Məhkəmə qərarları › İş №1(002)-268/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-268/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-268/2022 27.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sara Aşurbəyli küçəsi, nömrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif olunaraq cəzası 13 il müddətinə endirilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində qətimkan tədbiri seçilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşya olan 1 ədəd “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli, «**********28486, **********28484» imei kodlu mobil smartfonu və daxilində olan 1 ədəd 050 629-11-28 nömrəli «GSM» danışıq kartını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, daşımış, gəzdirmiş, habelə ***-***-**-** «GSM» nömrəli danışıq kartından qardaşı Şahid7 adına və istifadəsində olan 051 606-96-06 nömrəsinə, anası Şahid8 istifadəsində olan 077 359-27-26 nömrəsinə, qohumu Şahid9 istifadəsində olan 055 655- 22-22 nömrəsinə zənglər edərək danışıqlar aparmaqla istifadə etmişdir. 27 aprel 2022-ci il tarixdə, saat 13:20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin 1-ci rejim korpusunun 15 saylı kamerada xüsusi rejimdə müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman onun yataq yerindəki balıncın içərisindən həmin əşyalar aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, məhkum olunmaqla, Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkir. 27 aprel 2022-ci il tarixdə, saat 13:20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin 1-ci rejim korpusunun 15 saylı kamerada xüsusi rejimdə müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada onun yataq yerindəki balıncın içərisindən 1 ədəd «Samsung » markalı mobil smartfonu və həmin smartfona qoşulmuş vəziyyətdə olan 1 ədəd «GSM» danışıq kartını aşkar edilmişdir. Həmin telefonu cəza çəkdiyi müəssisənin bir müddət əvvəl təmir işləri aparılmış kamerasından taparaq gizlətdiyini, tapdığı telefona qoşulmuş nömrəni müəyyən etmək məqsədilə ilk öncə qardaşı Şahid7 adına və istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurduğunu, telefonda ***- ***-**-** «GSM» nömrəli danışıq kartının olduğunu müəyyən edərək qardaşı Şahid7 balansın artırılmasını xahiş etdiyini qeyd etmişdir. Növbəti günlərdə isə anası Şahid8 istifadəsində olan ***-***-**-** nömrəsinə və qohumu Şahid9 istifadəsində olan 055 655- 22-22 nömrəsinə mütəmadi olaraq zənglər etməsini etiraf etmişdir. Sonra əməkdaşlar hal şahidlərin iştiraki ilə protokol tərtib edərək həmin telefonu qablaşdırıb götürmüşlər. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, əvvəlki hökm üzrə çəkilməmiş cəzasının müddətini nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunaraq Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:20 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin 1-ci rejim korpusunun 15 saylı kamerada xüsusi rejimdə müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada cəza çəkən məhkum Təqsirləndirilən şəxs yataq yerindəki balıncın içərisindən 1 ədəd «Samsung Duos» markalı mobil smartfon və həmin smartfona qoşulmuş vəziyyətdə olan 1 ədəd «GSM» danışıq kartı aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq protokollaşdırıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məkhəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Penitesiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı məhkum Təqsirləndirilən şəxs həmin müəssisədə olduğu vaxtlar ***-***-**-** «GSM» nömrəsindən onun ***-***-**-** «GSM» nömrəsinə zəng edərək danışmış və Təqsirləndirilən şəxs mobil telefonu qanunsuz əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq dövründə hal şahidi qismində dindirilmiş Şahid6 İnqilab oğlu və Şahid5 oğlu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiklərini və ibtidai istintaq dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, şahidlər Şahid9, Şahid6 İnqilab oğlunun və Şahid5 ibtidai istintaq dövründə verdikləri ifadələri əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan edilmiş ifadəsindən göründüyü kimi, o Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 İnqilab oğlunun və Şahid5 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən göründüyü kimi, şahidlər Təqsirləndirilən şəxs məxsus olan qeyd edilən əşyaları aşkar edilərək götürüldüyünü təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 27 aprel 2022-ci il tarixli axtarış və götürmə protokolundan və fotocədvəldən göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzçəkmə müəssisəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, 27 aprel 2022-ci il tarixdə, saat 13:20 radələrində müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında xüsusi rejimdə keçirilmiş qəfləti axtarış tədbiri zamanı, həmin kamerada cəza çəkən məhkum Təqsirləndirilən şəxs yataq yerindəki balıncın içərisindən 1 ədəd «Samsung Duos» markalı mobil smartfon və həmin smartfona qoşulmuş vəziyyətdə olan 1 ədəd «GSM» danışıq kartı aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq protokollaşdırıb götürülmüşdür. Axtarış zamanı saxlanması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş əşyalar protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 6-7) İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 23 oktyabr 2020-ci il, cəzasının sonu 23 oktyabr 2033-cü il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 8 saylı CM-nə 07 yanvar 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 14-15) İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli, 4362 saylı protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki, götürülmüş telefona və danışıq kartlarına baxış keçirərək müəyyən etmişdir ki, Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs istifadəsində olan 050 629-11-28 «GSM» nömrəli danışıq kartından 051 606-96-06 nömrəsinə, 077 359-27-26 nömrəsinə, 055 655-22-22 nömrəsinə zənglər edərək danışıqlar aparmaqla istifadə etmişdir. (i.v. 26-27) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 5/582 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli, «**********28486, **********28484» imei kodlu mobil smartfon işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli doqquz manat, doxsan dörd qəpik) manatdır. (i.v.72-74) İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. (i.v.1) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya məhkəməsinin qərarının surətindən göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ilk 01 (bir) ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qeyd edilən hökm dəyişdirilmiş, sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif olunaraq cəzası 13 il müddətinə endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (i.v. 11-12, 39-41, 107) İş materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma barədə 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd “Samsung Galaxy J2” markalı, “SM- J250F/DS” modelli, «**********28486, **********28484» imei kodlu mobil smartfon və həmin smartfona qoşulmuş vəziyyətdə olan 1 ədəd “050 629-11-28” GSM danışıq kartları maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i.v.79-80) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır. (i.v. 120-123) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(101)-767/2021 saylı hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(103)-1220/2021 saylı qərarına əsasən azaldılmış cəzasının çəkilməmiş qalan 11 (on bir) il 26 (iyirmi altı) gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(101)-767/2021 saylı hökmünə əsasən cəzasının əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablandığından və 27 sentyabr 2022-ci il tarixinədək cəzasından 01 il 11 ay 4 gün müddətini çəkdiyini nəzərə alaraq, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut “Samsung Galaxy J2” markalı, “SM- J250F/DS” modelli, “**********28486, **********28484 imei kodlu mobil (smartfon) telefon və daxilində olan 1 ədəd 050 629-11-28 nömrəli «GSM» danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və iki ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan DVD-R disk və ittiham aktı yerləşdirilmiş DVD-R diski cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 (əlli üç manat, altmış beş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(101)-767/2021 saylı hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(103)-1220/2021 saylı qərarına əsasən azaldılmış cəzanın çəkilməmiş qalan 11 (on bir) il 26 (iyirmi altı) gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 sentyabr 2022-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut - “Samsung Galaxy J2” markalı, “SM-J250F/DS” modelli, “**********28486, **********28484 imei kodlu mobil (smartfon) telefon və daxilində olan 1 ədəd 050 629-11-28 nömrəli «GSM» danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və iki ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan DVD-R disk və ittiham aktı yerləşdirilmiş DVD-R diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 (əlli üç manat, altmış beş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar