Məhkəmə qərarları › İş №1(002)-264/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-264/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-264/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində ünvan 2 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Qaradağ rayon X1 mərkəzi kitabxanasının pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq direktorun otağına qanunsuz daxil olmuş, otaqdakı şkafdan bir ədəd 1977,68 manat dəyərində “HP” markalı notbuku və bir ədəd 50 manat dəyərində notbuka aid çantanı ümumilikdə zərərçəkmiş Qaradağ rayon mərkəzləşdirilmiş kitabxana sisteminə məxsus 2027,68 manat dəyərində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 14 mart 2023-cü il tarixdə gecə saat 03:00 radələrində piyada Lökbatan qəsəbəsində mərkəzdəki Mədəniyyət evinin yanına gəlmiş, içəri daxil olmuş, oradan isə mədəniyyət evinin arxa tərəfində olan həyətinə keçmişdir. Kitabxananın pəncərəsindən içəri baxdıqda masanın üzərində kompüter və başqa əşyaların olmasını görmüşdür. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Şüşə pəncərəni yerdən tapdığı daş parçası ilə sındırmış, əli ilə pəncərəni şüşə qırıntılarından tamamilə təmizlədikdən sonra otağa keçmiş, “HP” markalı notbuku çantası ilə birlikdə götürmüş, gəldiyi kimi də pəncərədən çıxmışdır. Növbəti gün oğurladığı notbuku satmaq üçün 20 Yanvar metro stansiyasının yaxınlığına gəlmişdir. “Şamaxinka” adlanan ərazidə fəaliyyət göstərən mağazalardan birinə yaxınlaşmış, sürücülük vəsiqəsinin surətini təqdim edərək notbuku orada 80 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Notbuku satarkən özünə məxsus olduğunu demişdir. Kitabxanadan bir ədəd “HP” markalı notbuku təkbaşına oğurlamış, digər əşyalardan xəbəri yoxdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə baxış məqsədilə polis əməkdaşları tərəfindən notbuku satdığı mağazaya aparılan vaxt notbuk həmin satdığı yerdə olmuşdur. Daha sonra əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən Bakı şəhəri Mədəniyyət Baş İdarəsi Qaradağ rayonu X1 direktoru işləyir. 13 mart 2023-cü il tarixdə axşam saat 18:00 radələrində o, iş yerindən çıxıb yaşadığı evə getmişdir və çıxarkən qapını bağlamışdır. Səhər tezdən işə gələndə mədəniyyət evinin bağbanı Asif işçilərə onun otağının pəncərəsinin sındırıldığını və otaqdan oğurluq olması barədə məlumat vermişdir. O da saat 10:30 radələrində iş yerinə gəlmiş, pəncərənin sındırıldığını və otaqdan 1298 manat dəyərində “HP” pro kompüter dəstinin, 1977,68 manat “HP” notbukun, 51,92 manat dəyərində “Panasonic” markalı telefonun oğurlandığını müəyyən etmişdir. Oğurlanan əşyalardan başqa otaqdan bir ədəd 743,40 manat dəyərində “Canon” markalı printer də çıxarılmış həmin notbuk həyətdə tapılmışdır. Oğurlanan “HP” markalı notbuk bir ədəd parça materialdan olan çantanın içərisində olmuşdur. Həmin çantanın qiyməti 50 manatdır. Baş vermis hadisə nəticəsində kitabxanaya 4121 manat maddi ziyan dəymişdir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onlara dəymiş zərərin ödənilmədiyini, həmin zərərin ödənilməsini tələb etdiyini və aralarında barışıq əldə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Bakı şəhəri Mədəniyyət Baş İdarəsi Qaradağ rayon mərkəzləşdirilmiş kitabxana sistemində şöbə müdiri işləyir. 14 mart 2023-cü il tarixdə səhər tezdən işə gəlmişlər, mədəniyyət evinin bağbanı onlara direktorun otağının pəncərəsinin sındırılması barədə məlumat vermişdir. Otağın qapısını açanda pəncərənin sındırıldığını görmüşlər və Mədəniyyət evinin polis əməkdaşına baş vermiş hadisəni bildirmiş, o isə bu barədə ərazi üzrə polis şöbəsinə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, otaqdan bir ədəd “HP” markalı personal kompüter dəsti, bir ədəd “HP” markalı notbuk, bir ədəd də “Canon” markalı printer aparatının oğurlandığını aşkar etmişlər. “Canon” markalı printer aparatı polis əməkdaşları tərəfindən mədəniyyət evinin həyətindən tapılaraq onlara təhvil verilmişdir. Otağın pəncərəsi sındırılmasında istifadə olunmuş daş parçası otaqda yerə olmuşdur. İş üzrə şahid qismində tanınmış Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4, digər Şahid3 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosundan “Şamaxinka” adlanan əraziyə tərəf gedən yolun sağ tərəfində “EL-Telecom” mağazasının içərisində lombardda girov qoyulan telefonların qiymətləndirilməsi ilə məşğul olur. Mağazada telefondan başqa notbuk və kompyüterlər də satılır. Eyni zamanda ayrı-arı şəxslər tərəfindən mağazaya gətirilən notbuklar və telefonlar dükanda işləyən işçilər tərəfindən alınır. 2023-cü ilin mart ayında onun işlədiyi mağazaya Xəyyam adlı şəxs tərəfindən bir ədəd notbuk satılmışdır. Notbuk mağazaya satılandan bir iki gün sonra başqa bir müştəriyə 90 manata satılmışdır. 2023-cü ilin aprel ayında işlədikləri “EL-Telecom” mağazasında olarkən bir neçə nəfər polis əməkdaşı dükana gəlmişlər. Onlar dükanda işləyən Şahid2la onların işlədikləri dükana notbuk satılıb-satılmaması ilə maraqlanmışlar. Onlar da 2023-cü ilin mart ayında aldıqları notbukların siyahısına baxdıqda orada Təqsirləndirilən şəxs dükana bir ədəd “HP” markalı notbuk satması barədə onun özü tərəfindən yazılmış sürücülük vəsiqəsinin surətini görmüşlər. Həmin vərəqdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsi də yazılmışdır. Polis əməkdaşlarından öyrənmişlər ki, həmin notbuk Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində kitabxanadan oğurlanmışdır. Həmin notbukun oğurluq olmasından məlumatları olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışlar. Onunla heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs satdığı notbuk bir ədəd qara rəngli parça materialından olan çantanın içərisində olmuşdur. Notbuku həmin çantası ilə birlikdə satmışlar. Xəyyam onların işlədiyi dükana bir ədəd “HP” markalı notbukdan başqa heçnə satmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 30 mart 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qaradağ rayon X1 mərkəzi kitabxanasının direktoru Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 23-24-cü vərəqələrində olan DİN-in KTİ-nin xx.xx.2023-cü il tarixli, 3- 13/2-3822/2023 nömrəli məktubdan görünür ki, Qaradağ rayon X1 mərkəzi kitabxanasından baş vermiş oğurluq hadisəsi zamanı hadisə yerindən götürülmüş əlbarmaq izləri Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 42-ci vərəqəsində olan 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan 10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan qətimkan tədbiri seçilməsi barədə 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 72-74-cü vərəqələrində olan könüllü təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid2 “tarix xx.xx.2023; Model Notebook HP Əlaqə 070 337 00 37 İmza...” yazıları olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin kserosurətini təqdim edərək xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs bir ədəd “HP” markalı notbuku onun işlədiyi mağazaya satmasını təsdiq etmişdir. Cinayət işinin 77-78-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və cinayət işinin 132—140-cı vərəqələrində olan Azərbaycan Respublikası adından Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2004-cü-ci il tarixli hökmü ilə CM-nin 32.2, 120.2.1, 32.2,120.2.4, 221.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən 1 il 3 ay 28 gün müddətində vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə tutulması barədə qərar qəbul edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Qaradağ RPİ-nin 10cu PŞ-yə gətirilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə icraatı dayandırılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 tərəfindən təqdim edilmiş 02 ədəd DVD disk götürülmüşdür. Cinayət işinin 106-cı vərəqəsində olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mərkəzləşdirilmiş kitabxananın yaxınlığında qeydə alındığını, görüntülərdəki piyada hərəkət edən şəxsin onun özü olduğunu, əlindəki əşyanın isə bir ədəd çantanın içərisində “HP” markalı notbuk olmasını və həmin notbuku xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Qaradağ rayon X1 mərkəzi kitabxanasının direktorunun otağından oğurladığı notbuk olmasını bildirmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-128-ci vərəqələrində olan ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində S.Orucov küçəsində yerləşən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Qaradağ rayon X1 mərkəzi kitabxanasının pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq direktorun otağına daxil olmasını, otaqdan bir ədəd “HP” markalı notbuku çantası ilə birlikdə oğurladığı yeri göstərmişdir Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 16 iyun 2023-cü il tarixli, 1671 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs davamsız emosional şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarından məhrum etsin. Hal hazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 145-153-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınmış, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə qeydə alınmış Təqsirləndirilən şəxs video görüntüsünü əks etdirən bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizasının 16 iyun 2023-cü il tarixli, 6/6466 rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan Qaradağ rayon X1 mərkəzi kitabxanasından "HP pro" markalı kompüter dəsti və "Panasonic" markalı telefon aparatının oğurlanması faktı ilə bağlı hazırda icraatda olan cinayət işindən material ayrılaraq hüquqi qiymət verilməsi və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilmiş, bir ədəd "HP" markalı noubukun qiyməti 1977,68 manat, çantanın qiyməti isə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi 50 manat məbləğində qəbul edilsmiş, dəymiş ziyanın həddi həmin ifadə ilə hesablanmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən X.A.İrafilovun ifadələri, şahid ifadələri, ifadələrin yerində yoxlanması və baxış keçirilməsi haqqında protokollar və cinayət işinin materiallarına əlavə edilmiş digər ibtidai araşdırma sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 185-187-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və sonuncunun 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 41 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 246 (iki yüz qırx altı) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək yəni 02 (iki) gün tutulduğu müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 24 may 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar