Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-295/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivi bina 7, mənzil 66-da yaşayan və Zəngilan rayonu, Vejnəli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyarkən 13 iyul 2022-ci il tarixdə saat 22:20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı və videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızının kəsiyinə bükülmüş təmiz çəkisi 0,214 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 aya yaxındır ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edirmiş. İlk dəfə olaraq narkotik vastənin marixuana növündən istifadə etmiş, sonralar o, narkotik vastiənin başqa növlərindən istifadə etməyə başlamışdır. Sonuncu dəfə narkotik vasitənin heroin olan növündən istifadə etmişdir. Ona narkotik vasitə lazım olan zaman həmin narkotik vasitəni Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yaşayan adını bilmədiyi şəxsdən götürürmüş. xx.xx.2022-ci il tarixdə o, həmin şəxsdən 10 manat dəyərində heroin adlanan narkotik vasitəni Abşeron rayon ərazisindən almışdır. Həmin aldığı narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə saxlamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmurmuş. xx.xx.2022-ci il tarixdə Cavid adlı tanıdığı şəxsin evində olan zaman evin qapısı döyülmüş, bu zaman iki nəfər mülki geyimdə olan şəxslər Cavidin icazəsi ilə evə daxil olmuşlar. Polis əməkdaşları olduqlarını, xidməti vəsiqələrini göstərdikdən sonra o, özünü könüllü surətdə narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Üzərində olan narkotik vasitəni polis nəzarətində olduğu və vəkilin iştirakı ilə təqdim etmək istədiyi üçün üzərində saxlamışdır. Heç yerə atmamışdır. xx.xx.2022-ci il tarixdə polis bölməsində xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışlar. Üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibində gümüşü rəngli siqarət kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə sayılan heroin vardır. Bundan əlavə əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində 1 ədəd banka məxsus plastik kart ("xxxx" ASC) var. O, üzərində olan hər bir qadağan olunmuş və ya olunmamış, əşya və ya predmenti polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu 10-cu polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. O, narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə olan heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edirmiş. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşiman olmasını, bir daha analoji hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində Qaradağ RPİ-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrinin açılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat baş müvəkkili Şahid1la birlikdə Lökbatan qəsəbəsi, Qobu park 2 yaşayış kompleksində xidmət aparan zaman 18 nömrəli binanın qarşısında bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb 10-cu PB-nin əməkdaşları olduqlarını bildiyini, onları tanıdığını demişdir. Eyni zamanda həmin şəxs məlumat verərək 15 nömrəli binanın 7-ci mərtəbəsindəki mənzildə səs-küy səsləri olduğunu, bunun narahatçılıq verdiyini bildirmişdir. Şahid1la birlikdə həmin ünvanda mənzilə qalxmış və məlumat üçün polis bölməsinin növbətçi hissəsinə də mobil telefonla zəng edib məlumat vermişdir. Səs-küy səsləri gələn mənzil 15 nömrəli binanın 7-ci mərtəbəsindəki 33 saylı mənzil olmuşdur. Dəhlizə həmin mənzildən çoxlu səs-küy səsləri gəlmişdir. Qapını döydükdən sonra adını sonradan öyrəndiyi Cavid adlı şəxs qapını açmışdır. Özlərini təqdim edib vəsiqələri göstərməklə polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qapı açıq olduğuna görə içəridə masada bir neçə şəxsin oturduğunu, aralarında nəsə bölüşdürdüklərini və buna görə səs-küy yarandığının şahidi olmuşlar. Həmin vaxt Səbuhi ilə birlikdə Cavid adlı şəxsdən onların aralarında nə bölüşdüyünü və səs-küy səslərinin insanları narahat etdiyini soruşmuşlar. Cavid də özünü itirib həmin şəxslərin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Cavidin icazəsi ilə içəriyə daxil olmuşlar. Orada olan şəxslər də narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Baş verənlərin qarşısını almaq məqsədilə bölmənin əməliyyat qrupuna da məlumat vermişlər. 10-cu PB-nin əməliyyat qrupu da gəldikdən sonra birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində Cavid adlı şəxsin evində olan və polis bölməsinə gəldikdən sonra şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçi gəlmədiyindən səhəri gün Təqsirləndirilən şəxs üzərində onun, Şahid2, vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təhqiqatçı M.Mirzəyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd büküm açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisindəkinin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda o, bükümün içərisindəkinin narkotik maddə “kakos” olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını demişdir. Bundan sonra həmin bir ədəd büküm qablaşdırılmış, zərf və protokol iştirakçılar və özü tərəfindən də imzalarla təsdiq edilmişdir. Qeyd edilən bu hərəkətlər Şahid1 tərəfindən mobil telefon vasitəsilə video çəkiliş edilməklə lentə alınmışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin vaxt Şahid1la Qobu Park 2 yaşayış kompleksində 18 nömrəli binanın qarşısında dayanmışlar. Onlara yaxınlaşan şəxs polis olduqlarını bildiyini dediyindən və məlumat verdikdən sonra narahatçılıq keçirdiklərindən onun şəxsiyyəti barədə sual verməmiş və hal-hazırda da hər hansı bir məlumat bilmir. Həmin şəxs orta yaşlı, kişi cinsli şəxs olmuşdur. Şahid1la birlikdə Təqsirləndirilən şəxs, Cavidi və digər şəxsləri ünvan 3 ünvanında müəyyən edib saxlamışlar və həmin ünvandan polis bölməsinə gəlmişlər. Raportu tərtib edərkən səhvliklə 18 nömrəli bina qeyd etmişdir. Hal-hazırda verdiyi ifadəsinin əsas götürülməsini xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat baş müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat baş müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 13 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2022-ci il tarixli, 6/3821 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.214 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,214 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,164 qram olmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Nurel adlı 3 aylıq övladı vardır. Cinayət işinin 72-74-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-120/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmünə əsasən CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyul 2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 93-100-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(002)-258/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 avqust 2022-ci il tarixli, 4307 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-113-cü vərəqələrində olan 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.214 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 107-113-cü vərəqələrində olan 11 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 14 iyul 2022-ci il tarixdə, saat 10:50-dən başlayaraq qeydə alınmışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı polis baş leytenantı Mehnur Mirzəyev polis əməkdaşlarının və Təqsirləndirilən şəxs vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoyur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, 13 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan əlavə əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kartı aşkar edilir və özünə qaytarılır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə oxşar maddənin bükümünü polis bölməsində saxlanılan zaman nə üçün üzərindən atmadığını soruşduqda o, polis bölməsinə gətirildikdən sonra polisin nəzarəti altında saxlanıldığını həmin maddəni atmaq üçün imkanının olmadığını və vəkilin iştirakı ilə təqdim etmək istədiyi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd siqaretin daxili gümüşü, xarici ağ rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində 3 aylıq övladının olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun ibtidai istintaq dövründə 13 iyul 2022-ci il tarixdən hazırki dövrədək tutma altında saxlanıldığı və həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 avqust 2022-ci il tarixli, 4307 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunmasına ehtiyac yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,164 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş saat) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 270 (iki yüz yetmiş) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən hal-hazırki tarixədək tutulma altında saxlandığı və həbsdə olduğu cəmi 02 ay 29 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 6 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan heroinin qalığı – 0,164 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81.00 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 270 (iki yüz yetmiş) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-295/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-295/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver