Məhkəmə qərarları › İş №1(002)-256/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-256/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-256/2022 11.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmuş və cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2022-ci il tarixdə, saat 21:25 radələrində Bakı şəhərinə gələn zaman Bakı-Qazax yolunun 40-cı klometrliyində yerləşən BDYPİ-nin YPXA-nın 719 nömrəli stasionar postunun yaxınlığında əlində sellofan torba ilə saxlanılaraq Səbail rayonu A.Abbaszadə küçəsi 17 saylı ünvanda yerləşən Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən sağ əlində saxladığı, içərisində təmiz çəkisi 190 qram olan, bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə daşıması Qaradağ rayonunun ərazisində başa çatdığından, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs üzərində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şəxsi axtarış aparılan zaman narkotik maddə aşkar edildiyini və həmin ərazinin Səbail rayon məhkəməsinin yurisdiksiyasına aid olduğunu nəzərə alaraq, cinayət işinə həmin məhkəmədə baxılmalı olduğunu qeyd etmiş, yaranmış fikir ayrılığının həll edilməsi üçün hazırki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi – 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi yaranmış fikir ayrılığının həll edilməsi üçün hazırki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmələr arasında hazırki cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğundan məhkəmə hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin; 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təşkil edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu ərazisində, yəni Bakı- Qazax yolunun 40-cı kilometrliyində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının 719 nömrəli stasionar postunun yaxınlığında saxlanılan zaman onun ehtimal olunan narkotik vasitəni əldə edib saxlayaraq daşıması şübhələrdən ibarət olmuş, o, saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirildikdən sonra orada barəsində şəxsi axtarış aparılan zaman qeyd olunan hal aşkar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ehtimal olunun cinayət Bakı şəhəri Səbail rayonu ərazisində başa çatmışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan həmin məsələ həll edilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Bakı Apellyasiya Məhkəməsində qeyd olunan işə baxıldıqdan sonra məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74, 77, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün hazırki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Bakı Apellyasiya Məhkəməsində qeyd olunan işə baxıldıqdan sonra məhkəmə hazırlıq iclası keçirilənədək uzadılsın. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar