Məhkəmə qərarları › İş №1(002)-26/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-26/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-26/2024 18.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil, işləməyən, əvvəllər məhkum olunmuş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan “Heroini” əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı Doğum evinin qarşısında Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış, Qaradağ RPİ-nin 10-cu PŞnə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükümdə ümumi çəkisi 0,343 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, həyat yoldaşı üçün arayış alıb doğum evindən çıxarkən Fəxrəddin adlı polis əməkdaşı adını bilmədiyi digər bir polis əməkdaşı ilə ona yaxınlaşmış, yerdən 1 kibrit qutusu götürmüş, onun azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyini bilə-bilə onu döyərək “Mercedes Benz” markalı maşına əyləşdirmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində onu yenidən döydükləri və ailəsi ilə hədələdikləri üçün o, məcburburiyyətdən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Polis şöbəsində onu polis əməkdaşı Şahid1 döymüş, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə gətirilmiş, lakin o, məhkəmə iclasında polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə məruz qalması və döyülməsi barədə ünvanlanmış sualı cavablandırarkən döyülmədiyini demişdir. O, Bakı İstintaq Təcridxanasına qəbul olunarkən üzərinə baxış olunmuş, lakin üzərində gözlə görünəcək hər hansı xəsarət olmadığından orada da döyüldüyünü bildirməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona dövlət hesabına təyin edilmiş müdafiəçi o, tutulduqdan bir neçə saat sonra gəldiyi üçün həmin vaxtadək narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O, son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən bir nəfər şəxsin üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuş, o, və PŞ-nin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq deyilən ünvana getmişlər. Keçirilmiş əməliyyat axtarış nəticəsində həmin şəxsin yeri müəyyən olunaraq onun Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxsi saxlayıb 10-cu PŞ-nə gətirmişlər. PŞ-də təhqiqatçı tərəfindən həmin şəxsə müdafiəçi təyin edilməklə, tərəfindən video çəkiliş aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq masaya qoymuşdur. Büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan heroin olması müəyyən edilmişdir. Daha sonra aşkar edilən büküm protokolla götürülmüş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Əlavə olaraq Şahid1 Təqsirləndirilən şəxs onun tərəfindən döyülməsi, narkotik vasitənin onun üzərində deyil yerdən götürülərək ona verilməsi ilə bağlı qeyd etdiyi xüsusatların yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 12 iyul 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan 11 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:45-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3759 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.343 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına(Siyahİ ı) daxildirş Qeyd: Heroin təmiz çəkisi -0,343 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,293 qramdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:30) Cinayət işinin 68-70-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və cinayət işinin 88-90-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,343 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,293 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Şahid1 tərəfindən video çəkiliş aparılmaqla Qaradağ RPİnin 10-cu PŞ-nin baş təhqiqatçısı X5 tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs oğluna könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd ağ kağız kəsiyinə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 7(002)-695/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 15 gün hissəsi 05 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(002)-149/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyinə görə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına sorğu ünvanlanmış və xx.xx.2023-cü il tarixdə sorğuya cavab ünvanlanaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı o, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədənində baxış zamanı xəsarət aşkar edilməmiş, hər iki saidin ön səthində və sol baldırın aşağı 1/3-nin içəri səthində köhnə çapıq toxuma, hər iki qasıq nahiyəsində postinyeksion döyənək müşahidə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs analoji cinayət əməli törətdiyinə görə xx.xx.2022-ci il tarixdə də təqsirli bilinərək məhkum edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində özünü təqsirli bilmiş, keçirilmiş bütün prosessual hərəkətlərlə bağlı təqdim olunmuş protokolları imzalamışdır. Videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, həmçinin özünü təqsirli bildiyini, dövlət hesabına təyin olunmuş vəkil tərəfindən ünvanlanmış sualları cavablandırarkən polis əməkdaşları tərəfindən döyülmədiyini, narkotik vasitənin isə onun məxsus olduğunu qeyd etmişdir. Azadlığın məhdudlaşdırması növündə cəzanın çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə növündə cəzaya dəyişdirilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında verdiyi ifadədən və xx.xx.2023-cü il tarixli 4(002)-149/2023 saylı qərardan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən müəyyən edilərək götürülmüş narkotik vasitənin ona məxsus olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin, o, son sözlə çıxışı zamanı da özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu məhkəməyə açıq şəkildə bilirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evinin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın olması barədə suallar vermişlər. O, polis əməkdaşlarına üzərində heroin olduğunu bildirdikdən sonra, onlarla Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməli olduğu ona bildirilmişdir. 10-cu PŞ-də hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı və videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilmiş, könüllü olaraq ona üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. O, əynindəki, qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik maddə olan heroindir, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lökbatan qəsəbəsində yerləşən X9 tanımadığı şəxsdən 10 manata almışdır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Üzərində aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmişiclasında tədqiq edilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirlilik məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində onun 2-ci qrup əlil olması, mühraibə veteranı olması himayəsində azyaşlı övladlarının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş 05 ay 07 gün hissəsinə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2023-cü il tarixli, 5198 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,293 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 180 manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə istintaqı dövründə göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş 05 ay 07 gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə qaldığı 08 ay 07 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,293 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımlarlar bağlı 180 (yüz səksən) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 və 180 (yüz səksən) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar