Məhkəmə qərarları › İş №1(002)-293/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-293/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-293/2022 29.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Uğur” adlı marketin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,373 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Təxminən bir ildir ki, narkotik vasitə qəbulu ilə məşğul olurmuş. Narkotik vasitəni müxtəlif yerlərdən, tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 01 may 2022-ci il tarixdə günorta saatlarında istifadəsində olan 077 388 51-59 saylı nömrəsinə whatsapp vasitəsilə tanımadığı bir nəfər şəxs yazmışdır. Həmin şəxslə biraz söhbət etdiyi zaman onunla yazışan şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu müəyyən etmişdir. Adını bilmədiyi və ümumiyyətlə tanımadığı şəxs ona demişdir ki, “narkotik vasitə istəyirsənsə yer deyəcəm sənə gedib oradan götürərsən, bu dəfə pulsuz verəcəm, istifadə edərsən, xoşuna gəlsə digər səfərdə pul ilə verəcəm”. O açığı əvvəlcə buna inanmamış, lakin yoxlamaq istəmişdir. Həmin şəxs ona yazıb narkotik vasitənin yerini, narkotik vasitənin Qaradağ rayonu, Qobustan qəsəbəsində, yolun kənarında yerləşən “Uğur” adlı marketin qarşısında olduğunu demişdir. O da 02 may 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb ora getmişdir. Qobustan qəsəbəsində yolun kənarında yerləşən “Uğur” adlı marketin qarşısına gəlmiş, orada yerdə 01 ədəd sellofan bükümü görüb cibinə qoyub oradan uzaqlaşmaq istəmişdir. Biraz yol kənarı ilə getdiyi zaman mülki geyimdə olan iki nəfər xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu və onunla polis bölməsinə getməli olduğunu demişdir. O da polis əməkdaşları ilə polis bölməsinə getmişdir. Polis bölməsində ona narkorik vasitələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin heroin olduğunu, tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təzyiq göstərməmişlər. O narkotik vasitəni əldə etdiyi şəxsi qəti olaraq tanımır, ona whatsapp vasitəsilə yazandan sonra o da doğruluğunu yoxlamaq üçün deyilən yerə getmiş, narkotik vasitəni əldə etmişdir. Onun istifadəsində olan whatsappla xarici ölkə operatoru ilə yazışdığı nömrə ilə danışdıqdan sonra silmişdir, qorxduğu üçün saxlamamışdır. Çünki o, həmin şəxsə pul göndərməmiş, ona dediyi yalan olsaydı heç nə itirmir, ona görə də nömrəni yazışmaların siyahısından silmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini və himayəsində bir azyaşlı uşağı olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 11-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 etibarlı mənbədən aldığı dəqiq məlumatda bildirilmişdir ki, Səddam adlı şəxs Qobustan qəsəbəsi ərazisində narkotik vasitə əldə edib daşımaqla məşğul olur. Bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Şahid2 Qaradağ RPİnin 11-ci PB-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid2 rəhbərliyi altında ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı ona davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid2 rəhbərliyi altında qrup üzvü ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Uğur” marketin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Bu barədə polis bölməsinin rəhbərliyinə raport ilə məruzə edilmişdir. Polis bölməsində gətirilmiş şəxsin üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs PB-in baş təhqiqatçısı, polis mayoru Qüdrət Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in CA üzrə kiçik inspektoru Samil Mustafayev tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etdi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının ona pay verdiyini bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşları Şahid2 və X4 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək Qaradağ RPİ-nin 11-ci PB-in baş əməliyyat müvəkkil Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2022-ci il tarixli 6/2543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...(imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) bükümdə təmiz çəkisi 1,373 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi-1,373 qr., tədqiqata sərf edildi - 0.05qr., qalıq-1,323 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17 avqust 2022-ci il tarixli 4545 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 1.373 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 1,323 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, narkotik vasitənin miqdarını və növünü, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 02 may 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 04 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cinayət işinin icraatı dayandırılaraq təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, bundan sonra o, 16 avqust 2022-ci il tarixdə tutulmuş və 18 avqust 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə 10 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və 11 dekabr 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,323 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 11 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,323 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar