Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-289/2023 25.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşaq), fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir, ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə kart hesabına qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən “Hamam” adlanan kafedə işləyən X4 məxsus 4169- 7387-9671-9940 nömrəli “Kapital banka” aid bank kartının məlumatlarını gizli yolla ələ keçirərək həmin gün, yəni 26 aprel 2023-cü il tarixdə saat 15.57 və saat 16:06 radələrində Müşfiqabad qəsəbəsində yerləşən “Oba” marketdən alış-veriş edərək Ramilə Fərzalıyevaya məxsus bank kartında olan 132 manat və 2.80 manat olmaqla ümumilikdə 134.80 manat pulunu gizli olaraq ələ keçirərək elektron məlumat daşıyıcısı hesab edilən bank kartından istifadə etməklə oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda fərdi qaydada fəhləliklə məşğul olur, rəsmi iş yeri yoxdur. Ruhiəsəb xəstəliyindən əziyyət çəkməmiş, hazırda da çəkmir. Ailəlidir, 2023-cü il təvəllüdlü bir oğlu var. 2015-ci ildə Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. 2020-ci il tarixdə cəzasın sonu ilə məsuliyyətdən azad olunmuşdur. O ilkin ifadəsində düzgün ifadə verməyə qorxmuş, lakin hazırda bütün həqiqətləri olduğu kimi ifadəsində qeyd etmək istəyir. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində əvvəllər fəaliyyət göstərmiş hamam var, hazırda həmin hamam kafe kimi fəaliyyət göstərir. O yaxın yoldaşlarla həmin kafeyə çay içmək üçün tez-tez gedir. Həmin kafe qəsəbədə “Hamam kafesi” ilə tanınır. Kafedə ofisiant işləyən Ramilə adlı qadını təxminən 2023-cü ilin yanvar ayından tanıyır, normal münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin aprel ayının ortalarında tanışları Nurlan və Sərvan ilə “Hamam” kafesində oturmuşlar. Nurlan onlarla biraz oturmuş, atası zəng edərək çağırdığı üçün çıxıb getmişdir. Sərvan ilə kafedə oturmuşlar. Ramilə çay sifariş vermişdir. Çay çaynik ilə satılır, 01 ədəd çaynikdə çay bir manatdır. O Ramiləyə demiş ki, “nağd pulum yoxdur, bank kartın varsa nömrəsini de, karta göndərim”. Ramilə də istifadəsində olan “Birbank” kartını ona vermiş, o həmin karta bir manat göndərmişdir. Onun biraz kredit borcu olmuş, maddi sıxıntısı olduğundan kafedə işləyən Ramiləyə demiş ki, “telefonunu ver, bir nəfər tanışım var ona zəng edib çağıracam”. Ramilə də mobil telefonunu ona verib ondan biraz kənarlaşmışdır. O Ramilənin “Birbank” kartının məlumatlarını öz mobil telefonunda olan “google pay” elektron pul qabına yerləşdirmiş, daha sonra Ramilənin mobil telefonuna sms-lə şifrə gəlmişdir, həmin şifrəni öz telefonunda yazdıqdan sonra Ramilənin mobil telefonunu özünə qaytarmışdır. Çayı içdikdən sonra Sərvanla durub kafedən çıxmışlar. O kafedən çıxıb evə getmiş, günorta saatlarında, saat 16 radələrində kredit borcu olduğu üçün Ramilənin kartı ilə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Oba” marketdən 150 manatlıq müxtəlif markalı siqaretlər almış, Ramilənin kartı ilə mağazada ödəniş etmiş, lakin 132 manatlıq siqaret ala bilmişdir. Bir neçə dəqiqə sonra geri qayıdıb özü üçün 01 ədəd “Rothmans” markalı siqaret almışdır. Digər aldığı siqaretləri ilə biraz ucuz qiymətə Müşfiqabad qəsəbəsində yerləşən “Ağcanın mağazası” deyilən mağazaya, bir də qəsəbədə yerləşən “Bəklə” adlı mağazanın yaxınlığındakı yeni açılmış kioksa satmışdır. Əldə etdiyi pulu kredit borcuna vermişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlləri səmimi etiraf edərək peşaman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkən şəxs X5 ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. Uzun müddətdir ki, müxtəlif yerlərdə yerləşən kafelərdə ofisiant işləmişdir. Təxminən 3 aydır ki, heç bir yerdə işləmir. Sonuncu dəfə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Hamam” kafesi kimi tanınan kafedə ofisiant işləmişdir. Hikməti 2023-cü ilin aprel ayının əvvəllərində tanışları ilə işlədiyi kafedə gəlib çay içib getdikləri üçün tanımışdır. Hikmət ilə münasibəti müştəri kimi normal olmuşdur. 26 aprel 2023-cü il tarixdə saat 11 radələrində Hikmət yanında bir nəfər tanışı ilə kafeyə gəlib oturmuş, bir çaynik çay sifariş edib çay içmişdir. Hikmətin yanındakı tanışı biraz oturub getmişdir. Hikmət ona demiş ki, “nağd pulum yoxdur, mənə bank kartı ver, mən çayın pulunu kartdan karta atım”. O da istifadəsində olmuş Kapital banka məxsus 4169-7387-9671-9940 nömrəli Birbank kartını Hikmətə vermiş, kafenin döşəməsini silməyə getmişdir. Təxminən 10 dəqiqə sonra gəlib Hikmətdən kartı almış, Hikmətdən çayın pulunu göndərib göndərmədiyini soruşmuş, Hikmət demişdir ki, “hə göndərmişəm”. Hikmət kafedə tək oturduğu üçün ona demiş ki, “telefonu ver, bir nəfər var, ona zəng edib çağırım gəlsin”. O da telefonunu Hikmətə vermiş, yenə öz işinə davam etmiş, telefonu Hikmətdə qalmışdır. Hikmət də çayını içib kafedən çıxıb getmişdir. O iş gördüyü üçün telefona baxmamışdır ki, Hikmət pulu göndərib göndərməmişdir. Həmin günü onun kartında 134 manat 80 qəpik pul olmuş, karta pul göndəriləndə, pul çıxarıldıqda, onun istifadəsində olan 070 ***-**-** saylı mobil nömrəsinə sms gəlir. O Hikmətin onu aldadacağını heç düşünməmişdir. Həmin günü, yəni, xx.xx.2023-cü il tarixdə saat 15.57 radələrində onun istifadəsində olan nömrəyə 4169- 7387-9671-9940 nömrəli Birbank kartından 132 manatlıq Müşfiqabad qəsəbəsində yerləşən “Oba” marketdən alış-veriş edilməsi barədə sms gəlmişdir. O gözlərinə inanmamış, təxminən 3-5 dəqiqə sonra, saat 16.04 radələrində bir daha sms gəlmiş, smsdə ona məxsus bank kartından 2,80 manat pulun Oba marketdə istifadə olunması qeyd olunmuşdur. O da bu barədə DİN-in 102 Zəng Mərkəzinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları ondan ərizə qəbul etmişlər. Bir neçə gün sonra ona məlum olmuşdur ki, ona məxsus bank kartındakı pulu Müşfiqabad qəsəbə sakini, işlədiyi kafedə müştəri qismində gəlmiş Hikmət adlı şəxs istifadə etmişdir. Onun kartından pul istifadə olunduqdan sonra həmin kart bank tərəfindən bloklanmışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 1997-ci ildən bu vaxta qədər Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən “Ağca” adlı mağazada satıcı işləyir. X1 məxsusdur, sadəcə olaraq o uzun müddətdir ki, həmin mağazada işlədiyindən hamısı həmin mağazanın adını “Ağca” market deyə adlandırır. Mağaza səhər saat 06.00-da açılır, axşam saat 02 radələrində bağlanılır. Belə ki, mağzada əsasən hər gün o olur, mağazaya gələn şirkətlərdən məhsulları o qəbul edir. Hikməti o Müşfiqabad qəsəbə sakini kimi uzun müddətdir tanıyır. Hikmətdən ondan yaşca balacadır. Hikməti o kamera ustası kimi tanıyır. 2023-cü il aprel ayının sonlarında o mağazada olan zaman Hikmət əlində içərisində siqaretlər olan sellofan paketdə mağazaya gəlib, siqaret satdığını demişdir. Hikmət həmçinin ona demiş ki, “kamera quraşdırmışam, siqaretləri mənə pulun əvəzində veriblər, mən də satıram”. Hikmət ona müxtəlif rəngdə, ölçüdə “Sobranie” markalı siqaretlər təklif etmiş, lakin o təkcə 12 ədəd “Sobranie caster” markalı siqaret götürmüşdür. O Hikmətə təxminən 30 manat pul vermiş, lakin “Sobranie caster” markalı siqaretin firmadan alış qiyməti 3.60 manat təşkil edir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən rəsmi qaydada məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bəklə” adlı mağazada satıcı işləyir. Mağaza səhər saat 07.00-də mağaza açılır, axşam saat 23 radələrində bağlanılır. Mağazanın yaxınlığında onlara məxsus balaca köşk də var. Belə ki, mağzada əsasən hər gün o olur, mağazanı isə atası Tahir Qarayev açır və axşamlar bağlayır. Mağazada ondan başqa qardaşı Fuad Qarayev də işləyir. Mağazaya gələn şirkətlərdən məhsulları o, qardaşı Fuad və atası da qəbul edir. Hikməti o Müşfiqabad qəsəbə sakini kimi uzun müddətdir tanıyır, eyni məktəbdə oxumuşlar. Hikmətdən ondan yaşca balacadır. 2023-cü il aprel ayının sonlarında o köşkdə olan zaman Hikmət əlində 01 qutu ağ rəngli “Sobranie caster” markalı siqaret gətirib satdığını demişdir. 01 qutuda 10 ədəd siqaret olur, Hikmətin ona verdiyi qutuda 01 ədad siqaret götürülmüş, 09 ədəd siqaret qalmışdır. “Sobranie caster” markalı siqaretin 01 ədədini firmadan 3.6 manata alır, mağazada satış qiyməti isə 4.2 manatdır. Hikmət ona demiş ki, “siqareti nisyə almışam, pula ehtiyacım olduğundan satıram”. O da Hikməti tanıdığından 1 ədədini 3.5 manat olmaqla ümumilikdə 09 ədəd siqareti 32 manata almış, köşkdə satmışdır. O Hikmətdən aldığı siqaretin əldə olunma mənbəyi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Kapital Bank” dan verilmiş X4 məxsus 416973******9940 saylı kart hesabının çıxarışından görünür ki, həmin kart vasitəsilə “Oba market” mağazasında 28 aprel 2023-cü il tarixdə 132 manat və 2,80 manat olmaqla ümumilikdə 134,80 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 06 fevral 2022-ci il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli hökmü ilə CM-nin, 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş 04 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası, 4 il müddətə sınaq müddəti təyn edilməklə şərti hesab edilmiş, 17 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlinə görə məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixdə 4(002)-177/2023 saylı qərarından aydın olur ki, CM-nın 150.3.3-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 avqust 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxs X2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 17 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 19 iyul 2023cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-289/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-289/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver