Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-267/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində kirayə yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)- 133/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq 01 il (bir il) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırki iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 may 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 125 nömrəli avtobusun son dayanacağında yerləşən “təcili foto” adlı mağazada satıcı işləyən Zərərçəkmiş şəxs mağazada olmamasından istifadə edərək, piştaxtanın aşağı hissəsində kağız qutunun içərisində olan 20 ədəd 1 manatlıq “Azercell” danışıq kartlarını və 10 manat nağd pulu gizli talayaraq mağazanı tərk etmək istədikdə Zərərçəkmiş şəxs əmlakın talanmasmı aşkar edərək onu saxlamış, buna baxmayaraq o, əmlakın saxlanılmasından ibarət hərəkətlərinin davam etdirərək, Zərərçəkmiş şəxs bir dəfə yumruqla sifət nahiyəsindən vurmuş, lakin sonuncunun təkidi ilə yenidən mağazaya geri qayıdaraq, şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onu yumruqla vurub dırnaqları ilə qolunu cızaraq boyun və sol said nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs cibindən 150 manat nağd pulunu açıq talayıb, zərərçəkmiş şəxsə cəmi 180 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində ailəsi ilə birlikdə kirayə yaşayırmış. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyırmış. Zaur atası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 125 nömrəli avtobusun son dayanacağında təcili foto mağazası işlədirmiş. Onunla üzbəüz yolun digər tərəfində isə qardaşı Fuad mobil telefon mağazası işlədirmiş. 28 may 2022-ci il tarixdə saat 15 radələrində o, Zaurun işlətdiyi mağazaya gəlmiş və orada Zaurla söhbət etməyə başlamışdır. Bir müddət söhbət etdikdən sonra Zaur mağazadan çıxıb su almağa getmiş, sonuncu mağazaya qayıdan kimi isə onunla sağollaşıb mağazanın qarşısına çıxmışdır. Bu vaxt Zaur onun arxası ilə mağazanın qarşısına çıxıb onu səsləmişdir. O, yerində dayanmış, Zaur ona irad bildirərək mağazada masanın aşağı hissəsində olan qutunun içərisində 20 ədəd 1 manatlıq konturu və 10 manat nağd pulu oğurladığını deyərək, geri qaytarmağını tələb etmişdir. O, Zaura əsəbiləşib, kontur və pul götürmədiyini demişdir. Zaur ona yenidən kontur və pulu qaytarmağını tələb etdikdə o, yumruq ilə Zauru vurub, özündən kənarlaşdırmış və uzaqlaşmaq istəmiş, lakin Zaur yenə də arxası gəlməyə başlamışdır. O, Zaura mağazaya qayıtmasını demiş və özü də mağazaya daxil olmuşdur. Mağazaya daxil olan kimi Zauru yenidən sillə ilə vurub, qollarını dırnağı ilə cızmış, onun üzərinə baxış keçirəcəyini və üzərində pul aşkar etdiyi halda götürəcəyini ona demişdir. Zaur onun hərəkətlərindən qorxub, cibində olan 150 manat nağd pulu çıxarıb ona təqdim etmişdir. O, kontur və 10 manat pulu masanın aşağı hissəsində olan qutunun içərisindən götürmədiyini, Zaura hədə-qorxu gələrək götürdüyü pulu isə şəxsi işlərinə xərclədiyini bildirmişdir. 04 iyun 2022-ci il tarixdə polis əməkdaşlarının onu axtardığını bilmiş və saat 18 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nə gedib törətdiyi əməli etiraf etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Rüstəmov küçəsi, ev 6, mənzil 15-də qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 21 A-da ailəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 125 nömrəli avtobusun son dayanacağında təcili foto mağazasında satıcı işlədiyini, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, onunla arasında heç bir ədavət və düşmənçilik olmadığını, Elvinin qardaşı Fuadın onunla üzbəüz telefon alqı-satqısı mağazasında işlədiyini bildirmişdir. Elvinin də hərdən qardaşının işlədiyi mağazaya gələrək, onunla söhbət etdiyini, lakin uzun müddət ərzində Elvini görmədiyini qeyd etmişdir. 28 may 2022-ci il tarixdə saat 17 radələrində Elvin onun işlədiyi mağazaya gələrək hal əhval tutub söhbət etməyə başlamışdır. Təxminən 1 saat sonra o, su almaq üçün qonşuluqda olan mağazaya getmişdir. O, su alıb geri qayıdan kimi Elvin onunla sağollaşıb mağazadan çıxmaq istədikdə o, şübhələnib mağazada masanın aşağı hissəsinə qoyduğu karton qutunun içərisinə baxmışdır. Həmin vaxt orada satmaq üçün saxladığı 20 ədəd 1 manatlıq “Azercell” danışıq kartlarının və 10 manat nağd pulun yerində olmadığını görmüşdür. O, dərhal Elvini çağırıb, saxlamışdır. O, Elvinə kartları və pulu qaytarmasını deyib, iradını bildirmişdir. Elvin isə bunu inkar edərək, heç bir şey götürmədiyini demiş və mağazanın qarşısına çıxmışdır. O, Elvinə yenidən irad tutub, pul və kartları götürdüyünü və qaytarmasını bildirmişdir. Həmin vaxt Elvin mağazanın qarşısında yumruqla bir dəfə onun sifət nahiyəsindən vurmuş və uzaqlaşmaq istəmişdir. O, geri çəkilsə də yenidən Elvinin arxasınca getmişdir. Elvinin qolundan tutmuş və pulla kartları tələb etmişdir. Bu vaxt Elvin ətrafda adamlar olduğunu görüb mağaza keçməyi demişdir. Onlar birlikdə mağazanın içərisinə geri qayıtmışlar. Mağazaya daxil olan kimi Elvin yenidən yumruqla onu vurmuş və qolunu dırnaqları ilə cızmışdır. Elvin onu tutub “cibində nə varsa ver mənə” demişdir. O, Elvinin üzərində bıçaq olmasından ehtiyat edib cibində olan 150 manat pulu çıxarmışdır. Elvin əl atıb həmin pulları da götürmüş və mağazadan çıxaraq getmişdir. O, dərhal Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Daha sonra isə hadisə yerinə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gəlmişlər və o, ərizə ilə müraciət edərək, hadisə barədə məlumat vermişdir. Daha sonra, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, sonuncu barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Chervrolet aveo” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Zərərçəkmiş şəxs tanıyırmış, o, taksi fəaliyyəti ilə məşğul olan zaman avtomobili çox vaxt Zaurun işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, 28 may küçəsində yerləşən “Təcili foto” adlı mağazanın yaxınlığında saxlayırmış. Təqsirləndirilən şəxs isə tanımır, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 may 2022-ci il tarixdə saat 17 radələrində o, yenə də avtomobilini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində saxlayıb dayanmışdır. Bu vaxt Zaurun mağazanın içərisində Elvinlə mübahisə etdiyini görmüşdür. Elvin Zaurla mübahisə edib, mağazanın qarşısına çıxmış, Zaur da Elvinin arxasınca çıxmışdır. O, Elvin və Zaurdan kənarda olduğu üçün nə danışdıqlarını eşitmirmiş. Elvin getmək istəsə də Zaur onu saxlamaq istəyirmiş, bu zaman Elvin geriyə dönüb Zauru yumruqla vurmuş və yenə də uzaqlaşmaq istəmiş, lakin Zaur Elvinin arxasınca getmişdir. Həmin vaxt Elvin onun və digər şəxslərin baxdıqlarını görüb geri dönmüş və Zaurla birlikdə mağazaya geri qayıtmışlar. Mağazada yenə də mübahisə olmuş və Elvin mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, Zaura yaxınlaşıb nə baş verdiyini soruşmuş, Zaur da ona Elvinin onu vuraraq mağazada olan danışıq kartlarını və cibində olan pulu götürdüyünü bildirmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, orada qalmayıb işlərinin arxasınca getmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 33-34-cü vərəqələrində olan 04 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-cı vərəqəsində olan 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 82-85-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 96-101-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(002)-133/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X2 31 may 2022-ci il tarixli, 368 saylı ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər–boyun və sol said nahiyələrinin sıyrıqları bərk küt əşya təsirindən törənmişlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti və mexanizmi onun müraciət etdiyi X5 Stansiyasında almış olduğu tibbi yardıma dair tibbi sənəd təqdim edildikdən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2022-ci il tarixli, 1936 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 183-184-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X2 03 avqust 2022-ci il tarixli, 25/368 saylı ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- boyun və sol said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibi yardım üçün 15 saylı X5 Stansiyasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandıcıdır. Cinayət işinin 124-131-ci vərəqələrində olan 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerinə baxış zamanı götürülmüş görüntü olan 1 ədəd CD disk, sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materialına əlavə edilmişdir. Cinayət işinin 197-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyi üçün sonuncudan şikayətçidir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş portaldan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 iyun 2018-ci il təvəllüdlü Samir adlı, 29 dekabr 2016cı il təvəllüdlü Dilbər adlı övladları vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(002)-133/2022 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(002)-133/2022 saylı hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, ona cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 04 iyun 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-133/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən, saat 19:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-267/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-267/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver