Məhkəmə qərarları › İş №1(002)-268/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-268/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-268/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X8 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətini onunla əsaslandırmışdır ki, Puta hərbi zavodunda işləyən X16 və onun arvadı heç bir yerdə işləməyən X15 şikayət vermiş onun doğma oğlu və gəlinidir. Aralarında yaşayış evi ilə əlaqədar mübahisə yaranmışdır. Belə ki, o, 2021-ci ildən oğlu X10 və gəlini X4 xüsusi mülkiyyətində olan mənzildən (evdən) çıxarılmasını istəyir. Bu məqsədlə o, Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Buna səbəb Sadiq Məmmədov və arvadı Şəfiqə Məmmədova müntəzəm olaraq onu təhqir etməklə ona böhtanlar atmaları, söymələri, şərəf və ləyaqətini alçaltmalarıdır. Sadiq Məmmədov və Şəfiqə Məmmədova qonşuların gözləri qarşısında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmış və yalan olduğunu bilə-bilə onun cinayət törətməsində ittiham etmək kimi böhtan xarakterli məlumatları qəsdən yaymışlar. Sadiq Məmmədovun və Şəfiqə Məmmədovanın həmin hərəkətləri X17, X7, X5 yanında olmuşdur. Əməlin hüquqi tövsifi: X16 və X1 Rayon Məhkəməsinin qətnaməsi ilə yaşadıqları evin bölünməsinə baxmayaraq onu mənzilə buraxmır, məhkəmə qətnaməsinin icra edilməsin üsyankarcasına imkan vermirlər. Həyətdə insan həyatı üçün təhlükəli olan Çoban iti saxlayrlar. Zəncirdə olan it insanların həyatı üçün hər an təhlükə ehtimalı yaradır. Bu təhlükə realdır. Onlar bildirirlər ki, o, həmin iti zəhərləmək istərkən ona mane olmuşlar və bu xəbəri qonşular arasında yayırlar. Sadiq Məmmədov və Şəfiqə Məmmədova qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna baxmayaraq əsassız dəlillər gətirib onun barəsində həqiqətə uyğun olmayan məlumatları internet saytında "Qafqazinfo AZ"-da xx.xx.2024-cü il tarixdə 2-ci səhifədə yaymışlar. İnternet saytında göstərmişlər ki, o, ruhi xəstədir. 1 nömrəli əsəb dispanserində qeydiyyatdadır. "Bu qadın ruhi xəstədir, hər gün dərman qəbul edir. Onun xəstə olmasını təsdiqləyən sənədləri də özündədir. Buna baxmayaraq bütün qərarlar onun xeyrinədir. Bizi incidir, ailəmi söyür, uşaqlarıma, yoldaşıma şiddət göstərir. İndi də gəlib evimin üstünü sökür. Yağış yağandan sonra evim pis vəziyyətə düşür". 10 evi vardır. Onları kirayəyə verib pul qazanır. Anası onları tikdirdiyi evdən çıxartmaq istəyir. Onlar əlavə olaraq bildirirlər ki, o, 37 yaşlı oğlunu 13 yaşlı qıza nişanlamışdır, onları evləndirəcəkdir, bu hərəkəti ilə o, azyaşlı qıza qarşı cinayət etməyə cəhd göstərir. Bu xəbər 2023-cü ildə "Xəzər xəbərdə” yayımlanmışdır. Sadiq Məmmədov və Şəfiqə Məmmədova bu kimi təhqir və böhtan xarakteri məlumatları qəsdən yaymaqla Azərbaycan Respublikası CM-nin 147.1 vǝ 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Belə ki, CM-nin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyəti yaradır. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsini təsdiq edən dəlillər: Qeyd olunan cinayət hadisəsinin şahidi olmuş aşağıdakı şəxslərin məhkəmə iclasında verəcəkləri ifadələri ilə təsdiq olunacaqdır. 1. X17 2. X11 3. X13. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrdə baxılır. Həmin cinayət hadisəsi Lökbatan qəsəbəsində baş verdiyindən hazırkı şikayətə Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən X16 və X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair şikayət məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışına təyin edilməsi və X16 və X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X.Ş.İsayeva ərizəsinin mahiyyətinə uyğun çıxış edərək göstərmişdir ki, X16 onun oğlu, X15 isə gəlinidir. Onların ev barəsində aralarında münaqişələr olmuş və məhkəmə qətnaməsi onun xeyrinə çıxarılmışdır. O, özünə məxsus evin üstünə xalçanı yuduqdan sonra sərsə də şikayət verdiyi X16 və X15 da həmin hissədə məskunlaşmışlar. X29 və qızı İradə Məmmədova xalçanı sərərkən S.R.Məmmədov və Ş.F.Məmmədova evdən çıxaraq onlarla sözlə mübahisə etməyə başlamışlar. O da bu zaman ətrafdakı insanların eşitdiyini və onlara baxdıqlarını bildirərək S.R.Məmmədov və Ş.F.Məmmədovaya evlərinə keçmələrini və camaatın içində onları rüsvay etməmələrini bildirmişdir. Ş.F.Məmmədova ona “sənin 7 ərin var ondan danış, danışmağa dilin olmamalıdır” deyəndə S.R.Məmmədov da ona “o 7 nəfərdən hansı mənim atamdır” demişdir. X23 S.R.Məmmədova irad bildirəndə S.R.Məmmədova atasına da “gəlib səni xirtdəyindən tutub sürüyərəm, səni itin qabağına ataram” kimi nalayiq ifadələr işlətmişdir. Eyni sözləri S.R.Məmmədov bacısı barəsində də demişdir. Daha sonra ona ailə üzvləri tərəfindən məlumat verilərkən məlum olmuşdur ki, onun haqqında sosial şəbəkələrdə yazılar paylaşaraq, onu rüsvay etmişlər. Belə ki, onun Maştağa qəsəbəsində yerləşən psixatriya xəstəxanasında stasionar müalicə aldığını, məhkəmələrdə onlarla mübahisələri olduğunu bildirməklə sosial şəbəkədə paylaşılan yazının onu tanıyan digər insanlar tərəfindən oxunması nəticəsində onun şərəf və ləyaqətinin alçalmasına nail olmuşlar. Həmçinin mübahisə zamanı S.R.Məmmədov və Ş.F.Məmmədova onu üzbəüz əri və qızının yanında təhqir etmiş, təhqiredici ifadələr işlətməyə ilk öncə Ş.F.Məmmədova başlamış, daha sonra S.R.Məmmədov davam etmişdir. O da təhqir edilməsi ilə bağlı sonradan qarşı tərəfə cavab vermişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi var, lakin bu psixi pozuntu ilə bağlı deyildir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 bildirmişdir ki, o, heç kimə şər və böhtan atmamışdır. Belə ki, anasının onları yaşadığı evdən çıxarması ilə bağlı məhkəməyə müraciət etməsi nəticəsində məhkəmənin qəbul etdiyi qətnamədən narazılıq arvadı Ş.F.Məmmədova tərəfindən təqdim olunmuş müsahibə xəbər portalında yerləşdirilmişdir. Onlar qətnamədən şikayət vermə müddətini ötürdüklərinə, həmçinin maddi imkanları olmadığından sayta müraciət edərək onlara köməklik edilməsinə nail olmaq istəmişlər. Anası X.Ş.İsayeva şəxsiyyətin isterik tipli pozuntusu, tez-tez təkrarlanan funksiya tutulmalar ilə diaqnozu ilə əlaqəlar müalicələr almış, hazırkı əlilliyi də qeyd etdiyi xəstəliklə bağlıdır. Bununla bağlı müvafiq sənədi iş materialına əlavə olunması üçün təqdim edir. X.Ş.İsayevanın onlar tərəfindən təhqir olunmasına şahid kimi təqdim etdiyi şəxslər isə, sonuncunun əri, qızı və oğludur. Onların qərəzli şəkildə şikayət vermiş şəxsin mövqeyindən çıxış edəcəklərini, həqiqətə uyğun olmayan məlumatlar verəcəklərini nəzərə alaraq, onların şahid kimi dəvət edilməsinə etiraz etdiyini, şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 bildirmişdir ki, o, hazırkı iclasın ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etmir. Barəsində verilmiş şikayətlə bağlı isə qeyd etmişdir ki, heç kimə şər və böhtan atmamışdır. Belə ki, sosial şəbəkədə paylaşılan məlumat onun xəbər portalına verdiyi müsahibədən ibarət olmuşdur. Barələrində şikayət vermiş onların yaşadığı evdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmış və həmin iddia təmin edilmişdir. Şikayətçi X.Ş.İsayeva davamlı olaraq söyüşlər söyür, onu və ailəsini təhqir edir, uşaqlarını ölümlə hədələyir. Onlar tərəfindən X.Ş.İsayevaya irad bildirildikdə isə o, “ruhi əsəb dispanserində qeydiyyatdayam, mənim sənədim var, mənə heç kim heç nə edə bilməz” demişdir. Əri S.R.Məmmədov hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin sonradan şikayətini geri çəkmişdir. X.Ş.İsayeva onu təhqir etdiyinə görə o da məhkəməyə şikayət vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, müsahibə zamanı X.Ş.İsayevanın psixiatriyada müalicədə olduğunu və məhkəmə qətnaməsi il onların evdən çıxarılmasını tələb etməsi barədə məlumat vermişdir. Xəzər televiziyasında yayımlanan xəbərlə heç bir əlaqələri yoxdur. Televizyanı X.Ş.İsayeva özü dəvət etmiş, əksinə həmin hadisə ailəlikcə onların narahatlığına səbəb olmuşdur. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs S.R.Məmmədovun müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, S.R.Məmmədova istinad edilən əməldə cinayət əlamətləri, həmçinin CM-nin 147.1 və 148-ci maddələrinin tələblərinə uyğunluq yoxdur. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ş.F.Məmmədovanın müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, Ş.F.Məmmədovanın X.Ş.İsayevaya qarşı təhqir və böhtanla bağlı eyni əsaslarla xüsusi ittiham qaydasında şikayəti mövcuddur. Hazırki şikayətə münasibətdə göstərmişdir ki, X.Ş.İsayeva ilkin olaraq Ş.F.Məmmədovanı nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda təhqir və böhtan xarakterli məlumatların yayılmasının mövcudluğu deyildikdə bu hərəkətlərin məhz nədən ibarət olması, hansı ərazidə, hansı kütləvi tədbirlərdə səsləndirilməsinə dair heç bir dəlil təqdim olunmamışdır. S.R.Məmmədovun və Ş.F.Məmmədovanın sosial şəbəkədə həmin mətnli yazını paylaşması təhqir və böhtan kimi qiymətləndirilə bilməz. Çünki burada məhkəmə qətnaməsi və evin bölgüsünə etirazlar öz əksini tapmışdır. X.Ş.İsayevanın psixiatriya xəstaxanasında müalicədə olmadığı halda bu məlumatın xəbər portalına təqdim olunması ilə bağlı məhkəmə qeyd edir ki, həmin məlumat hər hansı böhtan və ya təhqir xarakteri daşımır, belə ki, məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin təqdim etdiyi sənəddən də görünür ki, X.Ş.İsayevaya şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan funksiya tutmalar diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Göründüyü kimi X.Ş.İsayevayanın gəlini və oğlu onun xəstəliyi ilə bağlı özündən razılıq almadan xəbər portalına məlumat vermişlər. X.Ş.İsayevayanın məhkəməyə şahid qismində təqdim etmək istədiyi şəxslərlə bağlı məhkəmə qeyd edir ki, həmin şəxslər sonuncunun ailə üzvləridir və bu hal özlüyündə təhqir, böhtan, şərəf və ləyaqətin ləkələnməsi həddində təqdim olunsa da, görünən odur ki, mübahisə ailədaxili baş vermiş, hadisənin şahidləri də yalnız ailə üzvlərindən ibarətdir. Bundan əlavə şikayət ərizəsində S.R.Məmmədovun və Ş.F.Məmmədovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmələrini fərqləndirməmişdir. Həmçinin Azərbaycan Respublikasının CM-in 147-ci maddəsinin hansı bəndi ilə şikayət edilməsi göstərilməmiş və bir-birindən fərqləndirilməmişdir, baxmayaraq ki, 147-ci maddə iki bənddən ibarətdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər S.R.Məmmədovun və Ş.F.Məmmədovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, S.R.Məmmədova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul, Ş.F.Məmmədovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X14 və X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat pul, zərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar