Məhkəmə qərarları › İş №1(002)-254/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-254/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-254/2024 22.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli qərarının 2.4 və 36-cı bəndlərinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 67.5-ci maddəsinə əsasən qəti olaraq 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrumetməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 06 may 2024-cü il tarixdə saat 13:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 14:00-da dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüş kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,270 qram olan açıq boz rəngli maddə kustar üsulla hazırlanmış narkoitik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 may 2024-cü il tarixdə evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilmiş və müdafiəçinin iştirakı ilə üzərində baxış zamanı narkotik vasitə heroin aşkar edilib götürümlüşüdür. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. O 06 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsinə gedərək orada tanımadığı şəxsdən 20 manat müqabilində 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş narkotik vasitə kakosu almış, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün saat 13:00 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib ondan ad vǝ soyadını soruşmuşdurlar. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan narkotik vasitədən istifadə edib-etmədiyi soruşulmuş, o da cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə hesab edilən kakos olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 10-cu polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt üzərində olan narkotik vasitəni polis nəzarətində olduğu üçün kənara ata bilməmiş, lakin vəkilinin iştirakı ilə təqdim etmək istəmişdir. Həmin gün polis şöbəsində xidməti otaqların birində müdafiəçisinn iştirakı ilə, videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması olduğu halda masanın üzərinə qoyması təklif edilmişdir. Bu təklifdən sonra əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini masanın üzərinə qoyaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olan kakos olmasını, özünə məxsus olmasını, öz istifadəsi üçün 06 may 2024-cü il tarixdə Puta qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və həmin protkola imzalar etmişdirlər. O öz ifadəsində son olaraq əməlini etiraf edərək səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 may 2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Məmməd adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, halhazırda da üzərində narkotik maddə olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyinə məruzə olunduqdan sonra o, və 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X3 ibarət əməliyyat qrupu yaradılmış, müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Həmin gün saat 13:00 radələrində ünvan 1 ünvanının qarşısında əvvəlcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Məmməd adlı şəxsə oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, xidməti vəsiqələri təqdim edərək ona Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. PŞ-də həmin şəxsin xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayevə təhvil verilmiş, Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan baş təhqiqatçı, polis mayoru Əlizamin Ağayev tərəfindən tutulmuş, müdafiəçi dəvət olunmuş, müvafiq hərəkətlər həyata keçirilmişdir. Həmin ərəfədə PŞ-nin rəhbərliyi tərəfindən başqa əməliyyat tədbirlərinə cəlb olunduğu üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasında iştirak edə bilməmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülməsi, toplanmış materiallar Təqsirləndirilən şəxslə birlikdə Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi ona məlum olmuşdur. O öz ifadəsində daha sonra verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq və ya psixoloji təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 may 2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu polis şöbəsində xidmətdə olarkən PŞ-nin rəhbərliyi ona bir nəfər şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün PŞ-nə gətirildiyini bildirib həmin şəxsin üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etməsi barədə göstəriş verilmişdir. O da göstəriş əsasında 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayevin xidməti otağına getmiş, onunla birlikdə 10-cu PŞ-nin polis əməliyyat müvəkkili, polis leytenantı Şahid2da baş təhqiqatçı Əlizamin Ağayevin xidməti otağına gəlmişdir. Həmin vaxt üzərinə şəxsi axtarış keçiriləcək şəxs xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Bundan sonra müdafiəçi və onların iştirakıyla video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyalarını masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümdəki kütlənin narkotik vasitə olan kakos olmasını həmin kakosu xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm açıldı, büküm içərisindən boz rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfə və protokola imzalar edilmişdir. O öz ifadəsində daha sonra verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq və ya psixoloji təzyiq edilmədiyini bildirmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-6/2520 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N222" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qram açıq boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara esasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Qeyd: heroin təmiz çəkisi: 0,270 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,220 qr;. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 15 iyul 2024-cü il tarixli 4829 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,270 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,220 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 06 may 2024-cü il tarixdə saat 14:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində qeydə alınıb, şaxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 10-cu PŞ-nin polis sahə raisi, polis baş leytenantı Şahid1, mobil telefon vaisǝti ilə çəkliş aparan Qaradağ RPİ-nin KTQ-nun inspektoru krimnalisti, polis kapitanı, X7, 10 saylı vəkil birosunun vəkili, X5, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayev tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüş kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkinin narkotik maddə kakos olmasını, həmin kakosu xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Buta qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm açıldı, bükümün içərisində açıq boz rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar olundu, həmin büküm bağlandı, zərfə qoyularaq möhürləndi, zərfin üzərinə imzlar edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin hər hansı bir əşya və ya predmet aşkar edilmir. Protokol ucdan oxundu, düzgünlüyü imzalarla təsdiq olundu. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 saylı cəzaçəkmə müəssisəsinin arayışından aydın olur ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından cəzasının onu ilə 31 iyul 2023-cü il tarixdə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4 və 36-cı bəndlərinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 67.5-ci maddəsinə əsasən qəti olaraq 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrumetməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 09 oktyabr 2024-cü il tarixli 3-13-16/2-167470/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitərini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti 01 avqust 2022-ci il tarixdə bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin təhlükəli residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarından göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin təhlükəli residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 06 may 2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuş və Qaradağ Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,220 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,220 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar