Məhkəmə qərarları › İş №1(002)-265/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-265/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-265/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada fəhlə işləyən, İİ qrup əlil, Şəmkir rayonu Mahmudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 26 mart 2024-cü il tarixdə saat 23 radələrində, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin 4-cü sırasının 3-cü korpusunda yerləşən 72 T nömrəli “CHANEL” adlı mağazanın dam örtüyünü qırıb saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər biri 50 manat olmaqla 5100 manat dəyərində-102 ədəd “Natalia” markası və üzərində “L6766D” seriyası olan qara rəngli, 54 ölçülü, üzərində ağ naxışlı xəttlər olan qadın donu, hər biri 30 manat olmaqla, 1290 manat dəyərində 43 ədəd “Natalia” markası və üzərində “S4913”seriyası olan qara rəngli, 58 ölçülü, üzərində naxışlı xəttlər olan qadın donu, hər biri 50 manat olmaqla, 9750 manat dəyərində 195 ədəd “Natalia” markası və üzərində “L7404A-74”seriyası olan qara rəngli, 56 ölçülü, üzərində müxtəlif rəngli naxışlı xəttlər olan qadın donu, hər biri 50 manat olmaqla 1350 manat dəyərində 27 ədəd “Natalia” markası və üzərində “L3928-4” seriyası olan qara rəngli, 58 ölçülü, üzərində ağ rəngli naxışlı xəttlər olan qadın donu, hər biri 50 manat olmaqla 1600 manat dəyərində 32 ədəd “Natalia” markası və üzərində “L7159- 63”seriyası olan qara rəngli, 52 ölçülü, üzərində ağ-qəhvəyi rəngli naxışlı xəttlər olan qadın donu, hər biri 50 manat olmaqla 500 manat dəyərində 10 ədəd “Natalia” markası və üzərində “L7219G”seriyası olan yaşıl rəngli, 54 ölçülü, üzərində qara rəngli naxışlı xəttlər olan qadın donu, hər biri 30 manat olmaqla 180 manat dəyərində 06 ədəd “Natalia” markası və üzərində “S4913”seriyası olan, 56 ölçülü, ağ rəngli qadın donu, hər biri 25 manat olmaqla 875 manat dəyərində-35 ədəd “Natalia” markası və üzərində “S230911” seriyası olan, 50 ölçülü, qara rəngli üzərində ağ naxışlı xəttlər olan qadın donu, ümumilikdə Zərərçəkmiş şəxs 20.645 manat dəyərində müxtəlif ölçüdə və markada qadın geyim əşyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhəkə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Binə” ticarət mərkəzində gecələyir və səhər vaxtı orada araba sürərək gündəlik dolanışığını təmin edir. Onun əvvəllər tanıdığı, Vasif adlı arabaçı yoldaşı axşam saat 7-8 aralığında ona daşımaq üçün mallar olduğunu və onu arabaya yığıb aparmağa kömək etməsini bildirmişdir. Oda Vasifə kömək etmək üçün malları arabaya yığaraq onun dediyi mağazaya aparmışdır. Vasif özü isə 5-ci sıra ilə gəlmişdir ki, özü kameraya düşməsin. Sonra Vasif on paket maldan iki paketini ona vermiş, həmin paltarları aparıb Şəmkir rayonunda satıb gəlməsini və ona da pul verəcəyini bildirmişdir. O da gecə Qazax avtobusu ilə malları götürərək öz rayonu olan Şəmkir rayonuna gedərək orada olan bazarda malları sataraq 1300 manat pul əldə etmişdir. Sonra həmin gün o, Bakıya qayıtmış və bazara gələn zaman polislər onu tutub bölməyə aparmışlar. Bölmədə üzərinə baxış keçirilən zaman aşkar edilmiş 1300 manat pulu götürmüşlər. Onun oğurluqdan xəbəri olmamış bütün işləri Vasif etmiş o sadəcə həmin malları daşımaqda ona kömək etmişdir. O əvvəllər Vasifə 500 manat borc verdiyini və onunla bir dəfə də söyüş üstündə dalaşıb sonra barışdıqlarını qeyd etmişdir. O öz ifadəsində əlavə olaraq törətdiyi əməldən peşman olduğunu, özünün kimsəsiz və xəstə olduğunu, zərərçəkmiş şəxs barışıq ərizəsi versə içəridən çıxandan sonra ona yığılmış pensiyasında 2000 manat ödəyəcəyini, qalan borcunu isə ayda 500 manat ödəməyə hazır olduğunu bildirərərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, evi olmadığı üçün Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində gecələyir və səhər vaxtı orada araba sürərək gündəlik dolanışığını təmin edir. Təxminən 4-5 il olar ki, Vasif adlı şəxsi Binə ticarət mərkəzindən tanıyır. Əvvəllər də Vasif adlı şəxs bazarda araba sürürdü, daha sonra bir neçə dəfə oğurluq etdiyi üçün bazar rəhbərliyi tərəfindən araba sürməyə icazə verilməyib. Bir neçə gün bundan əvvəl Vasif ondan pul istəyərək ona bildirmişdir ki, həmin pulu “Binə” ticarət mərkəzində yerləşən mağazların birindən oğurluq edərək əldə etdiyi gəlirdən ona da verəcək. xx.xx.2024-cü il tarixdə əvvəllər Şəmkir rayonunda olan zaman Beynəlxalq bankdan 2000 manat kreditə pul götürmüşdür və həmin pulun 500 manatını Vasif adlı şəxsə vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Vasif ona bir mağazadan paltar götürərək oğurluq edərək pul qazanacağını bildirmişdir və onunla razılaşmışdır. Həmin gün saat 23 radələrində o, Vasiflə birlikdə Binə ticarət mərkəzində 5ci sıra 4-cü korpus 5 nömrəli mağazanın yanına gəlmişdir, Vasif mağazanın damını kəsmişdir, qapının zəncirli qıfılını vintaçan ilə arxadan açmışdır. O da anbarda olan malları Vasifin göstərdiyi 4-5-ci sıranın arasındakı boş mağazaya yığmışdır. Səhəri gün mallardan iki paket götürüb Şəmkir rayonuna getmişdir və orada həmin malları tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Daha sonra növbəti günü Bakı şəhərinə qayıtmışdır. Binə ticarət mərkəzinə girən zaman polis əməkdaşları ona yaxınlaşaraq, oğurluqla bağlı şübhəli şəxs olduğumu bildirmişlər. O da Vasiflə birlikdə oğurladığı geyim əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Ona verilmiş əlavə olaraq suallara cavab olaraq oğurluq hadisəsini Şahid ilə birlikdə etməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 ildən artıqdır ki, Binə ticarət mərkəzində ticarətlə məşğul olur. Binə ticarət mərkəzində 4-cü sıra 3-cü korpus 72T saylı mağazada qadın geyimlərinin satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində evdə olduğu zaman bazarda mühafizəçi işləyən şəxs onunla əlaqə saxlayaraq mağazanın qapısının kilidinin naməlum şəxs(lər) tərəfindən sındırılaraq içəridən oğurluq hadisəsinin olması barədə məlumat verdi. Daha sonra axşam saatlarında mağazaya gedən zaman orada oğurluq hadisəsinin baş verməsini müəyyən etmişdir. Anbardan ümumilikdə 20.695 manat məbləğində qadın geyim əşyaları oğurlanması barədə bildirmişdir. O öz ifadəsində daha göstərmişdir ki, polis bölməsində Təqsirləndirilən şəxs satdığı mallara görə üzərindən aşkar edilmiş 670 manat nağd pul verilmiş, bundan başqa 5000 manat dəyərində isə oğurlanmış paltarları qaytarılmış, qalan ziyan isə ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini bildirmişdir ki, vətəndaş İsmayılova Tofiqǝ Ramazan qızının etdiyi müraciətlə tanış olmuşdur. Yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda gündəlik dolanışığını təmin etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində asılqan satışı ilə məşğulur və şəhərin müxtəlif yerlərindən asılqanları gətirib “Binə” ticarət mərkəzində satır. Təxminən 4-5 il olar ki, Yaşar adlı şəxsi “Binə” ticarət mərkəzindən bazarda araba sürürən biri kimi tanımışdır. Yaşarın onun barəsində oğurluqla bağlı dediyi məlumatlar həqiqətə uyğun deyil. Həmçinin o, Yaşardan 500 manat borca pul almamışdır. Yaşarın onun barəsində dedikləri yalandır, o heç bir oğurluq hadisəsi törətməmiş və heç kimə köməklik etməmişdir. Əgər belə bir hadisə törətsəydi bazarda olan çox saylı kameralar vasitəsi ilə bunu müəyyən etmək olardı. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 28 mart 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə Ticarət Mərkəzi”-nin 5-ci sıra 4-cü korpusunda 5 nömrəli mağazadır. Mağazanın qapısı şüşə materialdadır, qapının alt qıfılları yerində çıxarılmışdır, qapıdan girişdən sol tərəfdə tavanın lambirini kəsilmiş vəziyyətdədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, 29 mart 2024-cü il tarixdə protokoldan aydın olur ki, ilkin təhqiqat zamanı cinayət törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs iştirakı ilə oğurlanmış geyim əşyalarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, geyim əşyaları Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə Ticarət Mərkəzi"nin 5-ci sıra 4-cü korpusunda 5 nömrəli mağazaya yığılmışdır. Mağaza səliqəsiz vəziyyətdə olmaqla fəaliyyət göstərmir. Baxış zamanı Təqsirləndirilən şəxs mağazanın içəri hissəsindəki otaqda səliqəsiz vəziyyətdə yığılmış ümumilikdə 447 ədəd müxtəlif markalı və çeşidli qadın geyimlərini təqdim edərək həmin paltarları 5 saylı mağazadan oğurladığını, paltarlardan bir qədərini Şəmkir rayonu ərazisində satdığını bildirmiş, həmçinin üzərində olan 670 manat pulu çıxarıb təqdim edərək paltarların satışından əldə etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 22 aprel 2024-cü il tarixli, 1089 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törtədiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 07 iyun 2024-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Yüngül dərəcəli əqli muşahidə edilirmi? gerilik (orta debillik dərəcəsində oliqofreniya)» formasında kəmağıllıqdan əziyyət çəkdiyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu yüngül dərəcəli əqli gerilik nəticəsində təqsirləndirildiyi cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsində göstərilir ki, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. 22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 9/2608 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən geyim əşyalarının yeni vəziyyətdə 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 335,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli №146 arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon, Mahmudlu kənd inzibati ərazi dairəsində daimi qeydiyyatda olmaqla uzun müddətdir ərazidə yaşamır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli № 147 arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon, Mahmudlu kənd inzibati ərazi dairəsində daimi qeydiyyada olmaqla yaşayan yaxın qohumları yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş. Şəxs Gəncə şəhəri Əsəb Dispanserində qeydiyyatdadır. Şəxs müsbət xarakterizə olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini Şahid ilə birgə törətdiyini bildirsədə məhkəmə araşıdrması zamanı bu hal öz təsdiqini tapmamışdır. Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən 01 avqust 2024-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan aydın olur ki, Şahid həmin cinayət hadisəsini törədilməsində iştirakını təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və İİ qrup əlil olmaqla xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə saat 18:00-da tutulmuş və onun barəsində Qaradağ Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi subut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus 447 ədəd qadın geyiminin ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 29 mart 2024-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi subut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus 447 ədəd qadın geyimlərinin ona qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üz yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar