Məhkəmə qərarları › İş №1(002)-259/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-259/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-259/2022 13.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2022-ci ildə saat 23:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz 320 markalı QQ120UQ qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 52,5-ci kilometrində, Qazax istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, hərəkətin təhlükəsizliyini təmin etmədiyindən qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Şahid1 90 km/saat sürətlə idarə etdiyi VAZ-21074 markalı ** ML *** qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə onun avtomobilinin qabaq hissəsi toqquşduqdan sonra VAZ-21074 markalı avtomobil yoldan çıxaraq yolun sağ kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs sol bazu sümüyünün boynunun qapalı, yerinidəyişmiş sınığı, başın sol gicgah-təpə sərhədinin əzilmiş yarası kimi dərəcəsinə görə, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarəti almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında mülki etibarnamə əsasında «Mercedes Benz 320» minik markalı QQ120UQ qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobillə Bərdə-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olur. Nəqliyyat vasitələri idarə etmək üçün sürücülük hüququ, yəni sürücülük vəsiqəsi yoxdur. 17 aprel 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri Beynəlxalq avtovağzalından 4 nəfər tanımadığı sərnişin mindirib Bərdə rayonuna qayıtmaq üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat 23:30 radələrində o, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə 110 km/saat sürətlə Qazax istiqamətinə hərəkətdə olarkən qarşıda avtomobillərin geriyə dönmək üçün nəzərdə tutulmuş sol zolaqla hərəkətdə olan ağ rəngli VAZ-21074 minik markalı avtomobil qəfələtən yaxın məsafədən manevr edərək onun hərəkətdə olduğu orta zolağa keçmişdir. O, həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə edib avtomobili sola istiqamətləndirsə də hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi VAZ- 21074 minik markalı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra VAZ-21074 minik markalı avtomobil sağa istiqamətlənərək yolun sağ kənarına çıxıb aşmış və sol yan üstə qalmışdır. O, isə avtomobili sağ ehtiyat hissəyə çıxarıb bir qədər qarşıda saxlamışdır. Hadisə nəticəsində o və avtomobilində olan sərnişinlər heç bir xəsarət almamışlar, o, avtomobildən düşüb həmin VAZ-21074 minik markalı avtomobilə yaxınlaşdıqda görmüşdür ki, avtomobildə olan sərnişin qadınlar əzilib xəsarətlər alıblar. Hadisə şahidləri TTY stansiyasına məlumat vermişlər və az sonra hadisə yerinə TTY avtomobili gəlmiş, xəsarət almış qadınları xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Biləsuvar rayonu Ağayrı kəndində yaşayan Şahid1 Tanrıverdi oğlu olmuş və hadisə nəticəsində onun arvadı Zərərçəkmiş şəxs sol bazu sümüyünün sınığı xəsarəti almışdır. O və Şahid1 heç bir xəsarət almadıqları üçün birlikdə hadisə yerinə keçirilən baxışda iştirak etmişlər, sonradan sərxoşluq müayinəsindən keçmişdir. Hadisədən sonra o və qohumları xəsarət almış Rumiyənin bütün müalicə xərclərini tam ödəmişlər və həmçinin hadisə nəticəsində əzilmiş Şahid1 idarə etdiyi «VAZ-2107» minik markalı avtomobilin əvəzinə yeni avtomobil almışdır. Onların ona qarşı heç bir şikayət, tələb və iddiaları yoxdur. Təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün TTY çağırmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 17 aprel 2022-ci il tarixdə qayınatası Tarverdi Zeynalov, anası Şahid3, baldızı Aybəniz və onun azyaşlı oğlu Əli ilə birlikdə əri Şahid1 idarə etdiyi «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Biləsuvar rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacaqda qayınatası, onlar isə arxa oturacaqda əyləşmişlər. Saat 23:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olmuşlar. Bu vaxt avtomobilin arxa hissəsinə zərbə dəymiş və zərbədən avtomobil aşıb yoldan çıxaraq sağ ehtiyat hissədə sol yanı üstə qalmışdır. Hadisə nəticəsində o, baş və sol çiyin nahiyəsindən əzilib xəsarət aldığından köməklik edib onu avtomobilin salonundan çıxartmışlar. Həmçinin hadisə nəticəsində Aybəniz və anası Lalə də əzilib xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsdan şikayətçi deyil. Belə ki, sonuncu tərəfindən ona vurulmuş zərər ödənilmiş, müalicə xərcləri qarşılanmışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 17 aprel 2022-ci il tarixdə o, atası Tarverdi Zeynalov, arvadı Zərərçəkmiş şəxs, qayınanası Şahid3, bacısı Şahid2 və onun 5 yaşlı uşağı Əli ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərindən yaşadıqları Biləsuvar rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat 23:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə təxminən 90 km/saat sürətlə Qazax istiqamətinə hərəkətdə olarkən avtomobilin arxa sol hissəsinə zərbə dəydiyini hiss etmiş və zərbədən avtomobil sağa istiqamətlənərək yolun hərəkət hissəsində aşmış, sonra isə yoldan çıxaraq sağ ehtiyat hissədə sol yanı üstə qalmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almamış və hadisə şahidlərinin köməkliyi ilə avtomobilində sıxılıb qalan sərnişinlərə köməklik edib avtomobildən çıxartmışlar. Hadisə nəticəsində arvadı Zərərçəkmiş şəxs, qayınanası Şahid3, bacısı Şahid2 əzilib xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə xəstəxanaya yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, idarə etidyi avtomobilin arxa hissəsindən «Mercedes Benz 320» minik markalı QQ120UQ qeydiyyat nişanlı avtomobil vurmuşdur, həmin avtomobilin sürücüsü Bərdə rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. O, heç bir xəsarət almadığı üçün sənədlərini polis əməkdaşlarına təqdim edib hadisə yerində qalmış, keçirilən baxışda iştirak etmiş və sonradan sərxoşluq müayinəsindən keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, gəlini Zərərçəkmiş şəxs, onun anası Şahid3, qızı Şahid2 və onun 5 yaşlı uşağı Əli ilə birlikdə oğlu Şahid1 idarə etdiyi «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Biləsuvar rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat 23:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə təxminən 90 km/saat sürətlə Qazax istiqamətinə hərəkətdə olmuşlar. Bu vaxt avtomobilin arxa sol hissəsinə güclü zərbə dəymiş və zərbədən avtomobil sağa istiqamətlənərək yolun hərəkət hissəsində aşmış, sonra isə yoldan çıxaraq sağ ehtiyat hissədə sol yanı üstə qalmışdır. Hadisə nəticəsində o və oğlu Səid heç bir xəsarət almamışlar və kömək edib uşaqları avtomobildən çıxartmışlar. Hadisə nəticəsində Zərərçəkmiş şəxs, anası Şahid3, qızı Şahid2 əzilib xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə TTY avtomobili ilə xəstəxanaya yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, əyləşdiyi avtomobilin arxa hissəsindən vuran Bərdə rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz 320» minik markalı QQ120UQ qeydiyyat nişanlı avtomobil olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, məhkəmə iclasını onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə şahid qismində çağırılmış Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 və Şahid2 ibtidai istintaq dövründə verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 17 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində qudası Tarverdi Zeynalov, qızı Aybəniz və onun azyaşlı oğlu Əli birlikdə kürəkəni Şahid1 idarə etdiyi «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Biləsuvar rayonuna qayıtmaq üçün yola düşmüşlər. O, avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Saat 23:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olmuşlar. Bu vaxt avtomobilin arxa hissəsinə zərbə dəydiyini hiss etmiş və zərbədən avtomobil aşıb yoldan çıxaraq sağ ehtiyat hissədə sol yanı üstə qalmışdır. Hadisə nəticəsində o, sağ əl və sağ çiyin nahiyəsindən əzilib xəsarət aldığındam köməklik edib onu avtomobilin salonundan çıxartmışlar. Həmçinin hadisə nəticəsində Aybəniz və qızı Rumiyyə də əzilib xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra o, evə buraxılmışdır. Sonradan onlara məlum olmuşdur ki, əyləşdiyi avtomobillə toqquşan «Mercedes Benz 320» minik markalı QQ120UQ qeydiyyat nişanlı avtomobilin sürücüsü Bərdə rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 17 aprel 2022-ci il tarixdə atası Tarverdi Zeynalov, gəlinləri Zərərçəkmiş şəxs, onun anası Şahid3 və 5 yaşlı oğlu Əli ilə birlikdə qardaşı Şahid1 idarə etdiyi «VAZ-21074» minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən yaşadığı Biləsuvar rayonuna qayıtmaq üçün yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacaqda atası, onlar isə arxa oturacaqda əyləşmişlər. Saat 23:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olmuşlar. Bu vaxt avtomobilin arxa hissəsinə zərbə dəymiş və zərbədən avtomobil aşıb yoldan çıxaraq sağ ehtiyat hissədə sol yanı üstə qalmışdır. Hadisə nəticəsində o, sol çiyin nahiyəsindən əzilib xəsarət alsa da özü avtomobildən çıxmışdır. Həmçinin avtomobildə olan Rumiyyə və Laləni də köməklik edib avtomobildən çıxartmışlar. Hadisə nəticəsində o, Rumiyyə və Şahid3 əzilib xəsarətlər aldıqlarından az sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə onları xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışlar. Hadisə nəticəsində atası Tarverdi Zeynalov, qardaşı Səid və oğlu Əli heç bir xəsarət almamışdır. Sonradan onlara məlum olmuşdur ki, onları vuran «Mercedes Benz 320» minik markalı QQ120UQ qeydiyyat nişanlı avtomobilin sürücüsü Bərdə rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 18 aprel 2022-ci il tarixli, 2/7950 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 17-ci vərəqəsində olan 31 yanvar 2022-ci il tarixdə verilmiş AR-İİ № 559849 saylı etibarnamədən görünür ki, X3 nəqliyyat vasitəsini idarə etmək də daxil olmaqla, bir sıra hərəkətlərin edilməsini 31 yanvar 2023-cü il tarixdək Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 İdarəsi tərəfindən 27 aprel 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bərdə Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir; 2) Bərdə Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 2700 manat cərimə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə əməlində cinayətin residivi olmasına dair müddəa xaric edilərək cəzası 3 ilə endirilmiş, Salyan rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 09 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, 23 may 2019-cu ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 7(057)-732/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 03 gün müddətinə cəzdan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X7 canlı şəxsin ekspertizasının 22 aprel 2022ci il tarixli, 262 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün boynunun qapalı, yerinidəyişmiş sınığı, başın sol gicgah-təpə sərhəddinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 47-ci vərəqəsində olan Baş Dövlət Yol Polisi İdarəsinin 27 aprel 2022ci il tarixli, 016-49259-1222 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli, 918 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. 1968-ci il təvəllüdlü X8 onun atası, 1972-ci il təvəllüdlü X4 onun anası və 2001-ci il təvəllüdlü X5 onun qardaşıdır. Cinayət işinin 51-ci vərəqəsində olan Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Sırxavənd kəndində rəsmi qeydiyyatdadır və halhazırda Bərdə rayonu Alaçadırlı kəndində ailəsi ilə birlikdə yaşayır. 2001-ci ildən Alaçadırlı kəndində yaşadığı müddətdə özünü sakit bir gənc kimi göstərmiş, qonşularla normal münasibətdə olmuş və onlarda özünə qarşı müsbət fikir yaratmışdır. Taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bərdə rayonu Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlarla həmişə yaxşı münasibətdə olmuşdur. Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir təqsirləndirici şikayət ərizəsi daxil olmamışdır. Məhkumluğu olmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 iyun 2022-ci il tarixli, 8/1417 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 320” markalı, QQ120UQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 72-ci vərəqəsində olan maddi sübut kimi tanımaq haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, “VAZ-21074” minik markalı, ** ML *** və “Mercedes Benz 320” minik markalı QQ120UQ dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 89-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin 100-cü vərəqəsində olan 15 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işinin 147-148-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qaşı heç bir şikayət və tələbi yoxdur, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 1339/01 nömrəli, 12 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi barədə Bərdə Rayon Məhkəməsinin 1(021)-138/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü xx.xx.2013-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs həmin cərimə məbləğindən 300 manat ödəmiş, ancaq yeni cinayət törətdiyi üçün həmin hökm icra edilmədən məhkəməyə geri qaytarılmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü isə şöbənin icraatında daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3cü hissəsinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün TTY çağırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, müalicə xərclərinin qarşılanmasını, dəymiş zərəri ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Bərdə Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli hökmü ilə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş və ödənilməmiş 2700 manat cərimə cəzasına tam birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), və sonuncunun barəsində təyin olunmuş 2700 manat cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-ML-*** və “Mercedes Benz 320” markalı QQ120UQ dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bərdə Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 2700 (iki min yeddi yüz) manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə və 2700 (iki min yeddi yüz) manat cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 2700 (iki min yeddi yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-ML-*** və “Mercedes Benz 320” markalı QQ120UQ dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar