Məhkəmə qərarları › İş №1(002)-282/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-282/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-282/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci ildə Ağdam rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,197 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyul 2022ci il tarixdə, saat 23 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılaraq 10-cu PB-nə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan tərəfindəki kiçik ölçülü cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində olan, təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olsa da ünvan 4 ünvanında faktiki olaraq yaşayır. Səhhəti ilə bağlı heç bir problemi yoxdur. O, Bakı və Abşeron rayonu ərazisində fəhləlik etməklə dolanır. Tutulmamışdan əvvəl qısa müddət olarmış ki, narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlamışdır. Şəxsi istifadəsi üçün həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri ərazisində ayrı-ayrı tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul müqabilində psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olmuşdur. Həmin bükümü də üzərində saxlamışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qonşuluqda yaşayan Cavid adlı tanışının evinə qonaq gəlmişdir. Bu zaman Cavidin evində üzdən tanıdığı, lakin hal-hazırda adlarını xatırlamadığı şəxslər də olmuşlar. Evdə olan zaman Cavidin evinin qapısı döyülmüşdür. Cavid qapını açdıqda məlum olmuşdur ki, iki nəfər mülki geyimli şəxslər Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarıdırlar. Onlar özlərini təqdim edib vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları Cavidin evinə daxil olduqdan sonra qorxduğu üçün üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və həmin polis əməkdaşları ilə birlikdə 10-cu PB-nə gəlmişlər. Cavidin evində olan digər şəxslər də polis bölməsinə dəvət edilmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin, polis əməkdaşlarının iştirakı ilə video ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı üzərində qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi bildirmişdir. Əynində olan göy rəngli cins şalvarın sağ yanında yerləşən kiçik ölçülü cibində saxladığı bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Bir ədəd büküm siqaretin gümüşü rəngli kağızına bükülmüşdür. Təhqiqatçı həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümü də Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 5 manat pul müqabilində aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də bir ədəd alışqan aşkar edilmiş, başqa heç bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdən tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində Qaradağ RPİ-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrinin açılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq məqsədilə əlaqədar Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Lökbatan qəsəbəsi, Qobu park 2 yaşayış kompleksində xidmət aparan zaman 18 nömrəli binanın qarşısında bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb 10-cu PB-nin əməkdaşları olduqlarını bildiyini, tanıdığını demişdir. Eyni zamanda həmin şəxs məlumat verərək 15 nömrəli binanın 7-ci mərtəbəsindəki mənzildə səs-küy səsləri olduğunu, bunun narahatçılıq verdiyini bildirmişdir. Şahid2lə birlikdə həmin ünvanda mənzilə qalxmış və məlumat üçün polis bölməsinin növbətçi hissəsinə də mobil telefonla zəng edib məlumat vermişdir. Səs-küy səsləri gələn mənzil 15 nömrəli binanın, 7-ci mərtəbəsindəki 33 saylı mənzil olmuşdur. Dəhlizə həmin mənzildən çoxlu səs-küy səsləri gəlmişdir. Qapını döydükdən sonra adını sonradan öyrəndiyi Cavid adlı şəxs qapını açmışdır. Özlərini təqdim edib vəsiqələri göstərməklə polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qapı açıq olduğuna görə içəridə masada bir neçə şəxsin oturduğunu, aralarında nəsə bölüşdürdüklərini və buna görə səs-küy yarandığının şahidi olmuşlar. Həmin vaxt Səbuhi ilə birlikdə Cavid adlı şəxsdən onların aralarında nə bölüşdüyünü və səs-küy səslərinin insanları narahat etdiyini soruşmuşlar. Cavid də özünü itirib həmin şəxslərin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Cavidin icazəsi ilə içəriyə daxil olmuşlar. Orada olan şəxslər də narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Baş verənlərin qarşısını almaq məqsədilə bölmənin əməliyyat qrupuna da məlumat vermişlər. 10-cu PBnin əməliyyat qrupu da gəldikdən sonra birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində Cavid adlı şəxsin evində olan və polis bölməsinə gəldikdən sonra şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçi gəlmədiyindən səhəri gün Təqsirləndirilən şəxs üzərində onun, Şahid2, vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təhqiqatçı M.Mirzəyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfindəki kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd büküm açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisindəkinin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda o, bükümün içərisindəkinin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 5 manat pul müqabilində aldığını demişdir. Bundan sonra həmin bir ədəd büküm qablaşdırılmış, zərf və protokol iştirakçılar və özü tərəfindən də imzalarla təsdiq edilmişdir. Qeyd edilən bu hərəkətlər onun tərəfindən mobil telefon vasitəsilə video çəkiliş edilməklə lentə alınmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, həmin vaxt Şahid2lə Qobu Park 2 yaşayış kompleksində 18 nömrəli binanın qarşısında dayanmışlar. Onlara yaxınlaşan şəxs polis olduqlarını bildiyini dediyindən və məlumat verdikdən sonra narahatçılıq keçirdiklərindən onun şəxsiyyəti barədə sual verməmiş və hal-hazırda da hər hansı bir məlumat bilmir. Həmin şəxs orta yaşlı, kişi cinsli şəxs olmuşdur. Şahid2lə birlikdə Təqsirləndirilən şəxs, Cavidi və digər şəxsləri ünvan 5 ünvanında müəyyən edib saxlamışlar və həmin ünvandan polis bölməsinə gəlmişlər. Raportu tərtib edərkən mexaniki olaraq səhvə yol verərək 15 nömrəli binanı 18 nömrəli bina kimi qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2022-ci il tarixli, 6/3820 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: İsmayılov.İ (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,197 qram, tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,147 qr. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 12 avqust 2022-ci il tarixli, 4437 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,197 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin məhkəmənin hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan tərəfindəki kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyur. Bundan sonra onun üzərində şəxsi axtarış davam etidirilərkən göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sarı rəngli alışqan aşkar edilir. Daha sonra həmin bir ədəd büküm açılaraq baxış keçirilir. Həmin bükümün içərisindəkinin nə olduğu soruşulduqda o, bükümün içərisindəkinin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 5 manat pul müqabilində aldığını demişdir. Bundan sonra həmin bir ədəd büküm qablaşdırılmış, zərf və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına verilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb ediməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,147 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə qaldığı 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,147 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar