Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-257/2024 07.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qəzyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda ziyan vurmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, əvvəllər mağazasında satıcı işlədiyi əmisi oğlu Zərərçəkmiş şəxs özünə məxsus parça və geyimlərini atası X2 məxsus, yaşayış olmayan ünvan 2 ünvanında yerləşən evində saxladığını və həmin evin nəzarətsiz olduğunu bilərək özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının əvvəllərinədək olan müddət ərzində konkret olaraq istintaqa məlum olmayan tarix və vaxtlarda həmin evin damında olan pəncərəsini açaraq saxlanc yerinə qanunsuz daxil olub evin qonaq və yataq otaqlarında saxlanılan hər bir metrinin qiyməti 15 manat olmaqla 3000 manat dəyərində, 4 topda 200 metr çəhrayı zərli-biserli, hər bir metrinin qiyməti 15 manat olmaqla 2250 manat dəyərində 3 topda 150 metr tünd-qırmızı zərli-biserli, hər bir metrinin qiyməti 15 manat olmaqla 3000 manat dəyərində, 4 topda 200 metr qara rəngli zərli-biserli, hər bir metrinin qiyməti 10 manat olmaqla 2000 manat dəyərində 2 topda 200 metr qəhvəyi rəngli qaroşkalı, hər bir metrinin qiyməti 10 manat olmaqla 2000 manat dəyərində 2 topda 200 metr qara rəngli qaroşkalı, hər bir metrinin qiyməti 10 manat olmaqla 3000 manat dəyərində, 6 topda 300 metr qara rəngli villur-tül arqanza parçaları, hər birinin qiyməti 15 manat olmaqla 555 manat dəyərində 37 ədəd üzərində "Mehin Collection, Madonna" yazıları olan müxtəlif rənglərdə nabuk midi qollu qadın donu, hər birinin qiyməti 65 manat olmaqla 2535 manat dəyərində üzərində "MA&RA Mehin collection" yazıları olan 39 ǝdəd ağ-qara qaroşkalı uzun, qolsuz kəmərli donlar, hər birinin qiyməti 65 manat olmaqla 260 manat dəyərində üzərində "MA&RA Mehin collection" yazıları olan 4 ədəd yaşıl-qara qaroşkalı uzun, qolsuz kəmərli donlar, hər birinin qiyməti 50 manat olmaqla 700 manat dəyərində "Marissa" yazıları olan 14 ədəd zərli gümüşü rəngli qısaqol donlar, hər birinin qiyməti 10 manat olmaqla 190 manat dəyərində üzərində "Mehin collection" yazıları olan 19 ədəd güpür ətək-koftadan ibarət dǝst, hər birinin qiyməti 10 manat olmaqla 50 manat dəyərində olmaqla üzərində "Mehin collection" yazıları olan 05 ədəd ağ rəngli qısaqol midi donlar, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 19540 manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhəkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. Pulu olmadığı üçün bu əməli törətdiyini bildirmişdir. Ona oğurluq zamanı heç kim kömək etməmişdir, oğurluğu özü tək etmişdir. Evin damından girib malları götürüb qapıdan da çıxmışdır. Malları bir müddət satmamış özündə saxlamış daha sonra oğurladığı paltarları əvvəllər işlədiyi “Sədərək” ticarət mərkəzində, əvvəllər paltar satdığı adamlara satmışdır. Heç kim paltarların oğurluq olduğunu bilməməmişdir. O satdığı mallardan 3000 manat pul əldə etmişdir. O öz ifadəsində əlavə olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə edərək ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 1994-cü ildə Rusiya Federasiyasının, Kalininqrad şəhərində anadan olmuşdur, lakin iki yaşı olan zaman atası Nazim onu qardaşı Alikə oğulluğa vermişdir. 10 yaşında olduğu zaman atası Nazim vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonunda yerləşən 96 saylı tam orta məktəbi azərbaycan dilində bitirmişdir. Azərbaycan dilində sərbəst oxuyub yaza bilir. Onu əmisi Alik himayəsinə götürüb böyütmüşdür. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Onunla bir yerdə böyümüşdür. Raqifin “Binə” Ticarət Mərkəzində qadın geyimləri və parçalarının satışı ilə məşğul olan topdan satış mağazası vardır. O, uzun müddət Raqiflə birlikdə işləmişdir. “Binə” və “Sədərək” Ticarət mərkəzində paltar və parça satan şəxsləri tanıyır. Raqiflə təxminən 10 ilə yaxın birlikdə işləmişdir. Daha sonra Raqiflə aralarında narazılıq yaranmış və Raqif onu işdən çıxarmışdır. İşdən çıxdıqdan sonra özünə iş tapa bilməmişdir. Ona görə maddi cəhətdən çətinlik çəkməyə başlamışdır. İki azyaşlı övladı vardır. Ailəsini dolandırmaq üçün özünə iş axtarsa da tapa bilməmişdir. Əmisi oğlu Raqifin onun yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 5-ci küçədə fərdi yaşayış evi olmuş və həmin evdə heç kim yaşamamışdır. Raqif “Binə” Ticarət Mərkəzində satdığı paltarları və parçaları həmin evin otaqlarına yığmışdır. Raqifin həmin evə gec hallarda gəlib baş çəkdiyini bilmişdir. Bu səbəbdən düşünmüşdür ki, həmin evə gizli daxil olub, oradan parça və qadın geyimləri oğurlayıb Binə və Sədərək Ticarət Mərkəzində sataraq gəlir əldə etsin. Bu niyyətlə o, 2023-cü ilin oktyabr ayının əvvəllərindən 2024-cü ilin aprel ayının əvvəlinə kimi olan müddət ərzində Raqifə məxsus bir mərtəbəli evinin hasarına çıxıb oradan evin damına çıxaraq evin üst hissəsinə qoyulmuş plastik pəncərəni əli ilə güc tətbiq edərək açaraq içəri daxil olmuşdur. Evdən əvvəlcə 2 top parça götürmüş və girdiyi yerdən həmin əşyaları çıxarmışdır. Parçaları öz evinin qabağına gətirmişdir. İstifadə olunmayan otağa yığımışdır. 2024-cü ilin mart ayından sonra taksi sifariş verərək, nömrə nişanları və modelini bilmədiyi taksi ilə parçaları həmin avtomobilə yükləyib “Binə” Ticarət Mərkəzində Nəcəf adlı şəxsin dükanına gətirmişdir. Nəcəf onun Raqiflə işlədiyini bildiyindən gətirdiyi malların oğurluq olduğundan şübhələnməmişdir. Bu minvalla o, 2024cü ilin mart ayının əvvəllərindən 2024-cü ilin aprel ayının əvvəlinədək Raqifin evindən qadın geyimlərini və parçaları oğurlayıb Nəcəfə satmışdır. Nəcəf də bunun müqabilində onun pulunu vermişdir. Eyni zamanda Raqifin evindən 12 ədəd qadin donunu “Sədərək” Ticarət Mərkəzinin 1 A sırasının 120 nömrəli mağazasını işlədən Sevinc və Dilarə adlı qadınlara 2024-cü ilin mart ayının sonlarında satmışdır. Həmin qadınlar da onlara satdığı malların oğurluq olmasını bilməmişlər. xx.xx.2024-cü il tarixdə Raqifin evinə gəldiyini görmüşdür. Həmin vaxt Raqif həyət darvazısını açmaq istəsə də aça bilməmişdir. Bu zaman Raqif qapını açmaq üçün usta çağırmışdır. Usta qapının kilidini açsada qapı yenə də açılmamışdır. Raqifə bildirmişdir ki, evə daxil olub qapını aça bilər. Raqifin evinə oğurluğa girdiyi üsulla, yəni evin dam hissəsindən evə daxil olaraq həyət darvazasını açmışdır. Həyət darvazasını axırıncı dəfə oğurluq etdiyi zaman arxadan cəftəsini bağlamışdır. Bundan sonra Raqif evinə onunla birlikdə daxil olmuş və evdən oğurluq bas verdiyini görmüşdür. Raqiflə bu barədə söhbət etdikdən sonra özü səmimi olaraq etiraf etmişdir ki, oradan oğurluğu o törətmişdir. Bundan sonra Raqif DİN-nin 102 xidmətinə zəng vurmuş, hadisə yerinə polis əməkdaşları gələrək sənədləşdirmə aparmışlar. Həmin oğurluq cinayətində ona köməklik edən şəxslər olmamışdır. Oğurluq etdiyi zaman onu heç kim görməmişdir. Hissə-hissə oğurluq edǝrǝk geyim paltarları və parçaları sataraq ümumilikdə 5000 (beş min) manat pul əldə etmiş və həmin məbləği özünə və ailəsinə xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, ticarətlə məşğul olur. Əmisi oğlu Təqsirləndirilən şəxs 10 il onun yanında işləmişdir. İşlədikləri müddətdə yol verdiyi nöqsanlara görə onunla birlikdə işləməyə son qoymuşdur. Təxminən 2022-ci ilin dekabr ayından etibarən Namiq onunla birlikdə işləmir. Ona məxsus olan ünvan 3 ünvanına bitişik olaraq inşa edilmiş evdə Namiq ailəsi ilə yaşayır. Həmin evdə yaşayış yoxdur. Həmin evdən anbar kimi istifadə edir. İşlədiyi ticarət mərkəzindəki dükanda satdığı parçaları, geyim paltarlarını həmin evdə saxlayır. xx.xx.2024-cü il tarixdə günorta radələrində anbar kimi istifadə etdiyi həmin evə gəlib baxış keçirən zaman müəyyən etmişdir ki, evin damından içəri daxil olmaqala naməlum şəxs və ya şəxslər geyim əşyalarını və parçaları oğurlamışdır. Əmisi oğlu Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, həmin oğurluğu o törətmişdir. Ona görə də o, bu barədə DİN-nin 102 məlumat mərkəzinə zəng edərək məlumat vermişdir. Ona məxsus olan oğurlanan mallar arasında bir neçə top təxminən 20 topdan çox müxtəlif markalı parçalar (pul payet, güpr, yakma orqanza, damla, atlas, tül, kimi bilinən parçalar, 100-dən çox qadın paltarı (donu) olmuşdur. Ona 19540 manat məbəğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində şəriki Şahid3 ilə birlikdə qadın paltarlarının satışı mağazasında satıcı işləyir. Namiq adlı şəxsi 8 ildir ki tanıyır. Həmin şaxs 2024-cü ilin mart ayının sonlarında bir dəfə onun yanına gələrək 12 ədəd xallı qadın donu gətirmişdir. Həmin donlardan 5 ədədini satmış, 2 ədədini özləri istifadə etmişlər, 5 ədədi isə onlarda qalmışdır. Bunun üçün ona 290 manat pul vermiş və 30 manat borclu qalmışdır. Şahid3 də həmin vaxt dükanda onun yanında olmuşdur. Həmin malların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində şəriki Şahid2 ilə birlikdə satıcı işləyir. Namiq adlı şəxsi 8 ildir ki tanıyır. Həmin şəxs 2024-cü ilin mart ayının sonlarında bir dəfə onun yanına gələrək 12 ədəd xallı qadın donu gətirmişdir. Həmin donlardan 5 ədədini satmış, 2 ədədini özləri istifadə etmişlər, 5 ədədi isə onlarda qalmışdır. Bunun üçün ona 290 manat pul vermiş və 30 manat borclu qalmışdır. Şahid2 da həmin vaxt dükanda onun yanında olmuşdur. Həmin malların oğurluq olduğunu bilməmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Namiq adlı şəxsi 5 ildir ki, tanıyır. O, “Binə” ticarət mərkəzində müxtəlif növ parça materiallarının satışı ilə məşğul olur. Namiq ona 2024-cü ilin mart ayından aprel ayının əvvəlinə kimi bir neçə dəfə onun yanına gələrək bağlamada parçalar və qadın geyimləri satmışdır. Həmin parçalar və geyim paltarlarının oğurluq olduğunu bilməmişdir. Namiqin “Sədərək” ticarət mərkəzində parça və paltar satışı ilə məşğul olduğunu bildiyindən bundan şübhələnməmişdir. Hətta Namiqin ona satdığı mallardan satış edə bilməmişdir. Çünki həmin ərəfədə toyluq mallar, yəni rəngli parça və paltarlar sata bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “baxış və götürmə haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan aydın olur ki, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs aldığı qadın geyimlərinin qalan hissəsinə 05 (beş) ǝdad ag-qara rəngli, qaroşkalı uzun, qolsuz kəmərli donlara 15 aprel 2024-cü il tarixdə baxış keçirilərək protokolla götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “baxış və götürmə haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan aydın olur ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı 04 top hər biri 50 metr uzunluğunda zərli qəhvəyi rəngli parça, 03 top hər biri 50 metr uzunluğunda zərli tünd-qırmızı rəngli parça, 04 top hər biri 50 metr uzunluğunda zərli qara rəngli parça, 02 top hər biri 100 metr uzunluğunda açıq-qəhvəyi rəngli dairəvi bəzəkli parça, 02 top hər biri 100 metr uzunluğunda qara rəngli dairəvi bəzəkli parça, 06 top hər biri 50 metr uzunluqda olan (arqanza) parça, 37 ədəd nabuk qadın donu, 27 ədəd ağ-qara rəngli dairəvi bəzəkli parça (Mehin Collection markalı, STYLE 2162 yazısı olan), 04 ədəd yaşıl rəngli dairəvi bəzəkli parça, 14 ədəd zərli qadın donu (Marissa markalı, üzərində 2067 yazısı olan), 19 ədəd tül qadın donuna, 05 (beş) ədəd ağ rəngli qadın donuna 15 aprel 2024-cü il tarixdə baxış keçirilərək protokolla götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Sənan Quliyev tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli qəbzdən də aydın olur ki, ümumilikdə 12 çeşiddə və 132 ədəd əmlak Zərərçəkmiş şəxs tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli 9/4199 nömrəli rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş 12 adda malların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 19085,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində gösətilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020-ci ildə doğulmuş X5 və xx.xx.2023-cü ildə doğulmuş X3 atası X6r İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 14 aprel 2024-cü il tarixdə saat 19:20-də şübhəli şəxs kimi tutulmuş, Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə həbsin əvvəli 14 aprel 2024-cü il tarixdən saat 19:20-dən hesablanmaqla barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 14 avqust 2024-cü il tarixədək uzadılmışdır. Qaradağ Rayon Prokurorunun 07 avqust 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılması üçün təqdimatın verilməsi məqsədə müvafiq hesab edilməmiş və Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə həbsdən azadlığa edilmişdir. Qeyd olunan cinayət işi 15 avqust 2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinə daxil olmuş və məhkəmənin 29 avqust 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, ümumilikdə 12 çeşiddə və 132 ədəd əmlakın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı ümumilikdə 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla (cəmi 08 ay), hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış ümumilikdə 12 çeşiddə və 132 ədəd əmlakın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-257/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-257/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver