Məhkəmə qərarları › İş №1(002)-255/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-255/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-255/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 may 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus qaçqınlar və məcburi köçkünlər üçün inşa edilmiş ev 9, mənzil 33-də yaşayış olmadığından istifadə edərək birinci mərtəbədə yerləşən həmin mənzilin eyvanına çıxaraq, orada açıq qapıdan qanunsuz olaraq yaşayış sahəsi olan mənzilə daxil olmuş, oradan bir ədəd 800 manat dəyərində kombi aparatını gizli yolla talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 may 2022-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus qaçqınlar və məcburi köçkünlər üçün inşa edilmiş ev 9, mənzil 33-də yaşayış olmamasından istifadə edərək, Təqsirləndirilən şəxs2 həyətdə dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə birinci mərtəbədə yerləşən həmin mənzilin eyvanına çıxaraq, orada açıq qapıdan qanunsuz olaraq yaşayış sahəsi olan mənzilə daxil olmuşdur Mənzildən 2 ədəd hər biri 96 manat dəyərində ümumilikdə 192 manat dəyərində 8 bölümlü kombi aparatının radiatorunu, bir ədəd 120 manat dəyərində 10 bölümlü kombi aparatının radiatorunu, bir ədəd 300 manat dəyərində “Simfer” markalı qaz sobasını, üç ədəd hər biri 40 manat dəyərində ümumilikdə 120 manat dəyərində çılçırağı, bir ədəd 45 manat dəyərində mətbəx üçün moydadırı, bir ədəd 80 manat dəyərində hamam üçün paltar quruducunu, iki ədəd hər biri 35 manat dəyərində ümumilikdə 70 manat dəyərində su kranını, bir ədəd 80 manat dəyərində su kranı duş kranı ilə birlikdə və bir ədəd 50 manat dəyərində hamam güzgüsünü götürüb eyvanın altında həyətdə dayanmış Təqsirləndirilən şəxs2 ötürmüş, sonuncu isə həmin əşyaları avtomobilə yükləyib gizli yolla talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 1057 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 16 may 2022-ci il tarixdə, saat 01 radələrində o, kirayə idarə etdiyi avtomobil ilə Ümid qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş binaların yanına getmiş və 9 nömrəli binanın birinci mərtəbəsində yerləşən evin eyvanına çıxaraq oradan eyvanın qapısının olmadığını görüb mənzilə daxil olmuşdur. Orada quraşdırılmamış markasını bilmədiyi bir ədəd kombi aparatını oğurlayıb, eyvandan düşürüb idarə etdiyi avtomobilə mindirib, tanışı Günel adlı qadının yaşadığı Korgöz qəsəbəsində yerləşən evə gəlmiş və kombi aparatının düşürüb evə qayıtmışdır. O, Günelə kombi aparatının ona məxsus olduğunu demişdir. Günelin evində gecələdikdən sonra səhəri gün kombi aparatını Lökbatan qəsəbəsində yerləşən fəhlə bazarı adlanan yerdə özünə məxsus olmasını bildirib, tanımadığı şəxsə 250 manata satıb pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə, gecə saat 01:00 radələrində o, icarəyə götürdüyü “AzSamand” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Ümid qəsəbəsinə gedən zaman Lökbatan qəsəbəsində tanışı Yusfi adlı şəxsi görüşmüş və onunla söhbət edərək birlikdə Ümid qəsəbəsinə getməyi təklif etmişdir. Yusif razılaşmış və birlikdə onun idarə etdiyi avtomobil ilə Ümid qəsəbəsinə getmişlər. O, avtomobildən düşərək birinci dəfə kombi aparatı oğurladığı evə eyvandan daxil olmuşdur. Oradan 3 ədəd kombi aparatının radiaotorunu, bir ədəd qaz sobasını, üç ədəd çılçırağı, bir ədəd moydadırı, hamam üçün paltar quruducunu, iki ədəd su kranını və bir ədəd güzgünü eyvana yığmış, sonra o, həmin oğruladığı əşyaları eyvandan Yusifə ötürmüş Yusif də həmin əşyaları idarə etdiyi avtomobilə yükləmişdir. Sonra onlar oradan çıxmışlar və o, avotmobili yenə də Korgöz qəsəbəsinə sürmüş və oğurladığı həmin əşyaları Günelin yaşadığı evə yığmış və bildirmişdir ki, həmin əşyaları gəlib sonra götürəcəkdir. Sonra o, Yusiflə oradan çıxmış və Lökbatan qəsəbəsinə gəlmiş, yolda Yusif düşüb getmiş, o, da öz yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə isə onu polis əməkdaşları saxlamışlar. Həmçinin o bildirmişdir ki, həmin evdən iki dəfə oğurluq etmiş, birinci dəfə tək bir ədəd kombi aparatını oğurlamış, ikinci dəfə isə Yusiflə birlikdə 3 ədəd kombi aparatının radiaotorunu, bir ədəd qaz sobasını, üç ədəd çılçıraq, bir ədəd moydadırı, hamam üçün paltar quruducunu, iki ədəd su kranını və bir ədəd güzgünü oğurlamışdır. O, həmin əşyalardan başqa heç nə oğurlamamışdır. Həmçinin Günel həmin əşyaların oğurluq olmasını bilmirmiş. Günelə demişdir ki, həmin əşayalar ona məxsusdur. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və iki övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Elçin adlı şəxsi çoxdandır tanıyır. xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində o, Lökbatan qəsəbəsində olan zaman Elçin avtomobil ilə yoldan keçən zaman onu görmüş və söhbət edən Ümid qəsəbəsinə birlikdə getmələrini təklif etmişdir. Razılaşaraq Elçinin avtomobili ilə Ümid qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş binaların qarşısına getmiş və Elçin ona avtomobildə gözləməsini demişdir. Həmin vaxtı gecə saat 02 radələri olarmış və Elçin binanın eyvanna çıxıb oradan evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Elçin onu çağırmışdır ki, kömək etsin. O Elçinin eyvandan ona ötürdüyü 3 ədəd kombi aparatının radiaotorunu, bir ədəd qaz sobasını, üç ədəd çılçıraq, bir ədəd moydadırı, hamam üçün paltar quruducunu, iki ədəd su kranını və bir ədəd güzgünü avtomobilə yükləmişdir. Daha sonra Elçin gəlmiş və əşyaları satıb ona da pul verəcəyini demişdir. Birlikdə Korgöz qəsəbəsinə getmiş və oğurladığı həmin əşyaları Elçinin tanışı Günel adlı qadının yaşadığı evə yığmışlar və sonra Elçinlə o, oradan çıxıb Lökbatan qəsəbəsinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə isə onu polis əməkdaşları saxlamışlar. Həmçinin o, bildirmişdir ki, o, bir dəfə Elçinlə birlikdə 3 ədəd kombi aparatının radiaotorunu, bir ədəd qaz sobasını, üç ədəd çılçıraq, bir ədəd moydadırı, hamam üçün paltar quruducunu, iki ədəd su kranını və bir ədəd güzgünü oğurlamışlar. O, həmin əşyalardan başqa heç nə oğurlamamışdır. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hala yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC tərəfindən inşa edilmiş və həmin MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində inşa edilmiş qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin kommendantı vəzifəsində xidmət edirmiş. Həmin evlərin müəyyən bir qismi qaçqın və məcburi köçkünlərə verilsə də, bir qismi istifadəyə verilməmişdir. Həmin evlərə onun tərəfindən nəzarət edilirmiş. xx.xx.2022-ci il tarixə keçən gecə Ümid qəsəbəsində yerləşən həmin evlərdən ev 9, mənzil 33 ünvanında yerləşən evdən oğurluq edildiyini müəyyən etmişdir. Belə ki, həmin mənzilə baxış keçirən zaman evdən 2 ədəd hər biri 100 manat dəyərində ümimilikdə 200 manat dəyərində 8 bölümlü kombi aparatının radiatoru, bir ədəd 120 manat dəyərində 10 bölümlü kombi aparatının radiatoru, bir ədəd 300 manat dəyərində “Simfer” markalı qaz sobası, üç ədəd hər biri 40 manat dəyərində ümumilikdə 120 manat dəyərində çılçıraq, bir ədəd 50 manat dəyərində mətbəx üçün moydadır, bir ədəd 80 manat dəyərində hamam üçün paltar quruducu, iki ədəd hər biri 35 manat dəyərində ümumilikdə 70 manat dəyərində su kranı və bir ədəd 80 manat dəyərində su kranı duş kranı ilə birlikdə və bir ədəd 50 manat dəyərində hamam güzgüsü oğurlanmışdır. Belə ki, həmin mənzil birinci mrətəbədə yerləşdiyi üçün naməlum şəxs və ya şəxslər bayırdan mənzilin eyvanına çıxıb orada qapının açıq olmasından istifadə edərək oradan mənzilə daxil olaraq həmin əşyaları oğurlamışlar. Həmçinin həmin hadisədən təxminən 10-12 gün qabaq may ayının ortalarında həmin mənzildən bir ədəd 800 manat dəyərində kombi aparatı da oğurlanmışdır. Həmin hadisə ilə bağlı polisə müraciət etməmişlər. Mənzildən başqa heç bir şey oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi zamanı ümumilikdə 1870 manat maddi ziyan dəymişdir. Bundan əlavə zərəçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək və ifadəsində dəymiş zərərin tam ödənilməsini, hazırda təqsirləndirilən şəxslərə qarşı mülki iddialarının olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təxminən 2 il olar ki, X1 tanıyırmış, Elçinlə normal münasibətləri olmuşdur. Elçinlə qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə yaşayırmışlar. Elçinlə birlikdə yaşasa da, Elçin Lökbatan qəsəbəsinə yerləşən atasıgillə də birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03-04 radələrində o, yaşadığı evdə olan zaman Elçin bir nəfər tanımadığı şəxslə gəlmiş və əşyaları evə yığıb sabah aparacağını bildirmişdir. Elçin və həmin şəxs kombi radiatorunu, qaz sobası, çılçıraq, moydadır, hamam üçün su quruducusu, bir ədəd güzgünü və su kranını gətirib, yaşadığı evdə olan boş otağa yığmışlar. O, Elçindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda, Elçin bildirmişdir ki, həmin əşyalar alıb, sabah gəlib götürəcək. xx.xx.2022-ci il tarixdə axşam saatlarında polislər yaşadığı evə gələn zaman ona məlum olmuşdur ki, Elçinin onun yaşadığı evə yığdığı əşyalar oğurluq olmuşdur. O, həmin əşyaların oğurluq olmasını bilməmiş, Elçin ona əşyaları aldığını demişdir. Cinayət işinin 30-cu vərəqəsində olan 26 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 50-ci vərəqəsində olan 26 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 97-99-cu vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-103 vərəqələrində olan qərardan və iltizamndan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 210-212-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 120-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin 121-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli hökmünə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qərarı ilə Qaradağ Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli hökmü dəyişdirilərək cəzası qazancının 15%-i dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına dəyişdirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 02 sentyabr 2022-ci il tarixli, 21-1/3- 14904/13 nömrəli müvafiq məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında yoxdur. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2022-ci il tarixli 9/4317 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (1 ədəd ağ rəngli 10 bölümlü kombi aparatının radiatoru 120 (bir yüz iyirmi) manat, 2 ədəd ağ rəngli 8 bölümlü kombi aparatının radiatoru 192 (bir yüz doxsan iki) manat, 1 ədəd ağ-qara rəngli “Simfer” markalı qaz sobası 300 (üç yüz) manat, 3 ədəd çilçıraq (lüstur) (bir şamdanlı bir ədəd göy, ədəd qırmızı və bir ədəd beş şamdanlı ağ rəngli, üzəri güllü) 120 (bir yüz iyirmi) manat, 1 ədəd göy rəngli mətbəx üçün moydadır 45 (qırx beş) manat, 1 ədəd ağ rəngli hamam üçün paltar quruducu 80 (səksən) manat, 2 ədəd gümüşü rəngli su kranı 70 (yetmiş) manat, 1 ədəd gümüşü rəngli su kranı duş kranı ilə birlikdə 80 (səksən) manat, 1 ədəd hamam güzgüsü 50 (əlli) manat) 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1057,0 manat müəyyən olunur. Cinayət işinin 123-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan 07 iyun 2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən “Ümüd” qəsəbəsində inşa edilən 2 nömrəli yaşayış binasının komendatı kimi şirkət adından sənədlərin təqdim edilməsi, sənədlərin təhvil verilməsi, hazır sənədin alınması işlərinin icra edilməsi Zərərçəkmiş şəxs1 həvalə edilmişdir. Cinayət işinin 128-130-cu vərəqələrində olan 19 iyul 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan və qəbzdən görünür ki, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iki ədəd 8 bölümlü kombi aparatının radiatoru, bir ədəd 10 bölümlü kombi aparatının radiatoru, bir ədəd “Simfer” markalı qaz sobası, üç ədəd çılçıraq, bir ədəd mətbəx üçün moydadır, bir ədəd hamam üçün paltar quruducu, iki ədəd su kranı, bir ədəd su kranı duş kranı ilə birlikdə və bir ədəd güzgüsü maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işinin 201-202-ci vərəqələrində olan AA3219201 və AA3219202 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü X2 və X3 Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan övladlarıdır. Cinayət işinin 222-ci vərəqəsində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin nümayəndəsinin ərizəsindən və ifadəsindən görünür ki, dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı mülki iddiaları yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayətləri özlərinin etiraf edici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, bir daha belə hala yol verməyəcəyinə dair vədini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun əməlindən peşman olmasını, bir daha belə hala yol verməyəcəyinə dair vədini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd 8 bölümlü kombi aparatının radiatoru, bir ədəd 10 bölümlü kombi aparatının radiatoru, bir ədəd “Simfer” markalı qaz sobası, üç ədəd lüstür, bir ədəd mətbəx üçün umivalnik, bir ədəd hamam üçün paltar quruducu, iki ədəd su kranı, bir ədəd su kranı duş kranı ilə birlikdə və bir ədəd güzgüsünün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- iki ədəd 8 bölümlü kombi aparatının radiatoru, bir ədəd 10 bölümlü kombi aparatının radiatoru, bir ədəd “Simfer” markalı qaz sobası, üç ədəd çılçıraq, bir ədəd mətbəx üçün moydadır, bir ədəd hamam üçün paltar quruducu, iki ədəd su kranı, bir ədəd su kranı duş kranı ilə birlikdə və bir ədəd güzgüsünün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar