Məhkəmə qərarları › İş №1(002)-258/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-258/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-258/2024 24.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Füzuli rayonu, Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 15 may 2024-cü il tarixdə, saat 20:55-də Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən “Bəh-Bəh” kafesinin qarşısında saxlanılıb, Qaradağ RPİnin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 22:25-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən iki ədəd siqaretin qızılı kağız kəsiyinə və bir ədəd siqaretin gümüş kağız kəsiyinə yığılmış 0,083 qram, 0,079 qram, 0,146 qram ümumi təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoitik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3 ilə yaxın müddətdir ki, narkotik vasitə qəbul edir. Tarixini unutduğu vaxtda Qaradağ rayonu Sahil qəsəbəsində öz istifadəsi üçün narkotik vasitə alıb qayıdarkən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətrmişlər.Polis bölməsində üzərinə axtarış keçirilərkən cibində olan narkotik vasitələri çıxarıb təqdim etmişdir.Narkotik vasitəni Zülfüqar adlı şəxsdən almışdır.Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var.Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, narkotik vasitənin 3 bükümdə olmasının səbəbi gündəlik həmin dozada qəbul etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Elşən adlı şəxsin narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə polis bölməinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat idarə rəhbərliyinə məruzə olunmuşdur.15 may 2024-cü il tarixdə axşam radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən “Bəh- Bəh” kafesinin qarşısında əvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Elşən adlı şəxsə oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edərək ona Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyət vəsiqəsini tələb edərkən o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu 38-ci PB-nə aparmışlar. PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra E,Babayev əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindəki bir ədəd ağ kağız kəsiyindəki bükümü masanın üzərinə qoymuş, ağ kağız kəsiyindəki bükümdən 03 ədəd bükümlər aşkar olunmuşdur. İş materillarında olan 15 may 2024-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Əmiraslanov Hikmət basqulu oğlu, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 oğlu və Şahid1 iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli bükülünü çıxarıb masanın üzərinə qoyur. Həmin büküm açılarkən içərisindən 3 ədəd ayrı büküm aşkar edilir.Həmin bükümlər açıldıqda işərilərində qəhvəyi rəngli tozşəkilli maddələr aşkar edilir. Təqsirləndirilən şəxs həmin madələrin narkotik vasitə kakos (heroin) olduğunu bildirir və Zülfüqar adlı şəxsdən 30 manata aldığını qeyd edir.Bundan sonra həmin bükümlər iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli, 3- 16-16/2-6/2773 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 47 dairəvi möhür əksi”, “1. /imza/ Babayev: 2. /imza/ R.Vəkilov: 3. /imza/ Şahid1: 4, /imza/ Şahid2:. 5. /imza/ H.Əmiraslanov” yazılar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilər- 0.079 qram, 0,083 qram, 0,146 qram, ümumi təmiz çəkisi- 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsin xx.xx.2024-cü il tarixli 5046 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0.079 qram, 0,083 qram, 0,146 qram, ümumi təmiz çəkisi- 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroin ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,218 qaram narkotik vasitə- heroin qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini səmimi etiraf edərək peşman olması, himayəsində ikiazyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci madəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,218 qram narkotik vasitə heroin məhv edilməli və 01 ədəd compakt disk iş materillarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış, Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,218 qram narkotik vasitə heroin məhv edilsin və 01 ədəd compakt disk iş materillarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar