul 2025-ci il tarixdə keçirilməsini elan edir, Şahid2 cibindən mobil telefonu çıxarıb ekranda vaxtın saat 19:11 olmasını göstərir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması barədə sual verilir, varsa təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir, həmin bükümdə öz istifadəsi üçün saxladığı "patı"nın olmasını bildirir. Büküm açıldıqda içində ağ rəngli kiçik kristallardan ibarət kütlə aşkar olunur. Təqsirləndirilən şəxs xəstə olması səbəbindən həmin maddəni istifadə etdiyini deyir. Aşkar edilmiş kristalik kütləni tanımadığı adamdan 10 iyul 2025-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün 10 manata almasını qeyd edir. Polis əməkdaşı tərəfindən həmin şəxsin barəsində Təqsirləndirilən şəxs sual verildikdə o, bir daha həmin şəxsi tanımadığını bildirir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə çəkilir və çəkinin 0,58 qram olması qeyd olunur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılır və "223 saylı zərflər üçün" möhürü ilə möhürlənir. Zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində əlavə hər hansı bir əşya və ya predmetin olub-olmaması barədə sual verir, Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmadığını bildirir. Bundan sonra onun üstü yoxlanılır, hər hansı bir əşya və ya predmet aşkar edilmir. Vəkilin iştirakı olmadan üzərində yoxlamanın aparılması ilə bağlı etiraz və şikayətinin olub-olmaması barədə verilmiş suala, Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirir (i.v. 10-11, 96-97). "Əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi, onların götürülməsi və şəxsi axtarışın aparılması haqqında" 10 iyul 2025-ci il tarixli protokoldan və əlavə edilmiş DVD diskdən, habelə “diskə baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli 35327 nömrəli protokoldan görünür ki, təhqiqatçı baxışın keçirilməsi və Təqsirləndirilən şəxs aşkar edilmiş əşyaların götürülməsi barədə prosessual hərəkətin səbəbi və Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə saat 19:40 radələrində 11-сі PB-уə gətirilməsi barədə məlumat verdikdən sonra iştirakçılar təqdim olunurlar. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olmamasını bildirir, bundan sonra polis əməkdaşı Şahid1 onun üstünü yoxlayır, lakin hər hansı bir əşya və ya predmet aşkar edilmir. Təhqiqatçı vəkil Hikmət Əmiaslanova sualının olub-olmaması ilə bağlı müraciət edir, H.Əmiraslanov bu zaman Təqsirləndirilən şəxs 11-ci PB-yə gətirilərkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalıb-qalmaması barədə sual verir. Təqsirləndirilən şəxs isə cavab olaraq, polis əməkdaşlarının onunla hömətlə rəftar etmələrini, ona su və siqaret almalarını bildirir. Bundan sonra təhqiqatçı əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümün qablaşdırıldığı zərfi açır, həmin zərfdə olan bükümdəki kristal formalı ağ rəngli maddə barədə Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs həmin maddəni "şüşə" və "patı” adlandıraraq, onu həmin gün səhər saatlarında tanımadığı Salyan rayonundan olmasını güman etdiyi şəxsdən 10 manata aldığını bildirir. Sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilir və bükümün çəkisinin 0,59 qram olması elan olunur. Daha sonra həmin büküm yenidən ağ rəngli zərfə qablaşdırılır, zərf "223 saylı zərflər üçün" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Vəkili Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olması ilə maraqlanır, Təqsirləndirilən şəxs dəfələrlə məhkum edildiyini bildirir. Sonra təhqiqatçı hər hansı bir təzyiqə məruz qalıb-qalmaması, üzərində aşkar edilmiş maddənin ona məxsus olub olmaması və əvvəllər neçə dəfə məhkum edilməsi barədə Təqsirləndirilən şəxs suallar ünvanlayır. Təqsirləndirilən şəxs isə cavab olaraq hər hansı bir təzyiqə məruz qalmadığını, üstündən aşkar edilmiş narkotikə bənzər kütlənin ona məxsus olduğunu və narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər 5 dəfə məhkum olunduğunu bildirir. (i.v. 37-39, 98-99). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müdətinə azadlıqdan məhrum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir (i.v. 84-85). Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, barəsində amnistiya aktının tətbiq edilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, 02 ədəd DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs, onun müdafiəçisi və dövlət ittihamçısı Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının suverenliyin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığının olmadığı, onun həmin qərarın 1.1-ci bəndinin (Azərbaycan Respublikasının suverenliyin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi) təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 1.1.-ci bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının barəsində məhkəmə cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Göründüyü kimi, «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən, həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə həmin Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər barəsində məhkəmə cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. İş materiallarına əlavə olunmuş, Qarabağ Əlillər Cəmiyyəti tərəfindən verilmiş 7314 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və 3-cü qrup əlil olmuşdur. Məhkəmə araşdırması zamanı “Zəfər” elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs müharibə əlili olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etməsi və bunun nəticəsində əlilliyinin müəyyən edilməsi «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən (həmin qərarın 1.1-ci bəndində göstərilən əsaslar olduğuna görə) onun barəsində cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilməlisinə və cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı və əlilliyi iş materiallarına əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş materiallarla sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə və Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən verilmiş təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət baxılmamış saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 17 sentyabr 2025-ci il tarixli, 5813 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil olması əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,385 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdıən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 330 (üç yüz otuz) manat məbləğində pul və məhkəmə iclaslarında göstərilmiş 24 (iyirmi dörd) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Müdafiəçi tərəfindən verilmiş təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,385 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 330 (üç yüz otuz) manat məbləğində pul və məhkəmə iclaslarında göstərilmiş 24 (iyirmi dörd) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC-nin Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-248/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-248/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver