Məhkəmə qərarları › İş №1(002)-276/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-276/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-276/2022 27.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1995-ci ildə Yevlax şəhərində doğulmuş, subay (himayəsində üç azyaşlı uşağı olan və hamilə vəziyyətdə olan), dilənçiliklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2022-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, dalan 1-də yerləşən 2 nömrəli fərdi yaşayış evinin həyət qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin yataq otağındakı paltar şkafında olan ümumi dəyəri 3000 manat təşkil edən 1 ədəd 585 əyyarlı qızıl qadın boyunbağısını, 1 ədəd 585 əyyarlı klonu, 3 ədəd 585 əyyarlı qızıl qadın üzüklərini və 1 cüt 585 əyyarlı qızıl qadın sırğasını qızıl qabı ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 3000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci il tarixdə İsmayıl Vəliyevlə dini kəbinlə ailə həyatı qurmuş, bu dini nikahdan xx.xx.2013-cü il təvəllüdlü oğlu X6 və xx.xx.2014-cü il təvəllüdlü qızı X5 dünyaya gəlmiş, lakin hər iki övladı doğum haqqında şəhadətnaməsi olmamışdır. Bir müddət sonra həyat yoldaşı İsmayılla münasibətləri korlanmış və İsmayıl onu atıb çıxıb getmişdir. 2017-ci il tarixdə Fərid Məmmədovla dini kəbin bağlayaraq ailə həyatı qurmuş, bu dini nikahdan xx.xx.2018-ci il tarixdə X10 dünyaya gəlmişdir. O, oğurluq cinayəti törətdiyi üçün Xəzər Rayon Məhkəməsi tərəfindən tutulmuş, həyat yoldaşı Fərid onunla boşanmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, uşaqlıqdan dilənçiliklə məşğul olur. O, 2020-ci ildə oğurluq etdiyi üçün Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Xəzər rayonunda barəsində istintaq aparılarkən uşaqları barədə arayış alınmış, həmin arayışı yaxın qohumları istintaqa təqdim etməmişlər, lakin həmin arayışda sonuncu övladı Məmmədov Əlinin doğum tarixi səhv yazılmışdır. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müəssisəsində olarkən barəsində Səbail RPİ-si tərəfindən cinayət işi açılmışdır. Belə ki, o, tutulmamışdan əvvəl Səbail rayonu ərazisində oğurluq cinayəti etdiyi üçün həmin oğurluq hadisəsinin onun tərəfindən yetirilməsi sübuta yetdiyindən xx.xx.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsi həmin oğurluq hadisəsinə görə ona əlavə olaraq 4 ay, yəni Xəzər Rayon Məhkəməsinin hökmündəki cəzanın üstə gələrək ümumilikdə ona 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası vermişdir. 2022-ci ilin aprel ayında onun himayəsində azyaşlı uşaqları olduğu üçün cəzaçəkmə müəssisindən azadlığa buraxılmışdır. Həmin ilin aprel ayında X12 ilə dini kəbin bağlayaraq ailə həyatı qurmuş və hazırda dörd aylıq hamilədir, bundan əlavə o, özü epilepsiya xəstəsidir. Hazırki ittiham üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində dilənmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinə getmişdir. O, həyat yoldaşının xəstə olduğunu, evdə qaldığını, üç azyaşlı uşaqlarının da evdə olduğunu, həyat yoldaşının müalicəsinə isə maddi cəhətdən vəziyyətlərinin yaxşı olmadığı üçün həkim müayinəsinə apara bilmədiyini qeyd etmişdir. Bu səbəbdən düşünmüşdür ki, onsuzda tanımadığı evlərə gedib dilənçilik edir. Fikirləşmişdir ki, getdiyi evlərdən hər hansı birində cavab verməsələr evə girib qızıl oğurlayıb sataraq həyat yoldaşını və özünü müalicə etdirər. Bu məqsədlə o, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində tanımadığı bir mərtəbədən ibarət fərdi yaşayış evinin həyət qapısını döymüş, həmin vaxt o, qapını əli ilə vurarkən qapı açılmış, lakin onun səsinə haray verən olmamışdır. O, həyətə daxil olub bir daha ev sahibini səsləmiş, lakin yenə də səsinə cavab verən olmamışdır. Bundan sonra o, evin qapısından içəri daxil olmuş, dəhlizlə hərəkət etdikdə yataq otağına girmişdir. Yataq otağında paltar üçün nəzərdə tutulmuş şkafın rəfini axtarmağa başlamış, şkafın yuxarı rəfində qızıl qabını görüb qızıl qabını açmış və həmin vaxt qızıl qabının içərisində 1 ədəd boyunbağı, 3 ədəd qızıl qadın üzüyü, 1 ədəd klon, 1 cüt qızıl sırğa olduğunu görüb həmin qızıl qabını özü ilə götürüb evdən çıxmışdır. Müşfiqabad qəsəbəsində marşurut avtobusuna minərək Bakı şəhərindəki kirayədə yaşadığı evə getmiş, ancaq evdə bu barədə heç kimə bir söz deməmişdir. Fikirləşmişdir ki, qızılları qaynı Ariflə birlikdə gedib satar. Ariflə getməkdə məqsədi qızıl alanın onu aldatmaması olmuşdur. Beləliklə o, Arifə zəng vurub “ərimin və özümün xəstəliyi üçün özümə məxsus qızıllarımı səninlə birlikdə satmaq istəyirəm, vaxtın varsa bizə gəl, məni evdən götür” sözünü demiş, Arif də bildirmişdir ki, evdədir, qızılları satmaqda ona kömək edəcəkdir. Bundan sonra Arif idarə etdiyi avtomobillə onun yaşadığı evə gəlmiş, evdən çıxıb Arifin idarə etdiyi maşına əyləşib Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında qızılın alışı və satışı mağazasının qarşısına gəlmişdir. Orada Arif qızılları ondan alıb aparıb 2200 manat pula satmış və həmin pulu onun özünə qaytarmışdır. O, pulu Arifdən aldıqdan sonra Arif onu yaşadığı evə aparmışdır. Düşünmüşdür ki, oğurluq yolu əldə etdiyi qazancı həyat yoldaşının müalicəsi üçün xəstəxanada sərf edər. xx.xx.2022-ci il tarixdə qaynı Arifin həyat yoldaşı ona zəng vurub bildirmişdir ki, Arifi polis əməkdaşları gəlib apardılar. Bundan sonra yaşadığı evin qapısı döyülmüş, qapını açan zaman polis əməkdaşlarını görmüş, özlərini Qaradağ RPİ-nin 10cu PB-nin əməkdaşları olduğunu bildirdib onun oğurluq hadisəsində şübhəli olduğunu deyərək onu 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, heç bir narazılıq etmədən polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə gəlmiş, orada polis əməkdaşlarına törətdiyi oğurluq cinayət hadisəsini səmimi etiraf etmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, dalan 1-də yerləşən 2 nömrəli fərdi yaşayış evinə heç kimlə daxil olmadığını, oğurluq cinayətini özünün tək törətdiyini, həmin evin yataq otağındakı şkafdan qızıl-zinət əşyalarını oğurlayan zaman heç kimin onu görmədiyini və dayandırmaq üçün səsləmədiyini, oğurluq etdiyi evin yataq otağındakı şkafdan 1 ədəd boyunbağı, 3 ədəd qızıl qadın üzüyü, 1 ədəd klon, 1 cüt qızıl sırğa oğurladığını, bundan başqa heç bir cinayət hadisəsi törətmədiyini bildirmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, özünü təqsirli bilir, əməlindən çox peşmandır, hadisədən sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü də epilepsiya xəstəsi olmaqla yoldaşı da yataq xəstəsidir. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı uşağı var, habelə hazırda dördüncü uşağa hamilədir. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzvlinoy küçəsi, dalan 1-də yerləşən 2 nömrəli fərdi yaşayış evində atası, anası, həyat yoldşı və uşaqları ilə birlikdə yaşayır. Yaşadığı ev bir mərtəbədən ibarətdir, kürsülü evdir, hamam və tualet evin həyətində yerləşir. Abşeron rayonu ərazisində yerləşən ”Evrohom” kafel-metlax satılan mağazasında yük daşımaqla məşğul olur. Hər gün saat 08 radələrində yaşadığı ünvandan çıxıb işə gedir, həmin gün axşam saat 18 radələrində yaşadığı ünvana geri qayıdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvandan çıxıb işə getmiş, həmin gün təxminən saat 14 radələrində həyat yoldaşı Şahid1 onun mobil telefonuna zəng vurub bildirmişdir ki, yaşadığı evdə oğurluq hadisəsi baş vermişdir. Belə ki, həyat yoldaşı Nüşabə ona bildirmişdir ki, hamamda yuyunan zaman evə naməlum şəxs girib yataq otağında olan qızılları qızıl qabı ilə birlikdə oğurlayaraq çıxıb getmişdir. Həyat yoldaşı Nüşabə hamamda yuyunduqdan sonra özünə paltar seçmək üçün yataq otağında olan şkafdan paltar götürən zaman qızılların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdikdən sonra yaşadığı ünvana qayıtmışdır. Evə çatdıqdan sonra Qaradağ RPİ-nin 10cu PB-nin əməkdaşları gəlmiş, polis əməkdaşları evə baxış keçirib protokol tərtib etdikdən sonra çıxıb getmişlər. O, özü bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nə gedib ərizə ilə müraciət etmiş və onun izahatını almışlar. Evə qayıtdıqdan sonra məlum olmuşdur ki, qızıl qabının içərisinə qoyduğu 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 03 ədəd qızıl üzüklər və 01 cüt qızıl sırğa oğurlanmışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 3000 manat təşkil etmişdir. O, öz ifadəsində əlavə olaraq baş vermiş oğurluq hadisəsi zamanı ona ziyan vurulduğunu, çünki qızılları o özünün pulu ilə həyat yoldaşı Nüşabəyə aldığını, hadisə nəticəsində ona 3000 manat ziyan vurulduğunu, belə ki, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 03 ədəd qızıl üzüklər və 01 cüt qızıl sırğanın oğurlandığını, qızılların hamısı 585 əyyarlı olduğunu, bütün qızılların qiyməti qızıl qabı ilə birlikdə 3000 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzvlinoy küçəsi, dalan 1-də yerləşən 2 nömrəli fərdi yaşayış evində həyat yoldaşı Babazayıd, qaynatası, qaynanası və uşaqları ilə birlikdə yaşayır. Yaşadıqları ev bir mərtəbədən ibarətdir, kürsülü evdir. Evin hamam və tualeti həyətində yerləşir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan iki övladı vardır, onların hər ikisi qız uşaqlarıdır, qızı Mələkin 3 yaşı, digər qızı Akifə isə 2 yaşın içindədir. O ümumiyyətlə işləmir, evdə ev işləri ilə məşğul olur. Həyat yoldaşı Babazayıd hazırda Abşeron rayonu ərazisində yerləşən «Evrohom» kafel-metlax satılan mağazasında yük daşımaqla məşğul olur. Babazayıd hər gün saat 08 radələrində yaşadığı evdən çıxıb işə gedir, həmin gün axşam saat 18 radələrində yaşadıqları evə geri qayıdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Babazayıd evdən çıxıb işə getmişdir. Təxminən saat 13 radələrində qaynatası ilə qaynanası da Bakı şəhərindəki qohumlarıgilə getmişlər. O isə azyaşlı uşaqları ilə birlikdə evdə olmuşdur. Həmin gün təxminən saat 14 radələrində uşaqlarını qaynatasıgilin otağında yatızdırmış və yuyunmaq üçün evin həyətində olan hamama keçmişdir. Hamamda yuyunduqdan sonra evə daxil olmuşdur. Həmin vaxt o, paltarlarını dəyişmək üçün öz yataq otağında olan paltar şkafını açmış və yuxarı rəfə qoyduğu qızıl qabının qızıllarla birlikdə götürüldüyünü görmüşdür. O, dərhal həyat yoldaşı Babazayıda zəng vurub bu barədə məlumat vermişdir. Həmin gün təxminən saat 17 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları yaşadıqları ünvana gəlib baxış keçirmişlər. Həyat yoldaşı Babazayıd evlərində baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-nin 10-cu PB-nə gedib bu barədə ərizə yazmışdır. Evdə olarkən müəyyən etmişlər ki, naməlum şəxs yaşadıqları evin yataq otağında olan paltar şkafının yuxarı rəfinə qoyduqları qızıl qabından 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 03 ədəd qızıl üzüklər və 01 cüt qızıl sırğa oğurlamışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 3000 manat təşkil etmişdir. Oğurlanmış qızıl-zinət əşyalarını həyat yoldaşı Babazayıd özü aldığı üçün ziyan həyat yoldaşına dəymişdir. O, evlərindən oğurluq edən şəxsi görməmişdir. O, hamamda yuyunan zaman səs eşitməmişdir. Bəlkə də həmin şəxs onları səsləmişdir, lakin o suyun səsindən eşitməmişdir. O, həmin vaxt həyacanlı olmuş və həyat yoldaşı Babazayıda bildirmişdir ki, evdə olan qızılları oğurlayıblar, bəlkədə pulları da oğurlayıblar. Babazayıd da polisə məlumat vermişdir ki, yaşadıqları evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları və 300- 400 manat nağd pul oğurlanmışdır. Lakin yaşadıqları ünvana polis əməkdaşları baxış keçirib getdikdən sonra müəyyən etmişlər ki, qızıl qabının içərisinə qoyduqları 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 03 ədəd qızıl üzüklər və 01 cüt qızıl sırğa oğurlanmışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 3000 manat təşkil edir. O, həmin gün elə zənn etmişdir ki, evdə olan bütün qızıl-zinət əşyaları oğurlanmışdır. Lakin polis əməkdaşları yaşadıqları evə baxış keçirib getdikdən sonra müəyyən etmişlər ki, yaşadıqları evdən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 03 ədəd qızıl üzüklər və 01 cüt qızıl sırğa oğurlanmışdır. O, oğurlanmış qızıl-zinət əşyalarının qiymətini 3000 manat göstərmişdir, qızıl qabıda həmin qiymətə daxildir. Belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs həmin qızılları onun üçün alanda qızıl qabıda 3000 manat qiymətə daxil olmuşdur. Oğurluq zamanı yaşadıqları evdə hər hansı bir əşya məhv edilməmişdir. O, öz ifadəsində verilmiş suallar cavab olaraq bildirmişdir ki, hazırda onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Əli Nadirovun həyat yoldaşıdır. Evdə eşitdiyinə görə Sitarə hazırda hamilədir, həmçinin Sitarə həmdə epilepsiya xəstəsidir. Eyni zaman da qardaşı Əli də epilepsiya xəstəsidir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində gəlinləri Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, özünə məxsus qızılları satıb həm özünün, həmdə həyat yoldaşı Əlinin xəstəliyini müalicə etmək istəyir. O, Sitarəyə demişdir ki, qızılları satmaqda ona köməklik edər. Bundan sonra o, qardaşı Əligilə getmiş və Sitarə gəlib avtomobilə əyləşmişdir. O, idarə etdiyi avtomobillə Sitarəni Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında qızılın alışı və satışı mağazasının qarşısına gətirmiş, orada qızılları Sitarədən alıb aparıb 2200 manat pula satmış, qızılı ondan alan şəxs qızılı almamışdan əvvəl ondan qızılın oğurluq olub olmaması ilə maraqlanmış, həmin şəxsə bildirmişdir ki, qızıllar qardaşının həyat yoldaşına məxsusdur, özü də mağazanın qarşısındadır. Bundan sonra qızılı ondan alan şəxs şəxsiyyət vəsiqəsini tələb etmiş, o da həmin şəxsə şəxsiyyət vəsiqəsini vermişdir. Orada şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış və həmin vəsiqəsinin surətinin üzərinə yazmışdır ki, gətirdiyi qızıllar oğurluq deyil. Bundan sonra qızıl satan şəxs tərəfindən alış aktı tərtib edilmiş, aktın aşağı hissəsinə də yazmışdır ki, qızıllar özünə məxsusdur. Qeyd etmişdir ki, qızılların özünə məxsus olduğunu deməkdə məqsədi, Sitarə qardaşı Əlinin həyat yoldaşıdır, bu səbəbdən aktda elə yazmışdır. Sitarənin verdiyi qızılları 2200 manat pula satmış, mağazadan çıxdıqdan sonra həmin pulu Sitarəyə verərkən qızılları 2200 manat pula satdığını bildirib Sitarəni yaşadığı evə aparmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində olduğu zaman dörd nəfər mülki geyimli şəxslər özlərini Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları kimi təqdim edib onun oğurluq cinayətində şübhəli olduğunu bildirmiş və onu 10-cu PB-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə getmiş, orada məlum olmuşdur ki, qardaşı Əli Nadirovun həyat yoldaşı Təqsirləndirilən şəxs ona satmaq üçün verdiyi qızıllar Sitarəyə məxsus deyilmiş, məhz Sitarə həmin qızıl zinət əşyalarını Müşfiqabad qəsəbəsində tanımadığı evdən oğurlamışdır. Daha sonra 10-cu polis bölməsinə Sitarəni gətirmiş və Sitarə orada polis əməkdaşlarına törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satmaq üçün verdiyi qızıllar 1 ədəd boyunbağı, 3 ədəd qızıl qadın üzüyü, 1 ədəd klon, 1 cüt qızıl sırğa olmuşdur. Qızılların hamısı 585 əyyarlı olmuş, əyarının dəqiqliyini isə qızılı satan zaman bu barədə alış aktı tərtib olunduğunda bilmişdir. O, Təqsirləndirilən şəxs özünə məxsus qızılının olmasından bu barədə məlumatının olmadığını, lakin qardaşı Əlinin və özünün xəstəliyi üçün qızılları satmaq istədiyini bildirdikdə Sitarədən şübhələnmədiyini, Zərərçəkmiş şəxs məxsus yaşayış evində baş vermiş oğurluq cinayətinin törədilməsində iştirak etmədiyini və həmin evdən hansı əşyaların oğurlanmasından xəbərinin olmadığını, Zərərçəkmiş şəxs evindən Sitarənin oğurluq etdiyini, çünki Sitarənin özü bu barədə 10-cu polis bölməsində etdiyi oğurluq hadisəsini səmimi etiraf etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, hazırda ünvan 5 ünvanı icarə əsasında götürüb orada qızılın alışı və satışı ilə məşğul olur. Qızılın alışı satışı ilə məşğul olarkən qayda qanunları dəqiq bildiyi üçün ona hər hansı bir müştəri tərəfindən qızıl satmağa gətirilərkən ilk əvvəl vətəndaşın şəxsiyyət vəsiqəsini tələb edir, daha sonra alış aktına imza etdirir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində əvvəllər tanımadığı adını həmin vaxt bildiyi Şahid2 yanına gələrək 1 ədəd qızıl boyunbağını, 3 ədəd qızıl qadın üzüyünü, 1 ədəd qızıl klonu və 1 cüt qızıl sırğanı ona təqdim edib satmaq istədiyini bildirmiş, o, Şahid2 gətirdiyi qızılların oğurluq olub olmadığını soruşduqda sonuncu ona gətirdiyi qızıl-zinət əşyalarının qardaşının həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu və Təqsirləndirilən şəxs da dükanın qarşısında dayandığını bildirmişdir. Həmin vaxt dükanın qarşısında bir nəfər qadın dayandığını görmüş, Arifdən Sitarənin özünün niyə dükana girmədiyini soruşduqda sonuncu ona bildirmişdir ki, qadınlar bu yerlərə gəlmirlər, Sitarənin həyat yoldaşı, yəni özünün qardaşı xəstə olduğu üçün qızılları satır. Qeyd etmişdir ki, Arifin ona təqdim etdiyi qızıllar dəst halında olduğu üçün qızılın oğurluq olmasından şübhələnməmişdir. Həmçinin Arif özünü çox sərbəst aparmışdır. Biz qızılın alışı barədə, yəni Arifin ona təqdim etdiyi qızılın ümumi dəyərini 2200 manat pula razılığa gəldikdən sonra tərəfindən “Alış aktı” tərtib olunmuş, alış aktında Şahid2 öz adını, soyadını və atasının adını və telefon nömrəsini öz xətti ilə yazmış, hətta Şahid2 tərəfindən tərtib edilmiş alış aktının aşağı hissəsinə gətirdiyi qızılların oğurluq olmaması barədə yazmışdır. Bundan sonra o, Şahid2 şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla qızılları ondan 2200 manat pul verməklə almış, həmin qızılların üzərinə 100 manat pul qoymaqla 2300 manata lom halında satmışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları onun icarə əsasında işlətdiyi dükana gəlmiş, polis əməkdaşları ondan Şahid2 adlı şəxsin dükana qızıl satıb satmadığını soruşduqda polis əməkdaşlarına bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şahid2 adında bir nəfər şəxs ona 1 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl qadın üzüyü, 1 ədəd qızıl klon və 1 cüt qızıl sırğa satmışdır. Polis əməkdaşları ondan qızılları təqdim etməyi soruşduqda bildirmişdir ki, qızılları artıq lom halında satmışdır. Şahid2 qızıl satmağı barədə qızılın alış aktını və şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 ona verilən suallara əlavə olaraq Şahid2 ona satdığı qızılların oğurluq olmasından məlumatı olmadığı, həmin qızılları lom halında satdığını bildirmişdir. İlkin təhqiqat zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən oğurlanmış qızılların satıldığı ünvan 5 ünvanda qızılın alışı kitabına baxış keçirilmiş, baxış zamanı qızılın alış aktına dair sənədin surəti və oğurlanmış qızılı satan Şahid2 şəxsiyyət vəsiqəsinin surəti götürülərək materiala əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurluq cinayəti törətdiyi zaman onun əməlini görə biləcək şəxslərin dairəsi müəyyən edilərək mahiyyəti üzrə ifadələrinin alınmasından ötrü, eləcədə oğurluq cinayətində digər şəxslərin iştirakının olub olmaması, həmçinin cinayətin predmeti olan qızıl-zinət əşyalarının tapılması istiqamətində Qaradağ RPİ-nin 10cu PB-nə əməliyyat tapşırığı verilmiş, alınmış əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, cinayətin predmeti olan qızıl-zinət əşyalarının yerini, eləcədə hadisəni görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Yevlax şəhər İHB-nin Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi 161 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Yevlax şəhər İHB-nin Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi 161 saylı evdə yaşayır. O, yaşadığı müddətdə qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına ümumən riayət etməyə çalışmış, qonşu sakinlərinin xeyir-şər məclislərində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə yaxşı qonşu kimi səciyyələndirilmişdir. Orda yaşadığı müddətdə nümayəndəliyə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən və Yevlax şəhər İHB-nin Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan aydın olur ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X7 anası Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardan ibarətdir: xx.xx.2013-cü il tarixdə doğulmuş oğlu-X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş qızı-X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı qadın məsləhətxanası ultrasəs müayinəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs uşaqlıq boşluğunda 6 həftəsində inkişafdan qalmış hamiləlik təyin olunur. Embrion birdir. İş materiallarında olan tələbnamədən, hökmlərin, qərarın surətlərindən və Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş və onun əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-ci maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinin tələbindən aydın olur ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, özünün də epilepsiya xəstəsi olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində üç azyaşlı uşağı olmaqla hazırda hamilə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, özünün də epilepsiya xəstəsi olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində üç azyaşlı uşağı olmaqla hazırda hamilə olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 25 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutularaq saat 00:25-də şübhəli şəxs qismində tutulma haqqında qərarla tanış olmuş və 26 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, saat 12:40-da qərarla tanış olmuş və daha sonra Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə 04 (dörd) ay 27 (iyirmi yeddi) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 06 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar