Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-283/2023 14.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1950-ci ildə Göyçay rayonu, Şadət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, müharibə veteranı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 21063" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivində Bakı-Ələt-Astara yoluna paralel olan daxili köməkçi yolda 50 km/saat sürətlə idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etmədiyindən ehtiyatsızlıqdan həmin yolun sol kənarından sağ kənarına doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq, sonuncunun baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası, sol əlin arxa səthinin sıyrığı, sağ incik sümüyünün qapalı sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Latın qrafikalı Azərbaycan əlifbası ilə oxuya və yaza bilir. Təxminən 25 ildir ki, avtomobil idarə edir. Sonuncu dəfə 10 noyabr 2016-cı il tarixdə sürücülük hüququ və "B" kateqoriyalı sürücülük vəsiqəsi ona verilmiş, sürücülük hüququnun etibarlılıq müddəti 10 noyabr 2020-ci il tarixdə başa çatmışdır. 19 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi "VAZ 21063" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivində Bakı-Ələt-Astara yoluna paralel olan daxili köməkçi yolda idarə etmişdir. Həmin zaman bir nəfər kişinin qaçaraq yola çıxdığını görüb, qəlfətən əyləcə basmışdır. Lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi ilə yola çıxmış piyadanı vurmuşdur. Piyada yerə yıxılmış, o, dərhal maşından düşüb həmin şəxsə yaxınlaşmışdır. Hadisəni görüb oraya yığılmış şəxslərin köməyi ilə polisə və təcili yardıma məlumat vermiş və həmin şəxsi təcili yardımla xəstəxanaya yola salmışlar. Bundan sonra polis əməkdaşları hadisəni sənədləşdirmişlər. O, hadisə zamanı ayıq olmuş, heç bir spirtli içki və narkotik vasitənin təsirində olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur. Avtomobildə yük və ya sərnişin olmamışdır. Hadisə baş verən zaman saatda 50 km/saat sürətlə hərəkət etmişdir. O, öz yolu ilə hərəkət edərkən qəflətən piyada yola daxil olmuş, o, piyadanın yola daxil olduğunu gördükdə aralarında təxminən 1-2 metr məsafə olmuşdur. Lakin təhlükəni hiss edəndə dərhal əyləci basmış, buna baxmayaraq məsafə çox qısa olduğundan hadisədən yayına bilməmişdir. O yol nəqliyyat hadisəsi baş verən zaman hər hansı xəsarət almamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və müharibə veteranı olmaqla xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək öz ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massivdə daxili yoldan keçib Bakı-Ələt yoluna çıxıb işə getmək istəmişdir. Yolun kənarında dayanıb sola baxmış və soldan gələn maşını buraxdıqdan sonra adi yeriş tempindən bir qədər sürətli addımlarla yolu keçməyə başlamışdır. Sola baxa-baxa yolu keçmiş, lakin sağa isə ümumiyyətlə fikir verməmişdir. Həmin vaxt yolun hərəkət hissəsinin ortasında sağ tərəfdən gələn avtomobil onu vurmuşdur. Avtomobilin sol ön hissəsi onun sağ ayağına dəymiş və o, zərbənin təsirindən maşının üstünə yıxılmış, nəticədə başı maşının padpressinə dəyərək xəsarət almışdır. Zərbədən sonra o, yerə yıxılmışdır. Onu vuran avtomobilin sahibi düşüb ona yaxınlaşmışdır. Hadisə yerinə yığılan şəxslərin köməyi ilə onu yoldan keçən maşınlardan birinə mindirib X6 aparmışlar. Oradan isə təcili yardım avtomobili ilə X11 aparılmışdır. Orada müayinə olunan zaman sağ ayağımın bal sındığı müəyyən olunmuşdur. Bundan başqa başından və sol əlindən də xəsarət almışdır. Xəstəxanada ayağına gips qoymuşlar, 25 aprel 2023-cü il tarixinə qədər orada yatmış, sonra isə evə buraxılmışdır. O öz ifadəsində daha sonra təqsirləndirlən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirlən şəxsin yaşının və səhhətinin nəzərə alınaraq cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 19 aprel 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı Qobustan qəsəbəsində körpünün yaxınlığında köməkçi yolda evə qayıdarkən görmüşdür ki, yol-nəqliyyat hadisəsi baş vermiş, göy rəngli VAZ-2106 markalı maşın bir nəfər piyadanı vurub və piyada yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Həmin yerə yaxınlaşanda bilmişdir ki, piyadanı vuran şəxs yəni VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əmisi Təqsirləndirilən şəxsdur. O, dərhal 102 xidmətinə zəng vurub polis əməkdaşlarının gəlməsi üçün hadisə barədə məlumat vermişdir. O, köməyə gələn digər tanımadığı şəxslərin köməyilə vurulmuş piyadanı yoldan keçən maşınların birinə əyləşdirib 17 saylı poliklinikaya aparmış, oradan isə həmin şəxsi Semaşko xəstəxanasına aparmışlar. Əmisi Akif isə həmin vaxt polislər gələnə qədər maşını ilə birlikdə hadisə yerində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 04 may 2023-cü il tarixli 270 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası, sol əlin arxa səthinin sıyrığı, sağ incik sümüyünün qapalı sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X11 müraciət etdiyi 19 aprel 2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın nəticə hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzi 09 iyun 2023-cü il tarixli 8/1524 saylı rəyindən görünür ki, VAZ-21063 markalı 36BC631 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil etmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarxli 2/9913 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü X8 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 21 iyun 2023-cü il tarixli 3-13-16/2- 81075/2023 nömrəli məktubdan məlum olur ki, xx xxxx 1950-ci il təvəllüdlü X4 xx.xx.2016cı il tarixdə (xx.xx.2020-ci il tarixədək müddətə etibarlı olan) AD 069815 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı kimi 80 manat təqaüd alır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsinə dair heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və müharibə veteranı olmaqla yaşını və səhhətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını və müharibə veteranı olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, 16 iyun 2023-cü ildə “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X5 tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) müddətə nəqliyyat vasitələrini idarə etmək hüuquqndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-283/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-283/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver