Məhkəmə qərarları › İş №1(002)-25/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-25/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-25/2025 12.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay (bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Bərdə rayonunun Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 iyun 2024-cü ildə saat 04 radələrində Bakı-Kənar- Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 13,2-ci kilometrində idarə etdiyi “Ford Transit” yük markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, arxadan sol zolaqla Mercedes Benz markalı avtomobilin yaxınlaşmasını və qarşıda onunla eyni istiqamətdə Kamaz 5511 yük markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq sol zolağa çıxmadan Kamaz 5511 yük markalı avtomobillə təhlükəsiz ara məsafəsi saxlamalı və “Mercedes Benz” markalı avtomobil keçib getdikdən sonra hərəkətin təhlükəsizliyini təmin etməklə Kamaz 5511 yük markalı avtomobili ötüb keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobilin qabaq sağ hissəsi qarşıda eyni istiqamətdə 50-60 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi Kamaz 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobilin OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqunun arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X13 markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasının alın payının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol alın sümüyünün açıq, çox qəlpəli sınığı, sol almacıq sümüyünün sınığı, döş qəfəsinin, hər iki said və sağ topuq nahiyəsinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 iyun 2024-cü ildə saat 04 radələrində idarə etdiyi “Ford Transit” yük markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhərindən Bakı şəhərinə gəlirmiş. Bakı-Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 13-cü kilometrinə çatmağa az qalmış avtomobili üç zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkət etdirmişdir. Ondan qarşıda hərəkətdə olan Kamaz 5511 yük markalı 46BA828 markalı qoşqulu avtomobilin sol yan tərəfindən ötüb keçmək üçün sola manevr edib ötmə əməliyyatına başlamış, bu anda arxadan sol zolaqla sürətlə gələn “Mercedes Benz” markalı avtomobilin işıqlarının yandırılıb-söndürüldüyünü görüb sağa manevr edərək çıxdığı zolağa geri qayıtmaq istəyərkən qarşıda hərəkətdə olan avtomobilin qoşqusuna çatdığını görmüş, tormoza bassa da idarə etdiyi avtomobilin ön sağ hissəsi qarşıda hərəkətdə olan “Kamaz 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı yük avtomobilin, OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqusunun arxa sol hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü xəsarət almış və idarə etdiyi avtomobildə sağ tərəfdə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs isə ölmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, biri yetkinlik yaşına çatmayan olmaqla iki övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs 15 iyun 2024-cü ildə saat 23:50-də yaşadıqları Ağdaş rayonunun Əmirmahmud kəndində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturaraq Bakı şəhərinə yola düşmüşdür. 16 iyun 2024-cü ildə saat 05 radələrində qardaşı İlhama zəng olunaraq Bakı- Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs ölməsi məlumatı verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yük avtomobili ilə toqquşmuşdur. Məhkəmə iclasında çıxışı zamanı təqsirləndirilən şəxslə barışmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqulu Kamaz 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobillə 16 iyun 2024-cü ildə saat 04 radələrində Bakı-Kənar-Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən 13-cü kilometrinə az qalmış yolun orta zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Qoşqunun arxa hissəsinə dəyən güclü zərbə nəticəsində arxa hissəsi sola atılmış, yerə düşdüyündə arxada yolun sağında “Ford” markalı yük avtomobilini görmüş, həmin avtomobilə yaxınlaşaraq sürücünün sükan arxasında sıxılıb qaldığını və sağında olan sərnişinin tərpənməz vəziyyətdə olduğunu görmüşdür. O, onun idarə etdiyi avtomobildə olan sərnişin Şahid2 və oraya yığışan şəxslər sürücünü sükan arxasından çıxartmağa çalışmışlar. Sürücünün yanında olan cavan oğlanın öldüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 16 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə DİN BDYPİ Qİİ/ Bərdə ASAN xidməti tərəfindən AC 923066 seriyalı «BC» kateqoriyalı və xx.xx.2029-cu il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən və qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, X2 Transit Yük markalı nəqliyyat vasitəsini X5 etibarnamə əsasında vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 16 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs də alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 50-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 59-60-cı vərəqələrində olan 01 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi qismində atası X4 tanınmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-cü il tarixli 3-13-16/2-105958/2024 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan AC 923066 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 67-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 58 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasının alın payının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol alın sümüyünün açıq, çox qəlpəli sınığı, sol almacıq sümüyünün sınığı, döş qəfəsinin, hər iki said və sağ topuq nahiyəsinin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyatla bir araya sığmayan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alın sümüyünün açıq, çox qəlpəli sınığı nəticəsində baş beyin toxumasının alın payının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il, saat 09:00-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,9 %o qatılığında etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir.(xx.xx.2024-cü il tarixli 2031/K saylı AKT) Cinayət işinin 73-cü vərəqəsində olan 01 avqust 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli 8/1889 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Ford Transıt markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Kamaz 5511 markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərini «X10» Azaybaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 76-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Cinayət işinin 82-ci vərəqəsində olan 26 avqust 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan 26 avqust 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transıt yük markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi KAMAZ 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqusu cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 86-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 87-ci vərəqəsində olan arayışdan və məhkəmə elektron sistemindən əldə olunaraq iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır xx.xx.2005-ci il və xx.xx.2007-ci il tarixlərində doğulmuş övladları vardır. Cinayət işinin 99-100-cü vərəqələrində olan 27 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 14:05) Cinayət işinin 116-117-ci vərəqələrində olan 27 avqust 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “X10 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai və məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxshəmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 12 fevral 2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs idarə etdiyi X13 markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobil, Şahid1 idarə etdiyi KAMAZ 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqusunun saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs idarə etdiyi X13 markalı 99DH984 dövlət qeydiyyat nişanlı avtomobil, Şahid1 idarə etdiyi KAMAZ 5511 yük markalı 46BA828 dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin OKB 819 markalı 25ZA082 dövlət qeydiyyat nişanlı qoşqusunun saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar