Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-280/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1965-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Taxtalar kəndində qeydiyyatda olmaqla Şabran rayonu, Dəvəçi kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə bıçaqla vuraraq sonuncuya sol budun aşağı 1/3-nin tış hissəsində 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, təxminən 7-8 ildir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ərazisində müxtəlif yerlərdə fərdi əməklə məşğul olur. O, Zərərçəkmiş şəxs təxminən 6 ildir ki tanıdığını, Elnurun bacısı Aytəkin ilə 6 ilə yaxın müddətdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığını, həmin münasibətdən 5 yaşında Sadiq adlı oğulları olduğunu bildirmişdir. 2020-ci ilin mart ayından sonra Aytəkinin uşağını ona göstərmədiyini, uşağı Cəlilabad rayonunda anasının yanında qoyduğunu qeyd etmişdir. O, x xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələrində işdən qayıdarkən Lökbatan qəsəbəsində Katv deyilən yerin yaxınlığında Aytəkini görmüşdür. Aytəkindən uşağı gətirib-gətirmədiyini soruşmuş, Aytəkin ona uşağın rayonda olduğunu, oğlunu ona göstərməyəcəyini demişdir. Bundan sonra o, Aytəkinlə sağollaşıb ayrılmış, həmin gün axsam saat təxminən 21 radələrində Elnura zəng vurub görüşməyi təklif etmiş, məqsədi uşağını görməyə köməklik etməsini xahiş etmək olmuşdur. O, Elnurla Katv-nin yanında dayanacaqda görüşmüş, Elnurdan uşağının harda olmasını soruşmuş və uşağını görmək istədiyini bildirmişdir. Elnur uşağın rayonda olduğunu demiş və bir qədər söhbət etdikdən sonra onlar ayrılmışdır. O, həmin gecə saat təxminən 04 radələrində Aytəkinin yaşadığı evə getmiş, həyətə daxil olub evin qapısını döymüş və Aytəkin qapını açdıqda ondan uşağı rayondan gətirməyini xahiş etmişdir. Həmin zaman Elnur evdən çölə çıxmış və o, Elnura məsələnin Aytəkinlə onun arasında olduğunu bildirərək qarışmamağını demişdir. Həmin vaxt Elnur qapının yanında olan pol ağacını götürərək onun başına və bədəninin müxtəlif yerlərinə yerlərinə vurmuş, o, sol əli ilə başını tutan zaman sol əlinin baş barmağına zərbə dəyməsi nəticəsində barmağından xəsarət almışdır. O, həmin vaxt gödəkçəsinin cibində olan mətbəx bıçağını çıxarıb Elnurun sol ayağına vurduğunu, bundan sonra uzaqlaşmaq istədikdə Elnurun arxasınca gəlib ona yumruq və təpik zərbələri ilə vurmağa başladığını bildirmişdir. Sonra Aytəkin çıxaraq Elnuru evə aparmış və özü küçəyə çıxıb 102 xidmətinə zəng vuraraq polisə məlumat vermişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, fərdi əməklə məşğul olur, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bacısı Şahid təxminən 8 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi yaşadığını, bu müddət ərzində Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşadıqlarını, 2020-ci ilin mart ayının əvvəllərində bacısı Aytəkinin yola getməkləri üçün Əmirşahdan ayrılıb tək yaşamağa başladığını, bundan sonra Aytəkinin mart ayının 14-də Cəlilabad rayonunda analarının yanına getdiyini, x xxxx 2020-ci il tarixdə Aytəkinin yenidən Lökbatan qəsəbəsinə qayıdıb KATV deyilən yaxınlığında kirayədə yaşamağa başladığını, iyunun ayının 1-də digər bacısı Nuridənin ona zəng vurub Aytəkinin geri qayıtdığını və yeni tapdığı evdə kirayədə yaşadağını bildirdiyini və Əmirşahın onunla yaşamadığı təqdirdə Aytəkini bıçaqla vuracağını dediyini ona xəbər verdiyini qeyd etmişdir. O, həmin gün saat təxminən 21 radələrində Aytəkinin qaldığı evə getmiş və bacısı qorxduğu üçün Əmirşaha zəng vurub Aytəkini narahat etməməsini və onunla yaşamaq istəmədiyini bildirdiyini, Əmirşah bu zaman ona Katv-nin yanında dayanacaqda görüşməyi və söhbət etməyi təklif etdiyini bildirmişdir. O, həmin dayanacaqda Əmirşahla görüşmüş və bir daha bacısı Aytəkini narahat etməməsini xahiş etmişdir. Əmirşah isə ona Aytəkini bıçaqla vuracağını demişdir. Bir qədər söhbət etdikdən sonra Əmirşah ona pivə içəyi təklif etmiş, lakin o, Əmirşahla sağollaşıb Aytəkinin qaldığı evə qayıtmışdır. Həyətə çatdıqda Əmirşahın arxasınca gəldiyini görmüş və nə üçün gəldiyini soruşduqda Əmirşah cavab verməyərək çıxıb getmişdir. Həmin gecə saat 04 radələrində qapının döyüldüyünü eşitmişlər və Aytəkin qapını açmağa çıxmışdır. Qapını açdıqda həmin şəxsin Əmirşah olduğunu görmüşlər və bacısı qapını bağlamaq istəmişdir. Bu zaman o, çıxdıqda Əmirşahın Aytəkini bıçaqla vurmaq istədiyini görmüşdür. O, bacısını qorumaq üçün Əmirşahı təpiklə vurduqda Əmirşah bıçaqla sol ayağının bud nahiyəsinə vurmuşdur. Bundan sonra o, itələdikdə Əmirşah yerə yıxılmış və həyətdə olan pol ağacı ilə qaranlıq olduğu üçün Əmirşahın dəqiq bilmədiyi nahiyələrinə dəfələrlə zərbələr vurmuşdur. Bundan sonra Əmirşah küçəyə qaçmış və içkili olduğu üçün müvazinətini saxlaya bilməyərək hasarın dibində yıxılmışdır. O, Əmirşaha tərəf gedib bir daha xəbərdarlıq etmiş, Əmirşah isə polisə məlumat verəcəyini bildirmişdir. O, bundan ayağından qan axdığını hiss etmiş və evə qayıtmışdır. Bacısı ilə bir həyətdə yaşayan tanımadığı bir nəfər şəxs onu bu vəziyyətdə gördükdə tibbi yardım çağırmışdır. Münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini, münaqişə zamanı nə özünün, nə də Əmirşahın heç bir təhqir və nalayiq ifadə işlətmədiklərini, baş vermiş münaqişə zamanı yanlarında bacısı Aytəkindən başqa heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, Qaradağ rayonu Mənzil-Kommunal İstismar Sahəsində xadimə işlədiyini, Təqsirləndirilən şəxs 8 ildir ki, tanıdığını və qeyri-rəsmi olaraq ailə qurduqlarını, bu münasibətdən 5 yaşında Sadiq adlı oğlan övladları olduğunu, bu müddət ərzində Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda kirayədə qaldıqlarını qeyd edərək, 2020-ci ilin yanvar ayında Əmirşah övladına atalıq hüququ vermədiyi üçün aralarında mübahisə yarandığını bildirmişdir. Buna görə də o, uşağa sənəd vermədiyi üçün Əmirşahdan ayrılmaq qərarına gəlmiş, mart ayının 14-də övladı ilə birlikdə Cəlilabad rayonunda yaşayan anasının yanına getmişdir. Qeyd etmişdir ki, həmin zaman Əmirşah özü onları yola salmışdır. İyun ayının 1-də o, işləmək üçün yenidən Lökbatan qəsəbəsinə qayıtmış və kirayə qalmaq üçün Lökbatan qəsəbəsi, Katv deyilən yerin yaxınlığında yeni ev tapıb ora köçmüş, həmin gün evə bazarlıq etmək üçün mağazaya gedəndə Əmirşah onu görmüş və uşağı soruşmuş, o, isə uşağın rayonda anasının yanında qaldığını, tezliklə özünün də geri qayıdacağını demişdir. Bu zaman Əmirşahın onu hədələdiyini, buna görə də oradan uzaqlaşdığını qeyd etmişdir. O, sonradan Əmirşah bacısının yoldaşına zəng vuraraq onu bıçaqla vuracağını bildirdiyini, bacısının da bu barədə qardaşı Elnura məlumat verdiyini öyrəndiyini bildirmişdir. O, qardaşı Elnurun axşam saat 21 radələrində kirayədə yaşadığı evə gəldiyini və yüklərini yerbəyer etmək üçün ona kömək etdiyini, daha sonra Elnura zəng gəldiyini və Elnurun ona Əmirşahla söhbət etməyə getdiyini bildirdiyini demişdir. Təxminən 1 saat yarım keçdikdən sonra Elnur evə qayıtmış, onlar yemək yeyib söhbət eləmişlər. Gecə saat 04 radələrində yaşadığı evin qapısı döyülmüş və o, qapını açmaq durmuş, qapını açdıqda Əmirşahı görmüş, əlində bıçağı olduğunu bildikdə qapını bağlamaq istəmiş, lakin Əmirşah güc gəlib qapını açmışdır. O, bu zaman Elnurun onu qorumaq üçün Əmirşaha təpik vurmaq istədikdə Əmirşahın əlində olan bıçaqla Elnurun ayağına vurduğunu, münaqişə yarandığını gördükdə evdə olan pol ağacını götürüb qardaşına kömək etmək istədiyini, lakin Elnurun həmin ağacı əlindən alıb evə girməyini tələb etdiyini, Elnurun pol ağacı ilə Əmirşahın başına zərbələr vurmağa başladığını, Elnurun Əmirşahı vura-vura həyətdən çölə çıxardığını və ayağı qanadığı üçün evə qayıtdığını, həmin zaman tanımadığı qonşusunun Elnuru bu vəziyyətdə görüb təcili yardıma zəng vurduğunu bildirmişdir. Münaqişə təxminən 15-20 dəqiqə davam etmiş, münaqişə zamanı Əmirşah və Elnurun nalayiq ifadələr işlətməmiş və onlardan başqa həyətdə heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 26/379 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol budun aşağı 1/3-nin tış səthində 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti kənara və iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunmur. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-280/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-280/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver