Məhkəmə qərarları › İş №1(002)-288/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-288/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-288/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 04 iyul 2024-cü il tarixdə saat 20:00 dəqiqədə Qaradağ RPİ-nin NMB-nin və 10cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Aqrovest” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq saat 20:10 dəqiqədə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,337 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 iyul 2024-cü il saat 15:00-da Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində 01 ədəd sellofona bükülmüş halda narkotik maddə olan heroin alaraq əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisi «Aqrovest» ticarət mərkəzinin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, şəxsiyyətini müəyyən etdikdən sonra onu şübhəli şəxs kimi polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində olarkən ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə, həmçinin videoşəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparmışlar. Baxış zamanı ona üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etdiklərində o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuş, onu Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat aldığını bildirmişdir. Üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor və ya təzyiq göstərilməmişdir. Sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxsin mobil nömrəsi ilə bağlı əldə olunmuş anten dairəsi məlumatları ilə bağlı o, bildirmişdir ki, mobil telefonu ondan götürülərək qardaşına təhvil verilmişdir. Bu səbəbdən o, müvəqqəti saxlanma yerində saxlandığı vaxt mobil nömrənin anten dairə məlumatında Bakı şəhəri Nərimanov rayonu ərazisi kimi qeyd olunur. Əlavə olaraq qeyd etmişdir ki, qardaşı Bakı şəhəri Nərimanov rayonunda yaşayır. Daha sonra Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən utanc hissi keçirərək peşman olmasını, qardaşı X4 Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif edilməsini, nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o, rəhbərlik etməklə Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. 04 iyul 2024-cü il tarixdə saat 20:00-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Aqrovest ticarət mərkəzinin qarşısında ona yaxınlaşaraq xidməti vəsiqə ilə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmiş, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə soruşulduqda o, əynində olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü təqdim edərək heroin olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Onun üzərinə şəxsi atarış keçirilərkən qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmiş, həmin büküm qablaşdırılmış, protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 24-25-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol və iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində dəvət edilmiş müdafiəçi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilir, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən çıxardığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü təqdim edir, narkotik vasitənin heroin növü olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən başqa əşya aşkar edilmir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3465 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs “imza” “ və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in sihayısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,337 qram, tədqiqata sərf edildi - 0,080 qram, qalıq- 0,257 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 09:40-da) və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 65-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 04 iyul 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,257 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 105-ci vərəqəsində olan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və 106-cı vərəqəsində olan həmin tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu saatlarda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olmuş və həmin bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinə əlavə olunmuş nikah haqqında şəhadətnamə və doğum haqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X6 ilə nikaha daxil olmuş, X8 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2019-cu il tarixdə doğulmuşlar. Onların doğum haqqında şəhadətnamələrinin ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunur. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.10 2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş X4 medallarından görünür ki, o, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, İbayev X3 rayonu, İslam Abışov küçəsi, 457 saylı evdə yaşayır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4756 rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,257 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış ekspertizanının xərci – 89 (səksən doqquz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 48 iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 iş saatı hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat Müdafiəçi, məhkəmə istintaqı zamanı göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,257 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 iş saatı hüquqi xidmətə görə 288 (iki yüz səksən səkkiz) manat Müdafiəçi, məhkəmə istintaqı zamanı göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar