Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-275/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətini onunla əsaslandırmışdır ki, özünü polis polkovnik leytenantı, vəkil kimi tanıdan, adını isə ona Etibar kimi təqdim edən şəxslə aralarında hüquqi işləri olduğu üçün müqavilə bağlanması ilə bağlı tanışlıq olmuş və bundan sonra işə başlaması üçün şəxsiyyət vəsiqəsini göndərmiş və 1200 (min iki yüz) manat müqavilə pulu ödəmişdir. Bundan sonra öyrənmişdir ki, özünü Etibar kimi təqdim edən şəxsin əsl adı Etibar yox Etiqad imiş və o, vəkil deyilmiş. Ümumiyyətlə polis belə deyilmiş. Hüquq təhsili də yoxdur. Əsl adı, soyadı X4r. İlk öncə qeyd etmişdir ki, onun evinin təmiri ilə bağlı usta axtarmışdır. E.İ.Abbasov ona “sən kirayə ev tut çıx narahat olma, mənim öz evimi təmir edən briqadam var, sənə köməklik edəcək” demişdir. O da razılaşmış və buna görə E.İ.Abbasova 5000 (beş min) manat pul ödəmişdir. Daha sonra "Lalafo".az-da paylaşılan kirayəlik evin şəkilini o, E.İ.Abbasova göndərmişdir ki, E.İ.Abbasovda olan pulundan ev sahibinə 50 (əlli) manat beh göndərsin və ev sahibi ilə danışsın, gedib evə baxsınlar. E.İ.Abbasov isə ev sahibi ilə danışdığını 200 və 250 manat həmin adamın kart hesabına göndərdiyini bildirmişdir. Sonra E.İ.Abbasovun dediyinə görə ev sahibi deyib ki, “şəxsiyyət vəsiqəsi göndərin sizinlə müqavilə bağlayım”, E.İ.Abbasova özbaşına onun xəbəri olmadan şəxsiyyət vəsiqəsini həmin ev sahibinə göndərmişdir. Sonra E.İ.Abbasovun dediyinə görə ev sahibi ondan 10.000 (on min) manat pul istəyib, vermədiyi təqdirdə isə onun şəxsiyyət vəsiqəsini fahişə olaraq hər yerdə paylaşacağını bildirmişdir. O, isə E.İ.Abbasova “mən səndən belə bir şey xahiş etməmişəm sən niyə görə mənim adımdan belə işlər görürsən” deyə kəskin şəkildə narazılığını və şikayət edəcəyini bildirmiş, DİN-nin "102" qaynar xəttinə zəng edərək şikayət etmişdir. Daha sonra E.İ.Abbasov ona demişdir ki, "həmin şəxs mənə deyir ki, mənə 10.000 (on min) manat pul verməsən Nuranənin şəklini sosial şəbəkələrdə fahişə kimi paylaşacam". Daha sonra E.İ.Abbasovun bildirdi ki, guya o, həmin şəxsin kart hesabına 10.000 (on min) manat pul ödəyib və hazırda hədə qorxu ilə həmin pulu ondan tələb edir. Beləliklə E.İ.Abbasov onu hədələyərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutduracağını bildirir. Bundan əlavə E.İ.Abbasov tanışı olan Günay adlı qadını öyrədir ki, “Nuranəni şərlə 10.000 (on min) pul al yarı bölǝk” (səslər sübutlar mövcuddur). Bildirir ki, onun FHN-də işləyən general qohumu var, Nuranəyə 60.000 (altmış min) manat pul xərcləyib və ona 50.000 (ǝlli min) manata saat alıb və Nuranə ona cadu elətdirib ki, qohumu arvadını boşasın (səsləri var). E.İ.Abbasov onun barəsində tanışları Günay, Esmira, Aygül, Eldar adlı şəxslərə onun ünvanına bu məzmunlarda şər böhtan şərəf ləyaqətini alçaldan sözlər yayır (səslər mövcuddur). Həmin şəxslər ona həmin səsləri göndərmişlər. E.İ.Abbasov bildirib ki, o, 1 ildə 8 kişi ilə kəbin kəsdirmiş, E.İ.X1 İdarəsindən rəsmi sənəd var. Hər yerdə bu cür şayiələr yayaraq onun işgüzar nüfuzuna xələl gətirir. Cəmiyyət içərsində onu şəxsi nüfuzdan salır. Əlavə olaraq E.İ.Abbasov əslinin erməni olduğunu demişdir. Əlində rəsmi sənədlər olduğunu qeyd etmişdir. Həmçinin E.İ.Abbasov “Nuranə evində priton açıb və mən onunla cinsi əlaqədə olmuşam” deyib. Bir başqa qadının geyimsiz lüt şəkillərini onun şəkilləri kimi paylaşmış və 4 şəxsə göndərmişdir. Bu şəxslərdən Günay, Esmira və Eldar adlı şəxslər var. Esmira adlı qadın demişdir ki, bu şəkili sosial şəbəkələrdə Nuranə adı ilə paylaşacaq. Bundan əlavə E.İ.Abbasov evində işləyən Təranə adlı şəxslə xəstəxanada olanda cinsi əlaqədə olub (bu barədə səs yazıları var). Sonra həmin səs yazılarında deyir ki, “İran vətəndaşı var gəl sənin bacını həmin şəxsə pul müqabilində sataq”. Qeyd etmişdir ki, E.İ.Abbasov ondan vəkil müqaviləsi üçün 1200 (min iki yüz) manat pul alıb. Bundan əlavə evini təmir etdirmək üçün 5000 (beş min) manat pulunu alıb, lakin təmir etdirməyib. Bundan əlavə Esmira adlı qadına pul verib, evində video çəkdirib. Onun barəsində şər böhtanları bitmək bilmir. Hətta onu söyüb təhqir və təhdid etməsi ilədə bağlı səs yazılar var. Dürdanə adlı bir qadına zəng edib Esmira ilə ona təklif ediblər ki, “get Nuranədən şikayət et pulu pul tələb et. Durdanə adlı qadında onlara deyib ki, “onsuzda mən Nuranəyə pul verməliyəm, necə gedim şərləyim”(səslər var). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə onu hədələyir. O, bütün olanlarla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmişdiur. E.İ.Abbasov Abşeron rayon Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Müşfiq Qubadovda olan şikayəti götürməsə başına oyun açacağını demişdir. Telefonuna qeyri-müəyyən saatlarda zənglər edir. Blok etsə də başqa nömrələrdən zəng edir. Ondan polisə şikayət edəndə şikayəti geri götürməsini xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısına şikayəti geri götürməsə qardaşının, oğlunun yanına gedərək əxlaqsız olduğunu deyəcəyini bildirmişdir. Hal-hazırda şikayəti araşdırma üçün Abşeron rayon Prokurorluğundadır. E.İ.Abbasovla dəfələrlə aralarında mübahisələr olmuşdur. Hər dəfəsində barəsində şikayət olunan şəxs tərəfindən nalayiq sözlərə məruz qalmış və bu hal artıq dözülməz həddə gəlib çatmışdır. Hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi aralarında olan məhkəmə çəkişməsi zamanı ünvanına təhqir edici ifadələrin işlədilməsi zamanı sözügedən subutların məhkəmə tərəfindən əldə olunaraq şəxsi cinayət məsuliyyətinə cəlb etdirməkdən ibarətdir. Belə ki, E.İ.Abbasov planlı şəkildə başına mütəşəkkil dəstə yığıb bu dəstənin üzvləri Esmira Nuriyeva, Günay, Dürdanə Vəliyeva, Təranə Mehdiyeva və Elşad Hasilovdur. E.İ.Abbasov və dəstə üzvləri onun barəsində böhtan və təhqir xarakterli sözlər işlədirlər. Bu qeyd etdiklərinin təsdiqin tapmasından ötrü səs yazılarını Məhkəmə zamanı təqdim edəcəkdir. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs N.V.Əliyeva ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, E.İ.X7 adlı şəxs vasitəsilə tanımış, o da pul müqabilində onu işə düzəldə biləcəyini demiş və bu səbəblə 5000 manat pulunu almışdır. O, bu işlə bağlı mütəmadi olaraq E.İ.Abbasovla görüşməli olmuş və sonuncu ona evlənmək təklif etmişdir. Bundan əlavə tanışı ilə bağlı Abşeron rayon polis idarəsində aparılan cinayət işi ilə əlaqədar E.İ.Abbasova hüquqşünas olaraq müraciət etmişdir. Bundan sonra E.İ.Abbasov onu və ətrafında olan insanları hədələməyə başlamışdır. Günay adlı qadınla o, xəstəxanada tanış olmuş, vəkil qismində E.İ.Abbasovu onunla tanış etmiş, Günaya hüquqi yardım göstərməsi ilə bağlı E.İ.Abbasovla 1200 manat müqabilində razılaşmışlar. E.İ.Abbasov cərrahiyyə əməliyyatı nəticəsində Günayın səhhətində yaranmış fəsadlarla bağlı ondan foto şəkillərini istəmiş, əldə etdikdən sonra isə həmin şəkilləri ona aid kimi müxtəlif şəxslərə göndərmiş, sosial şəbəkədə yayacağını, onunla cinsi əlaqədə olmasını bildirmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin, erməni əsilli olması ilə bağlı yalan məlumatları onun evində işləyən Esmira Nuriyeva adlı xanıma sms formasında göndərmişdir. Yuxarıda qeyd etdiyi məlumatların E.İ.Abbasov tərəfindən ayrı-ayrı vaxtlarda 4 şəxsə sms (səs və yazı) formasında göndərildiyini nəzərə alaraq, onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs E.İ.Abbasov E.İ.Abbasov yazılı vəsatət təqdim edərək bildirmişdir ki, o, heç kimə şər və böhtan atmamışdır. Belə ki, o, X5 Yaşar Şirinov adlı ortaq tanışları vasitəsilə tanımışdır. O, hüquqşünas olduğuna görə N.V.Əliyeva onunla tanış olandan sonra onun iş yerinə gəlmişdir. Həmin gün aralarında danışıqlar olmuş, sonradan yenidən görüşmüşlər və N.V.Əliyeva onun ailə vəziyyəti ilə maraqlanmışdır. O, arvadının 2023-cü ildə öldüyünü, N.V.Əliyeva isə nikahının pozulduğunu, danışıqlar nəticəsində bir-birləri ilə ailə qurmağa uyğun olduqlarını bildirmişlər. N.V.Əliyevanın cərrahiyyə əməliyyatına ehtiyacı olduğu üçün onunla dini nikaha daxil olmuş, rəsmi nikaha daxil olduqdan sonra isə sonuncunun onun iki oğlu ilə bərabər yaşadığı mənzilə köçəcəyi barədə razılaşmışlar. O, N.V.Əliyevanın cərrahiyyə əməliyyatı ilə bağlı 5000 manat xəstəxananın kassasına ödəmiş, 2500 manatlıq qızılın lombarddan çıxarılması üçün, 3600 isə manat əlbəəl N.V.Əliyevaya verməklə ümumilikdə 12000 manat pul xərcləmişdir. N.V.Əliyeva hazırki ərizəsində 1200 manatı müqavilə üçün, 5000 manatı ev təmiri üçün aldığını qeyd etmişdir. O, ev təmir edən şəxs olmadığı üçün ərizə həm pulla, həm də onun ünvanına qeyd olunmuş halların əsassız olduğunu, habelə heç bir sosial şəbəkədə, həmçinin heç bir şəxsə N.V.Əliyeva barədə məlumat paylaşmadığını yaymadığını, təhqir etmədiyini nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş mesajlaşmalar və DVD diskə əlavə edilmiş səs yazılarının kimə məxsus olmasını sübut edən dəlillər mövcud olmadığı üçün sübutların mötəbərliyi şübhə altına alınır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda təhqir və böhtan xarakterli məlumatların yayılmasının mövcudluğu deyildikdə bu hərəkətlərin məhz nədən ibarət olması, hansı ərazidə, hansı kütləvi tədbirlərdə səsləndirilməsinə dair heç bir dəlil təqdim olunmamışdır. Göründüyü kimi şikayət ərizəsində E.İ.Abbasova istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olması sübutlarla müəyyən edilməmişdir. Bundan əlavə şikayət ərizəsində E.İ.Abbasovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Həmçinin Azərbaycan Respublikasının CM-in 147-ci maddəsinin hansı bəndi ilə şikayət edilməsi göstərilməmiş və bir-birindən fərqləndirilməmişdir, baxmayaraq ki, 147-ci maddə iki bənddən ibarətdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl iş materiallarında olan dəlillərlə öz təsdiqi tapmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-275/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-275/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver