Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-276/2024 04.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə doğulmuş, Salyan rayonu, Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış massivi, döngə 1-də nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 26 iyun 2024-cü il tarixdə saat 11:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Lökbatan dairəsi”nin şəhər mərkəzi istiqamətində yolun sağ kənarında fəaliyyət göstərən ticarət köşkünün satıcısı Zərərçəkmiş şəxs bir fincan çay alıb 5 manatlıq əskinaz təqdim edərkən Zərərçəkmiş şəxs xırda pulu olmadığını ona bildirdiyinə görə bir qədər mübahisə edib aralandıqdan sonra təsadüfən Zaur adlı tanışı ilə rastlaşıb söhbət edərək yenidən Zərərçəkmiş şəxs tərəf əl-qol hərəkətləri edib sonuncu barəsində qərəzli formada danışdığını əhəmiyyətli dərəcədə hiss etdirdiyinə görə Zərərçəkmiş şəxs ona yaxınlaşıb haqlı narazılığını bildirməsindən hiddətlənib cüzi səbəbdən aralarında yaranmış mübahisəni daha da böyüdərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib baş və əl zərbələri ilə burun və sağ gözaltı nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik fonunda yumşaq toxumalarının əziyi, sağ gözaltı nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 iyun 2024-cü il tarixdə saat 11:50-də xırda ticarət obyekti olan köşkdən özünə çay almaq üçün yaxınlaşmışdır. Təqdim etdiyi stəkana həmin köşkdə satıcı işləyən şəxs çay süzdükdən sonra 5 manatlıq əskinaz şəklində ödənişi təqdim etmişdir. Lakin, satıcı təqdim etdiyi pulun çayın qiymətinə münasibətdə çox olduğunu, mümkünsə daha xırda əskinaz şəklində təqdim etməsini tələb etmişdir. O, cibində saxladığı 0.20 manatı dəmir əskinaz formasında təqdim etmiş, lakin satıcı Zərərçəkmiş şəxs çayın qiymətinin 0.30 manat olduğunu bildirmişdir. Həmin vaxt o da çayın minnətlə təqdim edilməsindən narazı qalaraq, ümumiyyətlə çayı almaqdan imtina etmiş və təqdim etdiyi stəkanı geri istəmişdir. Satıcı çayı yerə boşaldaraq boş stəkanı təqdim etmişdir. Köşkdən bir qədər uzaqlaşıb tanışı ilə söhbət edərkən isə Zərərçəkmiş şəxs ona yaxınlaşmış və çay almaq istəyərkən yaşanmış problemlə bağlı mübahisəni davam etmişdir. Bir qədər mübahisə etdikdən sonra onlar dalaşmışlar və o, Zərərçəkmiş şəxs başı ilə zərbə vurmuş, həmin zərbə nəticəsində sonuncunun burun nahiyəsi xəsarət almışdır. Ətrafda olan şəxslər onları sakitləşdirmiş, polis əməkdaşları yaxınlaşdıqdan sonra isə hər ikisi polis şöbəsinə aparılmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Eyni zamanda qeyd etmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün sərnişin toplamaq məqsədilə mütəmadi olaraq avtomobili ilə həmin ərazidə dayanır. Həmçinin o, bildirmişdir ki, özünü qorumaq üçün zərərçəkmiş şəxsə başı ilə zərbə endirmək məcburiyyətində qalmış, dava-dalaş zamanı hər hası təhqiredici ifadələr və ya söyüşlər işlətməmişlər. İfadəsinin sonunda isə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ilk dəfə cinayət törətdiyini bildirmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin şəxsi münasibətlər zəminində və zərərçəkən şəxs Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan dairəsi adlanan yerin yaxınlığında fəaliyyət göstərən xırda ticarət obyektində (köşkdə) satıcı işləmiş və müştərilərə həmçinin çay və kofe satmışdır. 26 iyun 2024-cü il tarixdə o, işlədiyi köşkdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan 1 stəkan çay istəmişdir. Çayı Təqsirləndirilən şəxs təqdim edərkən, sonuncu ona ödənişi 5 manatlıq əskinazla təqdim etmişdir. O, ödənişin daha kiçik əskinazla təqdim edilməsini tələb etdikdə Təqsirləndirilən şəxs 0.20 manat(20 qəpik) ona tərəf uzatmışdır. Sonuncu 1 stəkan çayın qiymətinin 0.20 manat deyil 0.30 manat olduğunu öyrəndikdə isə ona minnət etməklə çayın təqdim olunmasından narazı qalaraq stəkanını geri tələb etmişdir. O da stəkana süzdüyü çayı boşaltmış, Təqsirləndirilən şəxs verdiyi 0.20 manat dəmir əskinazı həmin stəkana atmış və ona geri qaytarmışdır. Köşkdən uzaqlaşan Təqsirləndirilən şəxs əlini köşk istiqamətinə uzadaraq kiminləsə söhbət etdiyini gördükdə isə onun aralarında baş vermiş problemi başqaları ilə müzakirə etməsindən əsəbləşərək köşkü tərk etmiş və sonuncunun dayandığı yerə yaxınlaşmışdır. Orada bir qədər mübahisə etdikdən sonra dalaşmışlar və Təqsirləndirilən şəxs başı ilə onun burun nahiyəsinə vurmuşdur. Ətrafda olan şəxslər onları sakitləşdirmiş, əraziyə gələn polis əməkdaşları isə onları polis şöbəsinə aparmışlar. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, DİN-in X5 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və 26 iyun 2024-cü il tarixdə o, 9695 çağırışlı Doblo xidməti avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi adlanan ərazidə DİN-in X5 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid3 ilə xidmətdə olan zaman saat təqribən 11:50 radələrində Qaradağ RPİ-nin Təhlükəsiz Şəhər xidmətindən efir vasitəsilə Lökbatan dairəsi adlanan ərazidə iki nəfər şəxsin dava-dalaş etməsi barədə məlumat verilmişdir. Onlar dərhal məlumatın verildiyi əraziyə getmiş, oraya çatdıqda tərəflər arasında baş verən dava bitdiyindən, dava-dalaş edən şəxsləri onlara ətrafda olan şəxslər göstərmiş və həmin şəxslərə yaxınlaşaraq onları xidməti avtomobilə əyləşdirib ərazi üzrə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin inzibati binasına gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsi ilə oxşarməzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtiai istintaq zamanı verdiyi ifadəsində Şahid3 və Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan cinayət işinin başlanması haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 7-9-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü km-də yerləşən köşkün qarşısında yolun kənarıdır. Cinayət işinin 20-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 02 iyul 2024-cü il tarixli, 409 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik fonunda yumşaq toxumalarının əziyi, sağ gözaltı nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Kənar şəxs tərəfindən yumruqla və başla törənməsi mümkündür. Cinayət işinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən (Təhlükəsiz Şəhər Xidmətindən) daxil olmuş 26 iyun 2024-cü il tarixi saat 11:55-dən saat 12:00-dək olan cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən 1 ədəd diskdən və həmin videogörüntülərə baxış keçirilməsi haqqında cinayət işinin 45-46-cı vərəqələrində olan 25 iyul 2024-cü il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə saat 11:55-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında fəaliyyət göstərən xırda ticarət obyekti olan köşkün qarşısında bir nəfər kişi cinsindən olan şəxs, yəni Təqsirləndirilən şəxs dayanmışdır. Daha sonra o, köşkdən uzaqlaşır və bir kişi cinsindən olan şəxslə görüşür, söhbət etməyə başlayır. Söhbət zamanı o, bir dəfə köşk istiqamətində baxır. Videogörüntünün 00:20-ci saniyəsində köşkdən Zərərçəkmiş şəxs qəzəbli şəkildə çıxarkən köşkün qapısı orada dayanmış kişiyə çırpılır və o, Təqsirləndirilən şəxs yaxınlaşır. Bir qədər aralarında mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs getmək istəyən anda Zərərçəkmiş şəxs sol əli ilə onun sağ əlindən tutduqdan sonra onlar əlbayaxa dalaşmağa başlayırlar və Təqsirləndirilən şəxs başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbə endirir. Daha sonra Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs əli ilə zərbələr endirməyə çalışır, lakin ətrafda olan şəxslər onları sakitləşdirir. Sakitləşməyən Zərərçəkmiş şəxs təkrar köşkə qayıdır, bu dəfə o, köşkün qapısını açarla kilidləyir və münaqişəni davam etdirmək üçün Təqsirləndirilən şəxs tərəf yürüyür. Ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində münaqişənin davam etməsi baş tutmur və həmin anda(saat 11:57-də) hadisə yerinə gələn polis əməkdaşları onları xidməti avtomobillərə yerləşdirib aparırlar. Eyni qovluğun 2-ci faylına isə həmin hadisənin başqa istiqamətdə olan kameralar tərəfindən qeydə alınmış videgörüntüsü yerləşdirilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 04 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 65-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(saat11:45-də) Cinayət işinin 88-89-cu vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-100-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən (Təhlükəsiz Şəhər Xidmətindən) daxil olmuş cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.1.-ci maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı cinayət əməlinin məhz zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində baş verməsi hallarını ətraflı araşdırmamışdır. Məhkəmə iclasında istintaq orqanının təqdim etdiyi hadisəni əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, zərərçəkmiş şəxs heç bir əsas olmadan, təqsirləndirilən şəxsin əlini köşk istiqamətinə uzatmasını səbəb kimi göstərərək köşkün qapısında naməlum şəxsin dayanması fərqinə varmadan, qapını hətta ona çırparaq köşkü qəzəbli şəkildə tərk edir və təqsirləndirilən şəxsə yaxınlaşır. Onların bir qədər sözlə mübahisə etdikləri videogörüntüdə aydın şəkildə əks olunur. Həmin mübahisə zamanı isə ilk olaraq zərərçəkmiş şəxsin davanı başladaraq sol əli ilə təqsirləndirilən şəxsin sağ əlindən vurduqdan sonra təqsirləndirilən şəxsin başı ilə ona zərbə endirdiyi müəyyən olunmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin qarşısını alarkən baş verməsini nəzərə almamışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə və dava zərərçəkmiş şəxsin təşəbbüsü nəticəsində baş verdiyindən xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanıqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Eyni zamanda məhkəmə istintaqı dövründə ifadə verən təqsirləndirilən və zərərçəkmiş şəxslərin münaqişəyə ilkin olaraq kimin səbəbkar olması barədə fikir bildirməmələrinə dair məhkəmə qeyd edir ki, hər iki şəxsin həmin münaqişə zamanı əsəbi olmaları səbəbindən bunun fərqində olmaları qeyri-mümkün olmuşdur. Bundan əlavə videogörüntüdən müəyyən olunur ki, tərəflər arasında saat 11:55-də başlayan dava-dalaş saat 11:57 başa çatır. Göründüyü kimi tərəflər arasında dava-dalaş ümumilikdə iki dəqiqə davam etmişdir. Bu səbəbdən məhkəmə tərəflərin ifadələrinə münasibətdə istintaq orqanının təqdim etdiyi videgörüntünü əsas götürməklə aşağıda qeyd olunan qənaətə gəlir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təşəbbüsü ilə baş verən mübahisə nəticəsində baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyindən Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlandığını, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.1ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikasının CPM-nin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına, müdafiə tərəfinin cinayət işinin icraatına xitam verilməsinə dair vəsatətinə və təqsirləndirilən şəxsin tələbnaməsinə əsasən Azərbaycan Respublikası CM-nin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada əvvəllər cinayət məsuliyyətindən azad olunması hallarının mövcud olmamasına əsasən cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X2 30 (otuz) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili X2 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili X2 tərəfindən göstərilmiş 48 (qırx səkkiz) saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-276/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-276/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver