Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-286/2023 14.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X7 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun iştirakları ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4A, mənzil 40 ünavanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Əlisəfa oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,767 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023cü il tarixdə saat 13:40-da ünvan 2 ünvanının yaxınlığında Qaradağ RPİ- nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb, 14:20-də 10-cu PB-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan, açıq qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf selofana bükülmüş bükümün içərisində, təmiz çəkisi 0,767 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Təxminən 4(dörd) ildir narkotik vasitə olan herondən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alaraq falqada yandırmaqla tüstüsünü qəbul etmək yolu ilə istifadə edir. Narkotik vasitəni mütəmadi olaraq, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsindən tanımadığı şəxlərdən alır. Belə ki, ona narkotik vasitə lazım olan zaman Hökməli qəsəbəsinə gedərək, qəsəbə ərazisində gəzməyə başlayır, bu zaman mütəmadi olaraq ayrı-ayrı şəxslər ona yaxınlaşaraq narkotik vasitə istifadə edib-etmədiyini ondan soruşur, istifadə etdiyini bildirən zaman, ona narkotik vasitə təklif edirlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə narkotik vasitə əldə etmək üçün yenidən Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsinə getmişdir. Həmin gün saat təxminən 10 radələrində Hökməli qəsəbəsində adını bilmədiyi küçə ilə hərəkət edən zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq, ondan narkotik vasitə istifadə edib- etmədiyini soruşmuşdur. O, həmin şəxsə narkotik vasitə üçün gəldiyini bildirən zaman isə həmin şəxs ona narkotik vasitə olan heroin təşkil edə biləcəyini demişdir. Ona 20(iyirmi) manatlıq narkotik vasitə olan heroin istədiyini bildirmişdir. Həmin şəxs 20(iyirmi) manat pulu ondan aldıqdan sonra oradan uzaqlaşmışdır. Təxminən 10-15 dəqiqə sonra yanına gələrək 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü ona vermiş, dərhal oradan uzaqlaşmışdır. Həmin bükümü götürərək yaşadığı ünvan 1 ünvanına qayıtmışdır. Narkotik vasitənin üzərindən az miqdarda istifadə edərək mütəmadi olaraq üzərində ona görə gəzdirmişdir ki, bədənində ağrı hiss edən zaman istifadə etsin. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində üzərində narkotik vasitə ilə ünvan 2 ünvanının yaxınlığı ilə hərəkət edən zaman 2(iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq ondan kim olduğunu soruşmuşlar. Onlara şəxsiyyəti barədə məlumat vermiş, həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu polis bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində hüquqları izah edildikdən sonra təhqiqatçının, polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona təklif etmişdirlər ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynindəki açıq qara rəngli cins şalvarın sağ yan cibindən, 20 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazidə olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata öz istifadəsi üçün aldığı şəffaf selofana bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini təqdim etmiş, bükümün içərisində nə olduğunu ondan soruşulan zaman isə bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Əlisəfa oğlunun ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2023-ci il tarixdə Qaradağ RPİ- nin 10-cu PB-də xidmətdə olan zaman ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Müşfiqabad qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5Q binasının yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 21 iyun 2023-ci il tarixdə saat 13:40-da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5Q binasının yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis kapitanı Şahid2, Təqsirləndirilən şəxs yaxınlaşmış, ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10- cu PB-nin sahə inspektoru polis kapitanı Şahid2, 10 saylı vəkil bürosunun vəkili X1 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Emil Seyidbəyov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PB- nin sahə inspektoru polis kapitanı Şahid2 tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 20 iyun 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20(iyirmi) manata öz şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq yaşadığı ünvana gedərkən polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən və saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin sahə inspektoru işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3475 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №47” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərində aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,767 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4518 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 21 iyun 2023-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun üzərində şəxsi axtarış keçirilmiş, baş təhqiqatçı E.Seyidbəyov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşulan zaman o, “kakos” olduğunu, 20 iyun 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20(iyirmi) manata aldığını bildirmişdir. Həmin büküm açılaraq baxış keçirilmiş və bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olunmuşdur. Bundan sonra Qaradağ RPİ- nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış həyata keçirilsə də heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilən məsələləri də nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs Əlisəfa oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,717 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs Əlisəfa oğlundan 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs Əlisəfa oğlunun hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Əlisəfa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Əlisəfa oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Əlisəfa oğlunun üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əlisəfa oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs Əlisəfa oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,717 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 65 (altmış beş) manat xərc Təqsirləndirilən şəxs Əlisəfa oğlundan məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(002)-286/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-286/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver