Məhkəmə qərarları › İş №1(002)-268/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-268/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-268/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən saçından tutub yerə yıxıb sürüyərək zərərçəkmişə sağ əlin 2-ci barmağının cərrahi müdaxiləyə ehtiyacı olan kəsilmiş yarası, sol əlin 2-ci barmağının, sağ budun sıyrıqları, sol bazunun, sol budun, sol baldırın qançırları ilə nəticələnən ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər məhkum olunmamışdır. Hal-hazırda fərdi əməklə məşğul olur. Şahid1 onun qohumudur və yaşadığı evin yaxınlığında yaşayır. Elşən və həyat yoldaşı Cəmilə ilə əvvəllər normal münasibəti olmuşdur. 19 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində Elşən və ailəsini qonaq çağırmaq məqsədilə onların yaşadığı evə getmişdir. O, gedəndə Cəmilənin uzandığını görmüş, Cəmiləyə hamilə olduğu üçün üzüaşağı uzanmamasını məsləhət görmüşdür. Bu zaman Cəmilənin oğlu Cəsur ona pis cavab vermiş, o, Cəsura uşaq olduğunu bildirmiş, hətta Cəmilə də oğluna acıqlanmışdır. Bundan sonra söhbət zamanı Cəmilə guya onun arxasından iş gördüyünü, bunu qardaşlarına deyəcəyini, ərini tutduracağını və onu öldürtdürəcəyini demişdir. O, Cəmilədən bunun nə məsələ olduğunu soruşduqda cavab verməmişdir. Həmin vaxt Elşən gəlmiş, o, Elşənə Cəmilənin onu hədələdiyini, lakin nə məsələ olduğunu bilmədiyini, əgər bilirsə açıqlamasını istəmişdir. Elşən əvvəl heçnə demədiyini, daha sonra nə deyibsə dediyini, kimə istəsə deyə biləcəyini bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elşənin oğlu Cəsur dəqiq bilmədiyi bir əşyanı arxadan ona tullamış və belinə dəymişdir. Cəmilə sağ qolundan dişləmiş, Elşən də sol qolunu tutub sıxan zaman Cəmilə onu boğmağa çalışmışdır. Münaqişə zamanı səs-küyə qonşular Xatirə və qardaşı Xalis gəlmiş və onu Elşənlə Cəmilənin əlindən almışlar. O, 102 xidmətinə zəng vurmaq istəsə də Elşən telefonunu almışdır. Lakin o, kənara çıxıb polisə məlumat vermiş, polis əməkdaşları gəldikdən münaqişə sakitləşmiş və o, ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində əlavə olaraq münaqişənin Cəmilənin ona şər-böhtan atması, bütün bunları Elşənin də dediyini bildirməsi və onun Elşəndən bu məsələni açıq danışmasını istədiyinə görə yarandığını, münaqişə zamanı o və yanında gedən 9 yaşlı bacısı oğlu Yusif, Elşən, Cəmilə və onların 3 uşağı olduğunu, münaqişə zamanı qonşuların gəlib onları ayırdıqlarını, münaqişənin təxminən 25-30 dəqiqə davam etdiyini, Cəmiləni döymədiyini, onun xəsarətləri hansı şəraitdə alması barədə məlumatı olmadığını qeyd etmişdir. O öz ifadəsində son olaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, halhazırda işləmir. 2006-cı ildə Şahid1lə ailə həyatı qurmuş və 4 övladı vardır. Təqsirləndirilən şəxs Elşənin qohumudur və yaşadığı evin yaxınlığında yaşayır. Ülfiyə ilə əvvəllər cüzi sözsöhbətləri olsa da ümumiyyətlə normal münasibəti olmuşdur. Ülfiyə demək olar ki, hər gün onların evə gəlib. 19 mart 2021-ci il tarixdə təxminən axşam saatlarında Ülfiyə yenidən onlara gəlmiş, o, həmin vaxt hamiləliyi ilə əlaqədar dərman qəbul edib uzanmışdır. Ülfiyə gəlib mətbəxə düşüb çay içməyi istəmiş, o, ona çay içə biləcəklərini, lakin bir daha onların evinə gəlməməsini bildirmişdir. Ülfiyə səbəbini soruşduqda ona harasa gedəndə evlərinə gəldiyini bildirdiyini, buna görə də gələcəkdə problem ola biləcəyini, həmçinin narahatçılıq yaratdığı üçün evinə gəlməyini istəmədiyini demişdir. Bundan sonra aralarında münaqişə yaranmış və əlbəyaxa olmuş, bir-birinin saçını yolaraq pilləkəndan aşağı düşmüşlər. Aşağı düşəndə Ülfiyə onu qəsdən itələmiş və yerə yıxılmış, Ülfiyə həyətdə olan daş arakəsmələri əli ilə onun üstünə aşırtmışdır. Həmin vaxt ayağı əzilmiş, hamilə olduğu üçün halı pisləşmişdir, Ülfiyə həmin vaxt mətbəxin şüşəsini sındırmış, mətbəxdə olan qabları qırmağa başlamışdır. Oğlu Cəsur onu qaldırmaq istədikdə Ülfiyə yerdə olan daşlardan birini Cəsura tərəf atmış, lakin daş Cəsura dəyməmiş, həyətdə olan maşına dəymişdir. Səs-küyə qonşular həyətə gəlib onları aralamış və Ülfiyəni çölə çıxartmışlar. O, oğluna Ülfiyənin qardaşına zəng vurmağını, gəlib onu aparmaqlarını demişdir. Bir qədər sonra Ülfiyənin anası ilə qardaşı gəlmiş, qardaşı Sadiq Ülfiyəni sakitləşdirmiş, həmin vaxt polis əməkdaşları gəlmiş, o isə halı pis olduğu üçün evə girmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, münaqişə onun Ülfiyəyə harasa gedəndə onlara gəldiyini bildirdiyini, buna görə də gələcəkdə problem ola biləcəyini, həmçinin narahatçılıq yaratdığı üçün evinə gəlməyini istəmədiyini dediyinə, Ülfiyənin onu və uşaqlarını təhqir etməyinə görə baş verdiyini, münaqişə zamanı Elşənin evdə olmadığını, daş karxanasına getdiyini, Elşən evə gəldikdə mübahisənin bitdiyini, Ülfiyəyə şər-böhtan atmadığını, əxlaqsızlıqla məşğul olmasını demədiyini, Cəsurun ona heçnə atmadığını, əksinə Ülfiyənin Cəsura tərəf daş atdığını, həmin daşın maşına dəydiyini, Ülfiyəyə xəsarət yetirmədiyini, qardaşı Ülfiyəni onların evdən dartıb apararkən həmin xəsarətləri aldığını güman etdiyini, özü isə xəsarətləri Ülfiyənin onu döyməsi nəticəsində aldığını, Ülfiyənin həyətdə olan daş arakəsmələri aşırdaraq sındırması, maşına daş atması, mətbəxin şüşələrini və mətbəxdə olan bəzi qabları qırması nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəydiyini bildirmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Halhazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun qohumudur və yaşadığı evin yaxınlığında yaşayır. Ülfiyə ilə əvvəllər normal münasibəti olmuşdur. 19 mart 2021-ci il tarixdə işilə əlaqədar daş karxanasına getmişdir. Həmin gün saat təxminən 23-24 radələrində həyat yoldaşı Cəmilə ona zəng vuraraq Ülfiyənin evlərinə gələrək dava-dalaş saldığını, şikayət etdiyini və polislərin gəldiyini bildirmişdir. Daha sonra evə gələndə yoldaşı Cəmilənin əzildiyini görmüşdür. Lakin qohumçuluq olduğu üçün məsələni böyütmək istəməmişdir. Hadisədən təxminən 4-5 gün sonra onu polis bölməsinə çağırmışlar və orada izahat vermişdir. Daha sonra 26 mart 2021-ci il tarixdə yoldaşı Cəmilənin ağırları olduğu üçün 4 saylı doğum evinə aparmışdır. Orada məlum olmuşdur ki, Cəmilə Ülfiyə ilə münaqişə zamanı döyülərək xəsarət almışdır. O, öz ifadəsində əlavə olaraq, münaqişə zamanı evdə olmadığını, evə gəldikdə mübahisənin bitdiyini, Ülfiyəni vurmadığını qeyd etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda 321 saylı orta məktəbdə 7-ci sinifdə təhsil alır. Təqsirləndirilən şəxs qohumlarıdır və yaşadığı evin yaxınlığında yaşayır. 19 mart 2021-ci il tarixdə axşam saatlarında Ülfiyə onların evinə gəlmiş, həmin vaxt anası və bacıları ilə birlikdə evdə olmuşdur. Ülfiyə gəldikdə anası Ülfiyəyə evlərinə gəlməməyini demiş, buna görə də Ülfiyə anasının saçından tutub yerə yıxmış, həyətdəki tumba daşlarını aşırdıb anasının üstünə atmışdır. O, onları aralamaq istədikdə pəncərəni sındırmışdır. Səs-küyə qonşular gəlib Ülfiyəni ayırmış, Ülfiyə qonşulara da ona da hədə-qorxu gəlmişdir. Ülfiyə yerdən daş götürüb ona tərəf atmış, lakin daş gedib atasının maşınına dəymişdir. O, öz ifadəsində əlavə olaraq, Ülfiyəyə heçnə atmadığını, atasının işlə bağlı harasa getdiyindən həmin vaxt evdə olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Halhazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs və Şahid1 onun qohumlarıdır və eyni qəsəbədə yaşayırlar. X7 evinin yaxınlığında yaşayır. 19 mart 2021-ci il tarixdə axşam saat təxminən 20-21 radələrində bacısı Xatirənin evində olmuşdur. Həmin vaxt Elşənin evindən dava-dalaş səsi gəlmiş, o, qapılarını açıb həyətə girdikdə, daş tumbaların aşdığını, pəncərələrin sındığını və Ülfiyə ilə Elşənin həyat yoldaşı Cəmilənin əlbəyaxa olduqlarını görmüşdür. Dərhal onları ayırmış və Ülfiyəni çölə çıxartmışdır. Ülfiyə çöldə 102 xidmətinə zəng etmiş, bir qədər Ülfiyənin anası ilə qardaşı gəlmiş, daha sonra isə polis əməkdaşları gəlib Ülfiyəni güclə aparmışlar. O, öz ifadəsində əlavə olaraq, həyətə girəndə Ülfiyə ilə Cəmilənin əlbəyaxa olduqlarını gördüyünü və onları ayırdığını, Ülfiyəni həyətdən çıxartdığını, Elşənin həyətində dava-dalaş səsi eşidib girdiyini, həmin vaxt tək olduğunu, bacısı Xatirənin isə ümumiyyətlə onların dava-dalaşını görmədiyini, ancaq polis Ülfiyəni aparanda çöldə olduğunu, Cəsurun Ülfiyəyə heçnə atmadığını, Ülfiyə ilə Cəmiləni ayıranda Elşənin evdə olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 Qaradağ rayon Şöbəsinin 05 aprel 2021-ci il tarixli, 158 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin 2-ci barmağının cərrahi müdaxiləyə ehtiyacı olan kəsilmiş yarası, sol əlin 2-ci barmağının, sağ budun sıyrıqları, sol bazunun, sol budun, sol baldırın qançırları. Qeyd olunan xəsarətlərdən sağ əlin 2-ci barmağının cərrahi müdaxiləyə ehtiyacı olan kəsilmiş yarası iti uca malik əşya(alət) təsirindən, sol əlin 2-ci barmağının, sağ budun sıyrıqları, sol bazunun, sol budun, sol baldırın qançırları xəsarətləri bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 8- 10 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 19 mart 2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar