Məhkəmə qərarları › İş №1(002)-272/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-272/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-272/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Qazaxıstan Respublikası Jezqazqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Meyvəli-Lökbatan yolunda “X13” mərkəzinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Opel Astra minik” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70 km sürətlə yolun sol zolağı ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol Hərəkəti haqqında “Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, habelə 65-ci maddəsinin 1-ci hissəsinin (4.2.1 “Maneəni sağdan keçmə“ yol nişanının) tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə yolda olan maneəni 4.1.2 məcburi hərəkət istiqaməti yol nişanına əsasən sağdan keçməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə riayət etməyib idarə etdiyi avtomobil yolda quraşdırılmış ayrıcı zolağın beton səddinə çırparaq sağa istiqamətlənib Şahid1 həmin yolun sağ zolağında eyni istiqamətdə idarə etdiyi “Mercedes-Benz E280” markalı 90 DK739 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş həmin avtomobilin yoldan çıxıb yolun kənarında dayanmış MAZ 54331 markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqusunun arxa hissəsinə çırpılması nəticəsində ehiyyatsızlıqdan “Mercedes-Benz E280” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs1un sağlamlığına dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sol bazu sümüyünün boynunun qapalı, qəlpəli, yerinidəyişmiş sınığı, sol gicgah və qaşarası nahiyyələrinin sıyrıqları və X1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, başın alın nahiyyəsinin, sağ qaşüstü, sağ gözaltı və burun kökünün əzilmiş yaraları, başın təpə nahiyyəsinin qançırı, döş qəfəsinin V-Vİ qabırğaların xətti sınıqları ilə nəticələnən az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli ilk baxış iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “Opel Astra” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 18:20 radələrində idarə etdiyi həmin avtomobillə Meyvəli bazarı istiqamətindən Lökbatan qəsəbəsi istiqamətinə yolun soluna keçmək üçün sol zolaqda saatda 70 km sürətlə hərəkət edərkən dairəyə təxminən 20 metr qalmış onunla eyni istiqamətdə hərəkətdə olan, sağ zolaqda hərəkət edən “Mercedes Benz” minik markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ hissəsindən vuraraq avtomobili yol ayrıcısı olan səddin üzərinə atmışdır. O, avtomobili yol səddinin üstündən düşürüb yolun sağına kənara çəkib saxlamışdır. Avtomobilində arxa oturacaqda olan 6 yaşlı bacısı oğlu və özü xəsarət almamışlar. O, ərazidə olan şəxslərin arxa tərəfə qaçdığını gördükdə həmin istiqamətə getmiş, onun avtomobili ilə sağ tərəfdən toqquşan avtomobilin yolun sağ hissəsində saxlanılan yük avtomobilinin yedəyinin altına girdiyini və həmin avtomobildən çıxarılan bir qadının yaralı halda olduğunu görmüşdür. Sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, yaralı qadını xəstəxanaya yola salmışlar. Polis əməkdaşları isə hadisə yerini müayinə etmişlər. Həmin günün səhərisi günü isə Qaradağ RPİ-nin təhqiqat şöbəsinə gələrək hadisə barədə izahat vermişdir. Hadisə baş verdikdən bir gün sonra Qaradağ RPİ-nin təhqiqat şöbəsində izahat verdiyi zaman hadisəni xatırlamadığı üçün həmin izahatını xatırlamır, bu səbəbdən ikinci dəfə polis idarəsində və məhkəmə iclasında verdiyi ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və iş materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli ilk baxış iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 18:00 radələrində metronun 20 yanvar metrostansiyasının qarşısında “Mercedes Benz” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa oturacağında yəni sürücünün arxasında əyləşmişdir. Ondan başqa arxa oturacaqda bir kişi və bir qadın, qabaq oturacaqda da bir kişi olmuşdur. Yorğun olduğuna görə bir qədər mürgüləmiş, lakin yuxulu halda eşitdiyi səsə ayıldıqda olduğu nəqliyyat vasitəsinin yolun sağ tərəfinə istqamətlənərək həmin istiqamətdə dayanmış yük avtomobilin qoşqusunun orta hissəsinə çırpılmışdır. Həmin vaxt o, özünü itirmiş və ətrafa çoxlu sayda insanlar toplaşaraq onu və avtomobildə olan digər sərnişinləri çıxırmışlar. Nəqliyyat vasitəsində sərnişin olan kişi və qadının üz nahiyələrində qan olduğunu görmüşdür. Bundan sonra təcili tibbi yardım avtomobili gəlib onu 1 saylı X15 aparmış və müayinə zamanı hadisə nəticəsində müxtəlif bədən xəsarətləri aldığı məlum olmuş, xəstəxanadan evə buraxmışlar. Həmçinin, qeyd etmişdir ki, hadisədən sonra avtomobildən onları çıxardıqları zaman gözündə optik eynək olan gənc oğlan onların olduğu avtomobilin sürücüsündən və onlardan törətdiyi yol nəqliyyat vasitəsi səbəbindən üzr istəmişdir. Son olaraq Zərərçəkmiş şəxs1, müalicəsi ilə bağlı xərcləri özü çəkdiyindən, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və ona dəymiş zərərin qarşılanmasını tələb etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli ilk baxış iclasında zərərçəkmiş şəxs X8 göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 17:50 radələrində metronun 20 yanvar metrostansiyasının qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı “Mersedes Benz” minik markalı avtomobildə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Ondan başqa arxa oturacaqda iki kişi sərnişin, ön oturacaqda bir kişi sərnişin olmuşdur. Avtomobil Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində Meyvəli-bazarı yaxınlığında hərəkətdə olmuşdur. “X13”-nın yaxınlığında olarkən qəflətən avtomobilə sol hissədən nəyinsə möhkəm çırpıldığını hiss etmiş, qorxudan qışqırmağa başlamış və huşunu itirmişdir. Təcili tibbi yardım avtomobilində huşu özünə gəldikdə yol nəqliyat hadisəsi zamanı xəsarət alması ona bildirilmişdir. Təcili tibbi yardım avtomobili onu 1 saylı X15 gətirmiş, orada müayinə zamanı sol tərəfdə qabırğalarının sındığı, sağ qaş nahiyəsindən, sağ gözünün altından, başının sağ tərəfindən və burnundan xəsarət aldığı müəyyən edilmişdir. Orada bir gün qaldıqdan sonra öz istəyi ilə evə yazılmış və ev şəraitində müalicəsini evdə davam etdirmişdir. Sərnişin kimi oturduğu avtomobilin hansı nəqliyyat vasitəsi ilə toqquşmasını görməmişdir. Son olaraq zərərçəkmiş şəxs X8, müalicəsi ilə bağlı xərcləri özü çəkdiyindən, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və ona dəymiş zərərin qarşılanmasını tələb etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli ilk baxış iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə yolun sol zolağı ilə hərəkətdə olarkən ayırıcı zolağın beton səddi ilə toqquşaraq sağa istiqamətlənmiş, hərəkətdə olduğu sağ zolağa çıxaraq onun idarə etdiyi «Mercedes Benz» minik markalı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobil yolun sağ hissəsinə çıxaraq yol kənarında dayanmış MAZ markalı yük atomobilin yəhərli dartıcısına çırpılaraq alt hissəsinə keçmişdir. Hadisədən dərhal sonra gözündə optik eynək olan Təqsirləndirilən şəxs qucağında saxladığı azyaşlı uşaqla bərabər onun avtomobilinə yaxınlaşmış, xəsarət almış şəxslərdən və ondan üzr istəmişdir. O da onun qucağında olan uşağın və ya özünün xəsarət alıb-almadığını soruşduqda xəsarətlərinin olmadığını bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:50 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında "xxxx" MMC-nin qarşısında taksi fəaliyyəti ilə məşğul olan, “Mercedes Benz” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomobildə qabaq oturacaqda sərnişin kimi oturmuşdur. Ondan başqa 3 nəfər sərnişin arxa oturacaqda əyləşmişlər. Onlardan biri qadın, ikisi kişi olmuşdur. Avtomobil “Meyvəli” bazarı istiqamətində sağ zolaqda Lökbatan qəsəbəsinə doğru hərəkət edərkən yolun “X13” mərkəzinin yaxınlığında onların oturduqları avtomobilə sol tərəfdən zərbə və yüksək səslə nə isə çırpıldığını hiss etmişdir. Avtomobil yolun sağ tərəfinə doğru istiqamətlənərək yol kənarında dayanmış yük avtomobilinin yedəyinə çırpılmışdır. Hadisə yerinə əvvəlcə polis əməkdaşları, daha sonra isə təcili tibbi yardım avtomobili gələrək xəsarət alanlara yardım göstərmiş və xəstəxanaya aparmışlar. Həmin vaxt onlara qucağında uşaq olan digər nəqliyyat vasitəsinin sürücüsü yaxınlaşamış, onların oturduqları avtomobilin sürücüsündən üzr istəmişdir. Hadisənin növbəti günü ağrılar hiss etməyə başlamış, bu barədə Azərbaycan Respublikası “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra Qaradağ RPİ-yə izahat vermək üçün dəvət edilmiş, məhkəmə tibbi ekspertizasından müayinədən keçməsi təmin edilmişdir. Müayinə zamanı üzərində hər hansı xəsarət müəyyən edilməmiş, bu səbəbdən səhhəti ilə bağlı şikayəti yoxdur. 24 yanvar 2023-cü il tarixdə Qaradağ RPİ-nin təhqiqat şöbəsində verdiyi izahatda yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl “Mercedes Benz” markalı avtomobilin sürücüsünün sağ zolaqda hərəkətdə olduğu halda qarşısına çuxur çıxdığı üçün avtomobili sol tərəfə çəkməsini və bu zaman markasının Opel olduğunu bildiyi bir avtomobillə toqquşmasını qeyd edilməsi yanlış olaraq təhqiqatçı tərəfindən yazılmış və o da izahatını oxuduğu zaman həmin fakta diqqət etməmişdir. “Opel” markalı avtomobil “Mersedes Benz” markalı avtomobilin sol hissəsi ilə toqquşduğu zaman onların oturduqları avtomobil yolun sağ hissəsində dayanmış yük maşınının qoşqusuna çırpılmışdır. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli iclasında “Azemis” Elektron Məhkəmə Sistemindən alınmış məlumatdan və ölüm haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə ölmüşdür. 04 oktyabr 2023-cü il tarixdə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ailəsinə (yaxın qohumlarına) təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaları barədə bildiriş ünvanlanmışdır. Mərhumun atası X9 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və prosesdə iştirak edən şəxslərin izahatını dinləyərək xx.xx.2023-cü il tarixli qərarla X3 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin hüquqi varisi X6 oğlu Təqsirləndirilən şəxs vəfat etdiyinə görə onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli 2/1443 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli 2/1444 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid1 həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, AC seriyalı 145580 nömrəli sürücülük vəsiqəsinin sahibi Təqsirləndirilən şəxs vəsiqəsi xx.xx.2030-cu il tarixədək qüvvədə olmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən xx.xx.2020-cı il tarixdə verilmiş AC seriyalı 145580 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2030cu ilədək sürücülük hüququ vardır. Cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı, 460386 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL ASTRA MİNİK” markalı, ** SP *** dövlət qeydiyyat nişanlı minik avtomobili X7 mülkiyyətindədir. Cinayət işinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin 25 yanvar 2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol bazu sümüyünün boynunun qapalı, qəlpəli, yerinidəyişmiş sınığı, sol gicgah və qaşarası nahiyyələrin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən,qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X17 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığı az ağır zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişin olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 66-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin 26 yanvar 2023-cü il tarixli 58 nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın alın nahiyyəsinin, sağ qaşüstü, sağ gözaltı və burun kökünün əzilmiş yaraları, başın təpə nahiyyəsinin qançırı, döş qəfəsin in soldan V-Vİ qabırğaların xətti sınıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X17 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığı az ağır zərərvurmaya aid edilir. Vət.R.Ş.Ağayevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişin olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 74-76-cı vərəqələrində olan xəstəliklə bağlı sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 çiyin qurşağının R-da bazu sümüyünün cərrahi, boynunun qəlpəli, yerinidəyişən sınığı qeyd edilir. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 105-ci vərəqəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası- xx.xx.1966-cı il tarixdə doğulmuş X2 və anası xx.xx.1972-ci il tarixdə doğulmuş X5 ibarətdir. Cinayət işinin 134-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 139-140-cı vərəqələrində olan 31 may 2023-cü il tarixli 8/1382 №-li rəyindən görünür ki, Opel-Astra markalı 99SP304 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 65-ci maddəsinin 1-ci hissəsinin (4.2.1 “Maneəni sağdan keçməli “ yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mersedes Benz E280 markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 tədqiq olunan şəraitdə hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 138-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Cinayət işinin 141-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin dayandırılmış icraatı təzələnmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 171-172-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43, 300.1.7, 305 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar