Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-29/2023 10.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədilə 22 iyun 2022ci il tarixdə saat 00.20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına daş hasardan aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, birmərtəbəli ev ilə üzbəüz yardımçı tikilinin içərisindən sonuncuya məxsus olan hər birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 02 ədəd Makita 125 1200W markalı laqonda, hər birinin qiyməti 100 manat olmaqla 200 manat dəyərində 02 ədəd Makita 230 2200W markalı laqonda, dəyəri 80 manat olan 01 ədəd DWT 1GMM 950W markalı perforator, dəyəri 35 manat olan 01 ədəd DWT 55DV 500W markalı elektrik taxta kəsən mişar (lobzik), habelə birmərtəbəli evin girişindəki 140,0 manat dəyərində 1 ədəd 2011-ci il Koreya istehsalı “LG” markalı “Flatron M2362A” modelli televizor, 70 manat dəyərində rəqəmsal kanal aparatından ibarət, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 625,0 manat dəyərində əmlakı gizli talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin iyun ayının ortalarında gecə saat 00.00 radələrində Ələt qəsəbəsində, Baş Ələt deyilən yerdə, Dəmiryolu küçəsində yerləşən, Ələt qəsəbə sakini olan qohumluq əlaqəsinin də olduğu Pənah adlı şəxsə məxsus yaşayış olmayan evin daş hasarına çıxaraq həyətə daxil olmuşdur. Həyətdə 01 mərtəbəli tikili olmuşdur. Həmin tikilinin qapısını yoxlamış, açıq olduğu üçün qapını açıb tikiliyə daxil olmuşdur. Tikiliyə daxil olan kimi divarda balaca ölçülü “LG” markalı televizoru, bir də televizorun alt hissəsində kanallar olan aparatı götürüb həyətə çıxmışdır. Həyətdə balaca anbar da olmuşdur. Həmin anbarın taxta qapısını əli ilə açıb içəri daxil olmuş. İçəridə taxtadan şkaflar var imiş. Şakfların üstündə tikinti alətləri, açarlar olmuş, şkafların birinin üstündə 04 ədəd müxtəlif ölçülü laqonda, 01 ədəd elektrik taxta kəsən mişar (lobzik), 01 ədəd preparatoru götürüb yerdən tapdığı kisəyə yığıb həyətə çıxmış, televizoru da götürüb gəldiyi kimi hasardan aşaraq çıxıb evə getmişdir. Oğurladığı malları Ələt qəsəbəsində bağlar yerləşən bir yerdə gizlətmiş və sabahı günü Ələt qəsəbəsində yol kənarında, yanacaqdoldurma məntəqələrinin yaxınlığında dayanıb, yanacaqdoldurma məntəqələrinə gələn tanımadığı şəxslərə halhazırda yadında qalmadığı qiymətlərə satmışdır. Televizoru isə yoxlamış, işləmədiyi üçün bağlar deyilən ərazidə bir yerdə gizlətmiş və orada qalmışdır. Televizorun altındakı aparatı isə yararsız bilib zibil qutularının birinə atmışdır. Daha sonra 11-ci Polis bölməsinin əməkdaşları onu Pənahın evindən oğurluqda şübhəli bildikləri üçün Polis bölməsinə dəvət etmişlər, o orada etdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Ziyanı hələ ki, ödəməyim və gələcəkdə ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı X4 bir müddətdir ki, iş fəaliyyəti ilə əlaqədar Almaniya Federativ Respublikasına getmiş, hazırda da oradadır. Onlar Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, mənzil 1 ünvanında yaşasalar da, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 32 saylı ünvanda yerləşən həyətyanı sahəları var. Həyat yoldaşı işlə bağlı xarici ölkəyə getdiyi üçün Dəmiryolçular küçəsi, 32 saylı ünvanda yerləşən həyətyanı sahəyə arabir gedib baş çəkir. 22 iyun 2022-ci il tarixdə saat 18 radələrində həyətyanı sahəyə gəlmişdir. Dəmir qapının kilidini açıb həyətə daxil olmuşdur. Həyətin daş hasarına nərdivanın söykəndiyini görmüşdür. Dərhal həyətdən oğurluq olmasından şübhələnmişdir. Həyətyanı sahədə yerləşən əl damı dedikləri balaca tikilinin taxta qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Tikilinin içərisindəki şkafın qapısının açıq olduğunu görüb içərisinə baxmış, şkafın içərindən 02 ədəd laqonda, 02 ədəd preparatorun, 01 ədəd elektrik taxta kəsən mişarın (lobzik) oğurlandığını aşkar etmişdir. Həyətdə olan birmərtəbəli evə daxil olanda giriş hissədəki divardan asılmış 01 ədəd “LG” markalı televizorun və televizorun altında olan aparatın oğurlandığını görmüşdür. Evin içərisindəki televizoru təxminən 5 il əvvəl 530 manata almışdır. Televizorun altındakı aparatın qiyməti isə 70 manat dəyərində olmuşdur.Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Belə ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci PB-in cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə ünvan 3 ünvandan naməlum şəxs və ya şəxslərin həmin həyətin içərisindəki evdən televizor və yardımçı tikilidən elektirk tikinti avadanlıqları oğurlanması barədə məlumat daxil olmuşdur. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Ələt qəsəbəsi, Dəmiryolu küçəsi, ev 32 ünvanına qanunusz daxil olaraq oradan oğurluq etmiş şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 olması müəyyən edilmişdir. X1 RPİ-nin İstintaq şöbəsinə təmin edilməsindən ötrü tərəfindən saxlanılmışdır. Sorğu zamanı X5 Pənahovaya məxsus Ələt qəsəbəsi, Dəmiryolu küçəsində yerləşən həyət yanı sahəyə daxil olub oradan laqondalar və televizor oğurladığını etiraf etmiş, həmçinin oğurladığı televizoru Ələt qəsəbəsində yerləşən bağlar massivi deyilən yerdə yerləşən bağların birinin hasarının dibində saxladığını bildirmişdir. Həmin ünvana getmiş, orada nömrəsiz fərdi yaşayış bağlarının birinin hasarının dibində 01 ədəd qara rəngli “LG” markalı televizor aşkar olunmuş və tərəfindən götürülərək İstintaq şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 9/5904 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 2011-ci il Koreya istehsalı “LG” markalı “Flatron M2362A” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 140,0 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus istifadə olunmuş, 1 ədəd 2011ci il Koreya istehsalı “LG” markalı “Flatron M2362A” modelli televizor iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutun saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.05..2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli aministiya qərarına əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.02022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materillarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 2011-ci il Koreya istehsalı “LG” markalı “Flatron M2362A” modelli televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat) məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2011-ci il Koreya istehsalı “LG” markalı “Flatron M2362A” modelli televizorun saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat) məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 43 (qırx üç) saata görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-29/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-29/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver