Məhkəmə qərarları › İş №1(002)-266/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-266/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-266/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1994-cü ildə Zərdab rayonu, Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), Zərdab rayonu, Çallı ərazi dairəsi, Çallı kəndində qeyydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13.04.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Qazax yolunun 30cu kilometrində yerləşən "xxxx" MMC-nin giriş hissəsinin 50 metr yaxınlığındakı ərazidən Zərərçəkmiş şəxs məxsus 850 manat dəyərində 01 ədəd dəmir qarajı zəng edib çağırdığı "xxxx" MMC-nin sürücüsü Şahid1 idarə etdiyi “İsuzu” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilinə yüklətdirərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 850 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərdab rayonu, Çallı ərazi dairəsi, Çallı kəndində qeydiyyatdadır, ünvan 1 ünvanında ailəsi ilə kirayədə yaşayır, himayəsində iki azyaşlı övladı olsa da maddi imkansızlıq səbəbindən uşaqlardan birinin doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Qaradağ rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə barəsində cinayət işinə baxılıb və 05.05.2021-ci il tarixdə hökm çıxmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bakı-Qazax yolunun 30cu km-də yerləşən "xxxx" MMC-nin yaxınlığında dəmir qaraj görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, həmin qarajı oğurlayıb Lökbatan qəsəbəsində metal qəbuletmə məntəqəsinə təhvil verib qazanc əldə etsin. Buna görə o, 13.04.2021-ci il tarixdə təxminən saat 16 radələrində istifadəsində olan mobil nömrəsindən əvvəllər tanış olduğu 156 daşıma xidmətində sürücü işləyən evakuator avtomobilinin sürücüsünə zəng edib Qaradağ rayonu, Sahil qəsəbəsindən dəmir qarajı Lökbatan qəsəbəsində yerləşən metal qəbuletmə məntəqəsinə aparmasını xahiş etmiş və bu işə görə 100 manata sürücü ilə razılaşmışdır. Həmin gün təxminən saat 17:30 radələrində 156 xidmətində işləyən Asim adlı sürücü Gəmiqayırma Zavodunun qarşısına gəlmiş və o, Asimin avtomobilinə əyləşib dəmir qarajın qarşısına sürdürmüşdür. Həmin vaxt təxminən saat 18 radələri olarmış. Evakuator avtomobilinin sürücüsü dəmir qarajı təxminən 20 dəqiqəyə avtomobilin yük yerinə yükləmiş və onlar Lökbatan qəsəbəsinə yola düşmüşlər. Onlar Lökbatan-Puta yolunda olanda, sürücünün mobil telefonuna şirkətin ofisindən zəng gəlmişdir ki, avtomobildə olan dəmir qaraj oğurluqdur. O, sürücüyə demişdir ki, şirkətdən zəng edən şəxsin mobil nömrəsini versin, görsün ki, həmin şəxs kimdir. Beləliklə o, sürücü Asimdən şirkətdən zəng edən şəxsin nömrəsini alıb danışmış, sonra qarajın sahibi Ceyhun adlı şəxsin mobil nömrəsinə zəng edir kimi özünü qələmə verib yalandan danışmışdır. O, evakuator avtomobilinin sürücüsünə demişdir ki, onun avtomobilində olan qaraj onların dediyi qaraj deyil, avtomobili metal qəbuletmə məntəqəsinə sürsün. Elə bu zaman əyləşdiyi avtomobili bir avtomobil saxlatdırmışdır. Həmin avtomobildə olan şəxslər polis əməkdaşları olmuşdur. Onları əvvəlcə Qaradağ RPİ-nin qarşısına, sonra isə Qaradağ RPİnin 38-ci PB-nə aparmışlar. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayəti törətmişdir. O, dəmir qarajı oğurlamağı barədə evakuator avtomobilinin sürücüsünə bildirməmişdir, sürücüyə demişdir ki, qaraj özünə məxsusdur. O, dəmir qarajı oğurlayıb evakuator avtomobilinə yüklətdirərkən yaxınlıqdakı şirkətdə işləyən gözətçi işləyən tanımadığı bir şəxs ona yaxınlaşıb dəmir qarajı aparmağı barədə dəmir qarajın sahibinin məlumatının olub-olmaması barədə soruşmuş, o da həmin şəxsə demişdir ki, bəli, dəmir qarajı aparmağı barədə sahibinin məlumatı vardır. Bundan sonra həmin şəxs çıxıb getmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır, himayəsində iki azyaşlı uşağı vardır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "xxxx" MMC-nin ətrafında olan ağaclara fərdi olaraq bağbanlıq edib çörək pulu qazanır. O, təxminən 4-5 ay bundan əvvəl dəmir lövhədən qaraj düzəltdirib "xxxx" MMC-nin yaxınlığındakı torpaq sahəsinə qoymuşdur. Həmin qarajın qapıları asma qıfıl ilə bağlanırmış. O, həmin qarajın içərisinə ağacları belləmək üçün istifadə etdiyi bel, dırmaq və sair əşyaları qoymuşdur. Lakin baş vermiş oğurluqdan bir gün əvvəl qarajın içərisində olan həmin bel, dırmaq və sair əşyaları görtürüb yaşadığı ünvana aparmışdır ki, həyətdə olan ağacların dibini belləyib səliqəyə salsın. İşin mahiyyəti üzrə bildirmişdir ki, 13.04.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Sahil qəsəbəsində olarkən "xxxx" MMC-də gözətçi işləyən Xəyyam onun istifadəsində olan mobil nömərəsinə zəng vurub demişdir ki, MMC-nin yaxınlığındakı ona məxsus dəmir qarajı 156 daşıma xidmətinə məxsus evakuator avtomobilinə yükləyib aparıblar. Həmin qarajı evakuator avtomobilinə yükləyib aparanda o, həmin şəxslərə yaxınlaşıb soruşmuşdur ki, qarajı aparmaları barədə Ceyhunun, yəni onun məlumatı vardırmı? Orada evakuator sürücüsü və sonradan adının Ruslan olduğunu bildiyi şəxs olmuşdur. Ruslan adlı şəxs isə qarajı aparması barədə onun məlumatının olduğunu ona demişdir. O isə Xəyyama bildirmişdir ki, dəmir qarajı aparmaq barədə heç kimə icazə verməmişdir. O, dərhal 156 daşıma xidmətinə zəng vurub Sahil qəsəbəsi ərazisindən ona məxsus dəmir qarajın onların şirkətinə məxsus evakuator avtomobili vasitəsilə oğurlanmasını bildirmişdir. Bundan sonra o, Qaradağ RPİ-nin 38-ci PB-nə gedib dəmir qarajının oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Təxminən saat 21 radələrində onun mobil telefonuna 38-ci PB-dən zəng vurub demişlər ki, ona məxsus oğurlanmış dəmir qaraj 38-ci PB-nin həyətindədir, oğurluq etmiş şəxs saxlanılmışdır. O da 38-ci PB-nə getmiş və ona məlum olmuşdur ki, ona məxsus dəmir qarajı Sahil qəsəbəsi sakini Ruslan adlı şəxs oğurlamışdır. Bundan sonra həmin dəmir qarajı evakuator sürücüsü qaytarıb yerinə düşürtmüşdür. Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd dəmir qaraj ona məxsusdur və bu barədə hər hansı bir sənədi yoxdur. Çünki həmin dəmir qarajı o, dəmir lövhələrdən qaynaqçıya düzəltdirmişdir. Ona məxsus 01 ədəd dəmir qaraj oğurlanarkən içərisində hər hansı bir əşya olmamışdır. Ona məxsus 01 ədəd dəmir qaraj təxminən 1000 manat dəyərindədir. O, ilkin olaraq dəmir qarajının oğurlandığını görüb əsəbi vəziyyətdə olduğundan dəymiş ziyanın 2000 manat olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 156 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. İdarə etdiyi avtomobil “İsuzu” markalı ** JY *** dövlət qeydiyyat nişanlıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 13.04.2021-ci il tarixdə təxminən saat 16 radələrində o, işdə olarkən onun istifadəsində olan ***-***-**-** CSM nömrəsinə ***-***-**-** CSM nömrəsindən zəng gəlmişdir. Həmin şəxs adının Ruslan olduğunu, Qaradağ rayonu, Sahil qəsəbəsindən Lökbatan qəsəbəsində yerləşən metal qəbuletmə məntəqəsinin qarşısına dəmir qaraj aparmaq lazım olduğunu demişdir. O da həmin şəxsə demişdir ki, bu işə görə ondan 100 manat pul alacaq. Həmin gün təxminən saat 17:30 radələrində o, Gəmiqayırma Zavodunun qarşısına gəlmiş və Ruslan adlı şəxs onun idarə etdiyi avtomobilə əyləşib yaxınlıqda olan dəmir qarajın qarşısına sürdürmüşdür. Yaxınlıqda şirkət olmuşdur. Həmin vaxt təxminən saat 18 radələri olarmış. O, təxminən 20 dəqiqəyə dəmir qarajı avtomobilin yük yerinə yükləmişdir. O, dəmir qarajı evakuatora yükləyərkən yaxınlıqdakı şirkətdə gözətçi işləyən bir kişi Ruslana yaxınlaşıb dəmir qarajı aparmağı barədə Ceyhuna deyib-deməməsi barədə soruşmuşdur. Lakin o, qarajı evakuatora yüklədiyi üçün Ruslanın həmin gözətçiyə nə dediyini eşidə bilməmişdir. Bundan sonra gözətçi işlədiyi şirkətə getmişdir. O, dəmir qarajı idarə etdiyi avtomobilə yüklədikdən sonra avtomobili Lökbatan qəsəbəsi istiqamətinə sürmüşdür. Onlar Puta-Lökbatan yolunda olanda onun mobil telefonuna işlədiyi şirkətin ofisindən zəng gəlmişdir ki, avtomobildə olan dəmir qaraj oğurluqdur, buna görə də o, avtomobili saxlamışdır. O dəmir qarajı avtomobilə yüklətdirən Ruslan adlı şəxsə demişdir ki, işlədiyi şirkətdən ona zəng vurub demişlər ki, avtomobildə olan dəmir qaraj oğurluqdur. Ruslan isə ona demişdir ki, qaraj oğurluq deyil, şirkətdən ona səhv deyiblər. Ruslan ondan şirkətin mobil nömrəsini alıb danışdıqdan sonra özünü avtomobilin sahibinə zəng vururmuş kimi göstərib kiminləsə danışmış və sonra demişdir ki, onun avtomobilində olan qaraj onların dediyi qaraj deyil, avtomobili metal qəbuletmə məntəqəsinə sürsün. O, Ruslanın sözünə inanıb avtomobili hərəkətə gətirmişdir. Onlar Lökbatan qəsəbəsinə çatmağa az qalmış polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatdırmışlar. Polis əməkdaşları Ruslandan qarajı haradan gətirdiyi və qarajın sənədləri barədə soruşanda Ruslan polis əməkdaşlarına demişdir ki, başqasının dəmir qarajını səhvən avtomobilə yüklətdirmişdir. Polis əməkdaşları onları əvvəlcə Qaradağ RPİ-nin qarşısına, sonra isə Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. 38-ci PBdə məlum olmuşdur ki, Ruslan həmin dəmir qarajı oğurlayıb onun avtomobilinə yüklətdirmişdir. O, 38-ci PB-də izahat verib bildirmişdir ki, sürücüdür, Ruslan adlı şəxs ona sifariş verib Sahil qəsəbəsinə çağırıb. Təqsirləndirilən şəxs, yəni dəmir qarajı onun avtomobilinə yüklətdirən şəxs ona demişdir ki, həmin qaraj onun işlədiyi şirkətindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatdadır, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, 6 ildir ki, "xxxx" MMC-də mühafizəçi işləyir. Onun işi "xxxx" MMC-nin giriş qapısında dayanıb MMC-nin ərazisində daxil olub-çıxan şəxslərə, avtomobillərə nəzarət etməkdən ibarətdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 13.04.2021-ci il tarixdə saat 08:00-da işə başlamış, sabahısı gün saat 08:00-da işdən çıxıb evinə getmişdir. 13.04.2021-ci il tarixdə saat 18 radələrində o, "xxxx" MMC-nin giriş hissəsində dayandığı zaman giriş hissədən 50 metr yaxınlıqda olan işlədiyi MMC-də bağban işləyən Ceyhuna məxsus dəmir qarajı 156 xidmətinin evakuator avtomobili sürücüsünün evakuatora yüklədiyini görüb həmin avtomobilə yaxınlaşmışdır. Orada sürücüdən başqa tanımadığı bir nəfər cavan oğlan dayanmışdır. O, həmin cavan oğlandan dəmir qarajı hara aparması, dəmir qarajın sahibi Ceyhunun məlumatı olubolmaması barədə soruşmuşdur. Həmin cavan oğlan ona demişdir ki, Ceyhunun məlumatı vardır, yaxınlıqdan keçən dəmiryolu ilə bağlı iş gedəcəyi üçün dəmir qarajın yerini dəyişirlər. Daha sonra o, oradan uzaqlaşıb xidməti yerinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra o, dəmir qarajın olduğu yerə baxanda görmüşdür ki, dəmir qaraj yerində yoxdur. Bundan sonra o, Ceyhunun mobil nömrəsinə zəng vurub bildirmişdir ki, ona məxsus dəmir qarajı 156 xidmətinin evakuator avtomobilinə yükləyib aparıblar. Ceyhun isə ona bildirmişdir ki, dəmir qarajı aparmaq barədə heç kimə icazə verməmişdir. Həmin gündən bir gün sonra ona məlum olmuşdur ki, Ruslan adlı şəxs həmin dəmir qarajı oğurlamışdır, lakin polis əməkdaşları onu yaxalayıb dəmir qarajı Ceyhuna təhvil vermişlər. Təqsirləndirilən şəxs ona dəmir qaraj barədə Ceyhunun məlumatı olması, yaxınlıqdan keçən dəmiryolu ilə bağlı iş gedəcəyi üçün dəmir qarajın yerini dəyişməsini bildirərkən evakuator sürücü bu sözləri eşitmirmiş, çünki, o dəmir qarajı avtomobilə yükləyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 1997-ci il tarixdən DİO-da, 2017ci tarixdən Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 13.04.2021-ci il tarxdə təxminən saat 19:30 radələrində Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman Qaradağ rayonu Puta qəsəbəsindən Lökbatan qəsəbəsi istiqmətində olan avtomobil yolunda Lökbatan qəsəbəsində yerləşən metal qəbuletmə məntəqəsinin yaxınlığında üzərində dəmir qaraj olan “İsuzu” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmüşlər. Həmin avtomobildə olan sərnişinin onlara şübhəli baxışlarla baxdığını gördükdə onlarda şübhə yaranmışdır. Buna görə də onlar həmin avtomobili saxlatdırıb avtomobildə olan dəmir qarajı haradan gətirdiklərini, qarajın sənədlərinin olub-olmadığını soruşmuşlar. Avtomobilin sürücüsü bildirmişdir ki, o 156 evakuator xidmətində işləyir, sifariş əsasında həmin qarajı Lökbatan qəsəbəsinə aparır. Avtomobildə olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs qarajın ona məxsus olduğunu, lakin hər hansı bir sənədinin olmadığını bildirmişdir. Daha sonra Ruslan bildirmişdir ki, başqasının dəmir qarajını səhvən avtomobilə yüklətdirmişdir. Həmin qarajın oğurluq olmasına onlarda şübhə yarandığından avtomobili Qaradağ RPİ-nin qarşısına sürdürmüşlər. Qaradağ RPİ-nə çatdıqdan sonra onlara məlum olmuşdur ki, sözü gedən qaraj Qaradağ RPİ-nin 38-ci PB-nin ərazisindən oğurlanmışdır, qarajın sahibi Qaradağ RPİ-nin 38-ci PB-də qarajını oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Buna görə də onlar sürücüyə üzərində dəmir qaraj olan “İsuzu” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobili Qaradağ RPİ-nin 38-ci PB-nin qarşısına sürdürüb raport yazaraq sürücü və sərnişin Təqsirləndirilən şəxs 38-ci PB-nə təhvil vermişlər. Orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin qarajı oğurlamışdır. Onlar “İsuzu” markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və Təqsirləndirilən şəxs 38-ci PB-nə apararkən onlara hansısa formada müqavimət göstərməmişlər. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir Şahid4 öz ifadəsində Qaradağ RPİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 9/2504 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 5 metr uzunluğunda, 3 metr enində, 2 metr hündürlüyündə, 5 mm-lik dəmir lövhələrdən hazırlanmış, çöl (xaricində) və iç hissəsində korroziya izləri olan istifadədə olmuş qarajın 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 850 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd dəmir qaraj 04.06.2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qəbul edilmiş qərarla maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 464 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 07 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 464 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının 32 saatını çəkmiş, çəkilməmiş hissəsi 432 saat təşkil edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 14 aprel 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və 15 aprel 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir qarajın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 464 saat ictimai işlər cəzasının çəkilməmiş qalmış 432 saat ictimai işlər cəzası (CM-nin 68.3.2-ci maddəsinə əsasən ictimai işlərin dörd saatı azadlığın məhududlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla) ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir qarajın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar