Məhkəmə qərarları › İş №1(002)-28/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-28/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-28/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 01 ay şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 03 iyul 2024-cü il tarixdə, saat 16:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq saat 16:10-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 01(bir) ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,182 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, 02 iyul 2024-cü il tarixdə, axşam radələrində Lökbatan qəsəbəsində, yaşadığı ünvanın yaxınlığında küçədə olarkən polis əməkdaşları onu saxlamış və polis bölməsinə aparmışlar.Bölmədə üzərinə baxış keçirilərkən bir büküm narkotik vasitə şüşə (metamfetamini) çıxarıb təqdim etmişdir.Narkotik vasitəni Hökməli qəsəbəsində tanlmadığı şəxsdən 10 manata almışdır.Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış və 03 iyul 2024-cü il tarixdə saat 16:00 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət etdiyi zaman saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmişdir. Qaradağ RPİ-nin 10-cu PŞ-də Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi 1 ədəd bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Müdafiə tərəfi, Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanda qeydiyyatda olan həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna o, və Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 daxil edildi. Yaradılmış əməliyyat qrupuna rəhbərlik onun özünə həvalə edildi. 03 iyul 2024-cü il tarixdə saat 16:00 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, xidməti vəsiqə ilə özlərini təqdim etmələri, eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişdir. Qaradağ RPİ-nin 10-cu PB-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehvalı Rzayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 dəvət edildi. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlandı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verildi, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olundu. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaretin kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 1 ədəd büküm psixotrop maddə metamfetamindir, onu xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi adlanan ərazidən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 04 iyul 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Mehvalı Rzayev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə, saat 16:00-da ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin video faylda əks edilmiş görüntülər 03 iyul 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Mehvalı Rzayevin qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X2, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Mehvalı Rzayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən çıxardığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edir, həmin 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə şüşə (metamfetamin) olmasını, həmin maddəni bir gün əvvəl Abşeron rayonu Hökməli adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Bundan sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2024-cü il tarixli, №3-16- 16/2-6/3447 ekspert rəyindən görünür ki, təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 222 möhür əksi, “Saxlanılmış şəxs... Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,182 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4817 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,132 qram psixotrop maddə metamfetamin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan 01 ay şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixl hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutlduğu vaxtdan, yəni 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (bir yüz on) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,132 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzasının əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (bir yüz on) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,132 qram psixotrop maddə metamfetamin məhv edilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına a ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar