Məhkəmə qərarları › İş №1(002)-271/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-271/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-271/2025 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 5 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 30 avqust 2025-ci il tarixdə, saat 03.00 radələrində qohumu, şəxsiyyəti istintaqa məlum olmayan “Tacəddin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus tikinti materialları satışı mağazasının qarşısında olan sement kisələrini talamaq qərarına gəlib, həmin mağazanın qarşısına idarə etdiyi «Vaz-2109» markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldikdən sonra o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, qrup üzvü Tacəddin adlı şəxs isə mağazanın qarşısındakı hər biri 8 manat olmaqla cəmi 176 manat dəyərində 22 ədəd sement kisələrini gizli olaraq talayıb, avtomobilin yük yerinə qoymaqla hadisə yerindən uzaqlaşaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 176 (bir yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə oğurluq etdiyinə görə məhkum olunmuş və təxminən 1 ildən artıq müddətdir azadlığa çıxmış, azadlığa buraxıldıqdan sonra taksi kimi fəaliyyət göstərmişdir. Tacəddin onun qohumudur. Tacəddinlə təxminən 2-3 ay əvvəl rastlaşmış və onun qalmağa yeri olmadığı üçün yaşadığı evə gətirib həyətdə olan tikilidə yaşamağına icazə vermişdir. Həmin vaxt Tacəddin Meyvəli bazarında arabaçı işləmişdir. 2025-ci ilin avqust ayının sonlarında Tacəddinlə idarə etdiyi avtomobil ilə Meyvəli TM-yə gedən zaman ona bildirmişdir ki, Lökbatan qəsəbəsində 1-ci massiv adlanan ərazidə tikinti materialları mağazası vardır və orada çöldə sement kisələri yığılıb, onları oğurlamaq fikri var. Belə ki, həmin əraziyə müştəri aparan zaman sement kisələrini çöldə görmüşdür. Tacəddin onunla razılaşdıqdan sonra o, avtomobili Lökbatan qəsəbəsi 1-ci massiv adlanan əraziyə sürmüş və orada tikinti materialları mağazasının yanında avtomobili saxlamışdır. Daha sonra o, avtomobildən düşüb küçənin baş hissəsinə gəlmişdir ki, kiminsə olub-olmadığına baxsın. Həmin vaxt isə Tacəddin sement kisələrini avtomobilin yük yerinə yığmışdır. O, ətrafa nəzər salıb avtomobil yanına qayıtmış və Tacəddinlə birlikdə oradan uzaqlaşıb yaşadığı Xocəsən qəsəbəsindəki evinə gəlib sement kisələrini evin həyətinə boşaltmışlar. Daha sonra Tacəddinlə təkrar həmin yerə gedib yenə də sement kisələrini oğurlayıb avtomobil yük yerinə qoymuşlar və hadisə yerindən uzaqlaşıb yaşadığı evinə gəlmişlər. Sentyabr ayının əvvələrində polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən izahat verib törətdiyi cinayəti etiraf etmişdir. O, oğurladığı sement kisələrinin 12 ədədini istintaqa təqdim etmişdir. O son olaraq çıxışında əməlindən peşman olduğunu bildirmiş və ona mümkün qədər yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə tikinti materialları mağazası işlədirlər. Vergi ödəyicisi kimi qardaşı qeydiyyatdadır. Mağazada tikinti materialları satılır. Mağazaya satılmaq üçün gətirilən sement kisələrini mağazada yer olmadığından çöldə saxlayırlar.29 avqust 2025-ci il tarixdə axşam radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Növbəti gün səhər saatlarında mağazaya gəldikdə görmüşdür ki, çöldə olan sement kisələri azlıq təşkil edir. O, sement kisələrini saymış və görmüşdür ki, 22 ədəd sement kisəsi yerində yoxdur. Daha sonra mağazada quraşdırılmış müşahidə kameralarına baxmış və müəyyən etmişdir ki, gecə saatlarında 2 nəfər naməlum şəxs avtomobillə gəlib sement kisələrini oğurlamışlar. Daha sonra o, bununla bağlı polisə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət tələbinin olmadığını göstərmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 07 sentyabr 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 07 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 09 sentyabr 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 09 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Qaradağ RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarından görünür ki, 14 dekabr 2025-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından «Tacəddin» adlı şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə yerləşən tikinti materialları satılan mağazanın qarşısıdır, baxış zamanı hadisəni özündə əks etdirən görüntülər 01 ədəd diskə köçürülməklə götürülmüşdür. İş materillarında olan disə yerinə baxış keçirilməsi haqqında 07 sentyabr 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd komoakt diskdə olan videogörünütüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 08 dəqiqə 52 saniyə davam edir, görüntüdə tarix və saat ekranın sağ hissəsində göstərilsə də, görüntü yaxşı olmadığı üçün tarix və saatı dəqiq görmək mümkün deyil. Görüntüdə gecə saatlarında Vaz-2109 markalı avtomobilin tikinti materialları satışı mağazası olan küçəyə daxil olur və bir qədər irəliyə doğru gedib təkrar geri qayıtmaqla mağazanın yaxınlığında yerə yığılmış sement kisələrinin yanında dayanır. Bir neçə saniyə sonra avtomobilin qarşı sol tərəfindən bir nəfər şəxs düşərək küçənin başına gəlir və ətrafa baxıb təkrar avtomobilə qayıdaraq oturur. Bir neçə dəqiqə sonra həmin şəxs təkrar avtomobildən düşərək küçənin başına gəlib ətrafa nəzarət edir və təkrar avtomobilin yanına qayıdır. Sonra avtomobilin sağ qarşı oturacağından bir nəfər şəxs düşür, digər şəxs isə sükan arxasına oturur, qarşı sağ tərəfdən düşən şəxs avtomobilin arxa qapısını açır və yerə yığılmış sement kisələrini avtomobilin arxa oturacağına yükləməyə başlayır, bir müddət sement kisələrini yüklədikdən sonra isə avtomobilə oturur və avtomobil oradan uzaqlaşır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 5 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş içərisində görüntülər olan 01 ədəd disk, təqsirləndirilən şəxsin təqdim etdiyi 12 ədəd sement kisələri xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmış, 12 ədəd sement kisələri isə zərər çəkmiş şəxsə qaytarılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən, yəni 30 avqust 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlində məsuliyyətini ağırlaşdıran hal olaraq cinayətin residivin olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 sentyabr 2025-ci i tarixdən - 09 sentyar 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmaldır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli hökm elan edildiyi tarixdən, yəni 26 fevral 2026-cı il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində qeyd edimişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 12 ədəd sement kisəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2025-ci il tarixdən – 09 sentyabr 2025-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq konvoy taboru vasitəsi ilə Bakı istintaq Təcridxanasına göndərilsin. Cəzasının əvvəli 26 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 12 ədəd sement kisəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın və 01 ədəd disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar