Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-252/2023 25.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1977-ci ildə Qazıməmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də montajçı işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 50, mənzil 17 qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd blister kəsiyində təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan 01 ədəd yarım metadon həbini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində daşımış, 06 may 2023-cü il tarixdə, saat 11:30 radələrində Qaradağ RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən "xxxx" ASC-nin binasının yaxınlığında saxlanılıb Qaradağ RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən həmin çəkidə narkotik vasitə olan yarım metadon həbi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 06 may 2023-cü il tarixdə, saat təxminən 11:00 radələrində işə gedən zaman Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərinin polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Qaradağ rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsində video çəkiliş aparılmaqla üzərində hər hansı bir qeyri qanuni əşya varsa çıxarıb masanın üstünə qoymağı təklif olunmuşdur. O əynindəki idman şalvarının cibindən siqaret kağızına bükülmüş 2 ədəd büküm və 1 ədəd içərisində yarım həb olan dərmanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dəniz qırağında “Vüqar” adlı şəxsdən 10 manata ağrıkəsici metadonu isə təxminən 1 ay əvvəl bir bütün həb şəklində tanımadığı şəxsdən 10 manata almışdır. Törətdiyi cinayət əməldən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı var.Ailəsinə yeganə qazanc gətirən şəxs odur.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin X1 əməliyyat-müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin NMB-nə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 06 may 2023cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində “Rahib” adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 11.00 radələrində əməliyyat qrupunun rəhbəri Şahid1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində xarici əlamətləri “Rahib” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nə gətirilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən iki ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü və 01 ədəd yarım həbi çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin və yarım həbin isə metadon həbi olduğunu bildirmişdir. İş materillarında olan 06 may 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X3,Qaradağ RPİ-nin X1 əməliyyat müvəkkilləri Şahid2 oğlu və Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü və 01 ədəd yarım həbi çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin və yarım həbin isə metadon olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib olunur, zərfin üzərinə və protokola imzalar edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2631 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən....” yazılar və imzalar qeyd edilmiş zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qram və 0,054 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,120 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd blister kəsiyində 0,5 hissə dərman tableti qırıntısının tərkibində 0,02 qram metadon təsiredici maddəsi müəyyən edildi. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin xx.xx.2023-cü il tarixli, 3720-nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd blister kəsiyində təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan 01 ədəd yarım metadon həbi və 02 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə ayrı-ayrılıqda çəkiləri 0,066 qram və 0,054 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,120 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilməli, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,080 qram qalığı və 0,5 hissə metadon həbinin 0,25 hissəsi bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin X4 təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxsun məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması, faydalı əməklə məşğul olaraq ailəsinə qazanc gətirən yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatından sonra qalıq qalmış 0,080 qram psixotrop maddə metamfetaminin və 0,25 hissə metadon həbi məhv edilməli və və 01 ədəd DVD disk iş materillarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatından sonra qalıq qalmış 0,080 qram psixotrop maddə metamfetaminin və 0,25 hissə metadon həbi məhv edilsin və 01 ədəd DVD disk iş materillarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-252/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-252/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver