Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-272/2022 23.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1973-cü ildə Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, sürücü fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 08 iyul 2022-ci il tarixdə saat 12 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «X6» markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 22-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ hissəsindən sol hissəsinə keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan baş beyin silkələnməsi, sol oturaq və qasıq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları, sol baldır sümüklərinin orta 1/3-nin çoxqəlpəli, yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol əlin V barmağının distal açıcı vətərin qopması, sol gözün bayır bucağının, sağ said, sol bazu və sağ baldır nahiyələrinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına və sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «B» kateqoriyalı, AC seriyalı, 552144 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqə ilə özünə məxsus olan «X6115 CDİ» markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək həmin avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə sərnişin daşımaqla çörəkpulunu qazanırmış. 08 iyul 2022-ci il tarixdə həmin avtomobillə Lənkəran rayonundan Bakı şəhərinə gəlmiş, sərnişinləri düşürüb əmisioğlu İlkin Ağayevi, onun ailəsini və tanımadığı başqa sərnişinləri götürüb Bakı şəhərindən Lökbatan qəsəbəsi ərazisinə gəlib oradan Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olaraq Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. Texniki cəhətdən saz olan avtomobili Bakı-Qazax yolunda sol hərəkət zolağı ilə yəni soldan birinci hərəkət zolağı ilə saatda təxminən 100-110 km/saat surətlə idarə etmiş, avtomobildə 7 nəfər sərnişin, yük yerində isə təxminən 35-40 kiloqram yük olmuşdur. Saat təxminən 12 radələrində avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda 90 km/saat sürətlə idarə edən zaman yolun sağ hissəsindən iki nəfər qadının yolun sol hissəsinə doğru keçdiyini görmüş, onları görüb avtomobilin sürətini endirib saatda 70 km/saat sürətlə idarə etmiş, həmin qadınlar hərəkətdən dayanmayaraq adi qaçışla yolun soluna doğru keçməyə davam etmişlər. O, sükanı sola döndərib onlardan yayınmaq istəsə də bunun heç bir nəticəsi olmamış və avtomobilin qabaq sağ hissəsi ilə yolun soldan birinci zolağında yəni, onun hərəkətdə olduğu zolaqda həmin qadınları vurmuşdur. Onları vurandan sonra biri yerə yıxılmış, o, dərhal avtomobili yolun sağ kənarında saxlamış və düşüb həmin qadınlara köməklik etmişdir. Ətrafda olan tanımadığı şəxslər də onlara köməklik edərək təcili yardıma zəng vurmuş, hadisə yerinə gələn təcili yardım avtomobili ilə həmin piyadaları xəstəxanaya aparmışlar, özü hadisə yerində qalmışdır. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisə zamanı özü və avtomobilində olan sərnişinlər heç bir bədən xəsarəti almamışlar. Bundan başqa Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də süpürgəçi işləyir və növbəliklə Qaradağ rayonu ərazisində təmizlik işləri aparırmış. O, 08 iyul 2022-ci il tarixdə Bakı- Qazax avtomobil yolunun kənarında təmizlik işləri aparıb saat 12-yə kimi yolun kənar hissəsini təmizlədikdən sonra yolun Qazax rayonu istiqamətinə olan hissəsindən Bakı şəhəri istiqamətinə olan hissəsinə keçərək evə getmək istəyirmiş. O, daha sonra aldığı xəsarətlərdən hadisənin necə baş verməsini unutduğunu, özünə gələndə isə xəsarət alaraq xəstəxanada olduğunu görmüşdür. Ona sonradan məlum olmuşdur ki, iş yoldaşı Həqiqətlə birlikdə yolu keçib dəmir çəpərlərə çatanda minik avtomobili onları vurmuşdur. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, "xxxx" MMC-də süpürgəçi işləyirmiş və növbəliklə Bakı-Qazax avtomobil yolunun kənarında təmizlik işləri görürmüş. 08 iyul 2022-ci il tarixdə iş yoldaşı Xuramanla birlikdə Bakı-Qazax avtomobil yolunun kənarında təmizlik işləri aparmış, saat 12-yə kimi işlədikdən sonra evə getmək üçün yolun Qazax rayonu istiqamətinə olan hissəsindən Bakı şəhəri istiqamətinə keçmək üçün iş yoldaşı Xuramanla birlikdə adi yerişlə yolun sağından hərəkət hissəsinə daxil olaraq yolun soluna doğru keçməyə başlamış, iki hərəkət zolağın keçib soldan birinci hərəkət zolağına çatanda ağ rəngli minik avtomobili gəlib onlara çatmış və yolun soldan birinci hərəkət zolağında onları vurmuş, zərbədən onlar yerə yıxılmış, sonra o, ayağa qalxaraq yolun kənar hissəsinə getmişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdə o, da Zərərçəkmiş şəxs ilə birlikdə müayinə olunmaq üçün getmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmamasına baxmayaraq, hadisə zamanı müxtəlif bədən xəsarətləri almış, ekspertiza rəyinə əsasən aldığı xəsarətlər dərəcəsinə görə yüngül müəyyən olunmuşdur. Bu səbəbdən müayinə xərcləri tamamilə, ev şəraitində aldığı müalicə xərcləri isə qismən sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 8/1813 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “X6 115 CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 08 iyul 2022-ci il tarixli, 2/22771 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən 27 iyun 2018-ci il tarixdə verilmiş AC seriyalı 552144 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AD seriyalı, 756238 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6115 CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs mülkiyyətindədir. Cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 20 iyul 2022-ci il tarixli, 509 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, X.Ə.Canəliyevanın məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan baş beyin silkələnməsi, sol oturaq və qasıq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları, sol baldır sümüklərinin orta 1/3-nin çoxqəlpəli, yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol əlin V barmağının distal açıcı vətərin qopması, sol gözün bayır bucağının, sağ said, sol bazu və sağ baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. X.Ə.Canəliyevanın almış olduğu xəsarətlər xarakterinə və lokalizasiyalarına görə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində yolu keçmək istəyərkən hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 51-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, HK-750 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin X7 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, “X6 115 CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X7 Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə keçən “X6 115 CDİ” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs olması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-272/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-272/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver