Məhkəmə qərarları › İş №1(002)-285/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-285/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-285/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə Ucar rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda ünvan 2anında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş ********* saylı cinayət işi üzrə Bakı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmək məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və şəxsi istehlak miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə və psixotrop maddəni cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı X3 yoxlamadan gizlətməklə çatdırmaq məqsədilə sonuncuya sovqat qismində verilməsi üçün aldığı sellofan paketdə olan mərci və düyü dənələrinin arasına səpmiş, xx.xx.2022-ci il tarixdə saat 13:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentenisiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə 11 il, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 317-2.1-ci maddələri ilə 12 il, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.2-ci maddəsi ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum X3 verilməsi üçün gətirdiyi həmin sovqata cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş baxış zamanı sellofan paketdə mərcinin içərisinə səpdirilmiş vəziyyətdə təmiz çəkisi 0,557 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və düyünün içərisinə səpdirilmiş vəziyyətdə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü q təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 11 radələrində 8 saylı CÇM-də cəza çəkən tanışı X4 onun mobil nömrəsinə zəng vuraraq bildirmiş ki, evlərində ona çatacaq 100 manat pul var, həmin pulu götürüb onun üçün aparmaq lazımdı. O, pulu götürüb Pərvin üçün apara biləcəyini demişdir. O, əvvəllər də bir neçə dəfə Pərvinin yanına gedib, onun üçün yemək, siqaret və digər əşyalar aparmışdır. Sonuncu dəfə aprel ayında qardaşı ilə birlikdə Pərvin üçün sovqat aparmışdır. O, bu məqsədlə Pərvin ailəsinin yaşadığı Saray qəsəbəsində yerləşən evlərinə getmiş, orada Pərvinin əvvəldən də tanıdığı anası ilə evlərinin qapısının ağzında görüşmüş və orada Pərvinin anası ona Pərvinə çatdırmaq üçün 100 manat pul vermişdir. O, özü də şirniyyat və digər əşyalar alıb çanta düzəldib Pərvin üçün sovqat hazırlamışdır. 13 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində “Kubinka” adlanan yerə gəlmiş, fikirləşmişdir ki, orada narkotik vasitə alıb çantaya qoyub Pərvinə pay göndərər. Kubinka deyilən yerdə zahiri görünüşündən narkomana oxşayan bir nəfər şəxs görmüş, yaxınlaşıb onun üçün kakos təşkil etməsini xahiş etmiş, həmin şəxsdən 20 manat müqabilində kakos almış, həmin şəxs isə ona hədiyə kimi üstündə bir neçə qırıntı şüşə deyilən metamfetamin vermişdir. O, mağazaya girib qəhvəyi rəngli mərci paketi və ağ rəngli düyü paketi almış, kakos və şüşəni onların içinə qoymuşdur ki, seçilməsin və Pərvinə çatdıra bilsin. Çantanı yığdıqdan sonra taksi saxlatdırıb Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən və Pərvinin cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsinə gəlmişdir. Cəzaçəkmə müəssisəsinə gəldikdə X1 gətirdiyini bildirmişdir. Çantaya baxış keçirilərkən sovqat çantasında olan sellofan paketdə olan mərcinin və düyünü içərisindən narkotik vasitələr aşkar edilmişdir. Törətdiyi əməldən peşmandır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində rəisin növbə köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, 8 saylı cəzaçəkmə müəssisəsində xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat 13:55 radələrində cəzaçəkmə müəssisəsində 1984-cü il təvəllüdlü Azərbaycan Respublikası CM-in 181.3.2, 234.4.1, 234.4.3, 317-2.1 və 317-2.2-ci maddələri ilə cəzaçəkən məhkum X1 gətirmiş vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqata nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən həmin sovqatda olan mərci və düyünün içərisində səpdirilmiş vəziyyətdə olan spesifik iyə malik qəhvəyi və ağ rəngli maddələr aşkar olunmuşdur. Həmin maddələr götürülüb qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda o, həmin maddələrin heroin və metamfetamen olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Ədliyyə nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun dediklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2022-ci il tarixli 6/3533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,507 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,028 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərasində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir, metamfetamin isə “Azərbaycan Respublikasının ərasində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 3533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,557 qram 01 ədəd sellofan bükümdə olan narkotik vasitə-heroin və təmiz çəkisi 0,048 qram 01 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmalı və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,457 qram 01 ədəd sellofan bükümündə olan hissəsi və metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,018 qram 01 ədəd gümüşü rəngli kağız bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Bakı şəhəri Biəqədi Rayon polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Bakı İstintaq Təcridxnasında saxlanılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdır Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,457 qram narkotik vasitə heroin və çəkisi 0,018 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri iə əvəz edilsin və hal-hazırda ********* saylı cinayət işi üzrə Bakı İstintaq Təcridxnasında saxlanılması nəzərə alınsın Cəzasının əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,457 qram narkotik vasitə heroin və çəkisi 0,018 qram psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar