Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-281/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:20-də X8 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə saat 15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozaraq, yəni, yol ayrıcında geriyə hərəkət etməməli olduğu halda həmin qanunun tələblərinə riayət etməmiş və idarə etdiyi «Hovvo» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 27-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olub sonradan geriyə hərəkət edən vaxt yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsilə vuraraq üzərindən keçmişdir. Hadisə nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin toxumasının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına,onun mədəciklərinə və qişaları altına qansızma, başın alın, sağ gicgah, hər iki təpə sümüklərinin açıq, çox qəlpəli sınıqları, alt çənə sümüyünün açıq, yerinidəyişən sınığı, üz sklet sümüklərinin (sağ almacıq, sağ orbita, burun sümükləri) çoxsaylı, yerinidəyişən sınıqları, başın təpə və sağ gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları,sağ bazu və said nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun, hər iki bazu, döş qəfəsi və sağ əl nahiyələrinin sıyrıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, «B1,B,C1,C» kateqoriyalı, BD seriyalı, 203236 nömrəli sürücülük vəsiqəsilə müxtəlif vaxtarda müxtəlif avtomobillər idarə edərək çörək pulunu qazanmışdır. O, uzun müddət sürücü işi olmadığından dostu Elşadın yanında qalmış və onunla birlikdə yük daşımışdır. 09 iyul 2024-cü il tarixdə yenə hər zamanki kimi evdən çıxmışlar və Elşadın etibarnamə əsasında idarə etdiyi «Hovvo» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində yerləşən zavoddan yük aparıb Sahil qəsəbəsi ərazisinə boşaldıb qayıtmışlar. Yükü boşaltdıqdan sonra Elşad özünü pis hiss etdiyini və avtomobili onun idarə etməyini istəmişdir. O, razılaşmış və avtomobili idarə edərək yenidən həmin zavoda qayıtmaq üçün Bakı-Qazax yoluna çıxmışdır. Həmin vaxt «Hovvo» markalı,**-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 nəfər sərnişin,yəni Elşad olmuşdur. O, Bakı-Qazax yolu ilə gəlib Sahil qəsəbəsi ərazisində avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə idarə edən zaman fikri yayınmış və dönəcəyi yol ayrıcını keçmiş, təxminən 50-60 metr qarşıda yolun sağ hissəsində yük avtomobilini saxlayıb və sağdakı yol ayrıcına dönmək üçün yan güzgülərdən baxıb arxaya doğru idarə etməyə başlamışdır. O, yük avtomobilini arxaya doğru magistral yolun sağ hissəsilə idarə edib təxminən 25-30 metr getdikdən sonra birdən avtomobilin qabaq sağ təkəri yuxarı qalxıb düşmüş, bunun nə olduğunu görmək, həmçinin həmin yol ayrıcına dönmək üçün avtomobili yenidən hərəkətə gətirib arxaya doğru idarə edəndə yolun asfalt hissəsində bir nəfər kişi uzandığını və qan axdığını görmüşdür. O, dərhal avtomobildən düşüb həmin şəxsə doğru gedəndə ona məlum olmuşdur ki, avtomobili arxaya doğru hərəkət etdirən zaman həmin piyada kişi qabaq sağ təkərin altında qalıb ölmüşdür. Avtomobildən örtük gətirib onun üzərini örtmüş və sonra 102 xidmətinə zəng vuraraq baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı məlumat vermişdir. Hadisə yerinə gələn polislər onun öldüyünü görüb morqa aparmışlar, o, isə hadisə yerində qalıb müstəntiqə özünü və sənədlərini təqdim edib hadisə yerinin müayinəsində iştirak etmişdir. İdarə etdiyi «Hovvo» markalı,**-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxaya doğru hərəkət etdirən zaman həmin piyada kişini görməmişdir. O, hadisədən əvvəl narkotik vasitə və spirtli içki qəbul etməmiş, hadisə zamanı tam ayıq vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varis və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onlar 1985-ci ildə ailə qurmuşlar və üç övladları vardır. Onun həyat yoldaşı Elxan yaşıllaşdırma idarəsində fəhlə olaraq işləmiş və hər gün işə gedib gəlmişdir. xx.xx.2024-cü ildə həyat yoldaşı evdən çıxıb işə getmiş, həmin gün günorta saatlarında onun iş yoldaşları zəng vuraraq Elxanı avtomobil vurduğunu bildirmişlər. Bundan sonra qohumları dərhal evdən çıxıb Qaradağ rayon morquna gedib və həyat yoldaşını morqda müayinə etdikdən sonra təhvil alıb Bakı şəhər Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, həyat yoldaşı Elxan işdən çıxıb evə gəlmək üçün avtobus gözləyən zaman Hovvo markalı avtomobilin sürücüsü avtomobili arxaya doğru idarə edərkən həyat yoldaşını vurmuş, nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra sürücünün ailə üzvləri onunla maraqlanmış,yas xərclərində köməklik göstərmiçlər. Ona dəymiş ziyanın ödənildiyini, baş vermiş yol- nəqliyyat hadisəsilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsilə müxtəlif vaxtlarda, müxtəlif avtomobillər idarə edərək çörək pulunu qazanır. O, hadisədən təxminən 15 gün əvvəl tanışı X4 məxsus olan «Hovvo» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək üçün etibarnamə əsasında götürmüş, həmin yük avtomobili ilə müxtəlif yerlərə yük aparmışdır. O, 09 iyul 2024-cü il tarixdə Bakı şəhərindən kəndçisi Təqsirləndirilən şəxs ilə birlikdə evdən çıxmış və Qaradağ rayonu ərazisində yerləşən daş karxanasına gedərkən Elçin də onunla getmişdir. Onlar etibarnamə əsasında idarə etdiyi «Hovvo» markalı,**-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə karxanadan yük aparıb boşaldıb yenidən Bakı-Qazax yolu ilə həmin daş karxanasına gedən vaxt özünü pis hiss etdiyi üçün həmin vaxt avtomobili Elçin idarə etmişdir. Elçin daş karxanasına dönəcəyi yolu təxminən 50-60 metr keçmiş və dərhal avtomobili yolun sağ hissəsində saxlayıb arxaya doğru sürməyə başlamışdır. Elçin yük avtomobilini arxaya doğru xeyli idarə etdikdən sonra qəflətən avtomobilin qabaq sağ təkəri qalxıb düşmüş, Elçin bunun nə olduğunu görmək üçün avtomobili bir az da arxaya verəndə yerdə bir nəfərin uzandığını görmüşdür. Onlar dərhal avtomobildən düşmüş və həmin vaxt məlum olmuşdur ki, Elçin avtomobili arxaya doğru idarə edəndə yolun sağ kənarında dayanmış piyada kişi avtomobilə dəyərək qabaq sağ təkərinin altında qalmışdır. Həmin kişinin öldüyünü görüb Elçin dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Yaşıllaşdırma təsərrüfatı birliyinin Qaradağ rayon Yaşıllaşdırma sahəsində otbiçən işləyir və hər gün işlə bağlı Qaradağ rayonu ərazisində müxtəlif yerlərdə ot biçimiylə məşquldur. 09 iyul 2024-cü il tarixdə iş yoldaşları Hümmət və Elxanla birlikdə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində təmizlik işləri aparmaq üçün getmişlər.Orada xeyli ot biçdikdən sonra saat təxminən 15 radələrində Elxan ona zəng gəldiyini və təcili getməli olduğunu demiş, gedib paltarını dəyişib yolun kənarında dayanıb avtobus gözləmişdir. Həmin vaxt ondan təxminən 200-300 metr aralıda öz işlərinə davam edərkən qəflətən qışqırıq səsi eşitmiş və dərhal həmin yerə yaxınlaşanda Hovvo markalı avtomobilin Elxanı vurduğunu və aldığı xəsarətlərdən öldüyünü görmüşdür. O, hadisə yerindən təxminən 200-300 metr aralıda olduğuna görə necə baş verdiyini görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elxan yolun kənarında dayanıb avtobus gözləyən zaman Hovvo markalı yük avtomobili arxaya verərək onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər baş beyin toxumasının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına,onun mədəciklərinə və qişaları altına qansızma,başın alm,sağ gicgah, hər iki təpə sümüklərinin açıq,çox qəlpəli sınıqları, alt çənə sümüyünün açıq, yerinidəyişən sınığı, üz sklet sümüklərinin (sağ almacıq, sağ orbita, burun sümükləri) çoxsaylı, yerinidəyişən sınıqları, başın təpə və sağ gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları,sağ bazu və said nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun, hər iki bazu, döş qəfəsi və sağ əl nahiyələrinin sıyrıqları həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb alın, sağ gicgah və hər iki təpə sümüklərinin açıq, çox qəlpəli sınıqları nəticəsində baş beyin toxumasının əzilib-dağılması hissəvi evakuasiyası, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum E.Ə.Sultanovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il, saat 17:00-da) 2-4 saat əvvəl baş vermişdir. E.Ə.Sultanovunn meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.(2317/K saylı, xx.xx.2024- cü il tarixli AKT). Cinayət işinə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 23 avqust 2024-cü il tarixli, 3-16- 16/2-8/2109 nömrəli rəyindən görünür ki, Hovvo» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16/2- 114482/2024 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD seriyalı 203236 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Müharibə veteranıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, X3 əməlində Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, dövlət təltifləri ilə təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 sentyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç ) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (yüz iyirmi) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(002)-281/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-281/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver