Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-273/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Göyçay rayonu Qaraxıdır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qatimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqadarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2024-cü il tarixdə saat 04 radələrində Şahid1 məxsus ünvan 2 ünvanda yerləşən “Beta” adlı mağazanın qarşısına gələrək əlində olan kəsici alətlə mağazanın giriş qapısını kəsmiş, saxlanc yerinə qanunsuz daxil olaraq orada yerləşən “Mpay QSC”-yə məxsus İD-5700 saylı ödəmə terminalının elektrikli mişarla (laqonda) arxa hissəsini kəsmiş, 75 ədəd 1 manatlıq, 41 ədəd 5 manatlıq, 33 ədəd 10 manatlıq, 22 ədəd 20 manatlıq, 15 ədəd 50 manatlıq, 42 ədəd 100 manatlıq-ümumilikdə 6.000 manat pul əskinazının olduğu 410 manat dəyərində 1 ədəd kasseti gizli olaraq talamaqla zərərçəkmiş şəxsə vahid niyyətlə cəmi 6410 manat dəyərində, yəni xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, borclarını qaytarması üçün əvvəllər ödəniş etməklə bağlı daxil olduğu Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən "Beta" ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində 01 ədəd laqonda, 01 ədəd çəkic, 01 ədəd kəsici və 01 ədəd montaj (montirovka) alətini götürərək “Beta” mağazanın yaxınlığına gəlmiş və xx.xx.2024-cü il tarixdə saat təxminən 03-04 radələrində oranın plastik giriş qapısını kəsici alətlə kəsərək mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqda Zərərçəkmiş şəxs aparatını ön tərəfi ilə yerə qoymuş, laqondayla arxa dəmir qapısını təxminən 15 dəqiqə ərzində kəsərək ödəmə terminalın arxa qapısını açmış və içərisində pul olan balaca dəmir qabı götürmüşdür. Həmin vaxt kameranın onu çəkdiyini də görmüşdür. Özü ilə gətirdiyi alətlə dəmir qabı açaraq pulları götürmüş, dəmir qabı isə tullamışdır. O, pulları saydıqda təxminən 6300-6400 manat civarında pulun olduğunu müəyyən etmişdir. Həmin pulları şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiyini, barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin məhkəmə iclasında verdikləri ifadəsi, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş materiallarında olan sübutlar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində baş vermiş oğurluq hadisəsi barədə ona mağaza sahibi Şahid1 məlumat vermişdir. Hadisə nəticəsində işlədiyi şirkətə ümumilikdə 6.805 manat maddi ziyan dəymişdir. Belə ki, Zərərçəkmiş şəxs-yə məxsus olan e-manat aparatının içərisində 6000 manat nəğd pul olmuşdur və həmin aparata müdaxilə nəticəsində şirkətə 805 manat maddi ziyan dəymişdir. Həmçinin, e-manat aparatının içərisində əskinazlar 1 manatlıq 75 ədəd, 5 manatlıq 41 ədəd, 10 manatlıq 33 ədəd, 20 manatlıq 22 ədəd, 50 manatlıq 15 ədəd, 100 manatlıq 42 ədəd olmuşdur. Şirkətə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Beta” adlı mağaza ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində mağazanı bağlayıb getmiş və həmin gün saat təxminən 05 radələrində ona zəng gələrək mağazadan kiminsə çıxdığı bildirilmişdir. O da dərhal mağazaya gəlmiş və mağazanın qapısının aşağı hissəsinin kəsilmiş vəziyyətdə olduğunu görmüş, bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Az sonra polis əməkdaşları qeyd olunan ünvana gələrək hadisə yerinə baxış keçirmişlər. Ona məxsus mağazadan heç bir əşya oğurlanmadığı üçün hadisə barədə şikayətçi olmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq pul gətirdiyini və yaşadığı evin yaxınlığında yerləşən Yasamal parkında onu gözlədiyini bildirmişdir. O, təxminən saat 07 radələrində parka düşmüş, ona yaxınlaşan Təqsirləndirilən şəxs əlində ağ rəngli torba olduğunu görmüş, birlikdə onun işlədiyi gözəllik salonuna çatdıqda sonunca orada kimsənin olmamasını müəyyən etdikdən sonra otaqlardan birinə keçmiş, əlində saxladığı ağ torbanın içərisindən 1 ədəd tünd-boz rəngli qutu və 1 ədəd çəkic çıxarmışdır. Həmin qutunun atasının işlətdiyi Rent a Car salonunun kassası olduğunu, şifrəsini yalnız özünün bildiyini, bu səbəbdən onu sındırıb içərisində olan pulları götürəcəyini bildirmişdir. O, otaqdan çıxıb geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs əlində çoxlu pullar olduğunu görmüş, daha sonra sonuncu salondan getmişdir. Həmin gün təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs salona gəlmiş və orada saxladığı qutunu götürüb getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində onun işlədiyi salona polis əməkdaşları gəlmiş, xidməti vəsiqələri ilə özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsi barədə məlumat vermiş və onu xx.xx.2024-cü il tarixdə polis bölməsinə dəvət etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və “Mpay QSC” zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 37-38-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 43-44-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (saat 09:00) Cinayət işinin 57-59-cu vərəqələrində olan 29 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Beta” adlı mağazadan Zərərçəkmiş şəxs aparatının pul əskinazları olan qutusunu oğurladığı yeri göstərmişdir. Cinayət işinin 73-77-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 91-ci vərəqəsində olan ödəmə terminalına dəymiş zərərin qimətləndirilməsi üzrə qüsur aktından görünür ki, ödəmə terminalına dəymiş zərər 805 manatdır. Cinayət işinin 92-ci vərəqəsində olan ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə aktdan görünür ki, ödəmə terminalında 6000 manat pul olmuşdur. Cinayət işinin 93-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi dəymiş ziyan olaraq 6805 manatı qəbul etmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti “həbs” qətimkan tədbirinin həddində müəyyən edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Göyçay rayonu, Qaraxıdır kəndində yaşayır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidin məhkəmə iclasında verdikləri, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi və digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməsi, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il il tarixədək həbsdə və ev dustaqlığında qaldığı 03 (üç) ay Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) ay müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-273/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-273/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver