Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-254/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi 26 mart 2021-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən saxlanc yeri olan “Mərkəzi Aptek”-ə qapısının asma qıfılını sındırmaqla qanunsuz daxil olub orada olan siyirtmələrdən 2428 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.03.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə çıxaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon adlanan yerdə Fəridə adlı qızla görüşmüşdür. Həmin günü saat 21 radələrinə kimi Fəridə ilə birlikdə 3-cii mikrorayonda gəzmişdir. Saat 21 radələrində Fəridə ilə sağollaşıb Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Saat təxminən 22 radələrində Lökbatan qəsəbəsində olmuşdur. Həmin günü üzərində pul olmadığından qərara gəlmişdir ki, oğurluq etsin. O, 26.03.2021-ci il tarixdə saat 02 radələrinə kimi Lökbatan qəsəbəsində gəzmişdir. O. Lökbatan qəsəbəsində gəzən zaman 28 may küçəsində olan “Mərkəzi Aptek’' diqqətini çəkmişdir. O, həmin aptekdən oğurluq etmək fikrini dəqiqləşdirmişdir.Tanınmamaq üçün paltarını dəyişmək istəmişdir. Bu məqsədlə də Lökbatan qəsəbəsi əlillərin binası adlanan yerin yaxınlığında olan bina evinin dəqiq yadında olmayan girişində və mərtəbəsində ümumi istifadə olunan yerdə zivədə kişi paltarları asıldığını görmüşdür. O, həmin zivədən bir ədəd papaqlı jiletkanı götürdükdən sonra Lökbatan qəsəbəsinin mərkəzi küçəsi olan 28 may küçəsinə gəlmişdir. O, aptekin yanından keçən zaman görmüşdür ki, aptekin plastikdən olan qapısının üzərində bir ədəd asma qıfıl vardır. O, oğurluq etmək üçün həmin qıfılı qırmalı olduğundan ona dəmir parçası lazım olmuşdur ki, qıfılı qırsın. Bundan sonra o, 28 may küçəsində yerləşən “Kinqsmart” super marketinin yanına gəlmişdir. Marketin yanındakı dayanacağa daxil olmuşdur. Dayanacağın arxa tərəfində olan boş əraziyə mişar daşı ilə hörülmüş hasardan daxil olaraq həmin ərazidən bir dəmir parçası götürmüş və həmin boş torpaq sahəsindən yenə mişar daşla hörülmüş hasarı aşmaq yolu ilə çıxmışdır. O, dəmir parçası ilə “Mərkəzi aptekin" qarşısına gəlmişdir. Həmin vaxtı artıq saat 03 radələri olarmış. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əlində olan dəmir parçası ilə plastik qapının üzərində olan asma qıfılı sındırmışdır. Sındırdığı asma qıfılı özü ilə götürmüşdür. Sonra isə plastik qapını əli ilə aralayıb dəmir parçası ilə qapını açmışdır. Aptekə daxil olandan sonra kassanın yanına getmişdir. Orda olan şkafın birinci süyürtməsini açmış və həmin süyürtmədə qarışıq 1, 5, 10, 20 və 50 manatlıq pul əskinazlar və qəpiklər olmuşdur. O, həmin pul əskinazlarını və qəpikləri götürmüş, lakin həmin vaxt həmin pulları saymamışdır. Sonra şkafın ikinci süyürtməsini açaraq orada olan ağ rəngli aptek sellofanı götürmüş və Həmin sellofanın içərisinə baxan zaman isə görmüşdür ki, sellofanın içərsində 1, 10, 20, 50, 100 manatlıq pul əskinazları var. O, həmin pul əksinazlarını da oğurlamışdır. Pulları oğurladıqdan sonra isə aptekdən çıxmışdır. Oğurladığı pulları sayan zaman görmüşdür ki, aptekdən 2500 manata yaxın pul oğurlamışdır. O, pulu oğurladıqdan sonra tanışı Sənanın Lökbatan qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Sənanın evində bir nəfər tanımadığı şəxs də olmuşdur. Sənan həmin şəxs ilə onu tanış edərək adının Elməddin olduğunu demişdir. Sonra onu Elməddinə təqdim edərək adının Natiq olduğunu ona demişdir. O, Sənangilnən söhbət edən zaman onlara 28 may küçəsində olan “Mərkəzi Aptekdən" oğurluq etdiyini və oğurluq nəticəsində 2500 manata yaxın pul əldə etdiyini demişdir. Həmin vaxtı Sənan ondan pul istəmişdir. O, oğurladığı puldan 100 manat Sənan adlı tanışına borc vermişdir ki, yaşadığı evin kirayə pulunu versin. Sənanın evinə qonaq getdiyi üçün 60 manat Sənanın oğluna da verərək ona pay etmişdir. Qalan pulları isə öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, cavan olduğunu, yaşlı və xəstə olan anasının onun qulluğuna ehtiyacı olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmasını, sonuncunun ona qarşı hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 15 saylı bazara məxsus obyekti icarəyə götürərək “Mərkəzi Aptek’’i işlədir. O, gün aptekdə olur, lakin satış ilə satıcıları məşğul olur. 26 mart 2021-ci il tarixdə gecə saat 01 radələrində satıcı Şahid1 apteki bağlayaraq çıxıb getmişdir. O, 26 mart 2021-ci il tarixdə səhər saat 07 radələrində aptekə gələrkən görmüşdür ki, aptekin plastik qapısının asma qıfılı yerində yoxdur, lakin qapı özü bağlıdır. O, qapını açaraq içəri daxil olmuş və pulların saxlandığı siyirtmələrə baxdıqda görmüşdür ki, pullar yerində yoxdur. O, bu barədə ona məlumat vermişdir. O, aptekə gəldikdən sonra aptekdən oğurlanan pulların haqq-hesabını apardıqda ona məlum olmuşdur ki, 1-ci və 2-ci siyitmədən ümumilikdə 2428 manat pul oğurlanmışdır. O, ərizə yazılan günü oğurlanan pulların dəqiq sayını bilmədiyi üçün ərizəsində məbləğ göstərməmişdir. Aptekdən başqa heç nə oğurlanmamışdır. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 5 ildir ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Mərkəzi Aptek”-də əczaçılıq ilə məşğul olur. Hadisə barəsində göstərmişdir, 26 mart 2021-ci il tarixdə saat 01:30 radələrində apketi bağlayaraq evə getmişdir. Həmin vaxtı aptekin aşağı və yuxarı süyürtmələrində 3000 manata yaxın pul olmuşdur. Aptekin qapısının asma qıfılını bağlamış və evə getmişdir. Həmin günü səhər saat 06 radələrində aptekə gəldikdə görmüşdür ki, aptekin plastik qapısının asma qıfılı yerində yoxdur, lakin qapı özü bağlıdır. O, aptekə daxil olmuş və pulların saxlanıldığı süyürtmələrə baxdıqda görmüşdür ki, pullar naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. O, bu barədə öz müdirinə və DİN-nin 102 məlumat mərkəzinə məlumat vermiş və hadisə yerinə polislər gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, onunla Lökbatan qəsəbəsində tanış olmuşdur. Mahiyyəti üzrə göstərmişdir ki, 26 mart 2021-ci il tarixdə gecə saatlarında Lökbatan qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə olmuşdur. Həmin vaxtı tanışı Elməddin də onunla bir yerdə olmuşdur. Bu zaman Natiq onun kirayə yaşadığı evə gəlmişdir. O, həmin vaxtı Natiqi Elməddin ilə tanış etmiş, Natiq onlarla söhbət edən zaman Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Mərkəzi Aptekdən" oğurluq etdiyini və oğurluq nəticəsində 2500 manata yaxın pul əldə etdiyini demişdir. Həmin vaxt o, yaşadığı evin kirayə pulunu vermək üçün Natiqdən pul istəmiş, Natiq oğurldığı puldan 100 manat ona vermişdir ki, yaşadığı evin kirayə pulunu versin. Natiq onun evinə qonaq gəldiyi zaman 60 manat da az yaşlı oğluna hədiyyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq edilmişdir. (i.v. 1) Baxış keçirilməsi haqqında 26 mart 2021-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3, Qaradağ RPİ-nin KTQnin inspektor kriminalisti, polis kapitanaı Ruslan Lətifovun, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən Mərkəzi Aptekdir. Mərkəzi Aptekin qapıları plastikdir. Aptekin giriş qapısının sağ tərəfində olan dibçəyin içərisində aptekin plastik qapısının asma qıfılı vardır. Naməlum şəxs(lər) plastik qapının asma qıfılını qırdıqdan sonra qapını sıxıb açaraq içəri daxil olmuşdur. Aptekin kassa hissəsində olan siyirtmələrdən pul oğurlanmışdır. Aptekdən başqa heç nə oğurlanmamışdır. Hadisə yerində yaralı əl-barmaq izləri aşkar edilmədi. Protokolun doğruluğunu tərəflər imzaları ilə təsdiq etmişlər. (i.v. 11-15) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 16) Şübhəli şəxsin tutulması haqqında 08 may 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 50,52) Şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmışdır. İfadəsi yerində yoxlanılan Məlikov X5 Aptekin qapısına gələrək bildirdi ki, həmin aptekin plastik qapısının asma qıfılını qırdıqdan sonra qapını sıxıb açaraq içəri daxil olmuş və siyirtmələrdə olan pulları götürmüşdür. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (i.v. 63-64) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 68-69) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-91/2021 saylı, 10 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 84-86) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 89) Sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində Seçilmiş “həbs”qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə baxış keçirilməsi barədə protokol, eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid2 ilə Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 307.1 -ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v 90-93) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 25.06.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 08 may 2021-ci il tarixdən hazırki dövrədək tutma altında saxlanıldığı və həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CPM-158.2.1), islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir.(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 (üç) ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 2 gün ərzində saat 23:00-dan 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-254/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-254/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver