Məhkəmə qərarları › İş №1(002)-252/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-252/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-252/2022 27.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Fərman oğlunun iştirakları ilə, xx.xx.1965-cı il tarixdə Masallı rayonu, Viləş kəndində anadan olmuş, Qazaxıstan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Aqtöbe şəhəri X1” MMY-də avtobus sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fərman oğlunun Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Qazaxıstan Respublikasında əldə etdiyi 9 flakonda 45 qram kalium permanqanatı şəffaf sellofan paketdə müşayiət etdiyi əl çantasına yerləşdirib Qazaxıstan Respublikasından “Dağıstan” gəmisi vasitəsilə sərnişin qismində 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasına gələrkən həmin gün saat 14:00 radələrində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı rayonu, Viləş (keçmiş Kalinovka) kəndində anadan olmuş, orta təhsilini həmin kənd məktəbində Azərbaycan dilində almışdır. Ali təhsili olmamış, xalası qızı Shargıya Gassanova ilə ailə həyatı qurduqdan sonra 1987-ci ildən Qazaxıstan Respublikasına köçmüş və həmin tarixdən ailəsi ilə birlikdə orada yaşayır. Rantıy və Ramina adında iki övladı var. Qazaxıstan Respublikasındakı işi şəhərlərarası sərnişin daşımada avtobus sürücüsü kimi çalışmaqdan ibarətdir. Bir il öncə Azərbaycan Respublikası Masallı rayonu Viləş kəndində yaşayan xalası oğlu dünyasını dəyişmiş, yas mərasimində Azərbaycan Respublikasına gələ bilməmişdir. Həm mərhumun ölüm ildönümündə iştirak etmək, həm də ailəvi səbəblərlə əlaqəli Azərbaycan Respublikasına gəlməyi planlaşdırmışlar. Milliyətcə azərbaycanlıdır lakin latın qrafikasında oxuyub yazmaqda çətinlik çəkir. Məhkəməyə bununla bağlı mütəxxəssis dəvət olunmasına ehtiyac görmür, ehtiyac yarandığı halda müqavilə üzrə vəkili latın qrafikası ilə yazılmış mətnlərin oxunması və yazılmasında ona köməklik göstərəcəkdir. Qazaxıstan Respublikasında olarkən 2022-ci ilin aprel ayında dəqiq yadında qalmayan tarixdə aptekdən arvadı Shargıya şəkərli diabet və onkoloji xəstə olduğu üçün təqribən 1350 tenge (Qazaxıstan pul vahidi), yəni 7 (yeddi) manat dəyərində 9 qutu “Kalium Permanqanat” (marqans), “Validol”, insulin iynəsi və təzyiq dərmanı olan tabletlər almışdır. xx.xx.2022-ci il tarixdə ailə üzləri, yəni arvadı Shargıya və oğlu Rantıyla birlikdə Qazaxıstan Respublikasından yola düşmüş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına çatmışlar. Arvadı Shargıya üçün dərmanları aptekdən həmişə özü almış, qeyd olunan dərmanları aldıqdan sonra Azərbaycana yola düşməzdən əvvəl gətirib həmin dərmanları da öz əl çantasına qoyaraq bağlamışdır. Amma bu barədə nə oğlu Rantıya, nə də ki, arvadı Shargıyayə bir söz deməmişdir. Çantasına marqans qoymağından ailə üzvlərinin xəbəri olmamışdır. Səyahətin bir hissəsi qatar vasitəsilə, qalan hissəsi isə gəmi vasitəsilə olmuşdur. xx.xx.2022-ci il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı”-nda sərhəd nəzarətini keçəndən sonra gömrük nəzarəti zonasına daxil olaraq əl yükünü rentgen cihazına qoymadan öncə gömrük əməkdaşları onlara aid olan əl yükündə gömrük orqanına təqdim edilməli yaxud bəyan edilməli olan, qadağan olunmuş əşya, artıq miqdarda içki, siqaret, dərman preparatları, xüsusilə kalium permanqanat və sair əşyaların olub-olmadığını soruşduqda bəyan ediləcək hər hansı bir şeyin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşının tələbi ilə əl baqajlarını rentgen cihazına yerləşdirmişlər. Cihaz işə düşdükdən qısa müddət sonra gömrük əməkdaşı təkrarən eyni sualı verərək çamadanlarda bəyan ediləcək hər hansı əşyanın olub-olmadığını soruşduqda yadına düşdüyü üçün kalium permanqanatın olduğunu demişdir. Sonradan rentgen cihazını idarə edən gömrük əməkdaşı başqa bir gömrük əməkdaşını çağıraraq ona aid olan çamadana baxış keçirmiş və çamadanda az öncə qeyd etdiyi, Qazaxıstanda olarkən aldığı 9 ədəd plastmas qutuda olan kalium permanqanat aşkar edilmişdir. Gömrük əməkdaşları aşkar edilən kalium permanqanatın gömrük yoxlaması başlamadan öncə bəyan edilməli və bu bəyan etmə prosesinin yazılı şəkildə olmalı olduğu bildirmiş, onlara cavabında belə bir qanunun olmasından məlumatı olmadığı üçün bəyan etmədiyini demişdir. Baş vermiş hadisəni məhkəməyə səmimi etiraf edərək, kalium permanqanatın Qazaxıstan Respublikasında sərbəst satışına qadağa olmadığı üçün Azərbaycan Respublikası ərazisinə gəldiyi zaman belə bir qadağa ilə qarşılaşacağı əvvəlcədən ona məlum olmadığından qeyd olunan məhsulu arvadı Şargiya Gassanova üçün dərman preparatı olaraq gətirdiyini, iş materiallarına əlavə olunmuş foto şəkillərdən də göründüyü kimi gətirdiyi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməməsini, əməlindən peşman olmasını, cinayət əməli törətmək niyyətinin olmamasını, hazırda Qazaxıstan Respublikasında yaşayan arvadının şəkərli diabet və onkoloji xəstəlikdən əziyyət çəkdiyini, barəsində verilmiş müsbət xasiyyətnaməni, yaşını və bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X5 Tətbiqi Şöbəsinin inspektoru vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu zaman “Dağıstan” gəmisi vasitəsilə Qazaxıstan Respublikasından sərnişin qismində gələn, milliyətcə azərbaycanlı olan Qazaxıstan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs, Shargıya və Rantıy gömrük nəzarətindən keçmək üçün sərnişin xəttinə daxil olduqları vaxt onlara məxsus, müşayiət olunan əl baqajları “X-Ray” rentgen aparatına yerləşdirilmədən öncə əl baqajlarında gömrük orqanına təqdim edilməli yaxud qadağan olunmuş əşya, artıq miqdarda içki, siqaret, dərman preparatları, xüsusilə kalium permanqanat və sair əşyaların olub-olmamasını soruşmuş və həm Agamoglan həm də digərləri əl baqajlarında bəyan edilməli olan hər hansı predmetin olmadığını bildirmişlər. Daha sonra onlar əl yüklərini “X- Ray” rentgen aparatına yerləşdirilmiş, bu zaman elektron qurğunun monitorunda çamadanlardan birində - Agamoglanın əl yükündə şübhəli cizgilərin olduğunu müşahidə etmişdir. Həmin an təkrarən Agamoglandan əl yükündə hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşduğu zaman o, tərəddüdlə kalium permanqanatın ola biləcəyini bildirmişdir. Buna görə də Agamoglanın əl yükünə yoxlama keçirmək qərarına gəlmiş, bu məqsədlə Zaur və Hikmət adlı əməkdaşları, habelə Tərlan və Maksim adlı 2 nəfəri də dəvət edərək Agamoglana məxsus tünd yaşıl rəngli, çamadanın içərisinə onun özünün də iştirakı ilə birlikdə baxış keçirmişdir. Baxış zamanı çamadanın gözlə görülə bilən yuxarı hissəsində şəffaf sellofan torbanın içərisində üzərində “5Q X6 Permanqanat” yazısı olan 9 ədəd yastı dairəvi plastmas qabın olduğu aşkar edilmişdir. Bundan başqa Agamoglanın müşayiət olunan əl baqajında gömrük orqanından gizlədilən yaxud bəyan edilməli olan hər hansı predmet aşkar edilməmişdir. Agamoglandan aşkar edilən əşyaların nə olduğu və kimə məxsus olduğu soruşulduqda o, əvvəlcə şifahi olaraq həmin əşyaları Masallı rayonunda yaşayan qohumunun sifarişi ilə gətirdiyini bildirmişdir. Fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidlərinin də iştirakı ilə müvafiq baxış və götürmə protokolu tərtib etmiş, eləcə də aşkar edilmiş əşyaların fotoşəkillərini mobil telefon vasitəsi ilə çəkərək tərtib edilmiş fotocədvəli həmin protokola əlavə etmişdir. Müdafiə tərəfinin müvafiq vəsatəti əsasında məhkəmə iclasına hal şahidi qismində dəvət olunmuş X3 məhkəməyə teleqram ünvanlayaraq gələ bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiqlədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, hal şahidi X2 ibtidai istintaq dövründə verdiyi ifadəni əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə hal şahidi qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən göründüyü kimi, o şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan və məhkəmə araşdırması zamanı tədqiq olunmuş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X5 tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli “müşayiət olunan əl baqajlarına baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs müşayiət etdiyi əl çantasına baxış zamanı gömrük nəzarətinə bəyan olunmamış 9 flakonda 45 qram kalium permanqanat aşkar edilərək 207948 nömrəli xüsusi qablaşdırma vasitəsində qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli, 6/2260, 9/2826 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən, „ER və DN BG İdarəsi...№207948“ yazısı olan polietilen paketə qablaşdırılmış “5q Kaliy Permanqanatı... Kaliy Permanqanat” göstəricili 09 ədəd plastik flakondakı (hər bir flakonda 5 qram) ümumilikdə 45 qram kalium-permanqanatdır. Kaliumpermanqanat 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na daxildir. Qeyd:kalium permanqanat- 9 flakon (45 qram), tədqiqata sərf edildi-1 flakon, qalıq – 8 flakon (40qram). Kalium-permanqanat Azərbaycan Respublikasının ərazisində satışda olmadığından həmin maddə üzrə qiymətləndirilmə aparılmadı. Cinayət işinin 72-ci vərəqəsində olan və məhkəmə araşdırması zamanı tədqiq olunmuş 13 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilərkən Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2017-ci ildən etibarən Azərbaycan Respublikasına gəlib getməsi, xx.xx.2022-ci il tarixdə “Dağıstan” gəmisi vasitəsilə Qazaxıstan Respublikası istiqamətindən “Bakı Beynəlxalq Dəniz Limanı” gömrük postuna daxil olaraq Azərbaycan Respublikasına gəldiyi müəyyən edilmişdir. Bundan başqa vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Rəsmiləşdirmə” altbölməsində fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamələr hesabatına baxış zamanı nə Agamoğlan Gassanovun, nə Ratnıy Gassanov, nə də ki, Shargiya Gassanova tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldikləri zaman yazılı yaxud elektron bəyannamə təqdim edimədiyi məlum olmuşdur. Cinayət işinin 97-ci vərəqəsində olan 22 iyun 2022-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Agamoğlan Gassanovun müşayiət etdiyi əl çantasından götürülmüş 9 flakonda 45 qram kaliumpermanqanat maddi sübut kimi tanınmışdır. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Cinayət işi materiallarında olan cinayət işinin başlanması haqqında qərardan görünür ki, cinayət işi 10 iyun 2022-ci il tarixdə başlanmış, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan görünür ki, Agamoğlan Gassanov Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cinayət işinin 1, 102-ci vərəqələri) Cinayət işinin 124-cü vərəqəsində olan 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Agamoğlan Gassanov barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Agamoğlan Gassanov barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Agamoğlan Gassanovun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, protokollar və digər iş materialları ilə onun Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş kalium permanqanatın Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli və ya yaxud bəyan etməməklə keçirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə tövsif edilməli və buna görə də o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Agamoğlan Gassanovun ilk dəfə cinayət əməli törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, həyat yoldaşının şəkərli diabet və onkoloji xəstəliklərdən əziyyət çəkdiyini, ailəsinə qazanc gətirən yeganə şəxs olmasını, qonaq olaraq gəldiyi dövlətin qanunları barədə məlumatsız olması səbəbindən qeyd olunan cinayət hadisəsini törətdiyini, yaşını, əvvəllər analoji hərəkətlərə yol verməməsini, məhkum olunmayan şəxs olduğunu ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar. Cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, etdiyi əməli dərk etməməsini, evli olmaqla arvadının şəkərli diabet və onkoloji xəstəliklərdən əziyyət çəkdiyini, evə qazanc gətirən yeganə şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşını, iş yeri üzrə müsbət xarakterizə edilməsini, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza növü – cərimə cəzası təyin edilməklə islah olunması mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Həmin Qərarın 11-ci bəndinə əsasən, qeyd edilən halda hökmün nəticəvi hissəsində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Agamoğlan Gassanovun barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə eyni zamanda iş üzrə maddi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Habelə Azərbaycan Respublikası CPM 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübut Təqsirləndirilən şəxs götürülmüş və mülki dövriyyəsi məhdudlaşdırılmış, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 8 flakonda 40 qram kalium permanqanatın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd ittiham aktı yerləşdirilmiş CD diski cinayət işi materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 250 manat (iki yüz əlli manat) Agamoğlan Gassanovdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Agamoğlan Gassanov barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 250 manat (iki yüz əlli manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 8 flakonda 40 qram kalium permanqanat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və bir ədəd ittiham aktı yerləşdirilmiş CD diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim:Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar