Məhkəmə qərarları › İş №1(002)-27/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-27/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-27/2022 02.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1998-ci ildə Rusiya Federasiyası, Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin tələblərini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiya xəstəliyinin yayılmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 nömrəli yataqxananın yaxınlığında narkotik vasitələrin istifadəsində şübhələnilərək saxlanılıb, Qaradağ RPİ-nin 38-ci PB-yə gətirilmiş və burada üzərinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın, qabaq yan sol cibindən iki ədəd ağ rəngli kağıza bükülmüş bükümdə hər birində ayrı-ayrılıqda, 0.097 qram və 0.114 qram olmaqla, ümumi təmiz çəkisi 0.211 qram qəhvəyi rəngli toz şəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Bundan əlavə, o, yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» 29 may 2020-ci il tarixli qərarlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 iyul 2020-ci il tarixli qərarının tələblərini pozaraq, yəni yaşayış yerini və olduğu yeri tərk etməməli olduğu halda insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq 02 sentyabr 2021-ci il tarixdə, təxminən saat 10:00 radələrində yaşadığı ünvan 3 ünvanını tərk etməklə sosial məsafəni gözləmədən həmin qəsəbədə piyada hərəkət edib Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 12 saylı yataqxananın yaxınlığında yerləşən mağazanın qarşısına getmiş və müəyyən olunmuş karantin rejiminin qaydalarını pozmaqla, xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs saxlanılmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 139- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 139-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 27.08.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 nömrəli yataqxananın yaxınlığında tanışı Şahid5lə dayandığı zaman Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri onlara yaxınlaşmış və narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları bölməyə dəvət etmişlər. Bu zaman polis əməkdaşları onun dayısı Şahid4 zəng edərək onları tutduğunu bildirərkən o başa düşmüşdür ki, onların şübhəli şəxs kimi tutulmasında öz dayısı Şahid4 şikayətçi olmuşdur. Dayısının şikayətinə səbəb isə onu Şahindən uzaq tutmaq istəməsi olmuşdur. Onlar PPXB-nin maşınına əyləşmiş, daha sonra küçənin sonunda olarkən dayısı da həmin polis maşınına əyləşmişdir. Bu zaman Şahid5 gizlincə ona üzərində narkotik maddə olduğunu bildirərək himayəsində uşaqları olduğuna görə ondan narkotik maddəni öz üzərinə götürməsini xahiş etmiş, o da dayısının hərəkətinə qəzəbli olduğuna görə narkotik vasitəni Şahindən almış və “bunu axtarırsızsa buyurun” deyərək narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman polis maşınında polis əməkdaşlarından əlavə Şahid5 və dayısı Şahid4 da olmuşdur. Dayısı narkotik vasitənin Şahin tərəfindən ona verildiyini polis əməkdaşlarına bildirsə də o, özünə məxsus olduğunu demişdir. Bundan sonra polis bölməsində üzərinə videoçəkiliş vasitəsilə axtarış aparılarkən narkotik maddənin özünə məxsus olduğunu bildirmişdir. O, CM-nin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bildiyini onunla əsaslandırır ki, həmin narkotik vasitəni Şahindən alıb polis əməkdaşlarına o təqdim etmişdir. Bundan başqa onun Şahindən alıb polisə təqdim etdiyi narkotik vasitə bir bükümdə olsa da sonradan ona məlum olmayan səbəbdən həmin narkotik vasitə iki bükümə ayrılmış və miqdarı da artırılmışdır. Daha sonra onu şübhəli şəxs kimi tutmuşlar. Həmin gün Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları onu X11 aparmışlar və orada COVİD 19 pandemiyası ilə əlaqədar test vermiş, 29.08.2021-ci il tarixdə ona Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildikdən sonra həmin gün MSY-dən azad olunaraq evə getmişdir. 02.09.2021-ci il tarixdə təxminən səhər saatlarında evdə yeməyə heç nə olmadığından yaşadığı evi tərk edərək Sahil qəsəbəsində yerləşən 12 saylı yataqxananın yaxınlığında yerləşən mağazaya getmiş, orada mağazanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və 27.08.2021-ci il tarixdə COVİD 19 pandemiyası ilə əlaqədar verdiyi testin cavabının müsbət çıxdığı barədə ona məlumat verərək, onu sənədləşdirərək polis bölməsinə aparmışlar. O, COVİD 19 pandemiyası ilə əlaqədar olaraq özünü təqsirli bilmədiyini qeyd etmişdir. Səbəb isə odur ki, o analiz verərkən cavabı çıxdıqda mesaj göndərilməsi üçün 38-ci PB-nin əməkdaşının nömrəsi qeyd olunmuş, onun xəstə olmasından heç bir məlumatı olmamış, ona heç bir polis əməkdaşı tərəfindən məlumat verilməmiş və özündə xəstəliklə bağlı heç bir əlamət hiss etməmişdir. Bundan əlavə o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirildikdən sonra analiz vermiş və analizin cavabı çıxmamış, daha sonra verdiyi analizdə isə nəticə neqativ çıxmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, ilkin izahat və ifadələrini verərkən ona qarşı psixoloji təzyiq və təsirlər göstərilmiş, lakin ona qarşı fiziki zor tətbiq edilməmişdir. O, öz ifadəsində son olaraq hal-hazırda xəstə olmaqla Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ağ ciyərindən müalicə aldığını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ 38-ci PB-nin C/A üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2005-ci il tarixdən DİO-da, 2018-ci il tarixdən isə Qaradağ RPİ 38ci PB-nə C/A üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Bundan başqa qeyd etmişdir ki, 27.08.2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 38-ci PB-yə gətirilən zaman PB-də üzərinə baxış keçirilərkən ondan narkotik vasitə aşkarlanması səbəbilə PB-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra onda Covid xəstəliyinin olubolmamasını müəyyənləşdirmək məqsədilə Təqsirləndirilən şəxs 1 saylı ŞKX-na aparılaraq ondan müayinə götürülmüşdür. Həmin material aidiyyati üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. 28.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsindəki evinə qayıtmışdır. Ertəsi gün 38-ci PB-nin növbətçi hissəsindən ona zəng edilərək 1-saylı ŞKX-dən Təqsirləndirilən şəxs “COVİD-19” xəstəsi olması barədə məlumat daxil olduğu bildirilmişdir. 30.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bu barədə məlumat verərək ona yaşadığı mənzili tərk etməməsini bildirərək ondan bu barədə iltizam almışdır. 02.09.2021ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzili tərk edərək Qaradağ rayonu, Sahil qəsəbəsi, 12 saylı yataqxanın qarşısında olması barədə ona məlumat daxil olmuşdur. Dərhal xüsusi geyim geyinərək videoçəkiliş vasitəsilə qeyd olunan əraziyə yollanmışdır. Orada Təqsirləndirilən şəxs olduğunu müyyən edərək ona yaxınlaşıb özünü ona təqdim etmiş və nə səbəblə yaşadığı mənzili tərk etməsi barədə ona sual vermiş, Təqsirləndirilən şəxs mağazaya çıxdığını və evə qayıdacağını ona bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs saxlayaraq Qaradağ RPİ-nin 38-ci PB-nə apararaq oradan aidiyyati üzrə Qaradağ RPİ-nin İŞ-nə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Əkbər oğlu öz ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən DİO-nun Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı vəzifəsinə təyin edilmişdir. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində gecə növbəsində xidmət aparır. 27.08.2021-ci il tarixdə Sahil qəsəbəsi 9 saylı marşurutda 2122 çağırışlı avtopatrulda xidmət aparan zaman saat 01 radələrində Emin Quliyev küçəsindən keçərkən onlara verilmiş məlumat əsasında “Rifah” marketin qarşısından uşaq baxçasına gedən istiqamətdə binanın tinində iki nəfərin əyləşdiyini görmüşlər. Həmin şəxslər onları görəndə özlərini şübhəli apardıqları üçün avtopatrulu saxlayıb onlara yaxınlaşaq özlərini onlara təqdim etmişlər. Onların kimliyi barədə soruşduqlarında həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid5 olaraq təqdim etmişlər. Üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə getmələri üçün avtopatrula əyləşməyi dəvət etmişlər. Bundan sonra onlar avtomobilə əyləşib biraz getdikdən sonra Ramalın dayısı İlham adlı şəxs də onların avtomaşınına əyləşmiş, onunla xidmət edən polis nəfəri Şahid2 həmin şəxslərdən üzərlərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olması barədə sual verdikdə onlardan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəxsləri Qaradağ RPİ-nin 38-ci polis bölməsinə aparmışlar, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmçinin videoçəkiliş aparılmaqla həmin şəxslərin üzərlərinə baxış keçirilərkən polis bölməsində Şahid5 üzərinə, təhqiqatçı Azər Vəliyev tərəfindən şəxsi axtarış və götürülmə keçirilən zaman Şahid5 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Şahid5 əynindəki ağ rəngli cins şalvarın qabaq sağ cibindən özünə məxsus xarici pasport, adaptor, qabaq sol cibindən isə hər birinin üzərində “Prima Deluxe” yazılan 06 ədəd bir qutuda olan siqareti və alışqanı, arxa sağ cibindən isə bir ədəd şəffaf selofanda olan kağızı masanın üzərinə qoyduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, təhqiqatçı Azər Vəliyev tərəfindən şəxsi axtarış və götürülmə keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd alışqan, bir ədəd açılıb-qatlanan bıçaq, 1 manat 40 qəpik pul, qabaq sol cibindən isə içində iki ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitələr olan siqaret qutusunu çıxarıb təqdim etmiş, şəxsi axtarış və götürmə prosesini ona məxsus “Xiaomi Redmi” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 öz ifadəsində göstərmişdir ki, o, 2013-ci il tarixdən DİO-da Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsinə təyin edilmişdir. Qardağ rayonu, Sahil qəsəbəsində gecə növbəsində xidmət aparır. 27.08.2021-ci il tarixdə Sahil qəsəbəsi 9 saylı marşurutda 2122 çağırışlı avtopatrulda xidmət aparan zaman gecə saat 01 radələrində Emin Quliyev küçəsindən keçərkən onlara verilmiş məlumat əsasında “Rifah” marketin qarşısından uşaq baxçasına gedən istiqamətdə binanın tinində iki nəfərin əyləşdiyini görmüşlər. Həmin şəxslər onları görəndə özlərini şübhəli apardıqları üçün avtopatrulu saxlayıb onlara yaxınlaşaq özlərini onlara təqdim etmişlər. Onların kimliyi barədə soruşduqlarında həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid5 olaraq təqdim etmişlər. Üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından onları Qaradağ RPİ-nin 38-ci polis bölməsinə getmələri üçün avtopatrula əyləşməyi dəvət etmişlər. Bundan sonra onlar avtomobilə əyləşib biraz getdikdən sonra Ramalın dayısı İlham adlı şəxs də onların avtomaşınına əyləşmiş, o, həmin şəxslərdən üzərlərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olması barədə sual verdikdə onlardan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin şəxsləri Qaradağ RPİ-nin 38-ci polis bölməsinə aparmışlar, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmçinin videoçəkiliş aparılmaqla həmin şəxslərin üzərlərinə baxış keçirilərkən polis bölməsində Şahid5 üzərinə, təhqiqatçı Azər Vəliyev tərəfindən şəxsi axtarış və götürülmə keçirilən zaman Şahid5 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Şahid5 əynindəki ağ rəngli cins şalvarın qabaq sağ cibindən özünə məxsus xarici pasport, adaptor, qabaq sol cibindən isə hər birinin üzərində “Prima deluxe” yazılan 06 ədəd bir qutuda olan siqareti və alışqanı, arxa sağ cibindən isə bir ədəd şəffaf selofanda olan kağızı masnın üzərinə qoyduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, təhqiqatçı Azər Vəliyev tərəfindən şəxsi axtarış və götürülmə keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd alışqan, bir ədəd açılıb-qatlanan bıçaq, bir manat 40 qəpik pul, qabaq sol cibindən isə içində iki ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitələr olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs ona məxsus meyvə-tərəvəz mağazasında onunla birlikdə işləyir. Hadisədən bir müddət əvvəl Şahid5 Ramal ilə yaxınlıq etdiyini görmüş və bu barədə Ramala iradını bildirmişdir. Belə ki, o, Şahid5 başqalarına narkotik vasitə satmasını, başqa insanlara şər atmasını bilmiş və Ramalı ondan uzaq tutmağa cəhd etmişdir. Bununla bağlı bir neçə dəfə Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri İsmayıl adlı şəxslə əlaqə saxlamış və onun Ramaldan uzaq tutulması istiqamətində hərəkətlər görülməsini xahiş etmişdir. Hadisə günü o, öz mağazası tərəfə gələrkən Ramalın həmin Şahin adlı şəxslə olduğunu görmüş və bu barədə İsmayıla zəng edərək məlumat vermişdir ki, gəlib Şahini aparsınlar. Qısa bir müddətdən sonra PPXB-nin əməkdaşları gəlmiş və Şahini maşına mindirmək istəyərkən Ramal da onunla minmişdir. Həmin küçənin sonunda o, özü də PPXB-nin maşınına əyləşmişdir. Maşında olarkən Şahid5 qeyri-iradi hərəkətlər etməyə başlamış, cibindən nəyisə çıxarıb Ramala vermişdir. Bunu da o görmüş, lakin Ramal həmin bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmiş və “bunu axtarırsızsa buyurun” demişdir. O isə polis əməkdaşlarına Şahinin həmin bükümü Ramala verdiyini bildirmişdir. Polis əməkdaşları da dəfələrlə Ramala düzünü deməsini bildirsələr də Ramal ona acıqlı olduğuna görə bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Belə ki, Ramal Şahindən şikayət edən adamın o olduğunu bilmişdir. Şahid5 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirmə barədə qərarlar çıxarılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, o cümlədən şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etməsinə baxmayaraq bir neçə ildir ki, narkotik vasitələrdən uzaqlaşmışdır. 27.08.2021-ci il tarixdə keçmiş iş yoldaşı Nadir Qədirovun xəstəlik vərəqəsini özünə vermək məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmək üçün “Binə” TM-nin qarşısından taksiyə əyləşərkən əvvəllər tanıdığı Ramal adlı şəxsi görmüş və birlikdə Sahil qəsəbəsinə gəlmişlər. Taksi Sahil qəsəbəsində yerləşən “Aynur” uşaq bağçasının qarşısında saxlamış, o, üzərində olan 10 manat pulu orada yerləşən mağazadan xırdalayıb gediş haqqını verərək taksidən düşmüş və onlar məhəllədə yerləşən mağazanın qarşısında oturmuşlar. Saat təxminən 00 :50 radələrində həmin yerə PPX maşını yaxınlaşmış, üç nəfər polis əməkdaşı avtomobildən düşərək özlərini təqdim etmiş və narkotik vasitələrin döriyyəsində şübhəli bilindikləri üçün onları avtomobilə əyləşdirib Qaradağ RPİ 38-ci PB-yə aparmışlar. Xidməti otaqların birində onların üzərilərinə baxış keçirilməzdən öncə onlara üzərilərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol cibində olan iki ədəd bükümü, o, isə cibində olan «Prima Deluxe» siqaretini polis əməkdaşlarına təqdim etmişlər. Verilən suallara cavab olaraq Şahid5 keçmiş tanışı Təqsirləndirilən şəxs ilə görüşdüyü zaman, eləcə də eyni taksiyə əyləşərkən Təqsirləndirilən şəxs cibində narkotik vasitənin olmasından xəbərdar olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli, 6/3728 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №47” dairəvi möhür əksi olan, “1Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,097 qram və 0,114 qram olmaqla, ümumi çəkisi 0,211 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,211 qr., tədqiqata sərf edildi 0,06 qram (hər bir obyekdən 0,03 qr.)., qalıq 0,151 qram. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli, 7/839 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Arayışlar üçün №47” dairəvi möhür əksi olan, “Şahid5 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan zərfdə 01 ədəd üzərində “Prima Deluxe” yazılan siqaret qutusundakı 06 ədəd siqaretin içərisində narkotik bitki hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 3/1877 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçaqlara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 11 noyabr 2021-ci il tarixli, 4407 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 02 sentyabr 2021-ci il tarixli «DVD diskə baxış keçirilməsi barədə» protokoldan və protokola əlavə olunmuş 1 ədəd videodiskdən görünür ki, “COVİD-19” pandemiyası əleyhinə geyimdə olan şəxs özünü təqdim edərək Qaradağ RPİ-nin 38-ci PBnin əməkdaşı İsgəndərov olduğunu və sifət nahiyəsində tibbi maskası olmayan bir nəfər şəxs – Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixində “COVİD-19” pandemiyası ilə əlaqədar test verdiyini və testin cavabının müsbət çıxdığını bildirir. Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar verdiyi testin cavabının müsbət çıxmasını bildiyini və evləri üçün ərzaq məhsulları almaq məqsədilə mağazaya getdiyini bildirir. İşdə olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 27.08.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd alışqan, bir ədəd açılıb-qatlanan bıçaq, 1 manat 40 qəpik pul, qabaq sol cibindən isə içində iki ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitələr olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qaradağ Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin 02.09.2021-ci il tarixli, 03-19/932 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan vət. Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxması ilə əlaqədar 29.08.2021-ci il tarixdə “COVİD-19” Milli Məlumat Bazasında qeydiyyata alınmışdır. İşdə olan X6 Nəticə Hesabatı siyahısında vət. Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixli götürülmüş nümunəyə 03.09.2021-ci il tarixdə yeni nümunə tələbi qeyd edilmiş, 18.11.2021-ci il tarixli, saat 03:55-də “COVİD-19” Milli Məlumat Bazası – MYASP.net application edilmiş çıxarışda 28.08.2021-ci il tarixində yoluxduğu “COVİD-19” xəstəliyindən 18.11.2021-ci il tarixdə sağalması qeyd olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, 27.08.2021-ci il tarixli protokol ilə Təqsirləndirilən şəxs üzərindən götürülərək zərfə qablaşdırılmış 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,097 qram və 0,114 qram olmaqla, ümumi çəkisi 0,211 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,151 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 22.09.2021-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisəsdə müayinə və müalicələri davam etdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihamları qəbul etməsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla həmin ittihamlar öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə verərək törətdiyi əməlləri tam etiraf etmiş, o cümlədən ilkin saxlanılarkən müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilərkən və 02 sentyabr 2021-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar küçədə saxlanılarkən törətdiyi əməlləri etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, 26.08.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 yanvar” dairəsindən tanımadığı şəxsdən hər birini 10 manat müqabilində olmaqla iki büküm “kakos” almışdır. Ertəsi gün, 27.08.2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində evə getmək üçün “Binə” Ticarət Mərkəzinin qarşısında taksi gözlədiyi zaman köhnə tanışı Şahin ilə rastlaşmış və onunla birlikdə taksiyə oturub Sahil qəsəbəsinə getmişdir. Getdikləri ünvana çatdıqdan sonra o, Şahini çoxdan görmədiyi üçün məhəllədə oturub söhbətləşdikləri zaman PPX maşını onlara yaxınlaşmışdır. Üç nəfər polis əməkdaşı maşından düşərək özlərini təqdim etmiş, polis əməkdaşları narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiklərinə görə onları avtomobilə əyləşdirib Qaradağ RPİ 38-ci PB-yə aparmış, PB-nin xidməti otaqlarının birində dəvət edilmiş müdəfiəçinin iştirakı ilə həmçinin videoçəkiliş aparılmaqla üzərilərinə baxış keçirilməzdən əvvəl onlara üzərilərində qanunla qadağan edilmiş hər hansı əşyanın olması barədə sual verildikdə o, əynindəki tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd alışqan, bir ədəd açılıb-qatlanan bıçaq, 1 manat 40 qəpik pul, qabaq sol cibindən isə içində iki ədəd ağ rəngli kağıza bükülmüş bükümlər olan siqaret qutusunda narkotik vasitə olmasını bildirmiş və bütün bunların hamısını ciblərindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun ciblərindən çıxan narkotik vasitə və açılıb-qatlanan bıçaqdan başqa digər əşyaların hamısını sonradan onun özünə qaytarmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitənin olması barədə tanışı Şahid5 xəbərdar olmadığını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs qismində cəlb edilərək 02.09.2021-ci il tarixində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27.08.2021-ci il tarixdə Qaradağ RPİ PPXB-nin polis nəfərləri tərəfindən Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakına görə tutulduğunu qeyd etmişdir. Həmin gün Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının onu X11 apararaq orada COVİD 19 pandemiyası ilə əlaqədar test verdiyini 29.08.2021-ci il tarixdə ona Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildikdən sonra həmin gün MSY-dən azad olunaraq evə getdiyini bildirmişdir. 01.09.2021-ci il tarixdə Qaradağ RPİ-nin müstəntiqi Fərid Seyfəlov tərəfindən ona zəng edilərək 27.08.2021-ci il tarixdə COVİD 19 pandemiyası ilə əlaqədar verdiyi testin cavabının müsbət çıxdığı və evdən çölə çıxmamasını qeyd etmişdir. Oda F. Seyfəlovun ona qeyd etdiyi kimi evdə digər otaqda özünü onunla birlikdə yaşayan anası X3 və nənəsi Tamaşa Məmmədovadan təcrid edərək qaldığını bildirmişdir. 02.09.2021-ci il tarixdə təxminən səhər saatlarında evdə yeməyə heç nə olmadığından yaşadığı evi tərk edərək Sahil qəsəbəsində yerləşən 12 saylı yataqxananın yaxınlığında yerləşən mağazaya getdiyini orada mağazanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşdıqlarını və ona 27.08.2021-ci il tarixdə verdiyi testin nəticələrinin pozitiv çıxması barədə bildirdiklərini, bundan sonra isə onu polis bölməsinə gətirərək müvafiq sənədləşdirmə işləri apardıqlarını qeyd etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və hal-hazırda xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə ilk dəfə 27 avqust 2021-ci il tarixdə gecə saat 01 radələrində şübhəli şəxs kimi tutulmuş və 28 avqust 2021-ci il tarixdə saat 11:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatmış və daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra 02 sentyabr 2021-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,151 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 139- 1.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 06 (altı) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən hal-hazıradək həbsdə qaldığı 06 (altı) ay müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,151 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 152,70 (yüz əlli iki manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13 oğlunun və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar