Məhkəmə qərarları › İş №1(002)-292/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-292/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-292/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1977-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən əməli 178.2.1 və 178.2.4-cü madələrinə tövsif edilməklə üzərində 04 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 19 iyul 2023-cü il tarixdə, saat 13.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, 6-cı sırada yerləşən 17 saylı mağazaya daxil olub, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs mağazaya daxil olan digər müştəri ilə maraqlanmasından istifadə edərək masanın üzərindəki taxta qutunun içərisində olan 585 manat pulu götürüb mağazadan çıxarkən Zərərçəkmiş şəxs onun mağazada pulu götürdüyünü görüb arxasınca çölə çıxaraq qışqırmasından sonra qaçaraq hadisə yerindən uzaqlaşmaq istəsə də, onu təqib edən polis əməkdaşları tərəfindən saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Hal-hazırda heç bir yerdə işləmir. Həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir.Onun müalicə xərcləri üçün 2000 amant pul lazım olmuşdur.19 iyul 2023-cü il tarixdə oğurluq etmək məqsədilə Sədərək Ticarət mərkəzinə gəlmişdir. Sədərək ticarət mərkəzində 6-cı sırada olan zaman dükanlardan birində alış-verişin çox olduğunu gördüyündən orada pul olacağına əmin olub həmin mağazaya daxil olmuşdur. Özünü elə aparmışdır ki, guya mal almağa gəlmişdir. O, mağazada olan bir neçə geyim əşyasına baxdıqdan sonra onlardan bir neçə növünü satıcıya göstərək həmin malları topdansatışla almaq istədiyini və paketləməyini satıcıdan xahiş etmişdir. Satıcı təxminən 55-60 yaşlarında bir xanım olmuşdur. Həmin xanım seçdiyi malları paketləmişdir. Mağazada olduğu müddətdə satıcı alver edərkən pulları masanın üstündə olan taxta qutunun içərisinə yığdığını müəyyən etmişdir. O, həmin satıcıdan susuzladığını deyib çay istəmişdir. Satıcı onun üçün çay sifariş etmişdir. Çay gəldikdən mağazada olan masaya əyləşib bir yerdə çay içməyə başlamışlar. Həmin vaxt mağazaya başqa bir müştəri gəlmişdir. Satıcı həmin müştəriyə yaxınlaşdıqda o, masanın üzərində açıq vəziyyətdə olan qutunun içərisində pul olduğunu görüb əlini qutunun içərisinə salıb əlinə gələn qədər pul götürmüş və ovcunda sıxmışdır. Satıcının pul götürdüyünü bildiyini hiss etdiyi üçün telefonu qulağına qoymuş və özünü telefonla danışırmış kimi göstərib mağazadan çıxmışdır. Təxminən 5 addım getmişdir ki, satıcı qadın ətrafda olan şəxslərə onun pulunu götürdüyünü və onu tutmaqları üçün qışqırmışdır. O, bu zaman pulu ataraq qaçmağa başlamışdır. O qaçan zaman polis əməkdaşlarının arxasınca düşdüyünü görmüşdür. Bir qədər qaçdıqdan sonra dayanmış və polis əməkdaşları onu saxlayaraq 10cu PB-nə gətirmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Sədərək” ticarət mərkəzində 6-cı sırada 17 saylı mağazada qadın geyimlərinin satışı ilə məşğul olur. Alqısatqı zamanı aldığı pulları mağazada olan masanın üstündə olan taxta qutuya yığmışdır. 19 iyul 20230-cü il tarixdə günorta radələrində işlədiyi mağazada olarkən tanımadığı bir şəxs mağazaya daxil olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, müştəriləri yola salsın, daha sonra topdansatışdan geyim alacaq. O, müştəriləri yola saldıqdan sonra həmin şəxs qadın xalatlarından 3 növünü topdan almaq üçün paketlətdirmişdir. Daha sonra həmin şəxs susuzladığını deyib çay istəmiş və o da kafedən çay sifariş etmişdir. Çay gəldikdə həmin şəxslə birlikdə masada çay içməyə başlamışlar. Çay içən zaman başqa bir müştəri mağazanın qarşısında vitrinə baxmışdır. Həmin şəxs ona bildirmişdir ki, müştəriyə baxsın, birdən nəsə oğurlayar. O, müştərinin getdikdə görmüşdür ki, masanın üstündə taxta qutu tərpənmiş və həmin şəxsin pulu götürdüyünü bilmişdir. Həmin şəxs isə mağazanı tərk etməyə başlamışdır. Həmin şəxsə tərəf qaçanda sol əlində ovcunun içində pul tutub qaçdığını görmüşdür. O, ucadan həmin şəxsə qışqırıb pulunu qaytarmağını demişdir. Lakin həmin şəxs qaçmağa davam etmiş, lakin təxminən 50 metr qaçdıqdan sonra pulu başqa bir mağazanın vitrininə tullayıb yenidən qaçmağa başlamışdır. Həmin vaxt orada olan polis əməkdaşları həmin şəxsi tutub saxlamışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində DİN-in X3 Alayının 10-cu Patrul bölüyünün əməkdaşları ilə birlikdə Sədərək Ticarət Mərkəzində xidmətdə olan zaman Qaradağ rayonu, ticarət mərkəzində 6-cı sıradan keçərkən bir nəfər qadının uca səslə bir nəfər şəxsin ona məxsus mağazadan pulu oğurlayaraq qaçdığını qışqırdığını eşitmişlər. Onlar səs gələn tərəfə baxdıqda bir nəfər şəxsin onlardan aralıda qaçdığını görüb həmin şəxsin arxasınca qaçmağa başlamışlar. Onlar həmin şəxsə yaxınlaşan zaman həmin şəxs cibindəki pulları çıxarıb yerə ataraq qaçmağa davam etmişdir. Bir qədər qaçdıqdan sonra onlar həmin şəxsi tutmuşlar. Bu barədə dərhal 10-cu PŞ-nə məlumat verib, həmin şəxsi şöbəyə aparmışlar. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi halları təsdiq etmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və qərardan görünür ki Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən əməli 178.2.1 və 178.2.4-cü madələrinə tövsif edilməklə üzərində 04 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmaasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi müddətində yenidən az ağır cinayət əməli törətdiyindən onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarına əsasən 02 (iki) ay 11 (on bir) gün cəzadan vaxtından əvvəl şərti azad edilməsi ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 11 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) ay 11 (on bir) gün cəzadan vaxtından əvvəl şərti azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 11 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar