Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-251/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25.03.2021-ci il tarixdə, saat 09:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,335 qram və 2,170 qram, ümumi təmiz çəkisi 3,505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,404 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmirmiş. Özü narkotik vasitə aludəçisidir. Narkotik vasitəni çəkmək yolu ilə qəbul etmişdir. Əvvəllər məhkum olunmuşdur. 2020-ci ilin oktyabr ayında Cəlilabad rayonuna getmişdir. Həmin gün saat 15:00 radələrində Cəlilabad rayonundakı bazarın qarşısından keçib gedərkən Cəlilabad rayon sakini Allahşükür adlı şəxsin oğlu Sadiq kimi tanıdığı şəxslə qarşılaşmışdır. Həmin vaxt Sadiq narkotik vasitə və psixotrop maddə almağı ona təklif etmişdir. Həm psixotrop maddə, həm də ki, narkotik vasitə olan heroin qəbul etdiyi üçün ondan ümumilikdə 100 manat pul müqabilində 3 qram psixotrop maddə olan metamfetamin və 3 qram heroin almışdır. Aldığı narkotik vasitə və psixotrop maddədən də bir qədər qəbul etmişdir. Həmin psixotrop maddədən bir qədərini siqaretin gümüşü kağızına bükmüş, qalan heroini isə iki ədəd sellofan kəsiyinə bükmüşdür. Narkotik və psixotrop maddəni əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində saxlamışdır. 25 mart 2021-ci il tarixdə, saat 09:15 radələrində narkotik vasitəni qəbul etmək məqsədilə evdən çıxmışdır. Qobustan qəsəbəsi, Salyan yolu küçəsindəki yerüstü piyada keçidinin qarşısından keçib gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu 11 PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gəlmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən, həmçinin video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində olan ümumilikdə 03 ədəd bükümdə, yəni iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd gümüşü rəngli kağız bükümdə olan içərisində metamfetamin olan bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarına üzərində aşkar edilən bükümləri özü istifadə etdiyi üçün saxladığını demiş və həmin narkotik vasitəni və psixotrop maddəni 2020-ci ilin oktyabr ayında Cəlilabad rayonunda bazarın qarşısında həmin rayon sakini Allahşükürün oğlu Sadiq adlı şəxsdən ümumilikdə 100 manata aldığını bildirmişdir. Aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, imzalanmış və ekspertizaya göndərilməsi ona izah olunmuşdur. Həmin maddələri satmaq niyyəti olmamış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cəlilabad rayon sakini Allahşükür adlı şəxsin oğlu Sadiq kimi tanıdığı şəxslə heç bir cinayət əlaqəsinə girməmiş, onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 25 mart 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidmətdə olan zaman icraatına Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq məlumatı rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs ətrafında aşkar və qeyri-aşkar üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və təhqiqatçı Qüdrət Əliyevin iştirakı ilə əməliyyat qrupu yaradılmış və birlikdə Qobustan qəsəbəsinə getmişlər. Həmin ərazidə müşahidələr aparılmışdır. Müşahidələr nəticəsində Təqsirləndirilən şəxs Qobustan qəsəbəsi, Salyan yolu küçəsindəki yerüstü piyada keçidinin qarşısı ilə hərəkət etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. Yaşar da onlarla birlikdə 11-ci polis bölməsinə gəlmişdir. Bölməyə gəldikdən sonra təhqiqatçı, polis mayoru Qüdrət Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş büküm, iki ədəd isə sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim etmiş və gümüşü kağızın içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, digər iki ədəd sellofanda olan bükümlərin içərisindəkinin isə “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin oktyabr ayında Cəlilabad rayonundan olan tanışı Sadiq adlı şəxsdən 100 (yüz) manat pul müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilən zaman gümüşü rəngli kağızın içərisindəkinin ağ rəngli kristal formasında psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu, digər bükümlərin içərisindəkinin isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlə bağlanılmışdır. İştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əlavə şəxsi axtarış keçirilsə də üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 25 mart 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra özünün, əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və təhqiqatçı Qüdrət Əliyevin iştirakı ilə əməliyyat-qrupu yaradılmış və həmin əməliyyat qrupu ilə birlikdə Qobustan qəsəbəsinə getmişdir. Müşahidələr nəticəsində Təqsirləndirilən şəxs Qobustan qəsəbəsi, Salyan yolu küçəsindəki yerüstü piyada keçidinin qarşısı ilə hərəkət etdiyi müəyyən edilmişdir. Həmin vaxt o, piyada hərəkət etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı Qüdrət Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə o, özü aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya yaxud əşyalar varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs da könüllü olaraq əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 02 ədəd isə sellofan kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq gümüşü kağızın içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, digər iki ədəd sellofanda olan bükümlərin içərisindəkinin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin oktyabr ayında Cəlilabad rayonundan olan tanışı Sadiq adlı şəxsdən 100 manat pul müqabilində aldığını bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilən zaman gümüşü rəngli kağızın içərisindəkinin ağ rəngli kristal psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu, digər bükümlərin içərisindəkinin isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlə bağlanılmış, iştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 11-ci PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ifadəsində göstərdiklərini təsdiqləyərək onlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2021-ci il tarixli, 6/1189 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,335 qr., 2,170 qr., ümumi təmiz çəkisi 3,505 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,404 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 3,505 qr., sərf edildi: 0,100 qr., qalıq: 3,405 qr; Metamfetaminin təmiz çəkisi: 0,404 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,354 qr; Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 17 may 2021-ci il tarixli, 1458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonrakı qalıq çəkiləri 3,405 qram narkotik vasitə olan heroin və 0,354 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 02 ədəd isə sellofan kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq gümüşü kağızın içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, digər iki ədəd sellofanda olan bükümlərin içərisindəkinin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin oktyabr ayında Cəlilabad rayonundan olan tanışı Sadiq adlı şəxsdən 100 manat pul müqabilində aldığını bildirir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 129 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Qasımov X7 rayonu, Qobustan qəsəbəsi, Dzerjinski küçəsi, ev 4 ünvanında yaşayır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 129 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: anası X5, həyat yoldaşı X4 və oğlu 26.07.2019-cu il tarixdə doğulmuş X6 ibarətdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 129 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 22 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Qasımov X7 rayonu, ünvan 4 ünvanında yaşadığı müddətdə qonşuları tərəfindən heç bir şikayət olmamış, 129 saylı MKİS-yə hər hansı bir şikayət daxil olmamışdır. Xasiyyətnamə müsbət xarakerizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 13 avqust 2015-ci il tarixli qərarı ilə cəzasının qalan 04 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 08.01.2016-cı il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 25 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 3,405 qram narkotik vasitə olan heroin və 0,354 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 64 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 25 mart 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 3,405 qram narkotik vasitə olan heroin və 0,354 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 384 (üç yüz səksən dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-251/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-251/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver