Məhkəmə qərarları › İş №1(002)-260/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-260/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-260/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 21 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt daş karxanasının yaxınlığında “Orbita” adlanan ərazidə saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİnin inzibati binasına gətirilərək həmin gün saat 16:45 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ tərəfində yerləşən kiçik ölçülü əşyalar üçün nəzərdə tutulmuş cibindən bir ədəd qızılı rəngli siqaret kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işləmir, arada özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir. Təxminən 4-5 ay olar ki, narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Təxminən 4-5 gündən bir istifadə etdiyi üçün Bakı şəhərində “Kubinka” deyilən əraziyə gedib orada tanımadığı şəxslərdən narkotik vasitə əldə edir. Heroini falqada yandırıb tüstünü çəkmə yolu ilə qəbul edir. 2021-ci ilin aprel ayının 20-də “Kubinka” deyilən yerə getmiş, orada əvvəllər tanımadığı, xarici görünüşündən narkomana oxşayan bir şəxsə yaxınlaşıb söhbət etməyə başlamış, söhbət zamanı onun da narkotik istifadə etdiyini bilmiş və özü üçün “kakos” yəni heroin tapmağını xahiş etmişdir. Həmin şəxsə 10 manat vermiş, bir neçə dəqiqədən sonra həmin şəxs gəlib ona 01 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan heroin vermiş və uzaqlaşmışdır. Bundan sonra o, yaşadığı evə qayıtmış, səhəri günü, yəni 21 apreldə narkotik vasitəni istifadə etmək üçün boş sahə axtarmışdır. Bu məqsədlə Qızıldaş qəsəbəsi, Gülbaxt daş karxanasının yaxınlığında “Orbita” deyilən əraziyə getmış, orada narkotik vasitə istifadə etmək üçün münasib yer axtaran zaman saat 15:45 radələrində 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları kimi özlərini təqdim etmiş və onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinə gəlmiş, Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrimin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur, o, əynindəki qara rəngli cins şalvarın sağ tərəfində yerləşən kiçik əşyalar üçün nəzərdə tutulmuş cibində olan bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2021-ci ilin aprel ayının 20-də tanımadığı şəxsdən 10 manata aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən 90 manat pul, siqaret və alışqan aşkar edilərək özünə qaytarılmış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq 46 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmişdir, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 21.04.2021-ci il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid1 Qaradağ RPİ-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 rəhbərliyi altında ikisindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl qrupun rəhbəri Şahid1 tərəfindən ona davranış xətti izah olunmuşdur. 21 aprel 2021-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbax daş karxanasının yaxınlğında “Orbita” adlanan yerdə bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən adını, soyadını və atasının adını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Qaradağ RPİ-nə gətirmişlər. RPİ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şahid1 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş Şahid1 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, bir gün əvvəl Bakı şəhərində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 90 manat pul, bir ədəd siqaret və alışqan aşkar edilərək özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə məhkəmə baxışı zamanı Şahid1 məhkəmə iclasında dindirilmiş digər Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 9, 18); Şəxsi axtarış və götürmə aparılması haqqında 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızından olan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesb edilən “kakos” olduğunu, həmin maddəni dünən axşam Kubinka adlanan yerdə, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan başqa vətəndaş Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 90 manat pulu, əynində olan qara rəngli qolsuz sırıqlı gödəkçənin sağ yan cibindən 01 qutu “West” siqareti və alışqan çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qızılı rəngli kağıza bükülmüş kütlə zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmış, 90 manat pul, siqaret və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. (i.v. 27-28) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2021-ci il tarixli 6/1578 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 1 bükümdə təmiz çəkisi 0.353 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,353 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,303 qram. (i.v 38-40) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 52-53) 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rauf Xalıqzadənin 23.04.2021-ci il tarixli vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş Müvəqqəti Saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 69-70) Qətimkan tədbiri seçmə barədə 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 71-72) Qaradağ rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 5(002)-117/2021 nömrəli qərardan görünür ki, Qaradağ RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “əməliyyat-axtarış” tədbirlərinin həyata keçirilməsinə dair 21 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 may 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X9 X2 Ekspert Komissiyasının 28 aprel 2021-ci il tarixli, 1289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.83-84) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X9 Məhkəmə Psixiatrik Ekspertizasının 05 may 2021-ci il tarixli 975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi Xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin pxisopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı pxisi xətəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. (i.v.86- 87) Sübutların qiymətləndirilməsi haqqında 01 aprel iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Repsublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünüm etiraf xarakterli ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi, ambulator məhkəmə psxiatrik və məhkəmənarkoloji ekspertizalarının rəyləri və şəxsi axtarış zamanı çəkilmiş video çəkiliş iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.353 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroini iş üzrə maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 01 ədəd bükümündə 0.303 qram olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən narkotik vasitəni əldə etməsi xüsusatı üzrə cinayət işinin materiallarından narkotik vasitənin əldə olunduğu mənbənin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün material ayrılması qərara alınmışdır. (i.v. 96-101) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir 29.11.2005-ci il təvəllüdlü Könül adlı azyaşlı və bir 26.09.2009-cu il təvəllüdlü Aysu adlı azyaşlı olmaqla iki övladı vardır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2005-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM 59.2), himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla ümumlikdə iki övladının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 21 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı – 0,303 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114.00 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar